Şəhid Məsimov
Əkbərə
Son səsini dinlədim.
Demisən:
"Mənə görə
Heç narahat olmayın.
Vətən dardadır, ana.
Dönməsəm, bağışlayın".
Bağışlamaq nə demək?
Medal verdilər sənə.
Dönüb vətən olmusan.
İtkin dedilər sənə.
Dönüb
Murov olmuşdun,
Vətəndə itmək nədir?
Sən əbədi vətənsən.
Torpağa dönmək nədir?
Nədir vətənə dönmək?
Göstərdin hamımıza.
Həm
döndün, həm dönmədin
Sən bizim yanımıza.
Bədənin
vətən oldu,
Ruhun səmalardadır.
Son
sözün tarix olub,
"Ana, vətən dardadır".
Vətənin
dar günündə
Sənin
kimi oğullar
Savaşlara
getdilər,
Canlarını verdilər.
Amma azad
etdilər
Otuz ildir
gözləyən
Başı
uca dağları,
Müqəddəs torpaqları.
Sağ
ol, müqəddəs şəhid.
Sağ
ol, igid, qəhrəman.
Sənin
kimi igidi
Unutmarıq heç zaman.
Şəhid Şirinov
Eldara
Biz bilirik
döyüşdə
Necə igid olmusan.
Tabor
komandirinlə
Birgə şəhid olmusan.
Neçə
silahdaşının
Köməyinə yetmisən.
Neçə-neçə
düşməni
Yerində məhv etmisən.
Etmisən
Füzulini
İşğaldan azad, şəhid.
Vermisən
otuz illik
Həsrət
ilə gözləyən
Torpağa həyat, şəhid.
Sənin
kimi oğullar
Düşmənlərin
başına
Odlu mərmi ələdi.
Qələbə
müjdəsiylə
Dünyanı silkələdi.
Bu millətin
and yeri
Ocağısız, pirisiz.
Savaş
qəhrəmanları,
Zəfər elçilərisiz.
Nə qədər
ki, bu vətən,
Azərbaycan xalqı var.
Sizin kimi
oğullar
Ürəklərdə yaşayar.
Şəhid
Tağıyev Ramidə
Hamının
taleyində
Uğurlu yol şansı var.
Sənin
tale yolunda
O
yolların hamısı var.
Hamı
yaxşılıq edir,
Neçə
yola can atır,
Hamımızın
məqsədi
Cənnəti qazanmaqdır.
Bu
yolların hamısın
Bir anlığa keçmisən.
Sən
öz şəhidliyinlə
Öz yolunu seçmisən.
Sənin
yolun vətənçün
Canı
qurban etməkdə
Birnəfəslik yoludur.
Qəhrəmanlıq
yoludur,
Müqəddəslik yoludur.
Yolun mübarək, şəhid.
Bu milləti şad etdin.
Hamımızın
yerinə
Vətəni azad etdin.
İndi
bizim borcumuz
Adınızı yaşatmaq.
Qəlbimizdə
gəzdirmək,
Başımız üstə tutmaq.
Şəhid Həsrətov
Elməddinə
Vətən vətəndə itməz.
Şəhidlər vətəndilər.
Vətənin
can ağrısın
Canında çəkəndilər.
Hamımız
can deyirik
Vətən
azadlığına,
Şəhidlərsə
qan tökür
Vətənin sağlığına.
Sən də
şirin canını
Vətənə
fəda etdin,
Bütün
arzularına
Əbədi vida etdin.
Bəlkə
ən böyük arzun
Şəhidlik
olub sənin,
Dönməzlik,
qəhrəmanlıq,
İgidlik olub sənin.
Necə
olub, bilmirəm,
And içirəm torpağa.
Bircə onu bilirəm.
Sən
müqəddəs bayrağı
Sancmısan
Qarabağa.
Şəhid Zeynalov Fikrətə
Xüsusi təyinatlı,
Dəmir adam, daş adam.
Zəfər
tariximizdə
Əbədi
yaddaş adam.
İndi
bizi görürsən,
Biz də səni duyuruq.
Vətən
adı gələndə
Səni xatırlayırıq.
Xatırlayırıq
indi
Necə igid olmusan.
Doxsan
üç düşmən vurub,
Qisasını almısan.
Almısan
torpağına
Göz dikənin canını.
Tarixi
yurdumuzu,
Vətən gülüstanını.
Sən elə
bir igidsən,
Mərdliklə yoğrulmusan.
Bir dəfə
şəhid olub,
Min dəfə doğulmusan.
Günəş
kimi nur saçıb,
Yayılırsan
hər yana,
İgidliyin
bəllidir
Bütün
Azərbaycana.
Şəhid Yusifli Azərə
Adın
Azər, özün Baycan.
Bir canda, bir bədəndəsən.
Can bədəndən
ayrı olmur,
Bayraq da sən, vətən də sən.
Ruhun gəzir
səmalarda,
Onsuz yerin baş üstündə.
O getdiyin
döyüş yolun
Tarix yazıb daş üstündə.
"İstiqamət
Zəngilandır"
Sən dediyin sonuncu söz.
Həm zəfərin son xəbəri.
Həm sonuncu alovlu köz.
Könüllərdə
əbədisən,
Yaddaşlarda daş gizirim.
Xocalının
qisasını
Alan şəhid baş gizirim.
Elşad Barat
Ədəbiyyat qəzeti.- 2021.- 28 avqust. S. 27.