Dərdlə oynatdım bu şeiri...

 

 

Qaynar şeir...

 

Bir az od üstə dəmlədim,

 

Bir az qaynatdım bu şeiri.

 

Ruhuma qatdım çimlədim,

 

Dərdlə oynatdım bu şeiri.

 

 

Acılığı ötsün deyə,

 

Bir dişləm qənd atdım ona.

 

Yenə daşqalaq elədim,

 

Yenə kəmənd atdım ona.

 

 

Gah cam dolu şərab idi,

 

Gah şərab dolu cam oldu.

 

Onu yazdıqca dağıldım,

 

Bitdim, xıncım-xıncım oldum.

 

 

Nə vaxt hala gəldi, bişdi,

 

Nə vaxt, baş aça bilmədim.

 

Özgədən qorudum onu,

 

Özümdən qaça bilmədim.

 

 

Hər qəlbi oynatdı bir az,

 

Etmə, yalvardım-yaxardım.

 

Yavaş-yavaş unuduldu,

 

Tamam yadımdan çıxardım.

 

 

Köhnə sevgililər kimi,

 

Birdən rastıma çıxdı o.

 

Sözlə necə izah edim?

 

Həm vardı, həm də yoxdu o.

 

  

Tərsinə şeir...

 

Bu gün hər şeyi tərsinə yapdım;

 

Otağımı gerçəklərlə yenilədim,

 

Xəyallarımı səliqəylə yığışdırdım.

 

Gözlərimin istəyini dənələdim,

 

Əllərimi həsrət ilə görüşdürdüm.

 

 

Varlığımı dağlara dayadım,

 

Kürəyimin düşmənini bildim.

 

Eynəyimi qırmızıya boyadım,

 

Dodaqlarımın tozunu sildim.

 

 

Tərsinə yapdım hər şeyi;

 

Ürəyimi ağrılara verdim,

 

Dostumu, düşmənimi qaçırdım.

 

Göylərdən quşları dərdim,

 

Bağçadan çiçəkləri uçurdum.

 

 

Atımın ayaqlarını sındırdım,

 

İtimin qulaqlarını nalladım.

 

Dənizlərdə gəmiləri yandırdım,

 

Köhnə şeirlərimi yolladım.

 

 

Tərsinə yapdım hər şeyi;

 

Özümü görüşə çağırdım,

 

Səni görüş yerində saxlatdım.

 

Gündüzlər qaranlıqları bağırdım,

 

Gecələr yastığımı ağlatdım.

 

  

 

Meşə yanğınlarına...

 

 Hardasa göz yaşları

 

söndürə bilmir

 

yanan ağacları,

 

Söndürə bilmir ocağı sönən evləri.

 

Hardasa dualar çatmır Allaha,

 

Allah açmır qapılarını.

 

Quş yuvaları yanır

 

ağacların budaqlarında,

 

quşlar uça bilmir balalarından uzağa...

 

Köpəklər evlərinin qapısında,

 

Tısbağalar çanağında yanır,

 

İnsanlar öz içində...

 

Bir yandan sel çəkib aparır

 

insan hayqırışlarını,

 

bir yandan alovlar...

 

Hardasa qaçan var alovların dilindən,

 

göylərin yağışa tamarzı əllərindən...

 

Yağan yağışlarla

 

yanan alovların yeri səhv düşüb hardasa...

 

Sellər alovların qonşuluğundadır...

 

Dənizin ortasında yanan gəmi kimi

 

sular söndürmür alovları...

 

  

 

Yonca ürək...

 

 Hissini boğdun, bağladın,

 

Duymadı doyunca ürək.

 

Düşüb sınanda ağladın,

 

Əlindən oyuncaq ürək.

 

 

Hər tikəsi bir səs, bir ün,

 

Düşdü hər yerinə düyün.

 

Gözlədin, gözlədin bir gün,

 

Kürəyini sanca ürək.

 

 

Ovuc boyda xeymə idi,

 

Çəkic altda döymə idi.

 

Köksündə bir düymə idi,

 

Sinəndə bir sancaq ürək.

 

 

Qovuşuqda bar kimiydi,

 

Ayrılıqda qar kimiydi.

 

Hər düyməsi nar kimiydi,

 

Üç düyməli yonca ürək.

 

 

 

Öldürdüm özümü...

 

 Hər kəs bir cür gəlib gedir,

 

Gəlib gedir, gülüb gedir...

 

Əvvəl-axır ölüb gedir,

 

Qaşla gözün arasında.

 

 

Ölüm bir az cəsarətdi,

 

Yaşamaq inamın bitmir.

 

Ölüm əsl əsarətdi,

 

Canını almasa getmir.

 

 

Bu qədər öldü, öldürdü,

 

Ölümdən insan bezmədi,

 

İnsan ölümün axtardı,

 

Ölüm insanı gəzmədi.

 

 

Kim deyir asandı ölüm? -

 

Bu qədər ölüm içində,

 

İnsandan usandı ölüm.

 

Bir az elə, bir az belə,

 

Vəfasız insandı ölüm.

 

 

Ölümümü saat kimi

 

Qurub, öldürdüm özümü.

 

Qaşla gözün arasında

 

Vurub, öldürdüm özümü.

 

  

 

Darıxan şeir...

 

 Yenə də darıxıram,

 

yenə də,

 

edirəm...

 

Deyəsən, üzərinə

 

yenə də çox gedirəm

 

Dərdimin.

 

 

İnsan qoşa yaranıb,

 

qoşa da getsin başa,

 

Görən nə qazanardım

 

zəri düşsəydi qoşa

 

Nərdimin?

 

 

Qovdum namərdi,

 

yordum,

 

susdu namərd qüruru.

 

Namərd elə namərddi,

 

Tanrım, qoru, sən qoru

 

Mərdimi.

 

 

Deyən darıxmağı da

 

çevirmişəm vərdişə,

 

Neyləsən, bəxt ilədi,

 

Gərək ki, bəxtə düşə

 

Dostların da

 

Ərdəmi.

 

 

 

O deyil...

 

 Həmin uzaqlıqdı, həmin otaqdı,

 

Ünvanı o deyil, adı o deyil.

 

Üz, cizgi, göz, baxış, həmin dodaqdı,

 

Həmin öpüş deyil, dadı o deyil...

 

 

Dövran həmin dövran, həmin fələkdi,

 

Həmin istənişdi, həmin diləkdi.

 

Düzdü, ürək elə həmin ürəkdi,

 

Alovu o deyil, odu o deyil...

 

 

Həmin göz yaşıdı, həminki ağrı,

 

Həmin iztirabdı, hamısı doğru,

 

Ruhu tamam çılpaq, gözləri bağlı,

 

Həmin Qadın deyil, Qadın o deyil...

 

  

 

Əllərimin yuxusu...

 

 Yağır bir həsrət yağışı,

 

Üşü, səhərəcən üşü.

 

Yenə bir Qadın göz yaşı,

 

Yenə bir Qadın gülüşü,

 

Əllərinin yuxusu.

 

 

Bir az savab, bir az suçdur,

 

Həm var, həm də yox kimidir.

 

Bir az ruhu eşqə acdır,

 

Bir az gözü tox kimidir,

 

Əllərinin yuxusu.

 

 

Yuxudu, bir huş dəmidir,

 

Yuxudu, nə gəlir əldən?

 

Bir ovuc balıq kimidir,

 

Can verir çəmli bir göldə,

 

Əllərinin yuxusu.

 

 

Yüz ölç-biç, ölç-biç, nə çıxar?

 

Bu oyun bitər heç-heçə.

 

Səni də öz arxasıyca

 

Çəkib aparar bir gecə,

 

Əllərinin yuxusu.

 

 

Oyunçuyuq,

 

həm mən, həm sən...

 

Həyat - oyun ustasıdır!

 

Yuvası yağışa düşən

 

Göyərçin yumurtasıdır,

 

Əllərinin yuxusu.

 

 

 Araşdırma...

 

Neçə cür ayrılıq olur, görəsən,

 

Gəlin araşdıraq ayrılıqları.

 

 

Nədir bu umduğum, küsdüyüm nədir,

 

Axtardığım nədir, gəzdiyim nədir?

 

Hər gün ağrısına dözdüyüm nədir,

 

Beləmi ayrılır adam adamdan?

 

 

Özünü itirib tapırsan bir az,

 

Nə yoxdu, bax ona hopursan bir az.

 

Hər gün tikələnib qopursan bir az,

 

Beləmi ayrılır adam adamdan?

 

 

Qırılan nə varsa, var, adı yoxdu,

 

Nə möcüzədir, nə sirr, adı yoxdu.

 

Belə yaşamağın bir adı yoxdu,

 

Beləmi ayrılır adam adamdan?

 

 

Yuvayam, içimdə köçəri quşsan,

 

Ünüm yetməyəcək hayana uçsan.

 

Divaram, sinəmdən asılan daşsan,

 

Əlim çatmayacaq hayana düşsən,

 

Beləmi ayrılır adam adamdan?

 

 

Gəlin araşdıraq ayrılıqları...

 

Mən özün yaşayım...

 

Sən şeirin oxu...

 

 

 

Qurbanlıq...

 

 Nəyim var qurban olası?

 

Göz deyiləm, qaş deyiləm.

 

Mən ki göydən yerə enən,

 

Allı-güllü qoç deyiləm.

 

 

Qurbanlığım bir az yalan,

 

Başqa olur qurban olan.

 

Ümidləri gözdə qalan,

 

Arzuları puç deyiləm.

 

 

Bu yolu çoxdan ötmüşəm,

 

Bir eşqə qurban getmişəm.

 

Əcəb etmişəm, etmişəm,

 

Tövbə gəzən suç deyiləm.

 

 

Bir ocağam, qalanmıram,

 

Bu fələklə dolanmıram.

 

Məcnunammı? İnanmıram,

 

Leyli də ki, heç deyiləm!

 

 

AY Bəniz Əliyar

Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 12.