Mənəvi
Vətənimizin kiçicik bir parçası…
“-mış4″ şəkilçisinin işlədilməsi
“problemi”
Müasir
dövrdə ana dilimizdə canlı ünsiyyət zamanı,
xüsusən də kütləvi informasiya vasitələrində
feillərlə əlaqədar ən ciddi və ən çox
yol verilən pozuntu “-mış4″ nəqli keçmiş
zaman şəkilçisinin işlədilməsi ilə
bağlıdır. Hər bir leksik və
qrammatik şəkilçi dilin yüz illərlə davam edən
təkamül prosesinin məhsulu olaraq meydana
çıxır. Onların hansısa
subyektiv münasibətlər mövqeyindən dəyərləndirilməsi
yolverilməz nadanlıq olardı.
Məlum
olduğu kimi, dilimizdə nəqli keçmiş zamanın iki
variantı var: “-mış4″ və “-ıb4″ şəkilçiləri
ilə düzələnlər. Onların hər
birinin yerli-yerində işlədilməsi dilimizin ifadə
imkanlarını ikiqat artırır.
Bütün
şəxslərin həm təkində, həm də cəmində
işlənən “-mış4″ variantından fərqli
olaraq, “-ıb4″ variantı birinci şəxsdə (nə
təkdə, nə də cəmdə) işlənə bilmir.
Deməli, bu variant istifadə imkanlarına və
ifadə potensialına görə birincidən məhduddur.
Hərçənd ki, təxminən XVII əsrə qədər
“-ıb4″ variantı birinci şəxsdə də işlənirdi.
Füzulidən bir beyti yada salaq:
Eşq
daminə giriftar olalı zar olubam,
Nə bəladır ki, ona böylə giriftar olubam.
Lakin Azərbaycan
dili sonrakı təkamül prosesində, hətta
özünün ən böyük şairinin xatirinə belə,
bu formanı mühafizə edib saxlamağı lazım bilmədi…
Yeri gəlmişkən, bu şəkilçilərin hər
ikisinin bir kontekstdə paralel işlədilməsinə aid yenə
Füzulinin dilində unikal bir örnəyə rast gəlirik:
Adəm əvvəl
səri-kuyin verib almış cənnət,
Eşidib təni-mələk, sonra peşiman olmuş.
Bu nümunə əyani şəkildə göstərir
ki, nəqli keçmiş zamanın hər iki formasını
düzgün və yerli-yerində işlətməklə
dilimizə daha geniş və dəqiq ifadə imkanları,
poetik tutum vermək mümkündür.
Nəqli
keçmiş zamanın “-ıb4″ variantının birinci
şəxsdə işlədilə bilməməsi, istər-istəməz,
nitqimizin böyük bir kəsimində (ən azı
üçdə birində) bu formanın işlədilməsini
qeyri-mümkün edir. Deməli, “-mış4″
variantını hər yerdə və həmişə
“ıb4″ variantı ilə əvəz etmək
mümkün deyil. Dilimizin təkamül prosesi
bu formaların hər ikisini yaradıbsa, anlamalıyıq ki,
üslub və ifadə baxımından onların hərəsinin
öz yeri, öz işlənmə məqamı var. Amma təəssüf
ki, bu adi həqiqəti hamı anlamır. Təxminən
ötən əsrin 80-ci illərindən başlayaraq jurnalist
dairələrində “-mış4″ şəkilçisinə
qarşı səbəbi tam anlaşılmayan “səlib
yürüşü” başladı və tədricən bu
yanlış mövqeyi geniş ictimai rəyə də təlqin
etməyə çalışdılar. Etiraf etmək
lazımdır ki, dilimizi və onun qayda-qanunlarını
yaxşı bilməyənlər arasında müəyyən
qədər tərəfdaş da toplaya bildilər. Bizim günlərdə televiziya və internet
kanallarının da bu virusa yoluxduğu müşahidə
olunur.
Bu gün
“-mış4″ı kinayə, hətta ikrahla “sovet
mediasının dil elementi” elan etmək qeyri-dəqiq və qərəzli
yanaşma olmaqla bərabər, həm də elementar cahillik və
savadsızlıq nümunəsidir. Çünki
həmin mövqedə olanlar öz fikirlərini əsaslandırmaq
üçün nə dilçilik, nə də məntiq
baxımından heç bir ciddi dəlil, arqument irəli
sürə bilmirlər. Bu şəkilçi Orxon-Yenisey
abidələrində də, “Kitabi-Dədə Qorqud”da da,
Mahmud Kaşğarinin “Divan”ında da, Qazi Bürhanəddində
də, Nəsimidə də, Xətaidə də, Füzulidə
də, Aşıq Qurbanidə də, Vaqifdə də, Mirzə
Fətəlidə də, Aşıq Ələsgərdə də,
Seyid Əzimdə də, Mirzə Cəlildə də, Sabirdə
də, Üzeyir bəydə də, Caviddə də,
C.Cabbarlıda da, S.Vurğunda da, M.Müşfiqdə də,
Ə.Kərimdə də, M.Arazda da işlənir.
İstisnasız olaraq, bütün ümumtürk şifahi və
yazılı ədəbi abidələrində, müasir
türk dillərinin hamısında bu şəkilçi var.
Və birdən-birə özünü qəhrəman sayan
kimlərsə onun inkarına qalxır… Bu adamlara adicə (hətta
primitiv) bir sual vermək istərdik: “-mış” şəkilçisi
olmadan “mən gəlmişəm” fikrini necə ifadə edərdiniz?
Azərbaycan torpağı bizim maddi Vətənimizdirsə,
Azərbaycan dili də mənəvi Vətənimizdir. Onların hər
ikisinin sərhədlərinin toxunulmazlığını
qorumaq eyni dərəcədə müqəddəs borcumuzdur.
Bu mənada mənəvi Vətənimizin kiçicik bir parçası
olan “-mış4″ şəkilçisini əlimizdən
almaq istəyənlərlə maddi Vətənimizin
kiçicik bir parçası olan Şuşa
qalasını əlimizdən almaq istəyənlər
arasında elə bir ciddi fərq yoxdur. Ona
görə də bu süni, qondarma problem mütləq dəf
edilməli, aradan qaldırılmalıdır.
Müşahidələr
“-mış4″ şəkilçisinə qarşı bu
anormal, xəstə münasibətin təkcə nəqli
keçmiş zamanlı feillərə yox, həmin şəkilçi
ilə düzələn feili sifətlərə qarşı
da yönəldiyini göstərir. Məlum
olduğu kimi, “-acaq2″ şəkilçili feili sifətlər
gələcək, “an2″ şəkilçili feili sifətlər
indiki, “-mış4″ şəkilçili feili sifətlər
isə keçmiş zaman anlamı daşıyır. Yəni “yazılmış yazı” ifadəsi
keçmiş, “yazılacaq yazı” gələcək zamana
aid olduğu kimi, “yazılan yazı” ifadəsi də indiki
zamana aiddir. Təbii ki, zəruri üslubi
məqamlarda bu formalar bir-birini əvəz edə bilirlər,
ancaq bunun üçün müəllifdən həm praktik, həm
də nəzəri səhətdən mükəmməl dil
bilgisi tələb olunur. Bunsuz isə həmin
formaların bir-birinin yerində işlədilməsi kobud
morfoloji pozuntu olmaqla bərabər, ciddi məntiqi
yanlışlığa və üslubi
qarışıqlığa da gətirib çıxarır.
Əfsus
ki, son onilliklərdə keçmiş zamanı ifadə etmək
məqamında “-mış4″ şəkilçisi əvəzinə
tamamilə yanlış olaraq “-an2″ şəkilçisindən
istifadə edildiyi müşahidə olunur. “Beş
yüz il əvvəl tikiləcək bina” deyimi necə
yanlışdırsa, “beş yüz il əvvəl tikilən
bina” da eyni dərəcədə absurddur. Təəssüf
ki, müasir mediamızda bu adi həqiqətin çox tez-tez nəzərdən
qaçırıldığının şahidi oluruq. Vətən müharibəsinin döyüşləri
gedən günlərdə “azad edilən ərazilər” ifadəsini
işlətmək doğru idisə, bu gün həmin ifadəni
ancaq “azad edilmiş ərazilər” şəklində işlətmək
doğru sayıla bilər.
Məsələn,
qəzetlərin birində belə bir xəbər oxuyuruq:
“Əhmədli qəsəbəsində tikilən binada
yanğın baş verib”. Fikirləşirsən
ki, görəsən, tikilən (yəni tikilməkdə olan!)
binada yanan nə imiş? Sonrakı cümlədə
isə yazılıb ki, “binaya cəmi dörd ay qabaq
köçmüş ailənin avadanlığına ziyan dəyib”.
Belə bir anlaşılmazlığın
baş verməməsi üçün jurnalist, sadəcə,
dil qaydasına əməl edərək, “yeni tikilmiş bina”
ifadəsini işlətməli idi. “Prezident
şəhid ailələri üçün tikilən
binanın açılışını etdi” kimi cümlələrdə
eyni dil pozuntusu ilə üzləşirik.
Yaxud
başqa bir qəzetdə belə bir başlıq
görürsən: “Türkiyə universitetlərində təhsil
alan azərbaycanlı gənclər
Bakıda bir araya gəldilər”. Düşünürsən
ki, görəsən, bu gənclər ilin ortasında dərslərini
buraxıb Bakıya niyə toplaşıblar? Materialı oxuyandan sonra aydın olur ki, söhbət
Türkiyə universitetlərində təhsil almış gənc
mütəxəssislərdən gedir.
Başqa
bir yazıda belə bir cümlə ilə
rastlaşırıq: “Dünyanın inkişaf edən ölkələri
sırasında İtaliya layiqli yer tutur”. Dünyanın
yüksək səviyyədə inkişaf etmiş ölkələrindən
biri olan İtaliya bu cümlədən xəbər tutsa, bəlkə
də, Azərbaycana nota verər. Sonra gəl başa sal
ki, bizim jurnalist sizi aşağılamaq istəməyib, sadəcə
olaraq, “-mış4″ şəkilçisindən xoşu gəlmir…
Əgər
“-mış4″ şəkilçisi ilə düzələn
feili sifətlərin yerinə bütün məqamlarda
“an2″ şəkilçisi ilə düzələnlər
işlədilsə, onda gərək dilimizin ən koloritli
sözlərindən olan “görməmiş” kəlməsini
gözdən əlil mənasında “görməyən”
sözü ilə əvəz edək. Onda gərək
filan yazıçının “Seçilmiş əsərləri”
əvəzinə “seçilən əsərləri” deyək.
Bu isə tamam fərqli bir məna
daşıyır. Bu halda xarici dillərdən
keçmiş zaman məzmunlu feili sifətlərin tərcüməsində
həllolunmaz problemlə üzləşərik. Təsəvvür
edin, hər hansı bir informasiyada noyabr ayında ABŞ
prezidenti seçilmiş Co Baydeni dekabrda ABŞ-ın
“seçilən” prezidenti adlandırmaq necə səslənər?!
O, yalnız seçki günü “seçilən” prezident idi,
bir gün sonra isə artıq “seçilmiş” prezidentdir.
Nəzərdən
keçirdiyimiz nümunələr adi bir şəkilçinin
dil qaydalarına uyğun olmayaraq işlədilməsinin necə
üslubi fəsadlar törətdiyini, necə ciddi nitq
pozuntularına səbəb ola bildiyini əyani
şəkidə nümayiş etdirir.
İlham ABBASOV
Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 21.