"Unudulmazlar"
silsiləsindən: Sənət və şəxsiyyət
işığında
O, filosof
idi, fəlsəfə elmləri namizədiydi. Moskvada - Qorki adına Ədəbiyyat İnstitutunun Tənqid
şöbəsini fərqlənmə diplomu ilə
bitirmişdi. Bakıya böyük arzularla
qayıtmışdı. Beyni-başı yeni ideyalarla doluydu,
məqsədi bu idi: "Mənim həyatda, elm və sənətdə
pərəstiş etdiyim -elmin, sənətin qüdrəti ilə
insanların şüurunu, duyğularını ülvi bir səviyyəyə
qaldırmaq və onlara hökmran olmaq səlahiyyətidir. Bu hökmranlığı mən sevir, təqdir və
tərənnüm edirəm". A.Əfəndiyev uzun
müddət Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə
və Hüquq İnstitutunda
çalışmışdı, ADU-da, M.F.Axundov adına Rus
dili və Ədəbiyyatı İnstitutunda estetikadan, dialektik
və tarixi materializmdən, həmçinin Qərb və rus ədəbiyyatından
mühazirələr oxumuşdu. Lakin o, Qərb ədəbiyyatını
dərindən bilsə də, dünya fəlsəfi fikrinin
qaynaqları ilə tanış olsa da, mənəvi
varlığı bütünlüklə söz sənətinə,
konkret desək, Azərbaycan ədəbiyyatına bağlı
idi. Bununla yanaşı, qeyd edək ki, Azərbaycan
ədəbi tənqidində ən çox mübahisə
doğuran tənqidçi də Asif Əfəndiyev
olmuşdu. Asif Əfəndiyev ədəbi
tənqidə yeni üslub gətirdi və bunu danmaq olmaz.
Ədəbi tənqiddə üslubi yeniliyi necə
başa düşmək olar? İlk növbədə,
tənqidə yeni şəkil və janr vahidləri gətirəsən,
tənqidin sxolastik usulundan imtina edəsən, onu həyatı
dərk etməyin üsullarından biri kimi bədii ədəbiyyat
qədər sevdirə biləsən. Ustad
tənqidçi Yaşar Qarayev Asif Əfəndiyevi bir filosof tənqidçi
kimi səciyyələndirərkən onun
yaradıcılığını "tənqid poeziyası"
kimi təqdir edirdi.
Asif Əfəndiyev fəlsəfədən ədəbiyyata
və eyni zamanda, ədəbiyyatdan fəlsəfəyə
keçid kimi səciyyələndirilən bir "ortaq"
nöqtəyə üz tutdu. Təbii ki, burada
sırf fəlsəfi fikrin aparıcı rolunu iddia etmək
olmaz. Çünki o, fəlsəfi fikir tarixindən
və ayrı-ayrı filosoflardan söz açanda da ədəbiyyatdan
və söz ustadlarının hikmətlərindən
danışıb. Asif Əfəndiyevin fəlsəfə
ilə poeziyanın bir-birinə təsirini əks etdirən
"Fəlsəfə və poeziya" essesi onun bütün
məqalə və esseləri üçün estetik kredo
hesab edilə bilər.
"Fəlsəfə və poeziya" essesi "oxu dərsi"
kimi qavranılır və Asif Əfəndiyev digər məqalələrində
yeri gəldikcə, bu "oxu dərsi"ndən istifadə
edirdi.
Fikrimizcə, geniş oxucu auditoriyasına dünya
filosoflarının söz sənətinə münasibətini,
daha doğrusu, fəlsəfə ilə poeziyanın
qarşılıqlı əlaqəsini izah etmək
baxımından bu "oxu dərsləri"nin
faydası az deyildi. Ancaq A.Əfəndiyevin məqalə
və esselərində əsas məqsəd təkcə
"fəlsəfə dərsi" keçmək
olmamışdır. Məqsəd Azərbaycan
ədəbiyyatının keçmişi və müasir
dövrü arasında körpüləri nəzərə
çarpdırmaq və bu zamanlar arasında ədəbiyyatın
yeniləşməsi prosesini izləmək idi. "Fəlsəfə
və poeziya" yazısında belə bir bölmə də
var: "Fəlsəfə, ya fəlsəfəçilik?"…Burada
nəzəri müddəalar öz "praktiki" həllini
tapır: "Azərbaycan poeziyası yaranışından fəlsəfi
xarakter daşıyır" fikri bayatılarımızdan, nəğmələrimizdən,
atalar sözlərimizdən, nağıllarımızdan
başlamış, yazılı ədəbiyyatımızın
tarixində iz buraxmış şəxsiyyətlərin əsərlərinə
qədər davam edir. Bəzi sətirlərə diqqət
yetirək:
"XIX əsr klassik alman estetikasındakı - insan vasitə
deyil, məqsəddir - mütərəqqi mülahizəsi hələ
XII əsrdə Nizami yaradıcılığının əsas
istiqamətverici leytmotivlərindən biri olmuşdur".
"Füzuli
orijinal və dərin məhəbbət konsepsiyası yaratmışdır:
sevmək, sevilmək - müdriklik nişanəsidir. Məhəbbət insanı kamal əhli edir.
"Ey Füzuli, qılmazım tərki-təriqi-eşqi kim, Bu fəzilət daxili-əhli-kəmal eylər
məni". Füzulinin məhəbbət
konsepsiyası bir tərəfdən, Qərb poeziyasının
dahi nümayəndəsi Dantenin gözəllik idealı ilə,
digər tərəfdən isə Füzulidən sonrakı
dövrlərdə yaranmış məhəbbət
konsepsiyaları ilə səsləşir".
"Nəsimi poeziyasında, biz sözün tam mənasında,
ideal şəxsiyyət konsepsiyasını
görürük".
"B.Vahabzadənin
son dövrlərdə yazdığı şeirlərin əsas
leytmotivi belədir: insan ömrünün mənası - bəşəriyyətə
xidmət etməkdir. Bəxtiyar şeirindəki bədii
ideyanın poetik ifadəsini qüdrətli S.Vurğun
poeziyasının dalğalarından qopub gələn əks-səda
adlandırsaq, zənnimcə, B.Vahabzadənin səmərəli
və gərgin poetik axtarışlarının əhəmiyyətini
azaltmış olmarıq!".
"Rəsul Rza poeziyasının əsas obyekti yer
planeti, bəşəriyyətdir" desək, mübaliğəyə
yol vermiş olmarıq. "İnsan hər şeyə cavabdehdir,
- leytmotivi R.Rza poeziyasının ana xəttini təşkil
edir. Onun fikrincə, bəşəriyyətin
səadət yolu heç də hamarlanmış asfalt,
güllərlə, çiçəklərlə bəzənmiş
xalı deyil. Bu yolda yoxuşlarla, faciələrlə,
çətinliklərlə rastlaşmalı oluruq".
Asif Əfəndiyevin məqalələrində 60-70-ci
illər Azərbaycan nəsri və poeziyasının bir
sıra nümunələrindən söz açılır. Özü də
bu məqalələrin hər birində konkret problemlər
qoyulurdu. Ümumiyyətlə, Asif Əfəndiyevin
məqalə və esselərinin heç biri problemsiz deyildi.
Bu onun tənqidçilik üslubunu müəyyənləşdirən
xüsusiyyətlərdən biri idi. "Sənət və
şəxsiyyət" məqaləsində Mühit və
Şəxsiyyət probleminin bədii həllini İsa
Hüseynovun "Yanar ürək", "Saz",
"Tütək səsi", Anarın "Ağ liman",
Sabir Əhmədovun "Görünməz dalğa",
Əkrəm Əylislinin "Atalar və atasızlar",
"Dağlara çən düşəndə" əsərlərində
izləyir. O, sosializm cəmiyyətində hökm sürən
mənəvi eybəcərliyin mahiyyətini mikromühitlərdə
axtarır, şəxsiyyətlərin bu mühitdə faciəvi
vəziyyətlərə düşdüyünü, "xalq
həyatı adlanan axından"
uzaqlaşdığını nəzərə
çarpdırırdı. Haqqında söz
açdığı ayrı-ayrı əsərlərin qəhrəmanları
məhz mühitin qurbanları kimi qələmə verir.
Təkcə İsa Hüseynovun "Kollu
Koxa" povestinin qəhrəmanını "cəmiyyətin
tənqidi təfəkkürünü, mənəvi təkmilləşmə
qüdrətini" özündə əks etdirən obraz
kimi təqdir edirdi. Təbii ki, onun
Mühit və Şəxsiyyət problemi ilə bağlı bədii
əsərlərə tətbiq etdiyi fikirlərin bir çoxu
mübahisəli idi. Onun fikrincə,
sosializm cəmiyyətində bir mikromühit var, bir də
makromühit. Mikromühit eybəcərliklərlə
doludur, burada işıqlı ideal axtarmaq mümkün deyil.
Makromühitdə isə "təsvir olunan
şəxsiyyət sosialist gerçəkliyi adlanan mühitdə
yetişir ki, onun əsas istiqaməti, təmayülü hər
cür durğunluğa, bəsitliyə, ətalətə,
antihumanist meyillərə yaddır". Asif
Əfəndiyev 60-70-ci illər nəsrində meydana
çıxan, əvvəlki onilliklərin nəsrindən
tamamilə seçilən fərqli xüsusiyyətlərə
diqqət yetirirdi. Asif Əfəndiyevin bir
tənqidçi kimi gücü və zəifliyi, obyektivliyi və
subyektiv, mübahisəli fikirləri "Şeir və ənənə"
məqaləsində daha aydın nəzərə
çarpır. Bu məqalədə elə
bil, iki Asif Əfəndiyev bir-birilə mübarizə
aparır. O, şeirimizin 30-60-cı illər mənzərəsinə
"sovet poeziyasının yarım əsrdən çox
inkişaf prosesində özünəməxsus güclü və
zəngin poetik ənənələrin yaranması" prosesi
kimi baxır. S.Vurğunun, S.Rüstəmin, R.Rzanın,
B.Vahabzadənin yaradıcılığına məhz poetik ənənələrin
(həyata dialektik münasibət, insana, dünyaya inam fikri, fəlsəfi
genişlik, xalq şeiri ilə üzvi əlaqə, insan və
zaman, dünya və şəxsiyyət kimi problemlərin sənətdə
başlıca motivlərdən birinə çevrilməsi,
ideallarımıza yad təmayüllərə qarşı tənqidi
münasibət, milli müəyyənlik, ümumbəşərilik
və milliliyin dialektik vəhdəti) uğurlu təcəssümü
kimi yanaşır. Təbii ki, sovet dövrü Azərbaycan
poeziyasına qiymət verərkən onun müsbət cəhətləri
ilə yanaşı, həmin mərhələdə
şüarçılığın, sxematizmin, səthiliyin
özünü göstərdiyini unutmaq olmaz, amma A.Əfəndiyev
poeziyada yaranan yeni keyfiyyətlərdən söz
açır, Səməd Vurğunun "Düşüncələr"
şeirini fəlsəfi lirikanın ən uğurlu nümunəsi
kimi nəzərə çarpdırır. Həmin
şeirdə Azərbaycan poeziyası üçün səciyyəvi
olan humanizm, fəlsəfi idrak, estetik genişlik keyfiyyətlərindən
söz açır. S.Rüstəmin və
R.Rzanın şeirlərində də özünəməxsus
poetik xüsusiyyətləri, hər birinin
yaradıcılığında başlıca problematikanı
müəyyənləşdirmək tənqidçi
üçün heç də çətin olmur. Amma o yerdə ki, fəlsəfi məsələlərin
izahı gəlir, bunların poeziya tətbiqi bəzən
uğursuzluqla nəticələnir. Xüsusilə,
Rəsul Rza poeziyasına qarşı bəzi məqamlarda
"hücum taktikası" heç də özünü
doğrultmur. Tənqidçi yazır ki,
"bütün nöqsanları ilə birlikdə Rəsul
Rza şeiri ədəbiyyatda əlamətdar hadisədir.
Poeziyamızın fəlsəfi dərinliyinin
artması, estetik vüsətinin genişlənməsi
başqa şairlərlə yanaşı, Rəsul Rzanın
adı ilə də qırılmaz şəkildə
bağlıdır". Amma az sonra o,
Rəsul Rzanın "Rənglər" silsiləli şeirlərini
"əcaib assosiasiyalar" meyli kimi tənqid edir. Halbuki, "Rənglər" silsiləsi
şeirimizdə yeniliyin, modern təfəkkür tərzinin
ifadəsiydi. Ümumiyyətlə, poeziyamızda yeni
meyillər: ənənəvi ifadə vasitələrindən
və şablonlardan uzaqlaşmaq, dünya poeziyasında baş
verən yeni tendensiyalara qoşulmaq şeirimizdə maraqlı
hadisə idi. Ancaq A.Əfəndiyev və eləcə
də bir çox şair və tənqidçilər
bütün bu yenilikləri qəbul etmək istəmirdilər.
Əlbəttə, Asif Əfəndiyevin 60-70-ci
illərdə Azərbaycan ədəbi tənqidində rolunu qətiyyən
azaltmaq fikrində deyilik. Etiraf
olunmalıdır ki, onun məqalələri bir sıra
qüsurlarına baxmayaraq həmin illərin ədəbi tənqidində
xüsusi yer tuturdu və geniş oxucu auditoriyası
üçün hətta sensasiya doğururdu. "Sənət
və özünüdərketmə" ədəbi-tənqidi
etüdlərində A.Əfəndiyev
"İdeallaşdırma və realizm", "Əsl və
zahiri müasirlik", "Təsvir və təhlil",
"Məhəbbət və zaman", "Həyat faktı
və bədii həqiqət", "Mən, başqası və
dünya", "Müqəddəslik", "Tarix və
şəxsiyyət" başlıqları altında
ayrı-ayrı nəsr əsərlərini təhlil edir, əslində,
bu başlıqların hər biri ədəbi tənqidi məşğul
edən problemlər idi. O, Süleyman Rəhimovun "Kəsilməyən
kişnərti" povestində nağılvari təfəkkürün
ideallaşdırma, mücərrədləşdirmə yolu ilə
bədii ifadəsini təqdir edir, əsərdə realist nəsr
ilə nağıl poetikasının vəhdətini
yazıçının bədii uğuru kimi qiymətləndirir.
"Müasirlik - mürəkkəb problemdir.
Sənət tarixi zahiri və əsl müasirlik
tanıyır". A.Əfəndiyev Həsən
Seyidbəylinin "Tərsanə" romanını zahiri
müasirlik tendensiyası kimi qiymətləndirir. Onun fikrincə, əsərin baş qəhrəmanı
Ələsgər Adalı kifayət qədər güclü
xarakterdir, "sirli, orijinal, romantik xislətlidir, rasional
insandır". "Ələsgər müəllim həm
adi, sıravi bir adam təsiri
bağışlayırdı, həm də güclü, zəkalı,
mətin bir insana, alimə oxşayırdı". Amma bu qəhrəman A.Əfəndiyevi qane etmir.
O, yazıçıdan "masştablı kolliziya" tələb
edirdi. Tənqidçi həmin kolliziya vasitəsilə
qəhrəmanların ardıcıl mübarizəsini görmək
istəyirdi. Əlbəttə, o, müəyyən dərəcədə
bu istəyində haqlı idi, A.Əfəndiyevin iki məqaləsi
- "Tarix və şəxsiyyət" və "Cahandar
ağa və onun faciəsi" - 70-ci illər tənqidinin ən
uğurlu nümunələridir desək, yanılmarıq. O,
baş verən tarixi hadisələrdə insanların rolunu,
tarixi prosesə münasibətini ön plana çəkir,
"Qarlı aşırım"da Kərbəlayı
İsmayılın həyat idealını ("Qoy kərbəlayılar
kərbəlayı kimi, rəiyyətlər rəiyyət kimi
qalsınlar"), Abbasqulu bəyin həyat devizini ("Mənim
camaatsız bir günüm də olmasın") onların
xarakterik insani xüsusiyyətləri kimi təhlil edir. "Qarlı aşırım" A.Əfəndiyevin
"masştablı kolliziya" prinsipinə tam cavab verir.
Kərbəlayı İsmayıl - Abbasqulu bəy,
Kərbəlayı İsmayıl - Qəmlo, Abbasqulu bəy -
Talıbov təzadları təsvir olunan tarixi dövrün
(20-ci illərin) mənzərəsini dolğun əks etdirir.
İsmayıl Şıxlının "Dəli
Kür" romanının qəhrəmanı Cahandar
ağanı "ciddi, əhəmiyyətli, sanballı bir kəşf"
kimi qiymətləndirən A.Əfəndiyev bu obrazın faciəsini
tarix tərəfindən məhvə məhkum edilən şəxsiyyətin
faciəsi kimi qiymətləndirir. "Cahandar
ağanı hiddətləndirən yeni həyat tərzinin onun
bağlı olduğu ideala yadlığı, düşmənçiliyi,
yabançılığıdır… Onun həyat
idealı məhdud, fəaliyyəti birtərəfli və
qeyri-kamil, qayəsi ibtidaidir. Lakin o, qəribə
bir şeiriyyəti, qəribə bir gözəlliyi və ahəngi
də özüylə bərabər Kürün
dalğalarına tapşırdı".
Asif Əfəndiyev ədəbi tənqiddə esse
janrının da ilk nümunələrini yaratdı. "Qəm və
üsyan", "Sənətdə gənclik və sənətin
əbədi gəncliyi", "Məcnunluq",
"Koroğlular və Həmzələr",
"Nizamilik", "Xaqanilik", "Nəsimilik" - bu
yazılar elmi təfəkkürün bədii təfəkkürlə
vəhdətini əks etdirir.
Çox
maraqlı, həm də paradoksal bir haldır ki, "Azərbaycan
ədəbiyyatında sosializm realizminin ilk tarixi və təşəkkülü"
monoqrafiyasının və bir sıra məqalələrində
də sovet ədəbiyyatı - sosializm realizmi ədəbi cərəyanının
təbliğçisi olan Asif Əfəndiyev 1981-ci ildən
bir vaxtlar müdafiə etdiyi prinsiplərdən tamamilə
uzaqlaşdı, hətta Sovet dövləti tərəfindən
verilən bütün diplomlardan da imtina etdi, "Ocaq"
adlı bir cəmiyyət yaratdı, ətrafına özü
kimi düşünən insanları topladı. Özünə "Asif Ata" təxəllüsü
götürdü.
Əlbəttə, biz onun ədəbi-tənqidi-fəlsəfi
səpkidə qələmə aldığı və indiki
çağda da tənqid tariximizin maraqlı bir səhifəsini
təşkil edən məqalələrini, esselərini sevə-sevə
oxuyuruq.
Sonda: Asif
Əfəndiyev bir ədəbiyyat tənqidçisi kimi, hətta
bəzi səhvlərinə baxmayaraq filosof Asif Əfəndiyevdən
üstün idi.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.-
2021.- 28 avqust. S. 26.