Davam
edən missiya
Sevgi əməldir, söz deyil. Min kərə "Vətənimi
sevirəm" deməkdənsə, onun üçün bir
icraatda bulunmaqdır sevgi. Yüz kərə
"səni sevirəm" deməkdənsə sevgini göstərməkdir
həqiqi duyğular. Bunu illərdir deyirəm və indi
oxuduqca ruhuma hüzur çiləyən kitab da elə bunu
deyir: "əməlinlə sev".
Vətəndən
uzaqlarda yaşasa da, İlqar Kamilin hər addımı, hər
sözü bu torpağa bağlıdır: nə yazsa, nədən
yazsa, Azərbaycandan deyir. Polad Həşimova
ithafən yazdığı kitab yalnız şəhid
generalımızın xatirəsini əziz tutmaq
baxımından deyil, həm də onun haqqındakı
gerçəkləri öyrənib-bilmək baxımından
gərəkli bir işdir.
Kitaba
verilmiş "Polad necə bərkidi" adı ədəbi
priyomlardan xəbərsiz oxucuya bir az
cığallıq kimi görünür. Adı ilə Nikolay Ostrovskinin allüziya
edilmiş əsərindən fərqli olaraq, İlqar Kamilin
"Polad necə bərkidi" kitabı roman deyil; amma bir
roman siqlətində esselərlər toplusudur. N.Ostrovski
kitabının çapından və məşhurlaşmasından
xeyli sonralar tərcümeyi-halında qeyd edirdi ki, polad kimi bərkiməsində
uşaq və yeniyetmə ikən yaşadıqlarının təsiri
böyük olub. Xarakterinin
keçmişindən tamamən müstəqil
formalaşdığı yetkin insan təsəvvür edə
bilərsinizmi? Yaxşı və ya pis, nə
cür yetişirsə, yetişsin, bu, insanın
doğuluşdan aldığı tərbiyə,
yaşadığı həyat tərzi və ailədən,
çevrəsindən gördüyü münasibətin ya əks-sədasıdır,
ya da onun bütün yaşadılarına üsyanı,
çıxardığı dərs. Yəni
bütün hallarda birbaşa və ya dolayısı ilə
bizi yaşadıqlarımız yetişdirir.
Kitabın
təqdimat mərasimində Polad Həşimovun anası, bu
gün artıq bütün Azərbaycanın özünə
ana bildiyi Səmayə xanım oğlunun o ali
məqama varmasını bircə cümlə ilə ifadə
etdi: "Polad necə böyümüşdüsə, elə
də bərkidi." Çıxışlarına
baxarkən görürük, Səmayə ana
övladının bütün Azərbaycan xalqının
Poladı olmasını adi bir qanunauyğunluq kimi
görür. Verdiyi tərbiyənin məhz
belə bir vətən oğlu yetişdirəcəyinə nə
zamansa zərrəcə şübhə etmədiyinə
şahid oluruq. Bu baxımdan "Polad necə bərkidi"
kitabı Polad Həşimovun şəhid olmazdan öncə də
ürəklərə yol tapmış, səmimi qəlblə
sevilən, sayğıdəyər bir komandir, qibtə olunacaq
mükəmməlliyə malik insan olmasının səbəbini
generalın özündə, xarakterində olmaqla
yanaşı, həm də çox dərində arayıb
tapır: "Məncə, övladını vətən
uğrunda şəhid verən valideynin ali səbrini də,
lap elə doğma vətənindən köçkün
düşmüş qəribin dözümünü də
ancaq Allahmərkəzli məntiqlə izah etmək
mümkündür." Essedəki bu və bu
xüsusdakı digər fikirlər vətən sevgisinin iman bəlirtisi
olduğu düşüncəsini də oxucuya
xatırladır. Həm də yalnız
Poladın deyil, Mübarizin, Səmayə ananın, sətir aralıqlarında
elə müəllifin öz simasında da.
"Polad necə bərkidi" faktlara əsaslanmış
gözəl bir məramın təcəssümüdür. Qəhrəmanlarımız
haqqında yazılan bioqrafik əsərlərdə bədiilik
həmişə uduzur; demək olar ki, istisnası yoxdur.
Bəlkə də, elə bu səbəbdən
İlqar Kamil qarşısına bədii əsər yazmaq məqsədi
qoymayıb. Belə qəhrəmanlar barədə
nə yazasan ki, onlar ən dəyərli romanları qısaca
ömürlərində ölçüyəgəlməz əməlləri
və böyük sevgisiylə yazıb.
Kitab
general Polad Həşimov, əslində isə
bütövlükdə həyat, insan, əqidə, vətən,
sevgi... haqqında fəlsəfi-psixoloji esselərdən ibarətdir.
Və bu mətnlərdə əksini tapan cəhətləri
özündə birləşdirmək elə Vətən
yolunda şəhidlik zirvəsinə ucalmaq deməkdir: istər
general olsun, istərsə sıravi vətəndaş...
İlk baxışda bu esselər tam müstəqil, hər
hansı mövzuya birbaşa bağlanmayan mətnlər təsiri
bağışlayır. Müəllifsə lap başlanğıcda bizə
şəhid general Polad Həşimovdan danışmağa
söz verib. Hövsələsiz oxucu "Bəs hanı burada
Polad?" soruşar, diqqətli oxucu isə bu sətirlərdə
Polad olmağın formulu ilə tanış
olar. "Polad necə bərkidi" kitabını oxuduqca
inanırsan ki, Polad olmaq - ürəyi sevgi ilə dolu olan və
bu sevgi naminə qurbanlar verə bilən insan olmaq: bəzən
nəfsini, bəzən rifahını, bəzən
rahatlığını, əslində isə
hamısını qurban verib özündən keçmək
deməkdir. General Polad Həşimovun şəhadətindən
sonra haqqında xatirələr, yazılar çox oxuduq.
Elə təkcə barəsindəki xatirələr
belə, onun mənəvi ucalığına qibtə etmək
üçün yetərli ikən indi bu esselər Poladın
mükəmməlliyini bizə "element-element"
anladır.
Kitabda yeri gəldikcə, sətir aralıqlarında
başqa bir Milli Qəhrəman - Mübariz İbrahimovun
simasında şəhidliyə gedən yolun trayektoriyası
cızılır, vətəndaş olmanın, insan
olmanın formulu açıqlanır. Bu esselər ümumən
insanlıq dərsini, yaşamaq sənətini öyrədir.
Bəs nümünə kimdir? - əlbəttə, Poladlar, Mübarizlər,
Əlilər...
"Polad necə bərkidi"
psixoloq-yazıçı İlqar Kamilin, bir növ, həyat dərsləridir
(coaching).
Əslində, həmişə bu fikirdə olmuşam ki,
şeirlərində tamamən şair ola
bilən İlqar nəsrdə nasirdən daha çox
psixoloqdur, ilahiyyatçıdır, filosofdur. Elə bu üzdən
onun nəsri mənə həmişə ədəbiyyatdan bir
az daha uzaq, digər sahələrə daha
yaxın görünüb. İlqar Kamil
sadaladığm sahələri ədəbi-bədii təfəkkür
işığında ən uğurlu şəkildə təqdim
edə bilən yaxşı bir esseistdir. Ki,
sözügedən kitab da dediklərimin bariz sübutudur.
İlqar Kamil əsl estetdir; kitabının dizaynından
tutmuş esselərin düzülüşünə kimi -
qurduğu hər cümləsi ilə içindən
çıxmaq istəmədiyin gözəl bir dünya
yaradır. O,
işinin peşəkarıdır; nədən yazsa, onu
mütləq sevərək təqdim etməyi, sevdirməyi
bacarır. Müharibə bitəndən sonra
qısa zamanda qəhrəman şəhidlərimizə həsr
olunan onlarla kitab yazıldı. Bəzilərinə
təqdimatlar da keçirildi, çoxunun keçirilməsinə
pandemiya şəraiti mane oldu. Amma mənim
nəzərdə tutduğum heç təqdimat mərasiminin
keçirilməsi də deyil, ümumiyyətlə, təqdim
etmək mədəniyyətinin özüdür.
Müəllifin bu kitabda da ən çox işlənən
"əzizim" xitabı illərdir, demək olar,
bütün esselərinin əsas adresatıdır. Bu mətnlər
"o əziz sənsən, insan" deyə, ixtiyari oxucuya
onun nə qədər dəyərli olduğunu
aşılayır. İlqar Kamilin esseləri
üçün xarakterik cəhət məsələyə
çox vaxt əsas mətləbə aidiyyatı yoxmuş
kimi görünən əhvalatlar, xatirələrlə
giriş etməsidir. Həmçinin esselərində
hansısa filmdən, kitabdan, ya bir şeirdən bəhs edərkən
çox vaxt müəllifini qeyd etmir; bir nişan
verir və oxucunu, əgər ona gerçəkdən
maraqlıdırsa, axtarışa sövq edir. Yenə ümumən
onun esseləri üçün xarakterik olan bir cəhət
lakoniklikdir: elə giriş edir ki, mövzunun mütləq
uzanacağını düşünürsən. Amma qısaca, mahiyyət və mündəricəni
ifadə etməklə mətləbi yekunlaşdırır və
əksər esselər barədə sanki fikir yarıda
qalıbmış kimi təəssürat da yarana bilir. Bu, müəllifin düşündürmək,
fikrin davamını oxucunun ixtiyarına buraxmaq üsuludur.
Kitabın
ən təsirli esselərindən biri "Poladına
şükür, ilahi"dir: "Hər şey ondan
başladı, ya Rəbb, hər şey! Onun pak
qanı, vəd verdiyin kimi, yerə deyil, xalqın
damarlarına axdı və bu xalq gör necə öz
Generalına bənzədi..." deyir müəllif. Sonuncu essedə o, ailəsi ilə birgə
Şuşaya səfərini xəyal edir. Lakin
nə böyük xoşbəxtlikdir ki, indi biz bu xəyala illərdir
olduğundan fərqli, çox yaxınıq. Polad olmaq - xalqının oğullarına
yaxşı nümunə olmaq deməkdir, Polad olmaq -
başqalarının inanmadıqlarına inanaraq, bu uğurda
savaşa bilmək, qalibiyyətə gedən yola öz
qanınla körpü çəkməkdir. Kitabın
lap başlanğıcında şəhid
generalımızın örnəyindən nahaq yerə bəhs
edilmir ki. "Hüsnü-xət kimi adamdan
danışacağam sizə, uzaqdan-uzağa, ağzını
belə açmadan sənə, mənə, bizə yol
göstərən Şəhiddən - general
Polad Həşimovdan!"
Şəhidlərimiz
boylarına biçilmiş missiyanı göz qırpmadan
yerinə yetirdilər, Vətən uğrunda can alıb, qan
töküb, can verdilər. Şəhadət
zirvəsinə gülə-oxuya, rəqs edə-edə getdilər.
Əməlləri ilə böyük bir xalqa
örnək oldular. Canını fəda
etmiş böyükürəklilərin qəhrəmanlıqları
qarşılığında etdiyimiz istisnasız hər
şey boş və mənasızdır. Nə
etsək də, onların onsuz da heç vaxt ödəyə
bilməyəcəyimiz yaxşılıqları müqabilində
zərrəcə borclarından çıxmaq
çabamızdır. Onlara qarşı
sonsuz minnətdarlıq və borc duyğusunu heç nə ilə
ifadə etmək mümkün deyil. Amma hər
kəs öz sahəsində, öz işi, əməli ilə
Vətəni sevmək sənətini yaşadır, onların
uğruna can verdiyi missiya davam edir.
Polad Həşimovun örnəyində şəhidləri
vardığı ucalığa aparan səbəbləri
aydınlaşdıran kitab elə güclü təəssüratlar
yaradır ki, haqqında uzun-uzadı susmaq istəyirsən sadəcə. Lakin "Polad
necə bərkidi" hər kəsin oxumasını arzu
etdiyim kitabdır. Bununsa tək yolu barəsində
daha çox adama söhbət açmaqdır.
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 19.