“Dərdnamə”nin
poetik həqiqətləri
Ədəbiyyatda "Şahnamə",
"Qabusnamə", "Şikayətnamə", "Dəhnamə",
"Növnamə", "Səfərnamə",
"Müsibətnamə" və sair "namələr"
mövcuddur.
Üçüncü minilliyin birinci əsrinin - XXI əsrin
şairi Şöhlət Əfşar da "Dərdnamə"
(Bakı, "Nurlar" Nəşriyyatı - 2020) yazdı. Şöhlətin "Dərdnamə"
poeması İkinci Qarabağ müharibəsindən - Vətən
müharibəsindən düz bir il əvvəl
05 noyabr 2019-cu ildə yazılıb. Onda hələ 30 il işğalda qalan Qarabağ dərdimiz var
idi. Və bu dərd özünün son həddinə
çatmışdı. O zaman şair bu dərd
kontekstində başqa dərdlərimizi də poetik şəkildə
dilə gətirmişdir.
"Dərdnamə" poeması klassik ənənələrə
uyğun olaraq "Minacat"la başlanır. Şair Allaha
müraciət edərək ondan başladığı əsəri
yazmaq üçün mənəvi güc, ilham istəyir.
"Minacat" əsərə klassik forma, inam
gətirir, müəllif Allah vergisi olan istedadına ilahi aləmdə
istinad axtarır.
"Dərdnamə" Şöhlət
Əfşarın müasiri, istedadlı şair, irfan əhli
Barat Vüsala müraciət tərzində yazılıb. Bu tərz də
klassik Azərbaycan ədəbiyyatının ənənələrindən
gəlir. XIX əsrin böyük marifçisi Seyid
Əzim Şirvani "Qafqaz müsəlmanlarına xitab" əsərini
müasiri, milli mətbuatımızın banisi Həsən bəy
Zərdabiyə müraciətlə yazmışdı:
Ey Həsən
bəy, müəllimi - dana!
Ey edən
əhli - aləmi ehya!
Ey
çatan aləmə səfa səndən,
Eyləyir
Seyid iltica səndən -
Ki, bu məktub
kim, xəyalımdır,
Əhli -
Qafqazə ərzi - halımdır;..
Belə bədii müraciətlər Azərbaycan ədəbi-tarixi
prosesinin spesifik xüsusiyyətidir. Şöhlət
Əfşar yazır.
Mərhəba,
Barat Vüsal, əziz dostum, qardaşım,
Ey mənim
könüldaşım, sən, ey mənim dərddaşım!
Söylə, kefin necədir, necə keçir bu
dövran?
Dövri-çərxi-fələklə, söylə,
necədir aran?
Arzumdur,
xoşbəxt yaşa, olmasın dərdin-sərin,
Al şəfəqə boyansın hər açılan
səhərin.
İdrakınla
yaz-yarat, yerə qoyma qələmi,
Sözə
sözlə bəzək vur, nura qərq et
aləmi...
...Zaman
axır su kimi, - öz işində dəyirman,
Karvan bir an dayanmır, dolub-boşalır xırman.
Bil ki,
zamanla qızıl, qiymətdə eyni, birdir,
Zamanı boşa versən, keçən ömür hədərdir.
Amma
yığıb qızılı, sonra xərclərsən əlbət,
Zamanı
bircə an da, saxlamaq olmaz fəqət!
Gecə,
gündüz keçirsə, dursaq da, yol gedirik,
Yuxuda
yatanda da məsafə qət edirik...
...Vaxtdır
hər dərdə əlac, yalnız vaxt üçün
acıq,
Çörəkdən,
sudan da çox, biz zamana möhtacıq.
Barat,
keçək mətləbə, vaxtı verməyək əldən,
Gəl, həsbi-hal
eyləyək, macal olmaz əcəldən...
Heca vəzninin
ən ləngərli bölgüsündə ondördlüklə
yazılan bu misralar klassik şeirimizi xatırladır: Öz səs
düzümü və ahəngi ilə bəs şair nədən
zinhara gəlib, dərd-səri nədir, qəlbən sevdiyi
müstəqil Azərbaycanda onu pəjmürdə edən nədir,
nə ilə barışa bilmir?! Bu sualları təkcə
ziyalılar, vicdanlı qələm əhli yox, hər bir vətənpərvər,
ləyaqətli "Vətən daşı" (Məmməd
Araz) olan ölkə vətəndaşı özünə
verə bilər. O zaman Şöhlət
Əfşarın sərt və ədalətli misraları ona
bədii-fəlsəfi cavab verəcək:
Gəl, zənnə
qapılma, güman etmə sən,
Sanma bu halətim divanəlikdir.
Bax dərdli
könlümə, özün görərsən, -
Dəfinə gizlənmiş viranəlikdir.
Bu necə dünyadı, necə dövrandı?
Sən belə dünyadan nə gözlə, nə um?
İblisin
odunda həqiqət yandı,
İnsanlıq yalana olubdu məhkum.
"Dəfinə gizlənmiş viranəlik", sufiyanə
deyimdir.
Son illər Azərbaycan Respublikasının Prezidenti,
müzəffər Ali Baş Komandan İlham Əliyevin hər
sahədə apardığı islahatlar inanırıq ki, vətəndaş
şairin həyəcanlarını azaldacaq. Daha şair:
Həyat
tərzi olub yalan, alçaqlıq,
Yaxşı inkar olur, pis alqış alır.
Millətin
evini yıxdı yaltaqlıq,
Ədalət həyəcan təbili çalır.
- deməyəcək, qalib Azərbaycanda gedən
nəhəng quruculuq işlərini vəsf edəcəkdir.
Əgər şair öz zamanının dərdlərini
görə bilmirsə, bu onun birinci məğlubiyyətidir. Əgər
görüb deyə bilmirsə, cəsarət etmirsə, bu
onun ikinci məğlubiyyətidir. Şöhlət
Əfşar yüksək müşahidə qabiliyyətinə,
ondan da yüksək şair-vətəndaş cəsarətinə
malik şairdir.
Rusiyanın
XIX əsrdə yaşamış, məşhur
"Sovremennik" jurnalının redaktoru, rusların milli
şairi Nekrasov deyirdi: "Sən şair olmaya bilərsən,
fəqət, vətəndaş olmağa borclusan!".
Şöhlət Əfşar Nadir şah
Əfşarın nəslinə - türk Əfşarlar soyuna
layiq şair və vətəndaşdır. Məhz belə soya malik
şair cəsarətlə həqiqəti yaza bilər:
"Dindar"
var, on kərə həccə gedibdi,
Vicdan nə olduğun hələ bilməyir.
Möhürlə
alnını yara edibdi,
İmana gəlməyir, dinə gəlməyir.
Qəflət yuxusundan oyanmır niyə?
Məzhəblər yanlışdan dönmür ki
dönmür.
Cəhalət
damara işləyib deyə,
Ədavət
alovu sönmür ki sönmür!
...Otuz il Avropa Şurası, ATƏT-in Minsk qrupu və
sair xaçpərəstlər bizi işğal altında olan
torpaqlarımıza müxtəlif bəhanələrlə
yaxın buraxmırdılar. Şöhlət Əfşar illərdir
davam edən bu ədalətsizliklərdən hiddətlənərək
çarəni türklüyümüzdə, millətdə
axtarır və çağırış edirdi:
Cəsarət
yox olub, qürur sınanda
Qorxu iradəni zəncirə vurar.
İnsanda
məzlumluq qana hopanda
Haqsızın önündə əyilib, durar.
Kişilik,
ərənlik, mətanət, fitrət,
Vətənə məhəbbət ruhda, candadır.
Milləti
xilasa aparan qüdrət
Türkün
damarında axan qandadır!
Şöhlət
Əfşarın "Dərdnamə" poeması,
"Şuşanın nağılı", "Allah, bu
Novruz da keçdi Şuşasız!", "Unutma
Şuşanı, unutma, şair!", "Ölsün
şair oğlun, ölsün, ey Vətən!",
"Geleceyiz biz!" kimi şeirləri "Türkün
damarında qanı" coşduraraq qəhrəman Azərbaycan
əsgərini zəfərlərə doğru səslədi:
Qarabağ şəhid qanı ilə suvarıldıqdan sonra zəfər
çiçəkləri bitirdi.
Vətənin
əsgəri yararlanmasa,
Vətənin
yarası sağalan deyil
- bu da müasir şair Ələmdar Quluzadənin
səsidir.
Şöhlət
Əfşarın poemasında, şeirlərində və
şübhəsiz ki, şair şəxsiyyətində
türk əslindən gələn yüksək qürur hissi
var. Şöhlət Əfşar bu qürurla yazır:
Kimlər
nə yazsa da, onun heç biri
Bizim dastanların sirrini verməz.
Ərəbin
məhəbbət əfsanələri,
"Abbas
və Gülgəz"in yerini verməz!
"Dərdnamə"
poemasını Şöhlət Əfşarın öz
soyunun - türkün şəninə yazılmış əsər
kimi də oxumaq olar:
Ey
Türk xalqı, üfürsən, dünyada tufan olar,
Təpiklə
döysən yerə zərbindən yer yarılar!
Azərbaycan!
Ulu Türk! Qalx ayağa, cihad et,
Haqq
yolunda qılınc çal, Qarabağı azad et!
Bu çağırış böyük bədii-fəlsəfi
məzmun daşıyır, şairin müqəddəs niyyətini
və vətəndaş mövqeyini əks etdirir.
Və
yaxud:
Özünə
gəl, Ulu Türk! Yalnız nicat səndədir,
Yadlara bel
bağlama, hər qüdrət özündədir!
Dönsən
əgər özünə, dünya Türkün olacaq,
Turanın
al bayrağı göylərə ucalacaq!
Türkün tarixinə, onun qüdrətinə belə
möhkəm inam Şöhlət Əfşarın öz
soykökünə məhəbbətindən və sədaqətindən
irəli gəlir. Türklər qəhrəman, azad ruhlu,
demokratik düşüncəyə malik millətdir. Türk üzərində qan tökdüyü
torpağı heç kimə verməz. "Ey Türk
xalqı, üfürsən, dünyada tufan olar", "Təpiklə
döysən yerə zərbindən yer yarılar",
"Özünə gəl, Ulu Türk! Yalnız
nicat səndədir", "Dönsən əgər
özünə, dünya Türkün olacaq" kimi epitet və
çağırışlar Şöhlətin şeirlərinə
xüsusi milli kolorit verir və təsirsiz qalmır. Bu şeirləri oxuyan hər bir Azərbaycan gənci
öz türk mənsubiyyəti ilə yüksək qürur
duyur. Ümumiyyətlə, bu poema və
şeirlər oxucuya milli qürur hissi aşılayır.
Şöhlət Əfşarın Türkiyə
türkcəsində qələmə aldığı
"Geleceyiz biz" adlı şeiri bütün türk
dünyasında türkçülük himni kimi səslənir.
Türkçülüyün
son ülküsü - strategiyası
Turançılıqdır: "Turanın al bayrağı
göylərə ucalacaq" - təkcə bu misra Şöhlət
Əfşarın təmiz niyyətindən, Türkün gələcəyinə
inamından xəbər verir. Biz də əminik ki, vətəni
Yerlə Göy arası olan Türklər bütün
dünyanın sahibi olacaq, onların fatehliyi Yer kürəsinin
fəthi ilə tamamlanacaq!
Murad Adci "Qıpçaq çölünün
yovşanı" kitabında sübut etdi ki, xaçpərəstlərin
sitayiş etdikləri ikonaları və fırlananda Günəş
rəmzi olan xaçı Avropaya Türklər - Atilla
aparmışdır. İndi avropalılar və ruslar həmin xaçı
türklərə düşmən rəmzi kimi işlədir,
bizim ikonalar qarşısında durub əleyhimizə dua edirlər...
Şöhlət Əfşar düz deyir:
"Dönsən
əgər özünə, dünya Türkün olacaq,
Turanın
al bayrağı göylərə ucalacaq!".
Bəs
belə bir şərəfli və qüdrətli millətin
oğlu olduğun halda, nəyin dərdini çəkirsən,
ey Şöhlət Əfşar!
Şöhlət
Əfşarın "Dərdnamə" kitabında yer alan
poeziyanın əbədi mövzusu olan məhəbbət
şeirləri "Öyrət mənə",
"Möhtacam sənə", "Varmı", "Sevəcəyəm
də", "Xəbərin varmı", "Tələsmə
belə" və s. şairin özünəməxsus ruhunun
lirik bədii ifadəsidir. Belə şeirlər
müasir oxucu qəlbinə mənəvi həzz verir, onun həyəcanını
gözəlliyi duymağa səfərbər edir.
Şöhlət Əfşarın "Dərdnamə"
əsəri öz bədii-tarixi missiyasını yerinə
yetirdi, Qarabağ müzəffər ordumuzun qəhrəmanlığı
sayəsində işğaldan azad olundu.
Yeri gəlmişkən xüsusi qeyd edək ki, "Dərdnamə"
kitabının sonunda Şöhlət Əfşarın tərtib
edib verdiyi "Şərhlər və izahlar" müəllifin
zəhmətli tədqiqatının və əməyinin məhsuludur. Bu şərhlər
və izahlar kitaba ciddi elmi-nəzəri və filoloji sanbal bəxş
edir.
Nizaməddin
ŞƏMSİZADƏ
Ədəbiyyat qəzeti.-
2021.- 14 avqust. S. 13.