Anar:
“32 ildir, mənim əvəzimi axtarırsınız,
tapmırsınız”
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri Anarın APA-ya müsahibəsi
- Qəlyanınız hardadır, Anar
müəllim?
“Əlif-Bə: Qurani-Kərim əlifbası
və Təcvidül-Quran” kitabı nəşr olunub
Gəncədə Nizami Gəncəvinin
880 illiyinə həsr olunan tədbir keçirilib - FOTO
- Mən dörd il
əvvəl ürək əməliyyatı keçirmişəm.
Həkimlər dedi ki, mənə bir dənə də siqaret
çəkmək olmaz. İndi nə qəlyan,
nə siqar çəkirəm. Siqareti isə
gənc yaşlarımdan çəkirdim. İndi
tərgitmişəm.
- Siqaretdən başqa nələri tərgitmisiniz?
- Hamıya inanmağı. Əvvəllər
hamıya inanırdım...
- Kənardan çox sərt adama bənzəyirsiniz.
- Mən hər adamla cici-bacı ola bilmirəm. Bu da məncə,
təbiidir. Çalışıram,
adamlarla aramda sərhəd saxlayım. Amma
o adamlar ki, mənə yaxındır, o adamlar mənimlə
münasibətdə heç bir gərginlik hiss etmirlər.
Mən necə varamsa, o cürəm. Bir dəfə
mənim şəklimi verib yazıblar ki, görəsən, bu
adam heç gülə bilirmi? Ondan sonra hər yerə gülən şəkillərimi
verirəm. Siz də mənim gülən
yerdə şəklimi çəkərsiniz (gülür).
- Azərbaycanın ilk
Anarısınız. Sizin əsl soyadınız
da Rzayev deyil.
- Bizim baba soyadımız Məmmədxanlıdır.
Atam öz atası Mirzə İbrahimi erkən
itirdiyi üçün dayısı Məmmədhüseyn
Rzayevin himayəsində böyüyüb. Ona görə də onun soyadını
götürüb.
- Məmmədxanlı
soyadındakı “xanın” buna təsiri olmayıb ki?
- Yox, buna görə, yox. Dayısı ona atalıq etdiyi üçün
dayısına hörmət əlaməti olaraq bu soyadı
götürüb. Mən isə ümumiyyətlə,
heç vaxt Rzayev yazmıram. Sadəcə,
Anar yazıram. Azərbaycanda tək ad yazan
ilk yazıçı mən olmuşam. Məndən
sonra Elçin, Qabil və digərləri tək adla
yazmağa başladı. Düzdür, mənə qədər
tək adı ilə tanınanlar incəsənətdə
vardı, məsələn, Niyazi... Ancaq ədəbiyyatda
tək adla ilk dəfə yazan mən olmuşam.
- Bir tərəfiniz Rəfibəylilər,
bir tərəfiniz Məmmədxanlılar. Bəlkə
buna görə Sizin ədəbi
yaradıcılığınız kəndli, fəhlə həyatından
uzaqdır? Sizin əsərlərinizdə
fəhlə, kəndli obrazları görmürük.
- Mən heç vaxt bəy, xan
prinsipi ilə yazmamışam. Bədii əsərlərdə
o adamlardan, o mühitdən yazıram ki, mənə
tanışdır. Bu mühit şəhər
ziyalıları mühitidir. Teatr işçiləri,
televiziya işçiləri, jurnalistlər, memarlar müəllimlər...
Əgər mən fəhlə ailəsində
anadan olsaydım, yəqin ki, onlardan yazardım.
Kasıb-varlı məsələsinə qalanda, mənim əsərlərimdə
kifayət qədər kasıb adam var.
“Dantenin yubileyi”ndə Kəbirlinski kasıblıqla
yaşayır. “Otel otağı”nda Kərim ehtiyac
içində yaşayan bir adamdır. Mən
varlılardan yazmamışam. Əksinə,
mənim qəhrəmanlarımın çoxu
aşağı, ya da orta gəlirə malik olan adamlardır.
- Bəs, özünüz necə? Yoxsulluq görmüsünüz?
- Yox, görməmişəm. Atam şair olub, anam şairə. Az-çox qazanıblar. Düzdür,
biz heç vaxt çox zəngin də olmamışıq.
Ehtiyac içində olduğumuz vaxt evdəki
xalçanı da satıblar. Ancaq deyə
bilmərəm ki, kasıblıq çəkmişəm.
- İndi necə?
- İndi mənim nə dəbdəbəli
evim, nə bağım, nə də şəxsi
maşınım var. Maaşla, bir də deputat və Prezident
təqaüdü ilə dolanıram.
- Çox vaxt Sizi “Beşmərtəbəli
evin altıncı mərtəbəsi” əsəri ilə
tanıyırlar. Məncə, Təhminənin məşhurluğunda
Meral Konratın, Rasim Ocaqovun da ən az
Sizin qədər rolu var. Məsələn, bir oxucu kimi Sizin “Mən,
sən, o və telefon” hekayəsini daha çox bəyənirəm,
nəinki bu əsəri.
- Təhminənin
populyarlığı mənim xeyrimə olmadı, digər əsərlərimi
kölgədə qoydu. Konkret olaraq, deyə bilmərəm
ki, bu əsər o biri əsərlərimdən
güclüdür, ya zəif. Elə əsərlər
olub ki, öz dövründə məşhur olub, sonra unudulub,
ancaq “Beş mərtəbəli evin altıncı mərtəbəsi”
50 ildir, öz aktuallığını qoruyur. Bu əsər tək məhəbbətdən bəhs
etmir, həm də azad olmayan cəmiyyətdə azad
insanın faciəsindən bəhs edir. Təhminə
azad olmayan bir cəmiyyətdə azad insandır. Onun bədbəxtliyi bundadır.
- Azərbaycan cəmiyyətində
bu gün Təhminə kimi azad qadınların sayı
çoxdurmu?
- Mən bu fikri bu yaxınlarda
demişdim, yenə deyirəm. İndi həyatda
elə qadınlar var ki, Təhminə onların yanında
rahibədir.
- Yeri gəlmişkən, feminizmə
münasibətiniz necədir?
- Mən hər şeyin dərəcəsində
olmağının tərəfdarıyam: qadınların
hüquqları qorunsun, qadınlar aşağılanmasın,
qadınların əməyinə görə qiymət
verilsin, ancaq feminizmi fetişləşdirməyin tərəfdarı
deyiləm. “Qadındırsa, mütləq irəli çəkilməlidir”
fikri ilə razı ola bilmərəm. İnsana əməyinə görə qiymət
verilməlidir. Mənə elə gəlir
ki, feminizmdə bir balaca ifrat var. Hər ifrat da həqiqətdən
uzaq olur.
- Təhminə roluna niyə məhz
Meral Konratı çəkmişdiniz? Axı, o
dövrdə Meral öz ölkəsində də populyar
deyildi. Bundan savayı, Azərbaycanda da bu
rolda gözü olan aktrisalar vardı.
- Rasim istəyirdi ki, bu rola mütləq
türk aktrisası çəksin. Biz birlikdə
Türkiyəyə getdik. Bir neçə aktrisa ilə tanış olsaq da, Rasim Meralı görən
kimi dedi ki, onu çəkəcək. Çəkdi
də. Zaur roluna isə bir ərəb
aktyoru çəkmək istəyirdi. Nəsə
o aktyorla alınmadı. Fəxrəddini
çəkdi.
- Bu gün ədəbiyyatda
altmışıncılar nəslini qəbul etməyənlər
az deyil. Həmin nəslin
nümayəndəsi kimi bu Sizi narahat etmir ki?
- Allah onlara ağıl, sonra da
ömür versin. Ona görə ömür versin deyirəm
ki, belə bir söz var: “Kim cavanlıqda qiyamçı deyilsə,
onun ürəyi, kim qırx yaşında
qiyamçıdırsa, onun ağlı yoxdur”. İndi
bunlar iyirmi yaşında qiyamçıdırlarsa,
altmış yaşında ağıllı
olmalıdırlar. Hər nəslin öz məziyyətləri
var. Altmışıncılar ədəbiyyatımızda
çox böyük yeniliklər edib. Biz nə
özümüzdən əvvəlkiləri, nə də
sonrakıları danırıq. Bizdən
sonrakılar da bizi danmasın. Altmışıncılar
olmasaydı, bu gün bizim ədəbiyyatımız
olmazdı.
- Altmışıncıların bir
növ bəxti gətirmişdi ki, Xruşşovun
yumşaldılma siyasəti dövrünə
düşmüşdülər. Həmçinin,
sizin də. Ümumiyyətlə, özünüzü
şanslı adam hesab edirsinizmi?
- Nankorluq olar həyatımdan
narazılıq etsəm. Mən fəxr edirəm
ki, Rəsul Rza ilə Nigar Rəfibəylinin oğluyam. Nə yaxşı ki, mən Zemfira xanım kimi bir
qadına rast gəlmişəm. Bacılarımdan,
övladlarımdan çox razıyam. Ümumilikdə
isə insanın həyatında hər şeydən razı
olması mümkün deyil.
- Zemfira xanım, Vaqif Səmədoğlu,
Yusif Səmədoğlu və Siz bir məktəbdə
oxumusunuz. Səmədoğluları
uşaqlıqdan tanıdığınız üçün
çox güman Səməd Vurğun haqqında daha artıq
məlumata maliksiniz. Bəzən Səməd
Vurğunun kimlərdənsə donos yazmağına dair fikirlər
səslənir. Bu fikirlərə
münasibətiniz necədir?
- Mən o fikirləri nadan, alçaq
fikirlər sayıram. Səməd Vurğun
böyük şairdir, Səməd Vurğun heç kimi
satmayıb. Bəli, o, dövrünün tələbləri
ilə Stalinə də şeir yazıb, partiyaya da şeir
yazıb. Onun dövründə kim
bunları yazmayıb ki? Səməd Vurğun ən
çətin illərdə “Azərbaycan” şeirini yazıb.
“Azərbaycan” şeiri Azərbaycanın poetik xəritəsidir.
Milli şüurun oyanmasında Səməd
Vurğunun böyük rolu var. Hər insanın səhvləri
var. Ola bilsin ki, onun da səhvləri olub. Ancaq
onun etdiyi böyük işlərin müqabilində səhvlərini
qabartmaq lazım deyil. Ona qarşı o
cür nankor münasibət yolverilməzdir. Bir də o yazanlar tək Səməd Vurğunun yox,
Cəlil Məmmədquluzadənin də, Sabirin də, Axundzadənin
də əleyhinə yazırlar. Elə bil
ki, bunu yazan adamlar qəsdən erməni siyasətinə xidmət
edirlər. Necə ki, ermənilər deyir,
Azərbaycanın heç nəyi yoxdur, nə ədəbiyyatı,
nə tarixi, nə də incəsənəti olub, bunu yazanlar
da erməni deyəni sübut etmək istəyir. Digər tərəfdən, belə şeylər
yazmaqla onlar diqqət çəkmək istəyirlər.
İstəyirlər ki, bunlar haqqında desinlər
ki, “gör e, bu Səməd Vurğunu tənqid edir”. Belə yollarla qazanılan şöhrətin
ömrü üç gündür.
- Bu gün niyə Azərbaycan
yazıçısı “Nobel” ala bilmir?
- Bu, nə abstrakt söhbətdir
axı? Gərək mən də bu suala sualla
cavab verim ki, niyə Kann, Venetsiya film festivallarında Azərbaycan
filmləri birinci yerə çıxmır? Niyə Azərbaycan futbol yığması dünya
çempionu deyil?
- Futbol klubu meydana on bir nəfərlik
heyətlə çıxır, Yazıçılar Birliyinin
isə görün nə qədər yazıçıyam deyən
üzvü var. Bu qədər yazıçı arasında
“Nobel” almaq bir yana, neçəsi
dünyaya çıxa bilir?
- Çinin milyard yarım əhalisi
var, cəmi bir yazıçısı “Nobel” alıb. Hindistanın bir milyard əhalisi var, cəmi bir
yazıçısı “Nobel” alıb. “Nobel”i,
əsasən, qərb ölkələri alır. Elə bilirsiniz, “Nobel” almaq asan məsələdir?
Bunun siyasi tərəfləri də var axı.
Ümumilikdə isə “Nobel” meyar deyil. Cəlil Məmmədquluzadə də “Nobel”
almamışdı, Tolstoy da almamışdı, Prust da
almamışdı, Kafka da. Bu, nəyi dəyişir?
Nə olsun hamımızın xaricdə
kitabı çıxıb, bu o demək deyil ki, dünya
şöhrətli yazıçıyıq. Mən dünya şöhrətli yazıçı
deyiləm, Azərbaycan şöhrətli
yazıçıyam və bu, mənə bəsdir. Yazıçı birinci növbədə öz ədəbiyyatına
xidmət etməlidir, öz xalqının məhəbbətini
qazanmalıdır.
- Amma, məsələn, Cəlil Məmmədquluzadə
də vaxtilə xalqının məhəbbətini
qazanmamışdı...
- Niyə qazanmamışdı? Onu tənqid edənlər Şeyx Nəsrullahlar idi.
Öz dövründə guya kimi bəyəniblər
ki? Yazıçının bədbəxtliyi
odur ki, öz dövründə onu daş-qalaq edirlər,
öləndən sonra da o daşlardan heykəlini qoyurlar.
- Siz Çopur Cabbarlardan
olmadınız, elə deyilmi?
- Olmadım. Mən
Sovet dönəmində nə yazmışamsa, bu gün bir sətrini
də dəyişmədən çap edə bilərəm.
Mənimlə eyni dövrdə yaşayan
yazıçılardan çoxumu bu sözü deyə bilər?
- Elçin deyir...
- Bəli, Elçin də deyə bilər
bu sözü.
- Elçin, Anar və Əkrəm.
Altmışıncıların daim adı birlikdə çəkilən
dost yazıçıları...
- Elçinlə indi də dostuq. Əkrəmlə münasibətlərimiz isə
sonradan pozuldu. Mən Əkrəm
haqqında danışmaq istəmirəm. Çünki
bir kəlmə deyirəm, ondan yapışırlar, onu gedib
Əkrəmə deyirlər, Əkrəm danışır,
sonra mən cavab verməli oluram. Ona görə
də bu haqda danışmayacam. Bir vaxt Əkrəmlə
dost olmuşuq, indi dost deyilik. Vəssalam.
- Ortaq türk dili ilə bağlı
fikriniz hələ dəyişməyib ki?
- Xeyr, mənim fikrim bu gün də dəyişməyib.
Mən həmişə bu fikirdə olmuşam
ki, ortaq türk dili deyilən bir anlayış yoxdur, başqa
bir anlayış var, ortaq ünsiyyət dili. Türkiyə
türkcəsi türk xalqları arasında ünsiyyət
dili ola bilər.
- Niyə məhz, Türkiyə
türkcəsi?
- Ona görə ki, Türkiyə uzun
zaman müstəqil olan tək türk dövlətidir. Türkiyə türkcəsi də uzun müddət
inkişaf gələnəyi olan bir dildir. Əgər
desələr ki, ortaq ünsiyyət dili Azərbaycan dili olsun,
qırğız deyər niyə qırğız yox, Azərbaycan
dili? Desək, qazax dili olsun, özbək
deyər, niyə qazax dili olmalıdır? Eləcə
də tatar dili. Amma Türkiyə türkcəsi ola bilər. Ancaq azərbaycanlı
durub niyə türkcə danışmalıdır? Hər dilin özünəməxsusluğu, öz ənənəsi
var. Niyə kimsə öz dilindən imtina etməlidir?
Əgər biz o prinsiplə hərəkət edib əlifbamızdan
“X” hərfini çıxarsaq, gərək
“xırıldıya-xırıldıya can verir” əvəzinə
“hırıldıya-hırıldıya can verir” deyək.
- Övladlarınız da yazır...
- Hə, düzü, istəmirdim ki,
onlar yazıçı olsun. Çünki bilirəm
bu işin çətinliyini. Ancaq qabiliyyətləri
var, yazırlar. Zövqlü adamlar da
onların yazdıqlarını bəyənir. Kimin məndən xoşu gəlmir,
övladlarımı da bəyənmir. Mən
indi deyəcəm ki, onlar istedadlıdır, o dəqiqə deyəcəklər
ki, öz övladlarını tərifləyir, bir ailədən
neçə yazıçı olar və s.
Alçağın biri yazır ki, Anar ailə üzvlərinə
də təqaüd verir. Nə mənim
oğlum, nə qızım, nə yoldaşım təqaüd
alır. Bircə mən alıram. Günelin hekayələri neçə dilə tərcümə
olunub. Özü də bu bizim təşəbbüsümüzlə
olmayıb. Həmçinin, Turalın
istedadlı əsərləri var. Mən bunu demirəm, təbliğ
eləmirəm, ancaq bunu danmaq da istəmirəm. Məndən narazı olan kimi ya atamdan yazırlar, ya
uşaqlarımdan. Necə ki, bir vaxtlar mənim
acığıma Rəsul Rza haqqında artıq-əskik
yazırdılar. Belə şeyləri kişi
yazırsa, nakişidir, qadın yazırsa, bunun daha da pis
adı var. Mənim uşaqlarımın biri narkoman, ya
alkoqolik, qumarbaz olsaydı, bunlar necə sevinərdi.
- Üzeyir Hacıbəylini ən
böyük şuşalı adlandırırlar. Üzeyir bəy
haqqında filmin ssenari müəllifi və rejissorusunuz. Filmin bəzi hissələri də Şuşada
çəkilib. 29 illik işğaldan sonra
Üzeyirin vətənində, filmi çəkdiyiniz
Şuşada olanda hansı hisslər keçirdiniz? İşğaldan azad olunmuş Şuşanı necə
gördünüz?
- Bəli, Üzeyir bəyin
uşaqlığı Şuşada keçdiyi
üçün “Uzun ömrün akkordları” filmini
Şuşada çəkmişdik. Şuşa,
Şuşanın təbiəti elə həmişəki kimi
gözəl idi. Ancaq vandallar şəhərdəki
tikililəri dağıdıb xarabazara döndəriblər.
Ümid onadır ki, Şuşa yenidən
bərpa olunaraq əvvəlkindən də gözəl olacaq.
- Sizcə, bütün olanlardan sonra
azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?
- Azərbaycanlılarla ermənilər
Moskvada bir yerdə yaşayırlar, Gürcüstanda,
Türkiyədə bir yerdə yaşayırlar. Bu avantürist daşnak erməni millətçiləri
olmasa, sadə erməni azərbaycanlılarla niyə
yaşamasın? Bunları yoldan
çıxaranlar var. Amerikada, Fransada, Rusiyada firavan yaşayan
erməni varlıların, öz xalqını
qızışdırıb pis günə qoyanların nə
veclərinə? Mən həmişə
deyirəm ki, erməni ana öz uşağına deyirsə
ki, “sən böyüyəndə türk öldürməlisən”,
deməli, bu ana cani yetişdirir. O, sabah
təkcə türk yox, həm də erməni öldürə
bilər. Necə ki, öldürür. Necə ki, o vaxt Sumqayıtda ermənilər erməniləri
öldürmüşdü. Erməni millətinə
yazığım gəlir. Onlar birdəfəlik
başa düşməlidir ki, Azərbaycanla Türkiyə ilə
düşmən olmaq onlara heç nə qazandırmayacaq.
Normal münasibətlər olsaydı, Qafqaz cənnətə
çevrilə bilərdi.
- Ədəbiyyat ideologiyaya
xidmət etməlidirmi?
- Ədəbiyyat həqiqətə
xidmət etməlidir. Əgər həqiqət ideologiyaya
uyğun gəlirsə, ancaq o halda ədəbiyyat ideologiyaya
xidmət edə bilər.
- Anar niyə Yazıçılar
Birliyinin sədri vəzifəsindən getmir?
- Deyirlər ki, Anar əvəzedilməz
adam deyil, mən də onlarla razı.
Ümumiyyətlə, əvəzolunmaz adam
yoxdur. Hamını əvəz etmək olar,
ancaq Siz 32 ildir ki, mənim əvəzimi
axtarırsınız, tapmırsınız axı. Tapın da, niyə tapmırsınız? Çünki birinin istədiyini o biri qrup istəmir.
Ona görə də deyirlər ki, qoy, elə
Anar qalsın. Əgər məni yüz adam
sevirsə, üç adam əleyhimədir. Bu
gün Yazıçılar Birliyinin 2000 üzvü var. 2000
üzvdən 1900-ü mənim tərəfimdədir. Mən dörd qurultayda yekdilliklə sədr
seçilmişəm. İndi kimsə mənim
əleyhimədirsə, bu da təbiidir. Çünki
onların təmənnaları var. Biri ad istəyir, biri
mükafat, biri təqaüd... Hərdən
cavanları da çaşdırırlar. Ancaq
mən sevinirəm ki, gec-tez cavanlar da ayılırlar. Bir vaxt deyirdilər ki, biz bayrağımızı
Yazıçılar Birliyinə sancacağıq, Anarı
avtomatla ordan çıxaracağıq. Biz
qoymadıq ki, Yazıçılar Birliyi dağılsın.
Gərək buna görə bizə minnətdar
olsunlar. Biz buranı qorumasaydıq, onlar
buranı otaq-otaq satacaqdılar. Elə
davaları da o idi ki, gələk buranı dağıdaq,
sataq.
- Anarın gənclərlə
arası necədir?
- Çox yaxşı. Bir də görürsən, deyirlər ki, Anarın
gənclərlə arası yoxdur. Halbuki mən
gələndən sonra bura nə qədər gənc gəlib.
Çingiz də, rəhmətlik Arif
Əmrahoğlu da, Rəşad da bura gələndə cavan
idi. Bu gün də Yazıçılar
Birliyinə gənc kadrlar gəlməkdədir. Bu gün “Ulduz” jurnalı tamamilə cavanların
ixtiyarına verilib. “Gənc Ədiblər
Məktəbi” var, Gənclər Şurası var, gənclərə
təqaüd veririk, kitablarının təqdimatını
keçiririk, mükafat veririk. Bundan
artıq gənclərə neyniyə bilərik? O,
“cavanların tərəfindəyik” deyənlər desinlər
görək onlar cavanlar üçün nə ediblər? Ancaq deyinirlər, vəssalam. Mənim
haqqımda ağzına gələni yazanlar, mənim
qanımı içməyə hazır olanlar bu gün
“Ədəbiyyat qəzeti”ndə ən çox çap
olunanlardır. Təqaüd
üçün cəmi 50 yer var, o 50 yer üçün də
200 ərizə. Deməli, biz o müraciətlərin
¼-nə təqaüd verə biləcəyik,
¾-ü də bizdən narazı qalıb, başlayacaq əleyhimizə
yazmağa. Deyirlər ki, mən bu il
təqaüd almasam, ölərəm. Bu günə
qədər almamısan, necə yaşamısan? Bir tərəfdən Yazıçılar Birliyi
dağılsın deyirlər, bir tərəfdən də Birliyə
üzv olmaq üçün ərizə yazırlar. Üzvlük üçün 200-dən artıq ərizə
var.
- Növbəti qurultayda da namizədliyinizi
verəcəksinizmi?
- Bəli, növbəti qurultayda da
namizədliyimi verəcəm.
- Yorulmamısınız?
- Hərdən düşünürəm
ki, bəlkə də mən başqa yolla getməliydim ki,
çoxlu pulum, sərvətim olsun, keflə yaşayım. Əvəzində yüzlərlə
yazıçının qayğısını, hətta
nazını çəkməli oldum. Mənim
bütün həyatım zəhmətlə keçib. 32 ildir, Yazıçılar Birliyində nə əziyyət
çəkirəm, bir Allah bilir. Mən
inanıram ki, Allah var, o bunları görür. Mən Allaha uşaqlıqdan inanmışam, həmişə
inanmışam.
- Bəs, o biri dünyaya necə?
- Allaha inanıramsa, deməli, o biri
dünyaya da inanıram. Allah varsa, deməli, başqa bir
dünya da var. Bəlkə bu bir az eqoist
hissdir, mən Allaha bir də ona görə inanıram ki, məni
o dünyada da yaşadacaq.
- O qədərmi
arxayınsınız o dünyanızdan?
- Arxayın deyiləm. Heç
bir şeyə arxayın olmaq olmaz. Burda bir
məqam var. Əgər o dünya varsa, biz orda da belə oturub
söhbət edə biləcəyik. Əgər
yoxdursa, mən bunu bilməyəcəm.
- Savablarınız çoxdur, yoxsa
günahlarınız?
- Savablarım...
Aytac
Sahəd
Ədəbiyyat
qəzeti.- 2021.- 14 avqust. S. 4-5.