Çünki
o Caviddir, hansı libasda olursa-olsun, hansı ölkədə,
dünyada, kainatda olursa-olsun... o bizimdir...
Podqoritsa Monteneqronun paytaxtıdır. Kotor, Tivat və
Budvadan sonra pozulmamış təbiəti və sinəsində
gəzdirdiyi zümrüd boyunbağı kimi uzanan Moraka
çayı məni bu şəhəri görməyə
vadar etdi. Buranı ziyarətimin ən vacib
səbəbi isə ədəbiyyatşünas Azər Turanla
olan söhbətdən sonra formalaşdı. Azər Turan mənə vaxtilə Podqoritsada olarkən
yazdığı məqalədən bəhs etdi. Hər zaman olduğu kimi, yeni, axıcı, informativ
və innovativ yazı oxumuşdum. Ancaq
bunlardan əlavə, yazıda həm də Podqoritsada
ucaldılan səma şairinin - Hüseyn Cavidin heykəlindən
danışılırdı. Podqoritsa
parklar, körpülər, sənət qaleriyaları şəhəridir.
Ancaq buradakı "Kral" parkı hər bir
azərbaycanlı üçün doğma və əzizdir.
Azərbaycan dövləti və hökumətinin
dəstəyi ilə Podqoritsa şəhərindəki həmin
"Kral" parkında Hüseyn Cavidin abidəsi əngin səmaya
doğru ucaldılıb. Bu abidənin yamyaşıl
ağacların olduğu, insanların mütamadiyyən ziyarət
etdiyi "Kral" parkında eyni zamanda Monteneqro
xalqının görkəmli oğlu, dünya miqyasında
tanınmış naşir Bojidar Podqoriçaninin abidəsi
ilə yanaşı ucaldılmasının da böyük mənəvi
dəyəri var. Bu iki xalq arasında dostluğun, səmimiyyətin
göstəricisidir. Hüseyn Cavidin abidəsini
ziyarət etmək məni çox qürurlandırdı.
Podqoritsanı ziyarət edər-etməz
çantaları qaldığımız otelə əmanət
edib parka doğru yola çıxdıq. Cavidi
axtarıb tapdıq. Onunla
salamlaşdıq, Naxçıvandan, Azərbaycandan
salamları yetirdik. Abidənin tozunu
yoldaşımla birgə təmizlədik. Çünki
o Caviddir, hansı libasda olursa-olsun, hansı ölkədə,
dünyada, kainatda olursa-olsun... o bizimdir. Cavidin abidəsinin
çiyinlərində mənə tanış
olmayan güllərin çiçəkləri rəqs edirdi,
gözləri uzaqlara zillənmişdi. Bir anda mənə
elə gəldi ki, o vətənə - Azərbaycana
boylanır. Onun gözlərinin
ziyasını axtardım heykəldə. Mənə elə
gəldi ki, bir anda təkcə gözləri canlandı tələm-tələsik
gözlərinin izi ilə baxmağa çalışdım
Naxçıvana, Azərbaycana, İstanbula, Avropaya,
dünyaya... Dodaqları da tərpənsin istədim, mənimlə
danışsın, evinə, doğmalarına salamlar göndərsin
istədim... uzaqdan Morakadan Araza zümzümə etsin, oxusun bu
misraları istədim:
Bir millət öz kökü
üstə bitər, böyür, yüksəlir,
Köksüz ağac çabuq qurur, çiçək
açmaz, bar verməz.
Baqın,
görün tarixiniz sizə nələr göstərir,
Həp şərəf, həp böyüklükdür,
ancaq şaşılar görməz.
Lavandaların son ləçəklərinin
bihuşedici ətri, əncir ağaclarının dolğun
şirəli meyvələri ilə sanki təbiətin ən
nadir hasarıyla çəpərlənmiş "Kral"
parkının girişini Azərbaycan Respublikası Dövlət
Gerbi və Monteneqronun dövlət atributları bəzəyir.
Girişdə bu sözlər yazılıb: "Kral"
parkının yenidənqurma və abadlaşdırma işləri
Azərbaycan və Monteneqro xalqlarının dostluq əlaqələrinin
rəmzi kimi Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin təşəbbüsü əsasında
Azərbaycan hökumətinin və Podqoritsa şəhər
meriyasının dəstəyi ilə həyata
keçirilmişdir".
Parkdan uzaqlaşdıqca dönə-dönə Cavidə
tərəf boylandıq. Qutsal missiyamızı yerinə yetirmiş kimi hiss
edirdik.
Ürəyimizdə nəhəng qürur hissi ilə
Dahi Cavidlə və Podqoritsa ilə vidalaşdıq.
13.08.2021
NARGİS
Ədəbiyyat qəzeti.-
2021.- 14 avqust. S. 11.