Heç
kəs həyatının dərzisi deyil
"Ədəbiyyat qəzeti"nin "Onun romanı"
rubrikasının qonağı tanınmış naşir,
"Qanun" nəşriyyatının direktoru Şahbaz
Xuduoğludur. Onunla məşhur
tatar yazıçısı Güzel Yaxinanın dünyaya səs
salan "Züleyxa gözlərini açır" romanı
ətrafında söhbət etdik.
- Tatar
yazıçısı Güzel Yaxinanın qələmə
aldığı "Züleyxa gözlərini
açır" romanı bir çox nüfuzlu ədəbiyyat
mükafatlarını aldı. Həm mütəxəssislərdən,
həm də oxuculardan bu qədər yüksək qiymət alan romanda nədən bəhs olunur?
-
"Züleyxa gözlərini açır" romanı
mülksüzləşdirmə problemi, qadın və kişi münasibətlərindəki problem,
qadının cəmiyyətdəki yeri, sovet dövründə
məhv edilən ziyalılar, eyni zamanda da mətanət və
insani dəyərlər haqqında bir romandır. Romanda ötən əsrdə bir çox imtahanlardan
keçən tatar xalqının tarixinin qorxunc səhifələrindən
bəhs olunur. Romanda hadisələr 1930-cu
ildən başlayır. Kollektivləşmə
dövrüdür, kəndlinin nəyi varsa əlindən
alınır. Etiraz edənlər isə
sürgünə göndərilir.
- "Züleyxa gözlərini açır"
romanının mərkəzində bir qadının taleyi
dayanır. Bu baxımdan əsəri qadın romantizmi hesab etmək
olarmı?
-
Yazıçı qəhrəmanın hisslərini,
yaşantısını mümkün olduğu qədər
real yansıtmağa çalışıb. Amma
Yaxinanın romanı təkcə qadın taleyinə köklənməyib.
Bu roman həm də sürgündə olan
köçkünlərin, öz torpaqlarından məhrum edilən
ziyalıların hekayəsidir.
Romanın "İslaq toyuq" adlanan ilk hissəsində
Züleyxanın ərinin ailəsindəki köləliyin
boğucu mühitində keçirdiyi illərdən bəhs
olunur.
Züleyxa 15 yaşında 30 yaşılı Murtuzaya ərə
gedir. Murtuzaya dörd qız doğur, hamısı
ölür. Züleyxanın evdə
çox bəlli bir səlahiyyətləri var, yumaq, bişirmək,
təmizləmək ərinin kor anasına baxmaq. Murtuza isə anasına dəli kimi vurğundur.
Anasının qoruyucu mələyi olan
Züleyxa üçün isə zalım biridir.
Murtuza anasının şikayətlərinə inanaraq, hər
gün hansısa bəhanə ilə Züleyxanı
döyür.
- Əsərin Murtuza ilə Züleyxanın münasibətlərindən
bəhs olunan hissəsində Züleyxanın acizliyi,
susqunluğu adamı əsəbiləşdirir.
- Bəli,
hətta romanın birinci hissəsində belə bir hadisə
cərəyan edir. Züleyxa Murtuza ilə birlikdə
qarlı gündə oduna gedir. Çovğunda
itir. Murtuza onu axtarıb tapır. Züleyxa həmin gün düşünür ki,
Murtuza doğrudan da, çox yaxşı ərdir. Dabanına tüpürüb gedə bilərdi, amma
geri qayıdıb onu xilas edir. Bir tərəfdən də
Murtuzanı ata edə bilmədiyi üçün
özünü onun qarşısında günahkar hiss edir. Dörd qız övladı dünyaya gətirsə
də, onları qucağına almadan torpağa
tapşırır. Züleyxa Murtuza ilə
olan həyatını artıq qəbul etmiş,
qayınanasının və ərinin kaprizlərinə
qatlaşmaq fikrinə artıq alışmışdı.
Yazıçının məqsədi budur ki,
oxucu XX əsrin iyirminci illərində həyatın nə qədər
çətin olduğunu başa düşsün. Feminizm yoxdur. Qadın istəsə
də, üsyan edə bilməz. İnsanlar
özlərinə məxsus olan torpaq sahəsi üzərində
heç bir haqqa sahib deyil. Daim kiməsə borclusan:
ölsən də, geri qaytarmalısan. Qırmızı
ordunun xəracları artdığı üçün
Murtuza bu vəziyyətə artıq dözə bilmir. O,
xəlvətcə anasına bildirir ki, soyğunçuluq, qarət
baş alıb gedir. Qazandıqları nə
varsa, əlindən alırlar. İnsanlar
özlərinin olanını gizlətmək məcburiyyətindədir.
Murtuza da
"Qızıl Ordu"nın
gözündən yayındırmaq üçün evdə
olan buğdanı at arabasına yığaraq qarlı bir gecədə
Züleyxa ilə birlikdə meşəyə yola
düşür. Qızlarının qəbirləri
arasında hazırladıqları ehtiyat yerə buğdanı
boşaldıb geri dönürlər. Bu
zaman "Qızıl Ordu"nun dəstəsi ilə
üz-üzə gəlirlər. Ordu
üzvlərinin azğın hərəkətinə dözməyən
Murtuza balta ilə dəstənin başçısına
hücum etmək istərkən İqnatov daha tez tərpənərək
tapança ilə Murtuzanı vurur.
Züleyxa ilə Murtuzanın həyatı əsərin
1-ci hissəsində tamamlanır. Əsərin növbəti
hissəsi isə Züleyxanın sürgün həyatından
bəhs edir.
Sürgün
həyatında o, müxtəlif peşə sahibləri ilə
tanış olur. Ən
xırda səbəblərdən sürgünə məruz
qalan insanlarla həbs yoldaşı olur. Onların
arasında müəllim, molla, həkim və s. peşə
sahibləri olur. Özü də bilmədən
Kazandan qaçmaq istəyən dəstənin arasına
düşür. Burda qaçışa təşkilatçı
olsa da, İqnatov onu düşdüyü vəziyyətdən
təmizə çıxarmağa çalışır və
Sibir sürgün yolçuluğu davam edir. Nəhayət, onlar Tayqada Anqara çayının
sahilində yerləşdirilirlər. Uzun və
ağır yolçuluqdan yalnız 30 nəfər salamat
çıxa bilir. Hələ bura
çatmaqdan öncə onların dəstəsini suda
batırmağa çalışmışdılar. Altı deşilən gəmi içindəki
insanlarla bir yerdə suyun dibinə çökərkən
İqnatov bu zaman təkrarən Züleyxanı xilas edir.
O vaxt artıq bilinirdi ki, Züleyxa hamilədir.
Yeni düşərgədə ağır bir həyat
şəraiti olsa da, həyat davam edirdi. Züleyxanın
oğlu oldu, adını Yusif qoydu. Ağır
illər bir-birini əvəz edirdi. Müharibə
sona yaxınlaşır, Leninqrad blokadadan
çıxırdı. O zaman artıq Yusifin 16
yaşı vardı. Ona oxumaq və yeni təhsil
almaq lazım idi. Amma qolçomaq
övladı olduğu üçün bu hüquqdan məhrum
idi. Yeni qəsəbə sovetinin sədri
İqnatov Züleyxanın oğluna kömək məqsədilə
onu oğulluğa götürür, Yusifin adını
İosif İqnatov etməklə ona yeni sənəd verir.
Beləliklə, Yusif anasını tərk edir.
Əsər insanlığı, çətin şəraitlərdə
yaşamaq qaydalarını öyrədir.
-
Müasir ədəbiyyatşünaslıqda "tarixi nəsr"
termininin təfsiri yoxdu. Yaxinanın bu
romanını tarixi nəsrə aid etmək olarmı?
- Hər
hansı bir bədii əsərə janır seçmək
çətindir. Bu romanda tarixi hadisədən
daha çox, insan yaşantıları möcüzəli
şəkildə təsvir olunub. Sanki
sürrealist bir məkan və dövrdən yazılıb,
amma sən demə, bu, çox yaxın əsrdə qurban
gediblər. Sanki bir məqsəd varmış, sadəcə
insanları yox etmək, onların sayını azaltmaq,
sıxıntılar və əzabla yaşamağa məcbur
etmək...
- Romanda qəhrəmanların
şüuraltının, həyata baxışının dəyişdiyi
kulminasiya nöqtələri var. İstərdim bir az həmin kulminasiya nöqtələrinə
toxunaq.
- Əvvəllər
bədii mətnin təhlillərində kuliminasiya işlədilirdi,
yəni əsər pərakəndəli şəkildə
başlayır, sonra toparlanıb zirvəyə həmlə
edir, zirvəni aşandan sonra yenidən az
ləngərlərlə sona çatır. Vahid
dramaturji xətt sona qədər davam edir, bütün arxlar da
bu çaya axır. İndi belə deyil.
Əsərin hər bölümü ayrıca
bir hekayədir. İndiki oxucu daha tələbkardır.
Əsərdə dərhal nələrsə
baş verməsə o kitabı qatlayır. Bu mənada "Züleyxa gözlərini
açır" romanı artıq ilk hissədə o qədər
təsirli, ağır dövrün gerçək mənzərələrini
doğurub ki, sonrakı fəsillərdə belə onların
təsiri azalmır. Yazıçı
xarakterləri çox aydın xətlərlə işləyib.
Murtuza, onun kor anası, Züleyxanın
özü çox bütöv obrazlardır. Həyat
Murtuzanı döyür, Murtuza Züleyxanı, kor arvad isə
hər ikisini idarə edir...
-
Romanın "İslaq toyuq" adlanan birinci hissəsində
yazıçı Züleyxanın timsalında müsəlman
qadının faciəsinə kilidlənib daha çox. Onun üzərində dəhşətli bir ər,
qayınana təzyiqi, şiddəti var. Amma Züleyxa o
halından bir dəfə olsun şikayətçi deyil.
Züleyxanı Murtuzaya, üzünün gülmədiyi o evə
bağlayan şey nə idi?
-
Züleyxa dözümlülük simvoludur. O, daim xidmət
edir, əks halda həyatı bitər. Züleyxa
mistik obrazdır. Tarixdən Yusif və
Züleyxa hekayələrini bilirik. Yazıçı
o tarixi hekayənin tabaşirindən istifadə edib.
Züleyxanı kim doğub, bilinmir. Necə ki, müqəddəslər doğulmurlar.
"Quran" və "Bibliya"dakı mətnlərdə
Züleyxa vəfa və həqiqi eşq simvoludur.
Sonrakı hekayələrdə də bu var. Yaqub kordur, onun
oğlu Yusif ən yaraşıqlı kişi
simvoludu. Dastanda Yusif öz aşiqini yuxuda
görür, sonra onu həyatda axtarır. Bu əsərdə
isə Yusifi Züleyxa doğur, adını dəyişməklə
dünyaya buraxır...
- Züleyxa Yulbaşdan ayrılanda onu necə bir həyatın
gözlədiyini bilmirdi. Nəzərə alsaq ki, Züleyxanı həm
Yulbaşda, həm də sürgündə daima ölümlər
müşayiət etmişdi. Dörd qızının
ölümü, əri Murtuzanın ölümü, səfərdə
yol yoldaşlarının ölümü... Bütün
bunlara rəğmən Züleyxanı şanslı hesab etmək
olarmı?
-
Züleyxa o mənada şanslıdır ki, o, Yusifi xilas edir. Yusif onun bətnində olmasaydı, o da ölərdi.
Amma o, Yusifi xilas etməyə məhkumdur. Tarixi mətndə Yusif həbsə atılıb,
Züleyxa onu görür və aşiq olur. Yusifin azad olmasına yardım edir. Bu əsərdə isə Züleyxa Yusifi olmazın
fəlakətlərin içindən keçirib
böyüdür. 16 yaşa
çatdırır. Sonra uşağın
arzusuna əsasən ona azadlıq verir. Digər
tərəfdən isə o dövrdə heç kəs öz
həyatının dərzisi deyildi. İnsanlardan
alət kimi istifadə olunurdu. Aylarla qatarlarda gedirdilər,
ölənlər yolda atılır, sağ qalanları gəmidə
batırırlar, o da mümkün olmadıqda insan
ayağı dəyməyən bir yerə buraxırdılar
ki, qırılsınlar... Bəli, Züleyxa
böyük ehtimal ilə şanslı idi. Tale ona doğulacağına inanmadığı bir
oğul övladı verir. Ən əsası
isə Züleyxa heç vaxt yaşamadığı hissləri
yaşayır, eşqin nə olduğunu öyrənir.
- Bir az da Züleyxa ilə İvan İqnatov
münasibətlərindən danışaq. Züleyxa
əri Murtuzanı öldürən İvana necə aşiq
oldu?
- İqnatov "Qızıl Ordu"nun zabiti idi. Murtuzanı
öldürən odur, amma eyni zamanda Züleyxanı buzlu
sularda boğulmaqdan xilas edən də odur. Çünki İqnatov zaman keçdikcə başa
düşür ki, onun da həyatı məhvə məhkumdur.
Özünü güclə rejimin əlindən
xilas edir. Bundan sona çalışır
ki, Züleyxaya yardım etsin. Sürgün həyatı,
yeni qəsəbədəki həyat göstərdi ki,
İqnatov heç də az bədbəxt
deyil. Züleyxa artıq həyatdan nə istədiyini
bilirdi, oğlu var, onu xilas etməlidir. Amma
İqnatov heç nəyi olmayan biri durumuna gəlmişdi.
O, tədricən Züleyxadan asılı
qalmışdı... Artıq İqnatovun
yaxşılıq etmək üçün son bir
şansı var, o da Yusiflə bağlıdı. Züleyxa ondan xahiş edir ki, Yusifə təhsil
almağa getməsi üçün kömək etsin. Bu zaman İqnatov heç düşünmədən
xidmət etdiyi sistemin əleyhinə addım atır. Yusifi öz oğlu kimi sənədləşdirir,
ölkədən çıxmaq üçün ona sənəd
verir.
- Mənim Züleyxada heyran qaldığım xüsusiyyətlərdən
biri də onun analıq instinktidir. Xüsusilə əsərin
ilk hissəsində ölmüş övladlarının
qayğısına qalmasını yazıçı möhtəşəm
bir hissiyyatla təsvir edib.
- Bəli,
əsərin əvvəlində də, sonlarında da
Züleyxanın analıq hisslərini yazıçı
ustalıqla canlandıra bilib. Züleyxaya həmişə
elə gəlir ki, uşaqları acından ölüb, buna
görə gözdən yayınanda onların qəbirlərini
oğurladığı yemək qırıntılarından
daşıyır. Mənə ən təsir
edən məqamlardan biri Yusiflə Züleyxanın
ayrılığıdır. Yaxina həmin
məqamı çox gözəl təsvir edib. Uşağın dalınca sürünə-sürünə
gedir. Gözündən itənə kimi
ardınca boylanır. İçi
doğranır. Bu ayrılıq onu
boğur. Amma uşağına getmə deyə
bilmir. Çünki o, başa
düşür ki, bu, cəhənnəmdən yeganə xilas
yoludur. Uşaq Avropaya gedəcəkdi.
Rəssam olacaqdı...
-
Güzel Yaxina 2015-ci ildə Rusiyada elan olunan "Ədəbiyyat
ili"nin əsas kəşfi hesab olunsa
da, yazıçıya və əsərə Rusiyada
münasibət birmənalı deyil. Bunun səbəbi
nədir?
- Yeni rus ədəbiyyatına
ən çox tərcümə olunan
yazıçıdır Güzel Yaxina. Bu fakt da
Rusiyada kommunistləri hiddətləndirir. Onlar
romanı çox qəzəblə qarşıladı ona
görə də roman haqqında bir dənə də müsbət
peşəkar rəy yoxdur. Rus tənqidçilərinə
görə roman sovet tarixinə yönəlmiş tənqidi
bir baxış sərgiləyir. Bəzilərinə
görə isə romanda o dövrə haqsızlıq olunub.
Amma oxucular valeh oldular. Çünki
onun bəhs etdiyi həyat rus zülmündə yaşayan
hamının həyatında var. Güzel onu məharətlə
yazıb. O, tatarların dözülməz həyatlarını,
rusların vəhşiliklərini yazıb. O vəhşiliklər
ki, heç kəsə qazanc gətirməyib...
Şahbaz Xuduoğlu
Söhbətləşdi:
Günel MUSA
Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 20-21.