Nizami
poeziyası və tarixi gerçəkliklər
Ümummilli lider Heydər
Əliyevin söylədiyi kimi, Azərbaycan xalqının qədim
tarixini, mədəniyyətini, ədəbiyyatını,
şeirini Şərq aləmində, bütün dünyada
Nizami Gəncəvi ilə tanıyırlar. Azərbaycana,
Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi
bir şəxsiyyət bağışladığına
görə Gəncə torpağı əbədi minnətdarlığa
layiqdir.
Bir çox tədqiqatçılar
Nizami Gəncəvinin əslən Qumdan olduğunu iddia etsələr
də, dahi şairimizin gəncəli olduğunu, nəinki
müasir ədəbiyyatşünaslığın tədqiqatları,
eyni zamanda Azərbaycanın XV əsr ədəbi irsi də təsdiqləyir. Bu mənada
orta əsr Azərbaycan şairi Bədr Şirvaninin Divanı
müstəsna əhəmiyyət daşıyır. Söhbət iki şahın - Şirvanşah I
İbrahim ibn Sultan Məhəmmədin (1382-1417) və
Şirvanşah I Xəlilullah ibn Şeyx İbrahimin (1417-1465)
dövründə saray şairi olmuş Bədr Şirvanidən
gedir. 12473 beytdən ibarət divanı olan Bədr
Şirvani 1387-ci ildə Şamaxıda anadan olmuş, 1450-ci il noyabrın 26-da isə vəfat etmişdir. Bədr
Şirvaninin Şamaxıda doğulduğunu onun öz
şeirləri təsdiqləyir:
Şamaxı torpağı vətənim,
xaqanın sarayı məskənimdir.
Mənim üçün əsl
xoşbəxtlikdir ki, onun yaxınlığında oluram.
(Farscadan filoloji tərcümə
Məsiağa Məhəmmədinindir).
Bədr Şirvani
divanındakı bir beytdə şairlərdən Mücirəddin
və Nizaminin adlarını çəkir. Şair burada
özünü məhz bu şairlərin - Azərbaycan
mühitində yetişmiş şairlərin varisi kimi qeyd
edir:
Mücirəddin Beyləqani gedib, Gəncəli
Nizami yox olub,
O ikisinin yerində mən
qalmışam,
sözüm
Tərtər suyundan da təravətlidir.
(Farscadan filoloji tərcümə Məsiağa Məhəmmədinindir).
Bədr öz divanının digər
bir hissəsində, Şirvanşah Xəlilullaha olan mədhində
yenə də Nizaminin adını çəkir:
Mən
Nizami Gəncəvitək şeirdə söz xəzinəsi
yaratmışam,
Mənim şeirim
yayıldıqca Tərtərin suyundan da saf olur.
(Farscadan filoloji tərcümə
Məsiağa Məhəmmədinindir).
Bədr Şirvani dövrünün
tanınmış şairi olmuşdur. Təzkirəçi
Dövlətşahın yazdığına görə, məşhur
fars şairi Katibi Turşizi Bədr
Şirvani ilə görüşmək üçün
Şirvana gəlmişdi. Şirvanşah I
İbrahim şeir məclisində tək bir şeirinə
görə Katibi Turşiziyə 10 min qızıl dinar
bağışlamışdı (Sara Aşurbəyli.
Şirvanşahlar dövləti, Bakı, 2006, s. 218).
Bədr Şirvani bir
çox farsdilli şairlərin
yaradıcılığından bəhrələnmiş, əsərlərində
onları yad etmişdir. Lakin şair kimlərin varisi olduğunu
vurğuladığı yuxarıdakı beytdə onların
adını çəkmir. Bu, çox
mühüm bir faktdır. Burada söhbət coğrafi
baxımdan Cənubi Qafqaz regionunda, Azərbaycanda yaşayan
şairlərdən gedir və bu faktı, yəni Nizaminin Azərbaycan
şairi olmasını müasir tədqiqat deyil, XV əsrin ədəbi
mətni bilavasitə təsdiq edir.
Məhəmməd Əmin Rəsulzadə
də Nizami barədə məşhur əsərində
şairin Qafqaz mühiti ilə bağlı olduğunu qeyd edərək
yazırdı: "Mövzuları araşdırılınca
Nizaminin fars millətçiliyindən uzaq, türk sevgisi ilə
dolğun, Qafqaz mühiti və şərtlərinə
bağlı, yurdunun tarixi müqəddəratından doğan
daimi qayğılarla əlaqəli olduğu görünür
ki, bu mənada o, əlbəttə, bir Azərbaycan
şairidir" (Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan
şairi Nizami, Bakı, 2011, s. 11).
1141-1209-cu illərdə
yaşamış mütəfəkkir şairimiz Nizami Gəncəvinin
dövrü əsasən Azərbaycan Atabəyləri dövlətinin
dövrü ilə üst-üstə düşür. 1136-1225-ci illərdə
mövcud olmuş bu dövlətin tarixini tədqiq edən
görkəmli şərqşünas, tarixçi alim Ziya
Bünyadov yazırdı ki, monoqrafiyasında
yaradıcılıqları həmin dövrə təsadüf
edən şairlərin qəsidə və qitələrindən
də istifadə etmişdir. Alim ədəbi
irsimizin tədqiqatçılar tərəfindən tarixi
reallıqlarla əlaqəli şəkildə hələ
lazımi dərəcədə öyrənilmədiyini təəssüflə
qeyd edirdi (Ziya Bünyadov. Azərbaycan Atabəyləri
dövləti, Bakı, 2007 s. 9).
Nizami Gəncəvinin
poeziyası öyrənildikcə, tariximizə dair bilgilərimiz
dolğunlaşır və artır. Əsas
hökmdarlıq ünsürlərindən biri olmuş taxt
haqqında ümumi tarixi bilgilərimiz demək olar ki, yetərincədir.
Hökmdarlıq rəmzi olan taxt, bir insan boyundan
hündür olmaqla zəngin bəzədilər və
sarayların ön otaqlarında, qəbul zallarında
qoyulardı. Ən mühüm dövlət
atributu olmuş səltənət taxtları irsən varisə
miras qoyulardı (Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər
dövləti, Bakı, 2007, s. 152).
N.Gəncəvi "Leyli Və Məcnun"
poemasının "Padşaha xitab" hissəsində belə
yazır:
Sən,
ey can aləmi, ey aləmə can!
Ey insan qəlbini güldürən
insan!
Günəşin taxtından
tacın ucadır,
Cəmşidin taxtından
taxtın qocadır.
(Poetik tərcümə Səməd
Vurğunundur).
Burada Nizami Gəncəvinin söylədiyi Cəmşid
əfsanəvi şahdır. Dünya
durduqca, onun taxtı da durur. Bəllidir ki,
Şirvanşah I Axsitan 1188-ci ilin yazında Gəncəyə
çapar göndərmiş və Nizamiyə Şərqdə
çox məşhur olan Leyli və Məcnun əfsanəsinin
süjeti əsasında onun şərəfinə bir poema
yazmağı təklif etmişdi. Poemada
N.Gəncəvinin padşaha xitabı da məhz Şirvanşah
I Axsitanadır. Şair "Cəmşidin
taxtından taxtın qocadır" deməklə, səltənət
taxtlarının irsən varisdən şahzadəyə miras
qoyulduğunu təsdiqləmiş olur. Biz buradan belə
bir nəticə çıxarırıq ki, 1160-1196-cı illərdə
hakimiyyətdə olmuş Şirvanşah I Axsitan taxta
çıxdıqda, atası III Mənuçöhrün ona
ulu babalarından miras qalmış səltənət
taxtında əyləşmişdir.
Bizim eləcə də
bayraqlar haqqında ümumi tarixi bilgilərimiz kifayət qədərdir. Məlumdur ki,
artıq IX əsrdən bayraqlar ağac dəstəyə
bağlanılmış, XI əsrdən isə hərbi
bayraqlar üzərində gerb təsvirləri öz əksini
tapmağa başlamışdır. Ümumiyyətlə,
bayraqlar əsasən parçadan, metal ucluqdan, ağac dəstək,
lent, qotaz və qaytandan, həmçinin xüsusi
nişanlardan ibarət olmuşdur. Şirvanşah
I Axsitanın dövründə yaşamış şair
bayraqlar haqqında da qiymətli məlumat verir. Nizami Gəncəvi
orta əsr bayraqlarının ipək parçadan
hazırlandıqlarını vurğulayır, "Leyli və
Məcnun" poemasında isə yazır:
Bayraq qotazları titrəsə əgər,
Zəlzələ
görünər bir arpa qədər.
(Poetik tərcümə Səməd Vurğunundur).
Əgər Xaqani Şirvaninin əsərindən
Şirvanşah I Axsitanın bayrağı üzərində
"Qurani-Kərim"in 48-ci Fəth surəsinin 1-ci ayəsinin
həkk edildiyini öyrəniriksə, Nizami Gəncəvinin də
əsərindən həmin şahın bayraqlarında qotazlar
olduğunu və ipək parçadan
hazırlandıqlarını bilmiş oluruq. Şirvanşahların bayraqları
yaşadığımız dövrə gəlib çatmasa
da, o dövrün mütəfəkkir şairləri sayəsində
Şirvanşah I Axsitanın bayrağına dair bilgilərimiz,
göründüyü kimi, tamamlanmış olur.
Tarixi ədəbiyyatdan bəllidir
ki, qədim paytaxt şəhər olmuş, həm də ticarət
yolları arasında yerləşmiş Bərdə Yaxın
Şərqin iri ticarət və sənətkarlıq mərkəzi
idi və bu mövqeyini X əsrin I yarısınadək qoruyub
saxlamışdı (Mais Əmrahov. Böyük ipək yolu, elektron variant,
Bakı, 2011, s. 43). Bərdə Azərbaycanın Dərbənd,
Gəncə, Şamaxı, Bakı kimi ən iri şəhərlərindən
biri olmaqla, beynəlxalq ticarət yollarının üzərində
yerləşirdi. Bu yollardan biri Bərdə
şəhərindən Ərdəbilə, digəri isə Bərdədən
Dvinə və oradan Suriya və Mesopotamiyaya gedirdi (Sara
Aşurbəyli. Göstərilən əsəri,
s. 99).
X əsrdə yaşamış ərəb
coğrafiyaşünas və səyyahı İbn Hövqəl
Bərdə, Bab əl-Əbvab (Dərbənd) və Tiflisi
Arranın ən böyük şəhərləri
adlandırırdı. Nizami Gəncəvinin
yaşamış olduğu illərdə - Azərbaycan Atabəyləri
dövlətinin dövründə Bərdə gözəl ipəyi
ilə məşhur idi. Bərdədən
karvan yolları ilə qonşu ölkələrə ipək
və nar ixrac edilirdi (Ziya Bünyadov. Göstərilən
əsəri, s. 179).
Nizami Gəncəvi "Şərəfnamə"
poemasında Bərdəni belə tərənnüm edir:
Bərdə
nə gözəldir, necə qəşəngdir,
Yazı da, qışı da
güldür, çiçəkdir...
Torpağı yoğrulmuş
qızıl suyundan,
Elə bil hər yanda
bitmiş zəfəran.
(Poetik tərcümə
Abdulla Şaiqindir).
Biz şairin həmin
poemasından gözəl Bərdəmizin qədim
adını da öyrənirik. Aydın olur ki, Bərdə əvvəllər
"Hərum" adlanırmış:
Hərum adlanırdı bu yurd hər
yerdə,
İndisə adına
deyirlər Bərdə.
Bu mərdlər, gözəllər
yurdunda, inan,
Çox saysız xəzinə
gizləmiş zaman.
Belə şux, sevimli
gülşən harda var?
Harda var xəzinə
saçan bu diyar?
(Poetik tərcümə
Abdulla Şaiqindir).
Tarixi ədəbiyyat
slavyanların hələ IX əsrin sonlarından
başlayaraq, soyğunçuluq məqsədilə Azərbaycan
ərazilərinə vaxtaşırı basqınlar etdiklərini
söyləyir. X əsrin ortalarına qədər əgər
slavyanların Xəzər dənizinə, Cənubi Qafqaza dəniz
yürüşləri ticarət xarakterli idisə, sonrakı
yürüşləri dağıdıcı, talan xarakterli
olmuşdur. İbn Hövqəl X əsrin
sonlarında slavyanların Bərdəyə hücumu ilə əlaqədar
yazırdı ki, Bərdə xeyli tənəzzülə
uğramışdır. Əgər vaxtilə
burada min iki yüz çörəkxana var idisə, onun
dövründə bunların cəmisi beşi
qalmışdır (Sara Aşurbəyli. Göstərilən
əsəri, s. 95).
Mütəfəkkir şairimiz N.Gəncəvi
də "İskəndərnamə" poemasının
"Şərəfnamə" hissəsində Bərdənin
basqına məruz qalmasından, talan edilib
dağıdılmasından yazmışdır:
Heç
bir şey qalmamış dolu anbarda,
Xəzinə boşalmış,
yoxdur dinar da...
Gördüyün o Bərdə
olmuşdur viran,
O zəngin şəhərdən
qalmamış nişan.
(Poetik tərcümə
Abdulla Şaiqindir).
Tarixi ədəbiyyatdan məlumdur ki, qədimdən
Partav adlandırılmış Bərdə VI əsrdən
Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Bərdə sonralar, Atabəylər dövlətinin
banisi Şəmsəddin Eldəgizin dövründə
(1136-1174) bu sülalənin iqamətgahına
çevrilmişdi. Nizaminin
yazdığına görə, "Xosrov və Şirin"
haqqında ilk mənbələrdən biri Bərdənin saray
kitabxanasında mövcud imiş (Aydın Paşayev.
"Xəmsə"də işlənən xüsusi
adların izahlı lüğəti, Bakı, 2013, s. 50).
Çox təəssüflər
olsun ki, Nizami Gəncəvinin eyni dövrdə
yaşamış olduğu Atabəylər dövlətinin nə
təmtəraqlı sarayı, nə də onun zəngin
kitabxanası dövrümüzə gəlib çatmamışdır. Təsadüfi deyildir ki, beş minillik dövlətçilik tarixi
olmuş Azərbaycanın saraylarının varidatı, zəngin
kitabxanalarının əlyazma və miniatürləri bu
gün dünyanın bir çox muzey və
kitabxanalarını, şəxsi kolleksiyalarını bəzəyir.
Azərbaycanın qədim
şəhəri Gəncə beynəlxalq ticarət
yollarının üzərində idi. Şəhərin
bir neçə dəfə yadelli işğalçılar tərəfindən
dağıdılması, eləcə də təbii fəlakətlər
nəticəsində yerlə-yeksan olması səbəbindən,
hər dəfə yenidən salınmış bu qədim
şəhərin dəqiq tarixini söyləmək çətindir.
Bəzi müəlliflər şəhərin e.ə.
II - eramızın IV əsrləri arasında
salındığını yazırlar. Digər
mənbələrdə isə Gəncə şəhərinin
Şirvanşah Məhəmməd ibn Xalid tərəfindən
859-cu ildə tikilməsinə dair məlumat vardır (Nailə
Vəlixanlı. Azərbaycan VII-XII əsrlərdə:
tarix, mənbələr, şərhlər, Bakı, 2016, s.
159).
Başqa şəhərlər
kimi, Gəncə də tranzit ticarətdə mühüm rol
oynayırdı. Əsasən X əsrin ortalarından Gəncə
şəhəri böyümüş, mühüm ticarət
və sənətkarlıq mərkəzinə
çevrilmişdi. Gəncədə sənətkarlığın
bütün növləri inkişaf etmişdi.
Nizami Gəncəvinin "Xəmsə"sindən
XII əsr Gəncəsinin tarixi məhəllələrindən
birinin adını öyrənirik. Həmin tarixi məhəllənin
adı "Xarabat" olmuşdur. O zamanlar şair və
xanəndələr, rəqqasələr, söz ustadları məhz
bu məhəlləyə toplaşarmışlar (Aydın
Paşayev. Göstərilən əsəri, s.
160). Həmin məhəllə
"Xarabayeri" adı ilə indi də mövcuddur.
Göründüyü kimi,
dahi şairimiz Nizami Gəncəvinin, eləcə də digər
klassik şairlərimizin ədəbi irsindən bəhrələnməklə,
tariximizin dolğunlaşdırılması və tarixi
gerçəkliklərin öyrənilərək təbliğ
edilməsi böyük elmi əhəmiyyət kəsb edir.
Sevil
MƏMMƏDOVA
Ədəbiyyat
qəzeti.- 2021.- 14 avqust. S. 8-9.