XX əsrin klassikləri

 

Xorxe Luis Borxes (1899-1986) - dahi Argentina yazıçısı, şair, publisist, esse ustası, kulturoloq. XX əsr dünya ədəbiyyatında heç kimə bənzəməyən azsaylı söz ustalarındandır. Argentina yazıçılarının Qran-prisi (1944), Argentinanın ədəbiyyat üzrə dövlət mükafatı (1956), Yerusəlim mükafatı (1971), Edqar Po mükafatı (1976), Servantes mükafatı (1979) və başqa nüfuzlu ədəbiyyat ödüllərini alıb.

 

 

 

Gözətçi

 

 Sabah obaşdandır və özümü xatırlayıram: o burdadır.

 

İlk işi öz adını (elə mənim də adımı) xatırlatmaqdır.

 

Altmış ildən çoxdur ki, davam edən köləliyə qayıdıram.

 

O öz yaddaşını mənə sırıyır.

 

İnsan mövcudluğunun gündəlik şərtlərini də.

 

Çoxdandır ki, ona qulluq edirəm: ayaqlarını da yuyuram.

 

Məni qırmızı palıd şkafın

 

            güzgülərində gözləyir, vitrin şüşələrində də.

 

Əvvvəlcə bir, sonra isə daha bir qadın atıb onu

 

bu aqibəti onunla bölüşməli olmuşam.

 

İndi xoşuma gəlməyən bu şeiri onun diktəsi altında yazıram.

 

Anqlosakson dilinin azanlaşıqlı kursunu

 

            keçməyə də məni o vadar edib.

 

Müharibədə həlak olanları anmanın

 

            bütpərəst ayinlərini o mənə təlqin edib,

 

hərçənd, onlarla əlaqəyə girib

 

            kəlmə kəsə bilməzdim çox güman.

 

Sonun pilləkən meydançasında

 

            hiss edirəm ki, hardasa yaxındadır.

 

Səsimdə, addımlarımda.

 

Onu ən xırdalıqlarına qədər sevmirəm.

 

Demək olar, heç nə görmədiyini

 

            məmnuniyyətlə müşahidə edirəm.

 

Bir-birimizi aldatmasaq da, hər ikimiz yalançıyıq.

 

Yaxından tanıyırıq bir-birimizi, ayrılmaz qardaşlarıq.

 

Suyu mənim fincanımdan içir,

 

            mənim çörəyimdən yeyirsən.

 

Sui-qəsdin darvazaları açıqdısa da, teoloqlar iddia edirlər ki,

 

o biri, o qaranlıq dünyada mən

 

            məni gözləyən özümü qarşılayacam.

 

 

Bizə aid olanlar

 

O şeyi sevirik ki, əldən vermişik,

 

barəsində heç nə bilməyəcəyik.

 

Əvvəllər ucqar sayılan məhəllələri.

 

Gözəl əsatirlərə döndüyündən

 

bizi heyrətləndirə bilməyən keçmişləri.

 

Şopenhauerin oxunub bitməyən altıcildliyini.

 

"Don Kixot"un yadımızda olan ikinci hissəsini.

 

Əfqan, türk və ya fars üçün mövcud olmayan Şərqi.

 

Hətta on beş dəqiqə belə

 

söhbət edə bilməyəcəyimiz əcdadlarımızı.

 

Yaddaşın unutqanlıqdan doğan

 

dəyişkən obrazlarını.

 

Güclə anladığımız dilləri.

 

Vərdişlə vird etdiyimiz latın və sakson dilini.

 

Ölüblər deyə, bizi heç vaxt satmayacaq dostları.

 

Şekspirin hüdudsuz şöhrətini.

 

Nə vaxtsa yanımızda, indi isə çox uzaqda olan qadını.

 

Heç vaxt öyrənə bilmədiyim cəbri və şahmatı.

 

 

 

Üçüncü adam

 

Bu şeir

 

(hələlik bu sözdən yararlanaq)

 

srağagün rastlaşdığım,

 

Artistotelin üçüncü adamı kimi əlçatmaz olan

 

üçüncü adama ithafdır.

 

Həmin şənbə axşamı

 

küçə adamla doluydu

 

üçüncü adam elə orda, kütlənin arasındaydı;

 

dördüncü və birinci adam da elə.

 

Ola bilsin baxışlarımız toqquşdu da;

 

o, Paraqvaya, mən Kordovaya getdim.

 

Bəlkə də o elə bu sözlərin yaratdığı kəsdir;

 

adı nədir, kimsə bilmir.

 

Bilirəm ki, hansı dadı sevir.

 

Bilirəm ki, Aya çox baxır.

 

Hətta ola bilər ölüb də.

 

Bu sətirləri oxusaydı da

 

onu nəzərdə tutduğumu çətin anlaya bilərdi.

 

Sirli gələcəkdə biz bir-birinə layiq rəqiblər,

 

ya da dost da ola bilərik.

 

Bağışlanmaz səhv etdim,

 

onunla bu əlaqəyə girdim.

 

"Min bir gecə"yə çox bənzəyən bu adi dünyada

 

bir hadisə belə yoxdur ki,

 

təsadüfən möcüzəvi olmasın;

 

sonsuz zəncirin başlanğıcı olacaq

 

elə bir əməl də yoxdur.

 

Və indi düşün: bu boş sətirlər

 

hər hansı şübhəni qova bildimi?

 

 

Öləziyən qürub

 

Qürub zövqsüzlüyü və kasıblığı ilə,

 

amma daha çox üfüqin arxasında gizlənərkən

 

düzəngahı pas rənginə bələyən

 

təşviş dolu sonuncu bərqi ilə adamı sarsıdır.

 

Məkanı mütləq qaranlıq qorxusuyla

 

dolduran bu qarabasma,

 

bu dözülməz, gərgin və aydın işıq

 

onun saxtalığını anlayan kimi qəfil bitir,

 

eynən yatdığımız ağlımıza gələndə

 

bitən yuxularımız kimi.

 

 

Ağı

 

 Ağır bir qismətdir Borxes olmaq:

 

planetin çoxlu, fərqli dənizlərində,

 

ya da eyni dənizdə fərqli adlarla üzmək;

 

Sürixdə, Edinburqda,

 

eyni vaxtda Texas və Kolumbiya Kordovasında olmaq,

 

sonra əvvəlki nəsilləri yola salıb

 

doğma yerlərə - Portuqala, Əndəlüsə dönmək,

 

daniyalı və saksların qan qarışdırdığı

 

həmin o iki-üç qraflığa;

 

sakit və qırmızı London labirintlərində azmaq,

 

çoxlu nüsxələrlə qocalmaq,

 

mərmər heykəllərin baxışlarını

 

uğursuz şəkildə oxumağa cəhd etmək,

 

ensiklopediyaları, xəritələri, litoqrafiyaları öyrənmək,

 

ölümün, səhərləri zülümlə oyanmanın,

 

düzəngahın, titrək ulduzların

 

insanlar üçün pay olduğunu bilmək,

 

lap düzü, onları görməmək,

 

bircə paytaxtdakı o qızın üzündən savayı,

 

əbədi unutmaq istədiyin üzləri də.

 

Bütün başqa aqibətlər kimi

 

ağır bir qismətdir Borxes olmaq...

 

 

Əşyalar

 

Əsa, dəmir pullar, açar zənciri,

 

üzüyola kilid, gündəlikdə qeyd -

 

hərçənd bir az gecdi oxumaq üçün;

 

kitab arasında quru bənövşə -

 

ötən əziz günün bir xatirəsi;

 

evin qərb səmtində divarda güzgü -

 

güzgüdə qürubun titrəyən əksi,

 

qapılar, xəritə, şahmat taxtası;

 

badələr, mismarlar və başqa şeylər -

 

bu lal gözətçilər, susqun əşyalar

 

səssiz duracaqlar necə vardılar,

 

dayanıb yanında yaddaşsızlığın

 

heç zaman fərqində olmayacaqlar

 

görəsən, burdayıq, ya köçmüşük biz.

 

 

Xorxe Luis Borxes

Tərcümələr Səlim Babullaoğlunundur

 Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 3.