"O
DA BƏXTİYARDI - MƏN DƏ BƏXTİYAR..."
"Varislər"
"Varislər"in
bugünkü qonağı şeirləri təkcə Azərbaycanda
deyil, bütünlüklə türk coğrafiyasında sevilən,
dillər əzbəri olan unudulmaz Xalq şairi, alovlu vətənpərvər,
cəsarətli insan, ədəbiyyatşünas alim, dramaturq,
publisist, ictimai-siyasi xadim, türk dünyasının
böyük oğlu Bəxtiyar Vahabzadənin nəvəsi və
adaşı Bəxtiyar Vahabzadədir.
96
yaşlı böyük türk şairi
1925-ci ilin yayında
Şəkidə gəlmişdi dünyaya. Çoxumuzun
üzdən cəsarətli, ruhu vətən sevdası,
bütöv Azərbaycan eşqilə alışıb-yanan
şair, ictimai-siyasi xadim kimi tanıdığımız Bəxtiyar
Vahabzadənin ürəyini parçalayan, ruhunu sarsıdan, bəzən
hisslərilə baş-başa qalanda içində
ağlayıb fəryad edən bir taleyi olub. Bu
barədə bir qədər sonra nəvə Bəxtiyar
Vahabzadənin öz dilindən eşidəcəyik.
1934-cü
ildə ailəsi ilə birlikdə Bakıya köçən
Bəxtiyar Vahabzadə paytaxtda orta məktəbi bitirdikdən
sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində
ali təhsil alır. Hələ
20 yaşında Azərbaycan Yazıçılar
İttifaqına üzv qəbul edilən gələcək
ünlü şairin ilk qələm təcrübələri
özünün ürəyincə olmasa da, şeirləri
dövrünün tanınmış ziyalılarının,
şairlərinin marağına səbəb olur, müzakirə
obyektinə çevrilir.
Biz onu həm bir şair kimi, həm dramaturq kimi, həm də
insan kimi yaxşı tanıyır, bu gün də hörmətlə,
ehtiramla yad edirik. Bu gün milli kimliyimizin ən
böyük şairlərindən birini yad edəcək, onun
adaşı, nəvə Bəxtiyar Bahabzadə ilə baba Bəxtiyarla
bağlı xatirələrimizi bölüşəcəyik.
- Bəxtiyar
bəy, avqustun 16-da unudulmaz Bəxtiyar müəllimin 96
yaşı tamam olur, söhbəti məhz həmin ərəfəyə
saldıq ki, həm o böyük kişini birlikdə
xatırlayaq, həm də ad günü ərəfəsində
bir daha ruhunu şad edək. Bəxtiyar müəllimin
qapısı onun yanına xahişə gələn hər kəsə
açıq idi və tale elə gətirib, bir-neçə dəfə
onun evində qonaq olmaq, unudulmaz Dilarə ananın
çayından içmək mənə də nəsib olub.
Nəvə Bəxtiyar Vahabzadə. Gəlin bundan
başlayaq. Adınızı baba qoyub yəqin.
- Xoş
gəlmisiniz. Babamı
xatırladığınız üçün sizə
Vahabzadələr ailəsi adından təşəkkür
edirəm. Əlbəttə, babamın fəaliyyətinin
xeyli hissəsi elə "Ədəbiyyat qəzeti" ilə
bağlıdır, uzun illər sizin qəzetdə onun
şeirləri, publisistik yazıları, gənc qələm
adamları ilə bağlı təqdimatları, məqalələri
çap olunub və
yaxşı xatırlayıram, babam "Ədəbiyyat
qəzeti"nin hər sayını maraqla oxuyurdu.
Bəli, mənim adımı babam qoyub. Mən ailənin
ikinci nəvəsiyəm. Birincisi bibimin
övladıdır, sonra da ilk oğul nəvəsi olaraq mən
dünyaya gəlmişəm.
Bir evdə iki Bəxtiyar Vahabzadə
- Bəxtiyar Vahabzadə
adını daşımaq yəqin ki, sizi hər addımda izləyib.
Çünki babanız çox məşhur azərbaycanlı
idi. Mənə elə gəlir, həyatınız
təkcə onun adını daşımaqla məhdudlaşmayıb,
həm də baba Bəxtiyardan çox şey öyrənmək
istəmisiniz.
- Əlbəttə, ad və soyad artıq öz
möhürünü vururdu, mən nə qədər bunu
gizlətməyə çalışsam da, mümkün
deyildi. Onu çox istəyirdilər, ona olan sevgini bəzən
mənə transfer etməyə
çalışırdılar və
açığını deyim ki, bu məni
sıxırdı, belə deyək də, sərbəst
olmağıma, azad olmağıma mane olurdu. Bunu şikayət üçün demirəm, sadəcə
tam təsəvvür yaratmaq istəyirəm. Onu eləmək olmaz, sən Bəxtiyarın nəvəsisən.
Filan yerə getməyin yaxşı düşməz,
sən Bəxtiyarın nəvəsisən və s. Mənsə
hər şeyi özüm qazanmaq, özüm olmaq istəyirdim.
İstəmirdim kimsə babama görə mənə
hörmət eləsin, amma mümkün deyildi.
Mənim həyatımın müəyyən hissəsi
sırf babamla bağlıdır. Atam diplomatik fəaliyyətdə
olduğu zaman mən babagildə qalırdım, ali məktəbə onlardan gedir, onlara
qayıdır, dərslərimi onlarda hazırlayırdım. Amma ümumi götürsək, bizim birgə səfərlərimiz
çox olub. Balaca olanda onun kölgəsi
kimi yanından əl çəkmirdim, onların söhbətləri,
rəftarı, həyat tərzi mənim üçün
çox maraqlı idi. Şeirlərindən əzbər
bildiyim çox şeylər vardı, amma
açığını deyim ki, mən babamın
yaradıcılığı ilə bütünlükdə
o, dünyasını dəyişəndən sonra
tanış oldum və onun nə qədər böyük
şair, milli ruhda olan bir insan, türkçülüyə
bağlı bir vətəndaş olduğunu özüm
üçün kəşf etdim.
- Bəxtiyar Vahabzadə iyirmi yaşından, 1945-ci ildən
AYİ-nın üzvü idi. İnsanın həyatında
kimlərsə olur, ona dəstək verir, ona qapı
açır və hər şeydən əvvəl həm də
qucaq açır, cəsarət, ürək-dirək verir,
onda inam yaradır. Kim olub Bəxtiyar
Bahabzadənin həyatındakı o uğurlu insan.
Ustadım Səməd Vurğun
- Əlbəttə,
birmənalı şəkildə Səməd Vurğunun
adını xüsusilə qeyd edirdi. Səməd
Vurğun o dövrdə təkcə babama yox, çox
istedadlı gəncə dəstək olmuşdu, onların
AYİ-na üzv olmasına, yazılarının
çapına kömək eləmişdi və babam da məhz
buna görə sonrakı həyatında öz mənəvi borcundan
çıxmaq üçün elmi işini Səməd
Vurğun mövzusunda götürdü, namizədlik və
doktorluq dissertasiyasını o böyük şairə,
böyük insana həsr etdi. Babam
ömrünün sonuna qədər Səməd Vurğuna
ustadım, müəllimim deyirdi.
- Bəxtiyar
bəy, babanızın valideynləri ilə bağlı bir qədər
təzadlı fikirlər söylənir. Biz həmişə
onun ata adının Mahmud kişi
olduğunu bilmişik, amma bəzi mənbələrdə ata
adı olaraq həm Zəkəriyyə, həm də Mahmud
kişinin adı hallanır. Mümkünsə,
bu məsələyə bir qədər aydınlıq gətirək.
- Hə,
bu, bir qədər təzadlı, həm də babam
üçün həmişə kədərlə, ürək
ağrısı ilə xatırlanan məsələdir. Demək, babamın on səkkiz
yaşı olanda o vaxta qədər baba kimi tanıyıb
sevdiyi Zəkəriyyə kişi
dünyasını dəyişir və ailə birlikdə
Şəkiyə yas yerinə gedir. Kənar adamlar dağılışandan
sonra, yəni məclisdə yalnız ən yaxın qohumlar,
ailə üzvləri qalanda o günə qədər nənəsi
kimi tanıdığı adam - Xanım nənə
- yaxınlaşıb babamdan "Bilirsən rəhmətə
gedən kimdir?" - soruşur və babam
da səmimiyyətlə, əlbəttə, babam rəhmətə
gedib deyir. Nənəsi deyir ki, yox, rəhmətə
gedən sənin doğma atandır. Əlbəttə,
bu söhbət babama pis təsir edir. Özü
deyir ki, dünyam alt-üst oldu. Demək, məsələ
necə olub. Zəkəriyyə kişi
üç dəfə ailə qurub və övladı
çox olub, Mahmud da onun böyük övladlarından biridir.
Babam dünyaya gələndə Mahmud artıq yetkin adam olub. Mahmud ailə qurduqdan
sonra övladı olmur və atasına, yəni Zəkəriyyə
kişiyə deyir, ver Bəxtiyarı mən saxlayım, onsuz
da sənin ailən böyükdür.
Qardaşım - atam
Yəni əslində,
Mahmud Vahabzadə babamın ata bir, ana ayrı doğma
qardaşıdır. Babam bütün
ömrü boyu Mahmud kişini öz atôsı kimi qəbul etdi
və bioloji valideynlərinə münasibəti öz yerində,
amma böyüdüyü ailəyə
bağlılığını, mənəvi borcunu
unutmadı. Lakin birmənalı şəkildə,
demək olar ki, bu fakt həmişə babamın ürəyində
yara kimi qaldı və sağalmadı. Babam
deyir, hüzürdən sonra Xanım anayla bir yerdə
Bakıya qayıtdıq. Xanım arvad bir
gün babama deyib ki, ay oğul, iki arvadın arasında qalmaq
olar, amma iki ananın arasında qalmaq mümkün deyil.
Gözləri dola-dola bir xatirə
danışmışdı mənə. Deyir, bir
gün evdə halva bişiriblər, hamı öz
payını yeyib, amma bioloji anası Xanım arvad öz
payını saxlayıb babama verib. Gülzar
- yəni belə deyək də, qardaşı arvadı o dəqiqə
təpki göstərib, narazılıq edib, bu isti münasibətə
qısqanıb. Əlbəttə, babam kimi həssas
ürəkli bir adam üçün
bütün bunlar ürək ağrısı idi. Xanım arvad dünyasını dəyişənə
kimi özünün dediyinə görə aralıqda
qalıb. Yəni babamdan eşitdiyim budur.
Babam dünyasını dəyişənə qədər
Mahmud kişiyə qardaşım, Gülzara qardaşım
arvadı demədi, atam, anam dedi.
- Təşəkkür
edirəm, aydınlıq gətirdiyiniz üçün. Məncə, oxucularımız üçün də
maraqlı olacaq. Bəxtiyar müəllimin
şair kimi yetişməsində kimlərin dəstəyi
olub. İlk şeirləri ilə
bağlı nə deyirdi?
- Həmişə
deyirdi ki, mənim şair olmağımda anamın (yəni
qardaşı arvadının) böyük rolu olub. İlk vaxtlar şeir yazırdım, amma bilirdim ki, zəif
alınır. Nə vaxtsa şair
olacağımı ağlıma gətirə bilməzdim, məzmunsuz,
məntiqsiz şeirlər. Əlbəttə,
təcrübəsiz, azyaşlı bir yeniyetmə necə yaza
bilər ki? Məncə, əksər
şairlərin yaradıcılıq yolu elə belə
başlayıb. Amma deyirdi ki, mən nə
yazsam anam, yəni Gülzar, mənə dəstək olurdu,
ürək-dirək verirdi, mənim bir gün çox
böyük şair olacağıma inanırdı.
Bir gün babamla Yazıçılar İttifaqına, Səməd
Vurğunun qəbuluna gedib. Səməd
Vurğunla görüşüblər, şair babamın
şeirlərinə baxıb, bir neçə şeir oxuyub,
başını bulayıb. Soruşub, ay
bacı haralısınız, Gülzar arvad deyib şəkiliyik.
Şəkidən şair
çıxmayıb
Səməd Vurğun
deyib ki, Şəkidən şair çıxmayıb, bu
uşaq getsin özünə sənət tapsın. Dəftəri qaytarıb. Babam
deyirdi ki, Səməd Vurğun kimi tanınmış bir
şairdən bu sözləri eşidəndən sonra sanki əlim-qolum
qırıldı. Yazıçılar
İttifaqından çıxanda Gülzar arvad babama deyib ki,
başa düşdün o sənə niyə elə dedi? Babam gözlərini döyə-döyə baxıb.
Gülzar arvad deyib ki, o sənə
paxıllıq elədi, sən öz işinlə məşğul
ol, daha da yaxşı yaz. Gülzar
savadsız qadın olub, amma babama bu sözlərilə
ümid verib. Babam deyir, onun bu sözləri
elə bil məni təzədən göyün yeddinci
qatına qaldırdı. Həvəsləndim
və daha da yaxşı yazmağı qarşıma məqsəd
qoydum, çalışdım, çox oxudum və
yavaş-yavaş alındı.
- Hamı
onu cəsarətli insan, mübariz şair kimi
tanıyırdı. Baba ilə nəvənin
maraqlı dostluğu olur, bəzən sirdaşlıq da edirlər.
Səncə, bu cəsarəti hardan
alırdı? Nəyə arxayın idi?
Sovet dövrünün, senzuranın baş kəsən
vaxtlarında elə cəsarətli şeirlər yazmaq hər
adamın boyuna biçilə bilməzdi. Baxırdın,
fiziki cəhətdən arıq, cılız kişiydi, amma nə
qədər böyük ürəyi vardı...
- Mən
bu barədə nə deyə bilərəm? Hər
şey göz qabağındaydı. Dediyiniz
kimi arıq, çəlimsiz kişiydi, amma içində bir
od-alov vardı. Mən onun elə adamlara söz deməsini,
etirazını bildirməsini görmüşəm ki, hər
adam onlarla elə danışa bilməzdi. Bunu həm telefon danışıqlarında, həm
də üzbəüz dediyini görmüşəm. Açığı, bəzən onun belə
danışıqlarından qorxurdum. Mənim
tərbiyəmdə onun müstəsna rolu var.
Bir xatirə yadıma düşdü. Fəlsəfə
dərsində bizə təsəvvüf keçirdilər,
anlamırdım. Gəldim babama dedim ki, mən təsəvvüfü
başa düşə bilmirəm. Gənc idim,
mənim üçün tamam yeni bir mövzu idi. Elə indinin özündə də tam
dolğunluğu ilə anlaya bilmirəm, amma babam məni
başa saldığı qədər başa
düşdüm. Babam başladı mənə
təsəvvüfün mərhələlərini - şəriət,
təriqət, mərifət, həqiqət - izah etməyə.
Gördü ki, yenə anlamıram. Dedi ki,
get "Şəbi-hicran" poemasında filan yeri tap oxu, orda
Füzulinin dililə təsəvvüfə aydınlıq gətirməyə
çalışmışam.
"Məni - Füzulini yaratdı
Tanrı,
Alacaq məni də qoynuna torpaq.
Məhv
olur Allahın yaratdıqları,
Mənim yaratdığım ölməzdir ancaq".
Sonra dedi ki, bunu anlamayan adam elə bilər şair Allahlıq
iddiasına düşüb. Amma burda əsas məqsəd
Allah mənim düşüncəmlə, ruhumla təcəlla
edir deməkdir. Mən də bu bəndi getdim universitetdə
dərsdə dedim, bu vaxt bir qrup yoldaşım bilmədi bunlar
babamın sözləridir, Füzuli haqqında çox nalayiq
sözlər dedi və mübahisə düşdü, sonra
söhbət davaya çevrildi.
"Məni söysələr belə
sus"
Məsələ
şişdi, artıq qovulmaq söhbətim gündəmə
gəldi. Evdə bu hadisəni babama danışdım,
dedim Füzulini təhqir elədi, mən də
dalaşdım. İndi də qovulmaq təhlükəm
var, yəqin, sən qoymazsan məni universitetdən qovsunlar.
Soruşdu, "mənə güvənib bu hərəkəti
elədin?". Dedim - hə. Dedi, mənim
Füzulini müdafiə eləyənimə bax. Bu hərəkətinə görə sənin
xahişini eləməyəcəyəm, qovurlarsa, qoy qovsunlar.
Füzuli elə bir zirvədədir ki, nə sənin,
nə də mənim müdafiəmə ehtiyacı yoxdur.
Amma bir şeyi doğru bilib addım
atmısansa, onun arxasında durmağı da bacarmalısan.
Yox, əgər özünə güvənməyəcəksənsə,
məni söysələr belə sus. Ancaq
özünə güvənəndə sənin
sözünün də, hərəkətinin də kəsəri
olacaq. Onun bu sözləri qulaqlarımda əbədi
sırğa oldu.
- Həm
bir insan kimi, həm də bir baba kimi çox doğru cavab,
doğru münasibətdir. Bu sözləri ilə
sizdə özgüvən formalaşdırıb. Məncə,
1990-cı ilin 20 Yanvar
günlərində rus generalının
üstünə çığırması, rus ordusunu
qaniçən və cəlladlar ordusu adlandırması da bu
özgüvənin təzahürü idi. İnsan
özünə güvənməsə qorxaq olar, qorxaqlıq
isə çox böyük səhvlərə yol
açır. Ruhu şad olsun o
böyük kişinin. Məhz bu cəsarətinə
görə xalq onu sevirdi. Xalq onu əlinin
üstündə meydanların ən yuxarı başına
qaldırırdı. Onun buna haqqı
vardı, çünki bunu öz həyatı ilə
qazanmışdı. Məhz elə bu cəsarətin
nümunəsi sovet dövründə yazdığı
"Gülüstan" poeması oldu. Bu
mövzuda çox danışılıb, amma bəzən
söhbətlər bu vaxta qədər deyilməyən nəyinsə
xatırlanmasına səbəb olur.
"Gülüstan"a görə on sutka həbs olunan
MTN şefi?
- Əlbəttə, bir çoxları kimi, mən də
soruşmuşdum ondan, ay baba, qorxmurdun, səni tutarlar bu
yazıya görə? Deyirdi ki, ay oğul, mən buna susa
bilməzdim və susmamalıydım. "Gülüstan"la
bağlı xatirələrini danışım. Anasının ayağı protez idi,
"Gülüstan"ın əlyazmalarını o protezin
içində gizlədirmiş. Sonra tələbələr
onun üzünü köçürürdü və əl-əl
gəzirdi. Poemanı əzbərləyənlər
də çox olub. Bayaq dedim axı, mən babamın
yaradıcılığı ilə o, dünyasını dəyişəndən
sonra tanış olmuşam. Amma
saatarla ədəbi müzakirələr edirdik. Sevdiyim şair Mirzə Ələkbər Sabir idi,
Sabirdən danışırdıq. Babam həmişə
söhbətə "Babamız Sabir deyib ki..." deyərək
başlayardı. Amma dünyasını dəyişəndən
sonra onun
yaradıcılığı ilə tanış
oldum və təəssüf hissi keçirdim ki, mən Bəxtiyar
Vahabzadənin sağlığında onu sadəcə babam
kimi tanımışam, onu şair kimi tanımamışam. Amma özü deyirdi ki, "Gülüstan"
yazılandan sonra hər dəfə qapı döyüləndə
elə bilirdim məni aparmağa gəliblər.
Bir dəfə məclislərin birində keçmiş
MT naziri Namiq Abbasovla qarşılaşır, babamın ondan nəsə
bir xahişi olur, amma nazirliyə getmirmiş. Namiq müəllim
də deyir ki, Bəxtiyar müəllim, niyə bunu mənə
demirsiniz ki, nə vaxt istəsəniz gəlin, qapım həmişə
sizin üzünüzə açıqdır. Babam da
deyir, ay oğul, mən "KQB"nin həndəvərindən
keçməyə çəkinirəm. Namiq müəllim
gülüb, babamı qucaqlayır, deyir, daha hər şey
özümüzündür, daha "KQB" deyilən bir
şey yoxdur, üstəlik, mən "Gülüstan"
poemasının üzünü köçürdüyümə
görə on sutka həbs yatmışam, odur ki, siz bizə
doğma adamsınız.
- Biz bu
gün daha çox şair Bəxtiyar Vahabzadədən yox, elə
baba Bəxtiyar Vahabzadədən danışsaq yaxşı
olar. Necə baba idi? Şəki
camaatının özünəməxsus zarafatları olur, necə
zarafatlaşırdı sizinlə?
- Əslində hə, çox adamdan onun zarafatları ilə
bağlı eşitmişəm, amma özüm şəxsən
şahidi olmamışam. Qaraqabaq adam
deyildi, amma mənim aləmimdə çox zarafatcıl da
deyildi. Hə, olurdu məqamında, yerində nəsə
məzəli bir fikirlə sözünü ifadə edirdi.
Şəkidə
dost məclisləri
Hər il yay tətili başlayan kimi Şəkiyə
gedirdik. Şəkidəki dost-tanış, sonra
Bakıdan Şəkiyə gələnlər mütləq hər
axşam onun başına toplaşırdılar. Uşaqlıq dostları vardı, onlara "xizək
dostlarım" deyirdi. Həmin o
üç ay yay mənim üçün çox maraqlı
və əvəzsiz olurdu. Çox
maraqlı söhbətlər gedirdi. Professor Şirməmməd
Hüseynov, bəstəkarlar Xəyyam Mirzəzadə,
Cavanşir Quliyev, bir də görürdün Nurəddin
Rzayev, Şahmar Əkbərzadə də gəlib
çıxırdılar ora. O günlərin hər biri mənimçün
şirin, unudulmaz xatirədir. Məsələn, sizə bir
söz deyim, o heç vaxt mənə demirdi get filan kitabı
oxu, amma hər axşam o məclislərdə mən elə
söhbətlər eşidirdim ki, mütləq kitab oxumağa
marağım yaranırdı. Məsələn, bir dəfə
söhbət əsnasında dedi ki, Javerin ayrı yolu yoxdur, o əqidəsi
ilə vicdanı arasında qalıb. Artıq bu
Javerin impulsu beynimə dolurdu. Ay baba, Javer kimdir? Aç "Səfillər"i oxu. Yəni hər
gecə o dostlar arasında söhbətlərdən sonra adam özünü bir universitet bitirmiş kimi
hiss edirdi.
- Ən
yaxın dostları kim idi bəs? Sirr
verdiyi dostları...
- O
dördlük məşhur idi o vaxtlar. Təəssüf,
mən xatırlamıram, rəhmətlik Xudu Məmmədov
1990-cı ildə dünyasını dəyişdi. Xudu
Məmmədov, həkim Nurəddin Rzayev və şair
Şahmar Əkbərzadə ilə çox yaxın olublar. Yəqin, elə sirr verib, sirr aldığı adamlar
da onlar olub. Hər təzə şeirini
ilk oxuduğu dostları.
Şəkidə olanda səhərlər bizi hay-küy
salmağa qoymurdular, çünki babam gecə gec yatır, səhər
də günortaya qədər dincini alırdı. Mütləq
hər səhər üzünü qırxmalıydı,
mütləq gündəlik qəzetləri oxumalıydı,
sonra axşama kimi kitab oxuyur, mütaliə edirdi, sonra da hər
axşam gecə keçənə qədər dostlar gəlirdi,
çay süfrələri, söhbətlər, müzakirələr
başlayırdı. Yəni bu, gündəlik
ayin idi.
-
Universitet dərslərindən yayınıb, hər gün
Azdramaya, "Özümüzü kəsən
qılınc" tamaşasının məşqlərinə
baxmağa gedirdiniz. Belə maraqlı gəlirdi sizə o
proses?
- Nə
vaxtsa mən də rejissor olmaq istəyirdim, incəsənətə
həvəsim vardı. İlk dəfə babamla
getdim Azdramaya, məşqlərə baxmağa. Tamaşanın məşqləri başlayanda sanki
sehrləndim. Sonra hər gün məşqlərə
baxmağa gedirdim, universitetdə xeyli qayıb
yığılmışdı, bir gün dekanlıqdan evə
zəng vurub babama şikayət etmişdilər, əslində,
başqa şeyə görə narahat olmuşdu, birdən
avaralıq edərəm deyə qorxmuşdu. Amma biləndə
ki, teatrın məşqlərində olmuşam, zəng vurub
teatrın direktoruna - Əlabbas Qədirova dedi ki, onu bir də
Azdramaya buraxmayın, dərsə getsin.
- Bəxtiyar
bəy, indi elm sürətlə inkişaf edir. Fantastik
kitablardan oxuduqlamız, filmlərdən gördüklərimiz
reallaşır. Tutaq ki, bir gün elə bir qurğu
düzəldərlər ki, adam telefonu
götürər, illər əvvəl dünyasını dəyişmiş
babası ilə görüntülü danışa bilər,
ya da səsini eşidə bilər. Ruh əbədidir,
deyirlər. Əgər elə bir imkan olsa,
babaya nə deyərdin?
- Babam mənə
bir şeir həsr eləyib, ilk və son bəndini deyim:
"Mənim bir gözəl
Körpə nəvəm var.
O da Bəxtiyar,
Mən də Bəxtiyar.
...Nə
olur-olsun,
Kim
olur-olsun,
Babası
kimi
Xalqa
vurulsun"
- sözləri ilə başlayır və bitir.
Əgər elə bir imkanım olsaydı, deyərdim
ki, arxayın ol, mənim əziz babam, bir nümayəndəsi,
bir fərdi olduğum xalqıma vurğunam. Hər dəfə Üzeyir bəyin musiqisini dinləyəndə,
hər dəfə Nəsimini, Füzulini oxuyanda və Bəxtiyar
babamı əsərəri vasitəsilə bir daha tanıyanda
xalqıma yenidən aşiq oluram. Babama verəcəyim
sualı bilmirəm, amma onunla danışmaq imkanım olsa,
mütləq bunları deyərdim ona.
Bəxtiyar Vahabzadə
Söhbətləşdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 16-17.