Məlum
Dastanın məlum sərhədləri daxilində uydurmadan kənar,
yad sonsuz lüğətlə yazılmış bir roman
Hər bir mətn sonsuz lüğətin sadəcə
bir formasıdır. Bu əsər, yəni
Yarımçıq Əlyazma "sonsuz lüğət"
adlı nəhayətsiz çoxluğun sadəcə bircə
formasıdır və bu forma (yəni Yarımçıq
Əlyazma) Dastan haqqında özündən əvvəl
yazılmış heç bir mətnə bənzəmir.
Bu yazar (dünyaların
birində Vaqif, bir başqa dünyada Kamal Abdulla)
başqalarının dediyini özününkü saymaq
zonasından çox-çox uzaq öz sözünü demək
istəyib. Bu
yazar Dastanın görünməyən, bəlkə də
görünməsi istənməyən tərəflərini
bizlərə açmaqla qiymətli sənət və ədəbiyyat
abidəsi olan Dədə Qorqud Dastanının suallara səbəb
olan, ağlımızı məşğul edən
"nizamsızlığını" Yarımçıq
Əlyazma romanında bir növü nizamlayıb. Bu roman "səhifə-səhifə uydurma
uydurmaq" kimi görünsə də, əslində, bir Dədə
Qorqud tədqiqatçısının əlahiddə
missiyasıdır. Həqiqətin su
üzunə çıxmasıdır (bunun üçün
yazarı "gülləbaran" edənlər var. Həqiqətin
su üzünə çıxması qəbahətdir ki?).
Bu mərhələ Dastanın bugünə qədər
yazılan, araşdırılan lüğəti olan tanış sonsuz lüğətlə
Dastandakı sonsuz ehtimallar lüğəti olan yad sonsuz
lüğət (Laokoon) necə deyərlər, güləşir.
Tanış sonsuz lüğət Vaqifi yad sonsuz
lüğətə doğru itələyir. Çünki Dastanın dərın qatına enmək,
bizlərə "göz vuran" kiçik
ayrıntıları görmək yad sonsuz lüğətlə
mümkündür.
Vaqif özü də bilir ki, ogünədək
tanış olan lüğətlə nə
yazarsa yazsın yeni olmayacaq, özündən əvvəlkilərin
təkrarı olacaq. Dastana tanış
sonsuz lüğətlə yanaşmaq onu redaktə etməkdən
başqa bir şey deyil. O, ancaq yad sonsuz lüğətə təslim
olmaqla gizlini aşkar edə bilər. Ancaq yad
sonsuz lüğət vasitəsilə ənlik-kirşansız
ilkin qata enmək və dastan haqqında görülməyənləri
görmək, deyilməyənləri demək
mümkündür. (Ənliksiz-kirşansız
ilkin qata isə Vaqif özü enməyib, bu qata onu endiriblər.
Necəmi? Çox güman
ki illər, əsrlər boyu təkdüzə yorumlanan
dastanın dərin qatında sayrışan gerçəkləri
görə bilməyənlər, bəlkə də görmək
istəməyənlər səbəb olub yazarın bu qata enməsinə.
Və yazar özünə borc bilib bu qata enərək
həqiqətləri üzə çıxarmağı).
Kifayət qədər təhlükəli
olsa da, o, əsrlərdir hamıya məlum olan bu mətnə
ayrı bir rəng qatacaqdır. Dastan xarakterlərini
bütləşdirməkdən uzaq, fərqli bir yanaşma ilə
şərh edərək onları bizlərden biri edəcəkdir.
O, Dastanın və tarixin susduğu nöqtədən o biri tərəfdə
gözlə görünməyən amma ürəklə hiss
edilən tərəfində nə var, nə yox bunları
açıb ortaya qoyacaq. Vaqif mətnin və
tarixin susduğu məqamlarının
danışdığı məqamlar qədər dəyərli
olduğunu sübut edəcəkdir. Kitab
susduğu yerdə o başlayacaq ki, bu da elə
Yarımçıq Əlyazmadır.
Hər bir romanın
yazılışı hansısa bir təəssüratdan
doğur. Hansısa bir obraz o romanın
yazılmasına təkan verir. Vaqifin
yazdığı romanın hansı təəssüratdan
doğduğu düşüncəsi isə ağıllara
Beyrəyi gətirir. Yeni qəhrəman
tipi, mürəkkəbləşdirilmiş, müəllif tərəfindən
"işlənmiş" obraz olan, yazı mədəniyyətinin
nümayəndəsi olan Beyrək. Hiyləgər
Odisseyin hiyləsini sadəcə Laokoon anlayır, Beyrəyin
sirrini isə Vaqif. Hiyləgər Odissey Laokoonun, Beyrək
də Vaqifin başını bəlaya salır.
Laokoonun tez-tez Vaqifin ağlına gəlməsi,
hətta heç ağlından çıxmaması yeni bir
roman üzərində işləyən Vaqifə
yaxınlaşmaqda olan "təhlükə"nin xəbərçisidir. O təhlükə
ki, yazdığı əsər üçün Vaqifi
"topa tutacaqlar".
İlion qalasının
önünə Hiyləgər Odissey tərəfindən
buraxılan nəhəng taxta atın sirrini yalnızca Apollon məbədinin
kahini Laokoon hiss edir. O, bu atın təhlükəli olduğunu, şəhərə
buraxılmaması gərəkliyini israrla söyləsə də
ona inanan olmur və Laokoon inamsızlıq simvoluna
çevrilir. Hiyləgər Odissey tərəfindən
troyalılara buraxılan içi əsgər dolu taxta atı təhlükəli
hiss edən Laokoon bildiyi həqiqəti zavallı troyalılara
çatdırmaq üçün dəridən-qabıqdan
çıxır: son bir ümidlə əlindəki nizələri
atın taxta qarnına vurur. Laokoonun son
çırpınışları fayda vermir, üstəlik, o
və oğulları amansız bir şəkildə
ölümə məhkum edilir. Laokoon ona
inanmayanların qəzəbinə tuş gəlir, Vaqif də
Yarımçıq Əlyazma ilə ictimaiyyətin. Troyalılar Laokoona inanmadığı kimi oxucular, ədəbiyyatşünaslar,
tənqidçilər də Yarımçıq Əlyazmaya və
yazarına inanmırlar, inanmaq istəmirlər. Laokoonun haqlı olduğunu zaman göstərdi.
Demək, Vaqifin haqlı olduğunu da zamana
buraxmaq lazımdır.
Amma bu da var ki, Yarımçıq
Əlyazmada yazılanlar sanki Sevilyada Alqaza (Əlqəsr) qəsrinin
divarları boyunca yazılan solğunlaşmış latın hərfli yazıların altından boylanan
ərəb hərfləriylə yazılmış
yazılardır. Əslində, latınca da, ərəbcə
də yazılanlar eynı məzmunludur: hər ikisi Allaha
ünvanlanıb amma fərqli dil və lüğətlərdə
və çox güman ki, fərqli, amma oxşar məzmunlarda
(bu elə özü özlüyündə sonsuz lüğət
deyilmi?!) Yazarın da dediyi kimi, əgər hər iki yazı
da eyni məqsədə xidmət edirdisə, illər boyu, əsrlər
boyu baş tutan etirazların (az qala
savaşların) nə mənası vardı/var ki?!
Kiçik bir not: Əsər
simvollarla doludur...
Simvolik anlamda hər şeydən
əvvəl əsərin qəhrəmanı Vaqifin adı diqqət
çəkir.
Vaqif, üzərində işlədiyi Dastana
çox yaxından vaqifdir.
Əsərdəki Qüdrət,
insanı başa düşməyən, enerjisini boşuna sərf
edən neqativ insanların simvoludur.
At ağızlı Aruz Qoca və
Troya atı.
Odisseyin bütün hiyləsi atın içində gizləndiyi
kimi, Oğuzun da hiylə dağarcığı At ağızlı Aruzun ağzıdır.
Əsərdə tez-tez
adıkeçən bənövşəyi rəngin mənası:
xəyal gücü, mənəviyyat və dərin
düşüncədir. Bu rəng Vaqifin, eləcə
də Firəngizin dastanla bağlı dərin xəyal
gücünün simvoludur. Əsərin əvvəlində
Firəngiz bənövşəyi şərfə
qarşı laqeyddir. Amma əsərin
sonlarına doğru - Firəngiz Dastanı oxuyub onu
anladığı, səediyi zaman bənövşəyi
şərf onun boynuna dolanır. Əsərin
bir yerində Firəngiz boğazından
çıxardığı bənövşəyi şərfini
havada yellədərək Vaqifə işarə verir. Bu işarə Firəngizin Dastanı ilk dəfə
və heyrətlə oxuduğu zaman onda oyanan və
sayrışan işarələrdir.
Əsərdə Vaqifin
sevimli məkanı olan dəniz sahilindəki "Şəbəkə"
restoranının adının təsadüfi seçildiyini
söyləmək çətindir. XI-XII əsrlərdən etibarən
Azərbaycan memarlığında tətbiq edilən mədəni
irs nümunəsi olan Şəbəkə
sənəti, rəngli kiçik şüşə
parçalarının bir-birinə bənd edilmələriylə
əldə edilən bir incəsənət əsəridir.
Vaqifin üzərində çalışdığı
romanda da vəziyyət belədir: o da Dədə Qorqud
Dastanı və Şah İsmayıl dövrü ilə əlaqəli
"rəngli və kiçik" detalları, əlyazmaları
bir araya gətirməklə Yarımçıq Əlyazma
romanını ərsəyə gətirir.
Yazarın simvolik anlam
daşıyan bir digər yanaşması da diqqət çəkir. Vaqif
"Şəbəkə" restoranında dənizin sahilində
hər iki əli ilə Firəngizin çiyinlərindən bərk-bərk
yapışmışdır. Amma kənardan
baxana elə gələrdi ki, o, Firəngizi bərk-bərk
qucaqlayıb. Elə Kitaba uzaqdan baxıb
fikir sahibi olmaq da bələdir. Onun haqqında
düzgün qənaətə gəlmək üçün
ona lap yaxından baxmaq, könül gözü ilə baxmaq,
hiss edərək baxmaq, ilkin qata enmək lazımdır. Yapışmaqla qucaqlamaq arasındakı fərqi
yaxşı bilən Firəngiz, Kitabı oxuduğu zaman da
düzgün analiz edə bilir ki, bu da bir digər simvolik məqamdır.
Vaqifin Firəngizlə
bağlı təxmini Kəpəz dağıydı, amma Firəngiz
Elbrus dağı imiş.
Balaca olanda anasının
"ayağının altına bax, yıxılarsan" deməsi
üzərinə əyilib ayağının altına baxan
Firəngiz, ənlik-kirşandan əvvəlki dövrün
qanunları ilə düşünə bilir və bu
istedadı sayəsində o, Kitabın görünməyən
tərəflərini görə bilir. Çünki ilkin
bakirəliyə enmək ənlik-kirşandan uzaq durmaqla
mümkündür.
Firəngiz, Vaqifin tez-tez
dodaqaltı söylədiyi "bir, iki, bizimki"
nizamsızlığını nizamla söylədiyi kimi
Vaqifin dastanla bağlı düşüncələrini də
nizamlayır.
(Hər kəsin həyatını nizamlayan bir
Firəngizi olmalıdır). Çünki
Kitabı ilk dəfə və böyük heyranlıqla oxuyan
Firəngizin Dastanla bağlı fikirləri maraqlı,
aydın və faydalıdır. Yeni
baxışdır.
Roman Gəncə zəlzələsi
ilə başlayıb Gəncə zəlzələsi ilə
bitir.
Yarımçıq Əlyazma romanı
yayımlandığı gündən həqiqətən də
zəlzələ təsiri yaradır - yeri yerindən
oynadır... Bu oynama sallantıda qalıb yerinə
oturmayan daşları yerinə oturtmadımı?! Oturtdu!
O zaman necə deyərlər, kefli oxumalar.
Aynur
Babaşova Beşkonak
Ədəbiyyat
qəzeti.- 2021.- 14 avqust. S. 6.