İngilis
ədəbiyyatında Məhərrəmlik ayı və Kərbəla
müsibəti haqqında
XX əsrin ikinci yarısında ingilis ədəbiyyatında
yaranan bədii nümunələr arasında diqqətimizi
çəkən məsələlərdən biri də Məhərrəm
ayının təsviri oldu. İngilis ədəbiyyatında
nadir bir tapıntı olan bu mövzunun yer alması diqqətdən
kənar qala bilməzdi. Məsələnin
əksi görkəmli ingilis yazıçısı Ceyms
Oldricin Cənubi Azərbaycanda baş qaldıran azadlıq hərəkatının
təsvir olunduğu irihəcmli siyasi-tarixi "Diplomat"
romanında tapmışdır. İngilis əsilli
yazıçının çox möhtəşəm həyat
hekayəsi vardı ki, Azərbaycan da bu hekayənin mərkəzində
dayanır. Yazıçı ABŞ-ın
"Tayms" jurnalının əməkdaşı olarkən
Cənubi Azərbaycanda gedən ictimai-siyasi prosesləri
öyrənmək üçün bir neçə dəfə
uzunmüddətli ezamiyyətə göndərilmişdi.
Məzuniyyət zamanı yaşadığı
bu diyarı sevməsi, qəhrəmanlarına və məişətinə,
adət-ənənələrinə, dini-fəlsəfi
görüşlərinə bələd olması real həqiqətləri
əks etdirən möhtəşəm bir əsərin ərsəyə
gəlməsi ilə nəticələnmişdi.
Son
dövrlərdə Azərbaycan tarixinin qaynar səhifələri
əks olunan əsərə maraq hissi məndə orijinal mətnlə
tanış olmaq istəyi yaratdı. Azərbaycan
tarixinə həsr olunmuş belə böyük həcmli,
vacib əhəmiyyət kəsb edən bir əsərin
orijinalının kitabxanalarımızda mövcud olmaması
da təəssüf
hissi doğurur və bu, problemin digər tərəfidir.
Bu səbəbdən romanın orijinalını
Böyük Britaniyadan əldə etdik.
Cənubi Azərbaycanın milli dirçəliş hərəkatının
bir çox məqamlarını təsvir edən
yazıçı, eyni zamanda əsərin daha təbii və
inandırıcı olması üçün xalqın milli məişəti,
adət-ənənələri, koloritini, xalq tamaşaları
və oyunlarını, xalq dilində işlənən söz
və ifadələri əsərə olduğu kimi daxil
etmişdir. Elə diqqətçəkən məqamlardan ən
başlıcası da xalq tamaşalarının və şəbihlərin,
xüsusilə də, Məhərrəm ayı ayinlərinin
canlı bir dillə və obrazlı ifadə olunması oldu.
Düşündüm ki, elə bu müqəddəs Məhərrəm
ayı əhval-ruhiyyəsində mövzunun
işıqlandırılmasının ən doğru məqamı
və zamanıdır. Dini-fəlsəfi görüşlər
sistemində ən önəmli məqama sahib olan Məhərrəm
ayı artıq əsrlər boyu bu xalqın mənəviyyatında,
dünyagörüşündə, islami dərkində,
müqəddəs inanclar sistemində dərin köklər
salmışdır. Hətta sovetlər
dönəmində qadağaların, məhrumiyyətlərin,
cəzaların sərt təzahür etdiyi zamanlarda insanlar Məhərrəm
ayı ənənələrinə sadiq qalmış,
aşkar, ya gizli şəkildə bu ayın təziyəsini
saxlamış, müqəddəs bildikləri inanclarına
sahib çıxmışlar. Sözsüz
ki, bu müqəddəs dini ayinlər
yazıçının diqqətindən kənar qala bilməzdi.
Əsərin daha inandırıcı təsir
bağışlaması üçün yazıçı
xalq inanclarının ən əhəmiyyətli məqamını
- Məhərrəm ayı tamaşalarının təsvirini əsərin
29, 30 və 31-ci fəsillərinə daxil etmişdi. C.Oldric çox güman ki, canlı şahidi
olduğu Məhərrəm ayı ayinlərinin həyata
keçirilməsi, Aşura gününün təşkili,
dini mərasimlərdəki obrazların təhlili və təsvirini,
hətta mərsiyələrdəki ifadələrdən bir
çoxunu əsərə daxil etmişdir. Bütün bu sadalanan faktlar
yazıçının bu mərasimlərin canlı
şahidi olduğunun daha bir sübutudur.
Romanda Məhərrəm ayı təsvirinə
başlamazdan əvvəl yazıçı mövzuya
çox qəribə və incə bir məqamla giriş
verir. Bununla da həm islamda dayaq təməl sistemini təşkil
edən müqəddəs kəlməni ifadə edərək
mövzuya başlamış olur, həm də həmin fəsillərin
ab-havasını əvvəlcədən məsələyə
kökləyir. Bu formatda olan giriş diqqətli
oxucunun nəzərindən qaçmır. Əyalətə
gələn bir qrup ingilis nümayəndə heyətindən
yardım istəyən müsəlman dininin mənsubu Səyid
və Mak Qreqor arasında gerçəkləşən qəribə
dialoqda yazıçı islam
inanclarının ən birinci şərti kəlmeyi-şəhadəti
mətnə daxil edir.
Səyidin yad bir dinin mənsublarından kömək istəməsi
Mak Qreqoru təəccübləndirir. Bölgə
xalqlarının müsəlmanlardan ibarət olmasını
bilən və adət-ənənələrinə
yaxşı bələd olan Mak Qreqor, eyni zamanda müsəlman
aləmində bir xristiandan kömək istənilməsinin
yaxşı əməl hesab olunmamasını, hətta
günah hesab olunmasını da bilirdi. Təəccübünü
gizlədə bilməyərək bu haqda soruşan əsər
qəhrəmanına
təbii olaraq Səyidin tövbə edərmiş
kimi elə həmin an "Allahdan başqa Allah yoxdur və Məhəmməd
onun Rəsuludur" (There is no God but God, and Mohammed is his
prophet) söyləməsi ilə nəticələnir. Yazıçı mətnə bu ifadəni elə
bir situasiya quraraq daxil edir ki, əsərdə sünilik, əlavə,
düşünülmüş bir fənd effekti yaranmır.
Ümumiyyətlə,
romanda əks olunan Məhərrəmlik mərasimləri
zamanı təşkil edilən meydan tamaşaları və
şəbihlər istər Aşura günü, istərsə
də bütün Məhərrəm
ayı boyu baş verən hadisələr haqqında təsəvvür
yaratmaqla bərabər, eyni zamanda bu faciənin dini-fəlsəfi
mahiyyətini, yaşanan acının səbəbləri, vahid
ideal, müqəddəs mənəvi dəyərlərin
yaşaması uğrunda verilən qurbanların mahiyyətini
açmaq üçün bir vasitədir. Yazıçı
belə bir mənzərədən təsirlənərək,
yaratdığı əsərin mərkəzində Aşura
gününün də təşkil olunduğu hüzn
ayını canlandırması gördüyü mənzərələrin
onun yaddaşında buraxdığı dərin izlərdən
xəbər verir. Sözsüz ki, bu məsələnin
əsərə daxil edilməsi həm də xalqın milli adət-ənənələrinin
böyük və ayrılmaz hissəsi olan dini-fəlsəfi
düşüncə tərzini, mənəvi-psixoloji vəziyyətini
də əks etdirir, tanıdılması xarakterini
daşıyır.
Eyni zamanda, səhnələşdirilmiş dini
tamaşalardan bəzi parçaların əsərə daxil
edilməsi bu mərasim haqqında heç bir təsəvvürü
olmayan oxucu tərəfindən qavranılmasını təmin
edir. Əsərə
daxil edilən, dini mahiyyət daşıyan tamaşaların
elə yazıçının dili ilə desək
"taziya", yəni "təziyə" qəhrəmanlarının
haqqında heç bir fikrə malik olmayan ingilis nümayəndələrinə
romanın baş qəhrəmanı Mak Qreqor açıqlama
verir və bu cür dini tamaşaların peyğəmbər
davamçılarının öz əqidələri və
inancları yolunda şəhidlik məqamına ucalmalarına
həsr olunduğunu bildirir.
Hər 3
fəsildə tez-tez (daha konkret desək yazıçı 14 dəfə
"tazia" sözünə müraciət edib) "təziyə"
sözünə rast gəlirik ki, yazıçı bu ifadəni
ingiliscə deyil, məhz olduğu kimi təqdim edir. Əslində,
dilimizə ərəbcədən keçən bu
sözün mənası "hüzn", "yas",
"ağı" deməkdir. Əcnəbi oxucuların
anlaması üçün "təziyə" termininin ilk
istifadəsi zamanı yazıçı oxucusunun bu ifadənin
doğru anlamını başa düşməsi
üçün doğma dilindəki leksik vahiddən istifadə
edərək ingiliscə ekvivalentini qəhrəmanının
dili ilə izah edir və "passion play" kimi təqdim edir.
İngilis dilində isə bu ifadənin mənası elə təxminən
"dini tamaşa", "misteriya", yəni "şəbih"
kimi ifadə olunur. 29-cu fəsildə
yazıçı hadisələrin inkişafını Məhərrəmlik
mərasimlərinin keçirilməsi ilə paralel inkişaf
etdirir və nümayəndə heyətinin bu hadisələri
görməsi ilə davam edir.
Bu fəsildə
Səyid sabah Təziyə
olacağından bəhs edir və bu mərasimin mahiyyətindən
danışır, təziyənin dini mərasim olduğunu
bildirir. Bu zaman məzhəb
ayrılığına da diqqət çəkir.
Əslində, əsərin sonrakı inkişafı zamanı
bu məzhəb ayrılığından xarıcı qüvvələrin
öz xeyrinə nə cür istifadə etmələrini, din
qardaşlarının bir-birinə düşmən
olmasını təmin edən əməl və hərəkətlərin
həyata keçirilməsini də bütün
çılpaqlığı ilə nəzərə
çatdırır. Əsərin siyasi-tarixi
xarakter daşımasını diqqət önünə gətirsək
bu cür siyasi qalmaqal yaradan məsələlərin
bütün qaranlıq və fitnəkar tərəfləri ilə
təsvir olunması anlaşılandır.
Birinci səhnədə
əgər məsələnin
işıqlandırılması yaxınlaşan Məhərrəm
ayı haqqında məlumat xarakteri daşıyırdısa, ikinci səhnədə
yazıçı konkret olaraq canlı meydan tamaşaları
ilə nümayəndə heyətini
qarşılaşdırır və yazıçıdan daha
bir açıqlama gəlir. 30-cu fəsildə
Lord Esseksin "Qurban kimdir? Əminəm
ki, Məhəmməd deyildir" sözlərinə cavab
olaraq yazıçı Mak Qreqorun vasitəsilə həm
tarixi, həm də mənəvi əhəmiyyət kəsb edən
bu hadisələrin mahiyyətini anlatmağa
çalışır və Lord Esseksin simasında təziyə
anlayışının kökündə duran hadisəni həmçinin
əsərin əcnəbi oxucularına da anlatmış olur.
Yazıçı burada belə bir dialoq təsvir
edir. Dialoqda o bildirir ki, bu hadisə şiə
müqəddəsləri İmam Hüseynin və peyğəmbər
nəslinin davamçılarının şəhidliyinə həsr
olunmuşdur.
İslam
qəhrəmanlarını çox böyük sayqı və
ehtiramla anan yazıçı hər dəfə onlar
haqqında danışarkən "Saints", yaxud "Shiah
saints", yəni "müqəddəslər", yaxud
"şiə müqəddəsləri" kimi
xatırladır. Burada bir diplomatın bu qəhrəmanları
tanımaması, yəni "onlar haqqında heç zaman
eşitməmişəm" deməsi hadisənin mahiyyətini
açmaq üçün bir vasitədir. Beləliklə,
yazıçı bu vasitə ilə dünyaya islam
aləminin qəhrəmanları, elə
yazıçının öz təbirincə desək,
müqəddəsləri haqqında mesaj vermiş olur.
Məhərrəm ayının mahiyyətini açarkən
yazıçı, xüsusilə, bu dini mərasimlərin Həzrəti
Məhəmməd ümmətinin gerçək
davamçılarının həlak olmasına həsr
olunduğunu vurğulayır və mərasimlərin bir deyil,
bir neçə gün davam edəcəyini söyləyir. İmam
Əli, İmam Həsən, İmam Hüseyn və peyğəmbər
nəvəsi Əli Əkbərin adını çəkir,
onları şiələrin ənənəvi və gerçək
qəhrəmanları olduğunu söyləyir.
Yazıçı Həzrət Əli, Həsən və
Hüseyn adlarını anaraq şəhidliyə qovuşan
müqəddəslərin bu dini mərasimlər vasitəsilə
Məhəmməd peyğəmbərin həqiqi davamçıları
olmaları haqqında bir çox səhifələrdə tərəflərin
dialoqu ilə təsvir edir.
Yazıçı bir faktı da oxucularının nəzərinə
çatdırmağı unutmur. Məntiqi
düşüncənin nəticəsi kimi bu mərasimdə
"Şəhid var, bəs qatil kimdir?" sualına cavab
axtaran oxucuya yekun informasiyanı da ötürməyi unutmur.
Mərasimin qatil obrazının Şümür
olduğunu bir yox, iki yerdə qeyd edir və beləliklə, məsələnin
yekun sualını da cavablandırmış olur. İslam tarixindən də məlum olduğu kimi, Kərbəla
faciəsi zamanı imam Hüseyni qətlə yetirən Sinan
ibn Ənəs ən-Nəxai və Şimr ibn Zil Covşəndir.
Yazıçı burada Shamr, yəni Şimrin
qatil olması haqqında informasiya verir və onu İmam
Hüseynin qatili adlandırır. Burada "murdered" sözü məhz
"qətl olunmaq" mənasını ifadə edir.
Əsərin digər epizodunda Şimrin təsvir
olunduğu məqam daha çox marağa səbəb olur. Yazıçı
burada meydan tamaşasından bir səhnəni romana daxil edir və
orada Şimr obrazını təsvir edir. C.Oldricin
bu obrazın aktyorunu tiryək çəkən bir əyyaş,
düşkün, miskin biri olaraq seçməsi onun daxili aləminin
çirkin, eybəcər, mənəvi şikəstliyindən
xəbər vermək istəməsi idi. Yazıçı
müqəddəs bir insanın, dini və mənəvi
liderin, peyğəmbər davamçısının
ölümünə səbəb olan Şümürün
daxili dünyasının axsadığına, boş və
çürük, puç olduğuna diqqət çəkmişdir.
Bir çox hallarda qələm adamları
insanın zahiri görünüşünü onun daxilinə
ayna tutaraq, mənəvi dünyasını göstərmək
məqsədi ilə təsvir edir. Bu halda
da tamaşadakı Şimr obrazının belə bir keyfiyyətə
malik olması diqqətdən yayınmır.
Yazıçı qəddar qatil obrazını ifadə edərkən
"Şimr, həmin o qatil" deyərək anır.
Mərsiyələrdə
ən çox duyduğumuz "Ya Hüseyn, Vay Hüseyn",
"Ya Əli", "Ya Həsən, Ya Hüseyn" və
digər bu kimi ifadələr həmin fəsillərdə
tez-tez təkrarlanır və olduğu kimi, dəyişdirilmədən
təqdim olunur, zəncirlə sinə vuran kişi,
ağlayan qadın və uşaqların təsviri verilir. Bu dramda iştirak edən hər kəs ah-nalə
çəkir, ağlayır, zəncirlə çiyinlərinə,
sinələrinə döyür, qan içində özlərinə
işgəncə verir, bir sözlə, əzadarlıq edirlər.
Oldric yazır: "Burada hər şeyi göstərirlər.
Həm Hüseynin, həm Əlinin öldürülməsini,
həm onların dəfnini, həm də onların göz
yaşı tökən ailələrini". Bu
cür tamaşaların əsl məqsədindən bəhs edən
yazıçı "Əli və Hüseynin Məhəmmədin
əsl varisi olduğunu göstərməkdir" deyə
yazır. Bu parçaların əsərdə təsviri
həm də tarixi hadisələrlə uyğunluq təşkil
etməsi, eyni zamanda yazıçının islam
tarixinə marağının ifadəsi kimi də dəyərləndirilə
bilər.
Əsərin qəhrəmanı Mak Qreqor bu
tamaşaların illər əvvəl daha qanlı formada təşkil
olunduğunu ingilis nümayəndə heyətinin nəzərinə
çatdırır və bu mərasimlərin sonuncu İran
şahı tərəfindən bir müddət qadağan
edildiyi haqqında da məlumat verilir. Bu qadağaların
qara bayraqların məscidlərdə dalğalanaraq
insanların psixologiyasında dini fanatizmə və siyasi qalmaqallara
meyillərin qarşısının alınması məqsədi
ilə həyata keçirildiyi vurğulanır. Nəzərə alsaq ki, əsər 1949-cu ildə
yazılmışdır, onda bu şahın Məhəmməd
Rza Pəhləvi olduğu qənaətinə gəlmək
olar.
Mövzu
ilə bağlı daha bir məqam, susuzluqdan əziyyət
çəkən qurbanların əzabını simvolizə
edən suçiləmə mərasimidir ki,
yazıçı bu səhnənin mahiyyətini və
insanların yaşadığı gerçək əzabları,
fiziki işgəncələrin əsl mahiyyətini açmaq
üçün həm həmin səhnəni təsvir
etmiş, həm də ağlayan əzadarların söylədiyi
ifadələrlə mətni daha da zənginləşdirmiş,
qüvvətli bir ifadə formasının vəhdətini
yaratmışdır. Təsvir olunan səhnədə araba ilə
hər tərəfə su çiləyirlər və ətrafında
ağlayan insanların nalə sədaları səslənir:
"Ya Hüseyn. Kaş bu su bizim Hüseynimizi sərinlədəydi!
Ya Hüseyn! Ya Əli! Ya Həsən! Ya Hüseyn!". Bu cür təsvir və ifadələr
bu dini tarixi hadisənin əsər daxilindəki təqdimatını
qüvvətləndirir və həqiqətən, o dövrdə
Kərbəla düzündə baş verən real hadisələrin
kökündə duran gerçəklərin bir
parçasını oxucunun nəzərinə çatdırır. Tarixi faktlar göstərir ki, Tasua gününə qədər
Kərbəla qurbanlarının içmək
üçün suları olmuşdu. Lakin Məhərrəm
ayının yeddinci günündən sonra yeganə su mənbəyi
olan Fərat çayı sahili əsgərlərlə qorunur
və islam qəhrəmanlarının su
ehtiyatı tamamilə tükənir.
Daha bir səhnədə isə əlində
qılınc tutaraq döyüş meydanına daxil olan
yaşıl çalmalı və əbalı İmam
Hüseynin döyüş səhnəsi və onu göz
yaşı, kədər və məyusluq içində
qarşılayan camaatın naləsi əks olunur. Yaşıl rəngin
bu səhnədə xüsusilə seçilməsi İslam
dininin rəmzi, simvolu hesab oluna bilər. Bu
məqamda tamaşaya Həzrət Cəbrail və digər mələk
obrazları da daxil olur. Beləliklə, əsərdə
yer alan bu və buna bənzər digər səhnələr
Məhərrəm ayı, xüsusilə Aşura günü
mərasimlərində reallaşdırılan meydan
tamaşalarının əsli ilə tamamilə uyğunluq təşkil
edir.
Bütün bu sadalanan faktlar yazıçının bu
mərasimlərin keçirilməsi haqqında ətraflı
bilgiyə sahib olduğu haqda söz deməyə əsas verir. Azərbaycan
xalqına məhəbbətin ən yüksək formada ifadə
olunduğu bu əsərdə xalq koloritinin və dini dəyərlərin
təqdimolunma dərəcəsinə nəzər salsaq,
milli-mənəvi dəyərlər sisteminın mükəmməl
təsviri ilə üz-üzə qalarıq.
Bütün bu olanları dolğun şəkildə təsvir
edən yazıçı öz mövqeyini də sərrast
bir vasitə ilə ortaya qoyur. Yazıçı
haqlı olaraq, qəhrəmanının dili ilə
vurğulayır ki, belə mərasimlər bəzi siyasi
qüvvələr tərəfindən xüsusi olaraq
qızışdırılır və müsəlman təriqətləri
arasında qarşıdurma yaratmaq, onların içərisinə
daxili nifaq salmaq və düşmənçiliyə səbəb
olmaq üçün bir silah kimi istifadə edilir. Hətta bu məkrli siyasəti həyata keçirmək
üçün yerli dinbazların köməyindən də
istifadə olunduğunu xüsusi vurğulayır. Yerli əhalinin dini inanclarının, müqəddəs
dəyərlərinin bəzən oyunbazlar tərəfindən
elə özlərinə qarşı qanlı silaha
çevrildiyini qəhrəmanının dili ilə izah edir.
Sözsüz ki, yazıçının bu
mövqeyində həqiqət payı vardır. Əsrlərdir
davam edən islam qardaşları arasında məzhəb gərginliyi,
xüsusilə, XX və XXI əsrlərdə zaman-zaman xarici
qüvvələr tərəfindən süni surətdə
müdaxilələr nəticəsində qanlı
çaxnaşmalara səbəb olan bu siyasətin, əslində,
islam dəyərlərinin parçalanmasına, zəifləməsinə,
məhv edilməsinə xidmət etdiyini çox aydın
şəkildə anlamaq mümkündür.
Nəticə
olaraq deyə bilərik ki, Azərbaycan xalqının
milli-mənəvi və dini-fəlsəfi dəyərləri
yazıçı tərəfindən "Diplomat" əsərində
çox yüksək dəyərləndirilmişdir. Yazıçının öz təbirincə desək,
islamın gerçək qəhrəmanları çox
böyük hörmət və ehtiram hissi ilə
xatırlanır. Şəbihlər və
xalq tamaşaları bu böyük həcmli əsərdə
yalnız üç fəsildə əks olunsa da, mahiyyət
etibarilə gerçək dini tamaşaları və
onların kökündə duran hadisələrin bütün
məzmununu ehtiva edə bilir. Mərsiyələrdəki
məntiqi vurğu və həyata keçirilən rituallar
tamamilə bu fəsillərdə öz əksini tapıb.
"Diplomat" romanının orijinalının tərcümə
olunması bugünkü Azərbaycan gerçəkliyində ən
vacib məsələlərdən biri kimi diqqət mərkəzinə
çəkilməlidir və görkəmli bir yazarın
gerçəkləri ifadə edən sözü kimi Azərbaycanda
və həmçinin dünyada yenidən təbliğ
olunmalıdır. Belə bir hadisənin reallaşması Azərbaycan
gerçəkliklərinin dəqiq, qərəzsiz şəkildə
geniş müstəvidə təqdimatına xidmət edəcəkdir.
Mərcan Sabir Sofiyeva
Ədəbiyyat qəzeti.- 2021.- 28 avqust. S. 28-29.