Fernando və mən
(Fernando Pessoa haqda xatirələr)
Fernandonu necə tanıdım?
"Diario de Noticias"da (Diariu di
notisiaş - Portuqaliyada 1864-cü ildən çap olunan
gündəlik qəzet) gördüyüm iş elanına
görə müraciət etmişdim.
On doqquz yaşım vardı, həyat dolu qız idim, sərbəst
böyüdüyüm üçün istədiyimi edirdim. Valideynlərim, ailəm razı
olmasa da, iş axtarmaq qərarına gəlmişdim. Əlbəttə ki, ehtiyacım olduğu
üçün yox. Çünki səkkiz
uşağın ən balacası və ailənin yeganə
subay qızıydım. Məni ərköyün
böyütmüşdülər, istədiyim hər şey
varım idi.
Beşinci
il idi ki, fransızca öyrənirdim,
artıq fransızca sərbəst yazıb-oxuya bilirdim,
yazı makinasında rahat işləyirdim, bir az da ingiliscə
bilirdim (Fernando evlənəndən sonra ingilis dilini mənə
daha yaxşı öyrədəcəyinə söz
vermişdi).
Bir
gün firmadan cavab gəldi: "Bu ünvana gəlməyinizi
xahiş edirik..." Rua da Assumpçao, 42, 2-ci mərtəbə,
Feliks, Valladas və Freytas Ltd.
Hələ
reklam-araşdırma mərhələsindəydilər,
iş üç ay çəkdi, sonra iflasa uğradılar.
Firmadakı yeganə qadın işçiydim. Ayda 18 dollar
qazanırdım, o vaxtlar üçün bu, böyük məbləğ
idi... Əvvəlcə mənə 15 dollar vermək
istəyirdilər, Fernando israr etdi ki, mənə istədiyim məbləği
versinlər. Çünki sonralar mənə
dediyinə görə, "məni mütləq yenə
görməliydi". Onsuz da elə birinci
gündən mənə hərarətlə
baxdığını görmüşdüm.
Üç
ortaq idilər: Feliks sərmayədar idi, Mario Freytas de Kosta
Fernandonun xalası oğluydu, üçüncüsü də
Valladas idi.
Fernando
firmanın işçisi deyildi, heç daimi maaş
alıb-almadığını da bilmirəm. Firmanın
yazışmalarında xalası oğluna kömək edirdi.
Xalası oğlunun portuqalca diktə elədiklərini
yerindəcə fransızca və ya ingiliscəyə tərcümə
edib yazırdı. Məlum olduğu kimi,
Fernando hər iki dili, xüsusən ingiliscəni çox
yaxşı bilirdi. Dostları zarafatca
"o, ingiliscə fikirləşir" deyirdi.
Tez-tez
ofisə gəlirdi, xalası oğlu Freytasa çox
bağlıydı, bundan başqa, onsuz da ora söhbət etmək
üçün çox adam
yığışırdı. Gələnlərdən
Luis de Montalvor yadımdadır. Az qala
hər gün gəlirdi, həmişə də Fernando
yazdıqlarını çap etdirmir deyə onu
danlayırdı. Ona belə deyirdi: "Sənin hələ də
tanınmamağın cinayətdir, Fernando". Fernando cavab
verirdi: "Fikir vermə, öləndən sonra
sandıq-sandıq yazım qalacaq".
Ora Ferreyra Qomiş də gəlirdi, o, Fernandoya heyran idi. Çox zarafatcıl adam idi.
Koelyo de Jezuş da vardı. Onunla aramızda bir
şey olmuşdu. Məni ofisdən
tanıyırdı, amma başqaları kimi o da Fernando ilə
aramızda sevgi bağı olduğunu bilmirdi. Bir gün yolda dalımca düşdü. Largo
de Kemous meydanına çatanda mənə
yaxınlaşıb salam verdi və dedi: "Sizi ötürmək
istəyirəm, sizə mane olmaram ki?".
"Təbii ki, mane olarsınız", dedim.
Hansısa qəzetin redaktoru olan Simao de Laboreyro da gəlirdi. Koelyo de
Jezuşun qardaşı, Pantoja adlı ispan və indi dəqiq
xatırlamadığım bir neçə nəfər də
gələnlər arasındaydı.
O vaxtlar
ofisə çoxlu gənc gəlirdi. Gəlib
Fernandodan qəzet və jurnallardakı işlərinə
kömək etməyi xahiş edirdilər. Fernando heç vaxt bu xahişləri yerə
salmırdı.
Mən Fernandonu firmaya getdiyim gün
tanımışdım. Məncə, bu haqda da danışmağa
dəyər.
O vaxtlar
cavan qızlar küçəyə tək
çıxmazdı. Onda bacımgildə
yaşayırdım, bacım oğlu Karlos Keyroş sonralar
şair oldu. Firmaya bacımın köməkçilərindən
biriylə getdim. Biz ofisə çatanda hələ
heç kim gəlməmişdi, gözləməli
olduq.
Bir neçə dəqiqə sonra başdan-ayağa qara
geyinmiş bir cənabın pilləkənləri
çıxdığını gördük (sonralar öyrəndim
ki, ögey atasına yas saxlayırmış). Başına
qıraqları qatlanmış şlyapa qoymuşdu, eynəkliydi,
boynuna kəpənək qalstuk taxmışdı.
Gəzəndə elə bil ayaqları yerə dəymirdi. Şalvarının balaqlarını
o vaxtın dəbinə uyğun olaraq corabın
içinə salmışdı. Səbəbini
bilmirəm, amma onu görən kimi məni gülmək tutdu.
Çəkinə-çəkinə nə istədiyimizi
soruşdu, güc-bəla elan üçün gəldiyimi deyə
bildim.
Fernandonun xatirimdəki ilk görünüşü belədir. Bir az
gözləməyimizi xahiş etdi, çünki firmanın
sahibi o deyildi, bizi o qəbul etməyəcəkdi. Ofisə
girdik, az sonra Freytas gəldi. Ona da elana
görə gəldiyimi dedim,
danışmağa başladıq. Söhbət
əsnasında Fernando da içəridəydi, stollardan birinin
dalında oturmuşdu. Mənə
baxırdı, xoş ifadəylə gülümsəyirdi.
Üç gün sonra məni işə
çağırdılar.
O gün
Fernando özü məni qarşıladı. Mən
gedəndə o artıq ofisdəydi. Yanımda
oturub nə eləməli olduğumu başa saldı. Ticarət kataloquna bəzi ünvanlar qeyd
olunmalıydı. Bir az sonra çəkinə-çəkinə
dedi: "Sizə bir şey demək istəyirəm. Pilləkənin xalçasında deşik var, diqqətli
olun ki, yıxılmayasınız". Bir az susub davam etdi: "Bir şey də demək
istəyirəm. O biri ortaq Valladas bir az qaba
adamdır. Bilirsiniz, pis adam deyil, amma
kobuddur. Bəzi hərəkətləriylə kefinizi poza bilər,
ona fikir verməyin...". Bunları
ehtiyatla və incəliklə dedi. Sonra tədricən
baxışmalar... xoşa gəlməyə
çalışmaqlar... başladı.
İşdəki birinci gün başqa bir şey də
oldu.
İçəri bir nəfər girdi, kim
olduğunu indi xatırlamıram. Mənə baxıb Fernandoya
dedi: "Fernando, bu incə boynu öpmək istəmirsən?". Fernando kəskin şəkildə
"Yox!" dedi.
Sonralar içindən qısqanclıq havası
keçdiyini etiraf etmişdi.
Fernando çox qısqanc idi, amma hirslənməzdi,
heç nə deməzdi. Əzab çəkərdi.
Dekolte paltar geyinməyim və ya cavan
oğlanlarla söhbət etməyim xoşuna gəlmirdi.
Bir gün mənə dedi: "Bu gün birinci dəfə
xalam oğlunun gözlərini qısqandım". "Nə üçün?" - soruşdum. "Çünki dünən səni
mən yox, o gördü," - dedi. Bunu mənə
bazar ertəsi günü demişdi, ondan bir gün qabaq isə,
yəni bazar günü, yolda təsadüfən Freytasla
rastlaşmışdıq. Amma Fernando
özü də məni qısqandırmaq üçün əldən
gedirdi. Bir gün tramvayda başına gələn
bir hadisəni danışdı. Dedi ki, qabağında
oturan sarışın bir qadının saçına baxanda
gözlənilmədən qadın dönüb zəndlə
ona baxıbmış. Bunu mənə nə
üçün danışdığını o saat
başa düşdüm. Özümü
qısqanmış kimi göstərib uzun-uzadı
sarışın qadından danışdım. Bu onun çox xoşuna gəlmişdi, gülə-gülə
məni heç bir sarışın qadın görmədiyinə
inandırmağa çalışırdı.
Fernandonun həddindən artıq mənasız
inancları vardı. Xüsusən ulayan it mövzusunda. Evə gedəndə rastına çıxan itlərin
uladığını, özündə itləri ulamağa məcbur
edən nəyinsə olduğunu deyirdi.
Birinci məktub
Bir dəfə ofisdə işıqlar söndü. Freytas işdə
deyildi, xırda işlərə baxan uşaq Osario da harasa
getmişdi. Fernando qaz lampası tapıb gətirdi,
yandırıb stolumun üstünə qoydu.
İşdən
çıxmağıma az qalmış
stolumun üstündə kağız gördüm. Kağızda "Zəhmət olmasa, gözləyin"
yazılmışdı. Bir az baş
qarışdırıb gözlədim. O vaxt artıq
Fernandonun məndən xoşu gəldiyini hiss etmişdim,
etiraf edim ki, mənim də ona meylim vardı.
İndiki kimi yadımdadır, ayaq üstündəydim. O içəri girəndə
gödəkçəmi geyinirdim. Yerimdə oturdu, əlindəki
lampanı stolun üstünə qoydu, mənə baxdı və
birdən Hamletin Ofeliyaya etdiyi kimi eşq elan etdi: "Ah!
Sevgili Ofeliya! Sözlərimi misra-misra qura bilmirəm,
köks ötürmələrimi sənə göstərməyə
gücüm çatmaz. Amma səni
çox sevirəm. Ah! Hüdudsuz dərəcədə,
inan mənə!".
Əlbəttə ki, çaşıb qaldım, bilmədim
nə deyim. Gödəkçəmi geyinən kimi yanından
uzaqlaşdım. Fernando ayağa durdu, məni
qapıya qədər ötürmək üçün
lampanı götürdü. Amma birdən lampanı iki
iş otağını bir-birindən ayıran alçaq
divarın üstünə qoydu, qəfil yaxınlaşıb
belimdən tutdu, məni möhkəm qucaqladı, heç nə
demədən öpməyə başladı. Dəli
kimi öpdü.
Mənə ithaf etdiyi ilk şeir belə yarandı. Sonralar bu şeiri
yazdığı kağız itdi, amma mən o şeiri
heç vaxt unutmadım:
Dəliyə döndüm,
çaşqına döndüm,
Öpüşə
qərq etdim onu,
Özümə
sıxdım,
Qucaqladım,
Əridim qollarında.
Eləcə donub qaldım.
Öp məni,
çox öp, çoxlu-çoxlu,
Sənin
sehrinə düşən,
Qollarında
dustaq olan məni
Çoxlu-çoxlu
öp ki,
Nə həyatımı
hiss edə bilim,
Nə də
eşq göylərində
Quş kimi azan ruhumu.
Sevgilimin
balaca ağzı
Çiçəklər kimi sevimlidi.
Sevgilimin
Zərif qolları var məni qucaqlamaq üçün.
Və
çoxlu öpüşü var mənə verməyə,
Mənim ona verəcəyim qədər.
Gül
qönçəsi kimi balaca qız,
Ağıl
alan balaca bədən.
Gəl, gir həyatımda yaşa.
Ürəyində
isti bir yuva ver
Yazıq
ürəyimə...
Evə getdim. Bilmirdim nə edim. Həm
də utanırdım. Aradan bir neçə
gün keçdi, Fernando özünü elə
aparırdı ki, elə bil aramızda heç nə
olmayıb. Buna görə də
açıqlama versin deyə, ona məktub yazdım. Beləliklə, məktublar davamlı şəkil
aldı.
Bizim namoromuz belə başladı. (Namoro -
portuqalca sevgili olmaq mənasındadır, nişanlanmadan əvvəl
yaşanılan münasibətin ciddiliyini bildirmək
üçün işlədilir. Bu söz
mətnin bütün dillərə tərcümələrində
orijinal versiyada saxlanılıb.)
"Namoro"
Ofisdə hər
gün görüşürdük. Bayaq da dediyim kimi,
Fernando ora həm tərcüməçi, həm də dost
kimi gəlirdi.
Hər şey baxışlarla, gizlicə stolumun
üstünə qoyduğu mesajlarla, qısa eşq məktublarıyla
başladı.
Bir də səhər işə gələndə
tapdığım hədiyyələr vardı.
Yazdığı
qeydlərdən bəzilərini hələ də
saxlamışam: "Kiss me"; "Məni öpmək istəyirsən?";
"Vacib şey deyil, qısqanc Balaca, sonra
danışaram" və s.
Bəlkə
də çox gənc və gülərüz olduğum
üçün Fernando mənim onu doğrudan sevdiyimə
inanmırdı, bunu da mənə bildirirdi, məsələn,
bu şeirdə olduğu kimi:
Balaca
göyərçinlərim uçub getdi,
Getməli olduqları adamın yanına.
Bir onu
bilirəm ki, məndən alındılar,
Bilmirəm kimə veriləcəklər.
Balaca
göyərçinlərim, balaca göyərçinlərim,
Yuvaları
yoxdur artıq onların
Mənim yanımda.
Sevgim də
eynən belə
Öldürülür həmişə.
Boyum çox balacaydı, özüm də
sısqaydım, qollarım, ayaqlarım ətli olsa da (gözəgəlimli
idim), makiyajdan qətiyyən istifadə etmədiyim
üçün olduğumdan da cavan görünürdüm. Fernandoyla tanış
olanda on doqquz yaşındaydım, yəni ondan on iki yaş
balaca. Fernando çox əyləncəli
olduğumu deyirdi. Mənə şəfqətlə
"Kukla", "Balaca Kukla", "Bebezinho"
(Kuklacıq) deyirdi. Hətta mənə aid
bir neçə şeir də yazmışdı. Biri beləydi:
Sevgilim
bapbalacadır mənim,
O qədər
balacadır ki, həmişə itirirəm onu.
Elə
bil qarışqa təpik atıb,
Yatağın altına salıb onu.
Bir
başqası da belədi:
Mənim bir Kuklam var,
Boyuna
baxırsan,
Bu boyda.
Ona olan
eşqimi soruşsan,
Dünya boyda.
Yazıq
mən!
Bir dəfə isə
işə mənimçün balaca oyuncaq uşaq stulu gətirmişdi
ki, oturum. Qırmızı həsir stulun
hündürlüyü iyirmi santimetrdi. Fernando deyirdi ki:
"Evlənəndə gərək səninçün balaca
taburet alım, evə gələndə məni öpmək
üçün üstünə çıxasan deyə. Evə gəlib, arvadımı görən var,
soruşacağam. Onda sən gələcəksən, mən
də belə deyəcəyəm: aa,
burdasan ki. O qədər balacasan ki, görmədim".
Fernando
olduqca kübar adam idi, çox da
canayaxın idi. Az qala hər gün, bayaq
da dediyim kimi, mənə hədiyyə gətirir, sürpriz
etmək üçün iş stolumun çəkməcələrində
gizlədirdi. Bir dəfə bir kibrit qutusu
içində iki "balaca Meiguinhos" tapdım.
Meiguinhos o vaxtlar dəbdə olan kukla cütlüyü idi,
biri kişi, biri qadın olan kuklaları
simdən düzəldilib üstünə ipək sapla
dolayırdılar. O kuklalar artıq məndə deyil. Bir dəfə çəkməcədə toxunma
qolbaq tapdım, onu həmişə taxırdım, indi də
məndədir. Bundan başqa, Fernando mənə
üstünə bapbalaca pişiklər həkk edilən
medalyon da bağışlamışdı. Fernando medalyona şəklini qoymağımı istəyirdi.
Amma onun şəklini qoymamışdım,
çünki məndə olan yeganə şəkli çox
böyük idi (Fernandonun şəkil çəkdirməkdən
xoşu gəlmədiyini hamı bilir), medalyona yerləşmirdi,
mən də şəkli kəsib korlamaq istəmədim.
Medalyona bacım oğlu Karlosun şəklini qoydum, o hələ
də məndədi, şəkil də içində.
Yeməyə həvəsli olduğumu bildiyi
üçün - bu gün də eləyəm, - mənə
tez-tez şokolad, şirniyyat gətirirdi.
Bir də Fernandonun qəlyanını indiyəcən
saxlamışam. Çox siqaret, qəlyan çəkirdi.
Barmaqlarının ucu sapsarıydı. Çox deyinirdim, hətta bir dəfə
zarafatqarışıq demişdim ki, bir gün qəlyanını
əlindən alacağam. Aldım da.
Dediyim və etdiyim hər şey ona əyləncəli
gəlirdi, bu hərəkətim də onu əyləndirdi.
Qəlyanı məndən istəmədi.
Bir-birimizi hər gün görürdük, demək olar
ki, hər gün də işdən sonra Arsenal küçəsindəki
ingilis kitab evinin qabağında görüşürdük. Fernando qəzetləri
burdan alırdı. Bundan başqa,
çoxlu məktublaşırdıq. Məktubları
mənə adətən ofisdəki Osario vasitəsilə
göndərirdi.
Fernando bizə gəlmək istəmirdi, amma onun yerində
bir başqası olsaydı gələrdi. Bizimki də
sadə və müəyyən qədər başqa hekayələrə
oxşayan adi namoro idi. Evimizə nə üçün
gəlmədiyini soruşanda belə dedi: "Gəlməyim
yüngüllük olar, mənsə bayağı adam deyiləm". Onu başa
düşürdüm və olduğu kimi qəbul edirdim.
Tez-tez sözgəlişi deyirdi: "Heç kimə biz sadəcə
görüşürük demə, biz bir-birimizi sevirik".
Bir yerdə gəzməyə çıxır, hər
şeydən danışırdıq. Ən sadə şeylərdən,
şeirdən, oxuduğu kitablardan, arzularından, ailədən
söhbət edirdik. Fernando sidonist (Sidonist
- Portuqaliya diktatoru Sidoniu Paiş tərəfdarlarına verilən
ad) olduğunu deyirdi. Bir gün Sidoniu Paiş haqda
şeir yazıb mənə verdi, amma təəssüf
ki, burda haqqında danışdığım başqa
şeirlər kimi, o şeirin də əlyazması itib getdi.
Fernandonun monarxist olduğunu fikirləşənlər də
vardı, amma özü belə deyirdi: "Mən monarxist
deyiləm, mən thalassayam (Thalassa - Portuqaliya siyasətçisi
Joa Franko tərəfdarlarına verilən ad). Brazileyranın
(Brazileyra - o vaxtlar millətçilərin
yığışdığı kafe) qapısından
keçəndə döyülməməyim mümkün
deyil. Başqa yolla gedirəm, yoxsa tutsalar
kötəkləyərlər".
Fernando mənə sitayiş edirdi. Arada bəzi
çılğınlıqlar edirdi, bu
çılğınlıqlar məni həm qorxudurdu, həm
də əyləndirirdi. Bir dəfə
firmadaydıq, xalası oğlu harasa getdi. Fernando o saat
iş otağıma gəldi, bircə kəlmə də demədən
məni qucağına götürdü, o biri otağa
aparıb stula otuzdurdu, qabağımda diz çökdü, mənə
xoş sözlər deməyə başladı.
Bir dəfə də Rua de Sao Bento tramvay
dayanacağında idik. Birdən məni pilləkənin
altına çəkdi. Nə olduğunu başa
düşmədim, dedim yəqin, tanışlardan kimisə
görüb, utancaq olduğu üçün də bizi bir
yerdə görməsin deyə, qırağa çəkib. Heç gözləmədiyim anda məni möhkəm
qucaqlayıb öpməyə başladı. Uzun-uzadı öpüşdük. Hərdən də söhbət edəndə
mövzuya aidiyyatı olmayan bir söz deyirdi.
Həmin ilin mart-aprel aylarında Feliks və Valladas
firması bağlandı. Kaus du Sodri meydanı tərəfdə
təzə işə girdim. Fernando hər
gün işdən sonra məni bacımın Rossio
küçəsində yerləşən evinə qədər
ötürürdü. Anamla atam Kaitano
Palyada yaşayırdı, amma mən daha çox özümdən
iyirmi yaş böyük bacımın evində
qalırdım. Bacım mənə öz
qızı kimi baxırdı, məni çox istəyirdi,
bircə oğlu olduğu üçün (Karlos Keyroş) mənimlə
vaxt keçirmək xoşuna gəlirdi. Mən
də çox cavandım, həyatsevərdim, buna görə
də bacımgildə qalmağı üstün tuturdum.
Yazıq anam məni günlərlə
görmürdü, axırda dayana bilməyib dalımca gəlirdi.
Anamgildə qaldığım günlərdə
Fernandoyla əvvəlcədən danışıb vaxt təyin
edirdik. Atamın bizim münasibətdən
xəbəri yox idi. Vədələşdiyimiz
vaxt mən pəncərədən baxırdım, Fernando bizim
küçədən keçirdi. Həmişə
yolun qarşı tərəfiylə gedir, mənə baxıb
qaş-gözünü oynadır, öpüş göndərirdi.
Sonra da məni güldürmək
üçün evlərin pilləkəninə
çıxıb-düşür, tullanırdı (bu, onun
kimi adamların edə biləcəyi şey deyildi). Növbəti bazar ertəsi görüşəndə
həmin səhnəni yenə təkrarlayır, bir yerdə
gülürdük.
Fernandonun kefi adətən kök olurdu, uşaq kimi
gülür, hər şeyin əyləncəli tərəfini
tapırdı.
"Başa düşdün" yerinə
"Başa düşdüyündü" deyirdi. Ayaqqabılarını təmizləmək
üçün çıxanda "Ayaqlarımı yuyum, bu
saat gəlirəm", deyirdi. Bir gün mənə belə
bir qeyd göndərdi: "Mənim sevgilim bapbalacadı,
çəhrayı alt paltarı geyinir". Bunu oxuyanda hirsləndim,
ofisdən çıxanda hirslə dedim: "Fernando, çəhrayı
alt paltarı geyindiyimi hardan bilirsən, görməmisən
axı". (Bir-birimizə gah sən, gah siz
deyirdik). Gülüb dedi: "Hirslənmə, Kukla,
bütün qız uşaqları çəhrayı alt paltarı
geyinir".
Qısa müddətdən sonra yenə işimi dəyişdim. Belem
küçəsindəki havalandırma sistemləri
firmasında tərcüməçi işləməyə
başladım. Fernando hər gün mən
işdən çıxanda gəlirdi. Tramvayda
gedə-gedə söhbət edirdik. O vaxtlar ev məsələsinə görə
başı qarışıq idi. Transvaalda yaşayan
anasıyla bacıları ona Lissabonda ev
tapmağı tapşırmışdılar.
Məlum olduğu kimi, Fernando tək idi. Çox vaxt
onunla maraqlanan olmurdu, o da bundan şikayətlənirdi. Mənə həqiqətən aşiq olduğunu deyə
bilərəm, mənim varlığıma, ona yoldaşlıq
etməyimə çox ehtiyacı vardı. Bir məktubunda
belə yazmışdı: "Xəstələnəndə,
qol-qanadım sınanda, ya da kefim olmayanda səninçün
necə darıxdığımı təsəvvür edə
bilməzsən". Mənə yazdığı bu şeir də
dediklərini təsdiqləyir:
Sevgilimi görmədən
Bircə
gün keçirsəm,
Yanvar
soyuğu hiss edərəm
Eşqimin aprelində.
1920-ci ilin mayında Lissabon tramvayçıları tətil
etdi, buna görə qatarla gedib-gəlməyə
başladıq. Atam onu görməsin deyə, ayrı
stansiyalarda minib qatarda görüşürdük.
Tətil qurtarandan sonra yenə əvvəlki kimi işdən
sonra görüşüb tramvayla getməyə
başladıq. Fernandonun fikrincə, bu yol çox qısaydı, mənə
zarafatca belə deyirdi: "Guya səhvən uzaq məsafəyə
gedən avtobusa minsək, necə olar?".
Həmin vaxt Fernando hansısa firmada işləyirdi, bazar
günləri də işə çıxırdı. Bazar
günü səhərlər mənə zəng edirdi
(Fernandonun zəng etməyi xoşlamadığını da
hamı bilir).
Bazar günləri də görüşə bilək
deyə, Sao Dominqos kilsəsinə yox, Konseysan kilsəsindəki
ayinlərə getməyə başladım. Ayindən
sonra Fernando məni evə ötürürdü. Özü ayinlərdə iştirak etmirdi,
inanclıydı, amma dini vəzifələri yerinə
yetirmirdi. Evə çatanadək
bütün yolu söhbət edirdik. Bir
neçə dəfə bazar günü axşamlar da
görüşməyimizi istəmişdi. Məktublarından
birində belə yazmışdı: "Bazar günü
axşam görüşə bilsəydik, nə yaxşı
olardı...". Amma elə
heç görüşmədik. Ailəm,
xüsusən də atam münasibətdə olduğumuzu
bilmirdi, həm də atam mənə qarşı çox sərt
idi, evdən çıxmaq üçün bəhanə
uydurmağım asan olmurdu.
Fernando
olduqca fərqli adam idi. Varlığı,
duyğulanmağı, hətta geyinməyi də xüsusiydi.
Bəlkə də o vaxtlar mən bunun fərqinə
vara bilmirdim, çünki həddindən artıq aşiq
idim. Onun hissiyyatlığı,
canayaxınlığı, utancaqlığı, hərəkətləri
məni sehrləyirdi.
Amma hərdən də anlaşılmaz olurdu, xüsusən
Alvare de Kampuş kimliyi üzə çıxanda. Belə vaxtlarda mənə
deyirdi: "Bu gün mən gəlməmişəm, yerimə
dostum Alvare de Kampuş gəlib". Çevrilib başqa adam olurdu. Narahat olur, əlaqəsiz,
mənasız şeylər danışırdı. Bir
gün gəlib mənə dedi: "Sizdən bir xahişim
var, xanım, istəyirəm ki, o alçaq Fernando Pessoanın
başını bir verdə suya soxasınız". Mən
cavab verdim: "Alvare de Kampuşdan zəhləm gedir, mən
ancaq Fernando Pessoanı sevirəm". O da dedi: "Başa
düşmürəm Fernando sənin nəyini sevir".
Kaeyrodan, Reyşdən və Soaresdən nadir hallarda
danışırdı.
Fernandonun kefi olmayanda mənim onu sevdiyimə qətiyyən
inanmırdı. Məktublarından birində yazmışdı: "Məni
sevmirsənsə, onda özünü sevirmiş kimi apar. Amma elə yaxşı oyna ki, mən başa
düşməyim".
Bu
şeir də oxşar hisslərin təzahürüdür:
Sevgilim artıq məni istəmir
Artıq məni unudur, məni sevmir.
Qadın
nə qədər də az zaman sərf
edirmiş
Sevmədiyini göstərmək üçün.
Bir dəfə
Kalçao de Estreladan keçəndə mənə
demişdi: "Sənin mənə olan sevgin bu ağac qədər
böyükdür". Nə dediyini başa
düşmədim. "Burda ağac yoxdur axı", -
dedim. "Mən də onu deyirəm" - dedi. Bir dəfə
də belə demişdi: "Sənin mənə olan sevgin
xristian mərhəmətinə oxşayır. Olduqca
cavan, olduqca şirinsən, mənsə çox qoca və
çox kifirəm".
Məlum olduğu kimi, Fernandonun doğum günü 13
iyundadır. Həmin gün Müqəddəs Antonio
günüdür (adının Fernando olduğunu deyirdi,
çünki Müqəddəs Antonionun adı Fernando
Bulhaodur). Mənim doğum günüm də
ayın 14-dür. Sənədlərimdə
səhvən 17-si yazılıb, amma əslində, ayın
14-ü doğulmuşam. Fernando belə deyirdi:
"Yaxşı ki, eyni gündə
doğulmamışıq, çünki eyni gündə
doğulan cütlüklər xoşbəxt olmur". Kral don
Karlosla kraliça dona Amelianı nümunə
göstərirdi. (Don Karlos de Braqanca -
Portuqaliyanın axırdan ikinci kralı. 1908-ci ildə edam
edilib).
Fernando
olduqca qapalı adam idi. Şəxsi həyatından
çox az danışırdı. Bircə nəfər də yaxın dostu yox idi (Mario
de Sa-Karneyro onda çoxdan ölmüşdü). (Mario de Sa-Karneyro - portuqal şair və
yazıçı, Pessoanın yaxın dostu. 1916-cı ildə
Parisdə intihar edib). Məktublarından birində
yazmışdı: "Səni sevib-sevmədiyimi heç kim bilmir, çünki hekayəmizi heç kimə
danışmamışam".
Sözünün
tutduğu və həftədə bir dəfə evində
axşam yeməyinə qonaq getdiyi yeganə adam
Lobo d`Avila idi (çox güman yazıçı və qəzet
redaktoru Artur Ejen Lobo d`Avila nəzərdə tutulur). Başqa tanışlarıyla kafedə
görüşürdü.
Fernandonun
nə qədər qapalı olduğunu göstərən bir
neçə cümləni qeyd edim:
"Şəxsi
həyatımı yad baxışlardan qorumağa ehtiyacım
var";
"Hisslərimi
heç kimin bilməyini istəmirəm";
"Fernando Pessoa hər şeyi hiss edir, amma hərəkətə
keçmir" və s.
Bizim namoromuz 1920-ci ilin noyabrına qədər çəkdi. Fernando
axırıncı məktubunu 29 noyabrda yazmışdı.
Sonra yavaş-yavaş məndən
uzaqlaşdı, getdikcə bir-birimizi görməməyə
başladıq. Bunun xüsusi bir səbəbi
yox idi. Bir neçə gün nə gəldi,
nə də yazdı. Başı
ağrıdığını və psixiatrik xəstəxanada
müalicə almaq istədiyini deyirdi.
Sonralar təsadüfən bir-iki dəfə
rastlaşdıq, amma bir kəlmə də
danışmadıq.
Portreti
Aradan doqquz il
keçdi.
Bir gün bacım oğlu Karlos Keyroş Fernandonun barda
içki içən yerdə çəkilmiş məşhur
şəklini gətirdi. Fernando şəklə avtoqraf yazmışdı:
"Karlos, bu mənəm, Yerüzü Cənnətinin
yaxınlığında olan, əslindəsə çoxdan
itib getmiş Fernando. 2.9.29". Şəkil
çox xoşuma gəlmişdi, bacım oğluna dedim ki, mən
də bu şəkildən istəyirəm. Bir
neçə gün sonra Karlos Fernandodan mənim
üçün də şəkil alıb gətirdi.
Fernando şəklin üstünə yazmışdı:
"Fernando Pessoa, içəndə "cinayət
başında" yaxalanıb".
Təşəkkür etmək üçün ona məktub
yazdım, o da cavab yazdı. Namoromuz təzədən
başladı. 1929-cu il idi. O vaxt
artıq işləmirdim, amma yenə də bacımın evində
qalırdım.
Fernando dəyişmişdi. Tək fiziki cəhətdən
yox (çox kökəlmişdi), həm də xasiyyəti,
davranışı dəyişmişdi. Həmişə
hirsli olurdu, daim yazılarını fikirləşirdi. Çox vaxt yazılarına vaxt ayıracağı
üçün məni xoşbəxt edə bilməyəcəyindən
qorxduğunu deyirdi. Bir dəfə dedi: "Mən az
yatıram. Çarpayımın yanında
kağız-qələm olur. Gecə yazmaq
üçün oyanıram, mən yazmalıyam. Amma bu halda da sənin rahatlığın
olmayacaq". Eyni zamanda da öyrəşdiyim
həyat şərtlərini təmin edə bilməməkdən
qorxurdu. Hər gün işləmək istəmirdi,
özünə, şəxsi həyatına (bu da onun əsəriydi)
vaxt ayırmaq istəyirdi. Həyatının
təməli bu idi. Başqa şeylər
onu maraqlandırmırdı. Nə
şöhrətpərəstdi, nə də özündənrazı.
Sadə və vicdanlı biriydi.
Mənə
belə deyirdi: "Heç kimə demə ki, mən şairəm.
Mən uzaq başı şeir yazıram".
Fernando o ərəfələr bizə gəlməyə
başladı, amma sırf bacım oğlunun dostu kimi. İçəri girib
çəkinə-çəkinə salam
verirdi, sonra üçümüz zalda oturub söhbət
edirdik. Şeirdən, kitablardan, Sa-Karneyrodan və
Antonio Bottodan danışırdıq (Antonio Botto - Portuqaliya
şairi, Pessoanın dostu. Pessoa onun haqda
mübahisəli yazı yazmışdı). Mənə olan sevgisi həminki kimiydi, amma
özü dəyişmişdi. Heç
axırıncı məktublarına cavab
yazmamışdım. Zənnimcə, onlar
cavab tələb etməyən məktublar idi. Dəyməzdi. Onların cavabsız məktub
olduğunu hiss edirdim.
Məncə,
Fernandoyla bir başqa qadın arasında "macəra" ola bilməzdi. Amma Fernandonu
başa düşürdüm, ondan xoşum gəlirdi. Qəribə hərəkətlərinin onu gülməli
göstərə biləcəyini fikirləşmirdim.
1930-cu ilədək yazışdıq. O vaxtlar Fernando daim dəli
olduğunu deyirdi. Ruhi tarazlığı
pozulmuşdu. Amma, zənnimcə, hələ
də məni sevirdi. Məncə, görüşmədiyimiz
doqquz il ərzində də məni
sevmişdi. Bir dəfə mənə dedi: "Hərdən
inanılmaz şeylər olur. Səninçün
çox darıxıram. Səni görmək
istəyirəm. Bir dəfə səni
görmək ümidiylə sizin evin
yaxınlığındakı meydandan keçdim. Amma
bacını gördüm, səni soruşdum, sənə salam göndərdim, bir az
rahatlaşdım". Yazışmağımız və
görüşməyimiz tamamilə kəsilsə də, hər
il doğum günümüzdə
bir-birimizə teleqram göndərirdik. Ən
axırıncı teleqramı öldüyü il,
1935-ci ilin iyununda göndərib.
Bir gün qapı döyüldü, sonra xadimə mənə
bir kitab gətirdi. Mensagem idi (Mensagem - Pessoanın
sağlığında portuqalca çap olunan yeganə
kitabı). Fernando içinə avtoqraf
yazmışdı. Kitabı kimin gətirdiyini
soruşdum, xadimənin təsvirindən başa
düşdüm ki, Fernando özü gətiribmiş. O
saat küçəyə qaçdım, amma o, artıq
getmişdi.
Ölümündən
çox az əvvəl Karlos onunla
rastlaşıb. Fernando məni soruşub: "Ofeliya necədir?". Sonra Karlosun əllərini sıxıb,
gözləri dolub və deyib: "Nə gözəl ruh! Nə
gözəl ruh!".
(Bu mətni
Ofeliya Keyroşun qohumu
Mariya de
Krasa Keyroş
nizama
salıb, çapa hazırlayıb).
Ofeliya Keyroş
Tərcümə etdi: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti.- 2021.- 28 avqust. S. 30-31