Ağarışan üfüqlərin şeiri

 

 

 

Açılmağa ərinən sabahların

 

gecələri tənbəlcəsinə düşər...

 

qarışar bir-birinə fikirlə zülmət,

 

tərpənməz yarpaqları yuxulamış küknarların,

 

bir dənizin küləyi yatmışsa

 

yırtmayacaq yaxasını mayaklar gəmilərə...

 

Ümid, daş kimi uyumuş riflərə qalır, demək.

 

Dənizdən qurtulub

 

sahildə batmağa üzən gəmilərin

 

dərdi bir başqa olur, dan yerinin qübarı kimi.

 

Sahilboyu uyuyan bir şəhərin işıqları

 

yanmırsa şər qarışanda,

 

sönmürsə alatoranda...

 

Zamanı fasadlarında yelpiklənən binaların,

 

suları çalxalanmayan dənizlərin,

 

qayaları döyəclənməyən adaların...

 

sabahı olmaz, günəş doğsa belə...

 

Bir külək çırpıntısına oyanar yarpaqlar,

 

bir meh sığalına ayılar gül ləçəkləri...

 

Nəfəsini dərirsə sular,

 

qollarını gərirsə ağaclar...

 

Bir anadil səsinə diksinirsə sarmaşıqlar...

 

Sabah açılacaq, deməli, açılacaq!

 

 

 

 

 

Küləklər şəhərinin şeiri

 

 

 

Hava küləklidir dünəndən bəri,

 

Kim bilir sabaha necə dəyişər...

 

Bəlkə yol ağardar qara yelləri,

 

Bəlkə dan üzünə gecə dəyişər.

 

 

 

Belə havalar da yatmır sinəyə,

 

Unudan biri var nəfəs almağı.

 

Zamanı küləyə görə qursan da

 

Dəyişməz saatın dala qalmağı.

 

 

 

Düşməz hər əhvala dəyişkən ovqat,

 

Səbrə dəxli yoxdur gözü dolmağın.

 

Hara tələsirsən, zalım balası,

 

Yola ziyanı var yelli olmağın.

 

 

 

Qatar yuxusunu qum adaları,

 

Bəs niyə fınxırır tufan dənizdən?

 

Tozanaq limanı alıb başına,

 

Batmağa qayıdıb sular dənizdən.

 

 

 

Əcələ etməyin yoxdur faydası,

 

ara əcəli, gəz, - bilirsən...

 

Olar ki, zamanı çəkərsən suya,

 

Hər söz ki, vaxtına çəkməz, bilirsən.

 

 

 

Qabarar üzünün suyuna dəniz,

 

Dünyanın halından bəlkə halısan.

 

Yellənə qayıdır dəniz özünə,

 

Hava küləklidir, sən havalısan.

 

 

 

 

 

Ən yaxın uzaqlar

 

 

 

«Son» dediyin nədir ki, gülüm,

 

bir ömür yol gəlib çatacaqsansa...

 

Uzaqlar uzaq deyil, görünmədiyi qədər,

 

göründüyü qədərdən yaxındır

 

köks ötürməyə...

 

Mən heç vaxt teleskopla baxmadım göyə,

 

bilirsənmi,

 

ən yaxşı halda zabit geyimində

 

əsgər binoklu ilə seyr etdim əsir torpaqları

 

Gördünmü, ovucun içi qədər

 

yaxın imiş mümkün olmayacaqlar...

 

Hər üzü yaza çiçəkləyirdi ümidlərim,

 

bar verdi nəhayət ki...

 

Çoxdu adamın fikrini qarışdıran,

 

ağlını çaşdıran...

 

bütün olanları olmadığı kimi araşdıran...

 

"Yalan dünyadı" deyənlərin

 

bəlkə yeganə sözüdür ki, düz çıxıb nəsə...

 

Əllərimi cibimdən çıxarmıram ki,

 

dördəlli yapışaram birdən yalan yerindən

 

Bir əsa boyda imiş dünyanın oxu,

 

bəla kimi fırlandı başımıza,

 

fırlandı başımız...

 

Tutunmaq olmur havada nəfəs kəsilənəcən.

 

Ömür gödəldikcə

 

uzaqları pis görür gözlərim.

 

Orda küləklər əsirmi, bilmirəm,

 

sopsoyuq küləklər istilərdə üşüməyə...

 

Uzaqların tükənəcəyindən xoflanır adam,

 

yoxsa ki, ölüm nəkarədir, gülüm?

 

Ən yaxın olanı sonudur uzaqların...

 

 

 

 

 

İlğım kimi

 

 

 

Tək bircə yol, - dünyanın sonuna getmək qalıb,

 

Qum dolu uzaqlara sığınıb uçurumlar.

 

Sonuncu umid yeri göydə buludtək qalıb,

 

İlğımdakı su kimi axır alovlu qumlar?

 

 

 

Hər şey yalanmış demək, - əfsus dolu təsəlli,

 

Var olmaq inamıyla sürünür yoxa doğru.

 

Bu gedişin sonunda kim gözləyir , - bəlli,

 

Bir ah şikayət eylər üzü boşluğa doğru.

 

 

 

Gəl, bu islaq ömrü sən sərmə qurusun yelə,

 

olsun ki, dünyanın 4-də 3-ü lap sudur.

 

Dilin pörşələnirsə səhradır ümman elə,

 

Yol ayaqla gedilmir, ürəyin yoxdusa, dur.

 

 

 

Ayağın dəyən yerdə quruyursa əllərin,

 

Mayakın işığında daşlar saya çıxacaq.

 

Dəryaların təkinə dəmir atsan da dərin,

 

Üzdüyün gəmi mütləq boş səhraya çıxacaq.

 

 

 

 

 

İşıq qaraltısı

 

 

 

İşığa deyil,

 

qaraltıya qaçır kor adamlar.

 

Sığındığı ən böyük kölgə

 

qürubun rəsmidir, - desəm, fərqi...

 

kim anlayacaq sonuncu şüaların pərişanlığını?

 

Adı özündən böyüklər var ki,

 

tarla uyuğuna bənzərlər...

 

cansız, amma təsir dairəsi geniş...

 

Qarğalar ilk gün qorxarlar

 

yox üzlərinin zabitəsindən,

 

...sonra şlyapasını batırarlar,

 

qolunu dimdikləyərlər,

 

burnunun ucundan qopararlar zəhmini...

 

Pencəyinin düyməsi sərçə zılı boyda,

 

titrəyər qanad yelinə dayağı...

 

Günəşin haradan doğduğunu

 

unudanlar var uyuqların kölgəsində...

 

Qarğalar ac qalmazlar heç vaxt,

 

hərçənd ki, işıq dən deyil quş cələsində.

 

Yeyən varsa,

 

yedirən olmalı bu səy dünyada...

 

Bütün qaraltılar işıqsızlığın olmasındandır,

 

bütün güvənclər kölgələrin böyüklüyündən...

 

Qürub üfüqləri görə bilənlər üçündür,

 

Günəş şüaları işığa can atanlar üçün...

 

Yarasalar anlamazlar uyuqların içi boşluğunu!

 

İşıq gecəquşları üçün küçə dirəyidir sadəcə!

 

 

 

 

 

Bir göy üzü aldanış

 

 

 

Yerimiz olmasa da

 

üz sürtməyə bu yer üzündə,

 

göyümüz var idi üz tutmağa.

 

Şübhə toxumu əkdilər buludlara

 

üzü Tanrıdan dönmüşlər...

 

bir gün ayıldıq ki,

 

başlamışıq göy üzünü uçurtmağa.

 

İnsan ürəyindən deyil,

 

inamından qırılanda məhv olur, dostum...

 

İndi bizi yerdəki sevməz,

 

göydəki inanmaz bizə...

 

Yaman aldandıq sürtüklərə,

 

yaman...

 

yaman...

 

Yer qarışdı, göy qarışdı

 

Üzümüz qalmadı üz tutmağa...

 

Bilmədik ki,

 

yerlə göyün arası cəmi bir qarışdı...

 

İtirdik səmti yönümüzü düz tutmağa...

 

Tam haqqı var Tanrının bizi unutmağa!

 

 

 

 

 

Simmetrik şeir

 

 

 

hava işıqdı, yer qaranlıq

 

Əriyib sozalır gözümdə qürub...

 

Ah, necə gözəldir suların səsi,

 

Quş kimi çırpınır ovcumda sinəm...

 

Əsən ürəyimdir payız yarpağı

 

Artıq öləziyir bürkünün şaxı...

 

Qızıl ləpələrdə yırğalanır qəm,

 

Ən uzaq həsrətdə bulud kölgəsi...

 

O qaraltıdır ümidsiz durub,

 

Yolu o yanlıqdır, bu yanlıq.

 

 

 

Qalmadı canımda ağrıdan səmir,

 

Cumuram xəyala ola, ola...

 

Haraya üz tutsan yönüm sənədir,

 

Dilimdə hallanır adın min kərə...

 

Düşür mayakların gözü axşama,

 

Son şüa ümidtək qəlbimə dama.

 

Kimdir pıçıldayan üzü göylərə?

 

qiymət bilinir, ki qədir...

 

Çıxıb ürəyimdən düşürsən yola,

 

Kölgələr gecəyə qalmaq istəmir...

 

 

 

Çoxdan yadırğadım baş aparmağı,

 

Gözəldi nəfəsi üstündə olmaq...

 

olsun ürəyim uçunur qara.

 

Qəlbimin yaz çağı bir qızda qaldı.

 

Desəmmi, bir yara bağlayacaq sim...

 

Qırovda üşüyən ayaq izlərim,

 

Elə bilirdim ki, payızda qaldı.

 

Şükür, bu qışı da keçdim bahara.

 

Olmur buluda gözləri dolmaq,

 

Bacara bilsəydim sona varmağı...

 

 

 

 

 

İncimə

 

 

 

Çətin deyil keçmiş üçün darıxmaq,

 

Çəkiləndə ürəyindən incimə.

 

Hərə bir cür ovundurur özünü,

 

Sənə olan acı kindən incimə.

 

 

 

Yox, yaraşmaz sənə bu süs özündən,

 

Öz əlini üzürsən, üz, özündən.

 

Başın üstən göy qaçsa küs özündən,

 

imandan, dindən incimə.

 

 

 

Varsa çıxmaz çıxış yolu ağlından,

 

Sağ olmayan canın olu ağlından...

 

Keçən keçdi dəli-dolu ağlından,

 

Gic şeytandan, dəli cindən incimə.

 

 

Süleyman Abdulla

 

Ədəbiyyat qəzeti.- 2021.- 7 avqust.- S.27.