Gəncliyimin şairi - Fikrət Qoca

 

Mənə məhəl qoymasalar

 

Yaşamaram, ölərəm...

 

F.Qoca

 

 

Fikrət Qoca yeniyetməliyimdə, gəncliyimdə oxuduğum, bu gün də təbəssümlə, könül xoşluğu ilə şeirlərindən parçalar dediyim, özümlə baş-başa qalanda misralarını zümzümə etdiyim, məndən ötrü imzasının çəkiciliyi ilə fərqlənən şairdir.

Özünün bir şeirində ifadə etdiyi kimi desəm, "öldü"yü yox, "getdi"yi gündən onun haqqında yazmaq fikri beynimi məşğul eləyib. Niyəsi məlumdur; adam ona təsir edən hər hansı olayla bağlı kədərini, ya sevincini şifahi-yazılı bölüşmək istəyir. Amma əvvəlcə istəyirdim ki, "Günlərin bir günü" kitabını tapım; vaxtilə orta məktəb kitabxanamızdan götürüb oxuduğum, Fikrət Qoca imzasına məni isnişdirən o kitabı bir də vərəqləyim, - ilk dəfə kitabla ünsiyyətə girdiyim zaman keçirdiyim hissləri yenidən yaşamaq ümidi ilə kitabı əldə edəcəyim günü gözləyirdim. "Günlərin bir günü" forması və üz qabığında müəllifin adından tutmuş içindəki bölmələrin yazılış tərzinəcən əlahiddəliyi ilə məni çox maraqlandırmış, təsirləndirmişdi. Kitabdakı şeirlər də eləcə, indiyədək oxuduğum müəlliflərin yazdıqlarına bənzəmirdi. Bütövlükdə götürəndə kitabda bir "multiplikasıyalıq", uşaq səmimiyyəti vardı.

Fikrimdən çıxmışdı ki, M.F.Axundzadə adına Milli Kitabxana da, sən demə, məlum səbəbdən onlayn xidmət göstərir. Mənə yalnız onlayn sifariş edəcəyim halda kitabın elektron variantını göndərə biləcəklərini dedilər. Elə də etdim, həmən cavab gəldi; həmin kitabın elektron variantı mövcud deyil. Amma bircə gün keçməmiş kitabxana əməkdaşları şairimizin ruhunu, mənim də könlümü şad etdilər. Yenidən o unudulmaz illərə qayıtdım sanki, yenidən məni o vaxt sehirləmiş misraların tilsiminə düşdüm:

 

 

Göylər mavi nəğmədir,

 

Dağlar - yaşıl nağıllar.

 

Mən nə bilim lalələr

 

Düzə hardan yağırlar?!

 

 

"Külək şirin sözümdür, Yanağına yaraşar, Saçlarına dolaşar... Sənsiz keçən gecələr Həsrətindən uzundur, Saçlarından uzundur" - misralarında nə idi məni cəzb edən, bilmirdim. Amma mahnı kimi özümçün oxuyurdum pəsdən, "bəstəsi" də - özümdən.

Orta məktəb illəri ilk məhəbbət kimi əziz olur. Yaşantıların bütün şirinliyi ilə yadda qalır... Yuxarı siniflərdə "Ulduz" jurnalına abunə olmuşdum. Elmasın, Cəmil Müfidzadənin jurnalda dərc edilən rəsm əsərləri.., Fikrət Qocanın şeirləri... məndə fərqli bir təəssürat yaradırdı:

 

 

...Təpə gecə dağ olur,

 

Gecə yol uzaq olur.

 

Babam deyir, ay nənə,

 

Çöldə yalquzaq olur, -

 

Çölçünun vay halına...

 

 

Şairin özünəməxsus deyimi, şirin yumoru qəlbimə yaman yol tapmışdı.

 

İnsan etdiyi yaxşılıqlardan (bütün xeyirxah kəşflər də bura aiddir) ibarətdir. Əsl şeir də şairin yaxşılığıdır. Başqa sözlə, insanı yaxşılığıyla, şairi yaxşı şeiri, misraları ilə xatırlayırlar.

 

 

...Səni gözləməkdən gülöyşə narın

 

Çatladı bağrı... yaman gecikdin.

 

 Yaxud:

 

...Səni sevəndən,

 

Adamlar hamısı yaxşılaşıbdı.

 

 Yaxud:

 

 ...Qara gözlərinin məhəbbətini

 

Qaşın ağarınca, qoru, gözəlim!

 

 

...Daşa dönsən, iki yerə çaparam,

 

Bir qırılmış ürək olsan, neyləyim?

 

 Yaxud:

 

 ...Sənin əlin qabar-qabar,

 

Mənim ürəyim,

 

Onun beyni.

 

Hamımız eyni cür fəhləyik, qardaş,

 

Eyniyik, eyni!

 

"Möcüzə", "Sən məndən incimə", "Küləklər", "Özümə bir ağız layla", "Quru çinarın nəğməsi", "İkinci görüş", "Yaş o yaş deyil ki", "Bir çiçəklə yaz olmaz..." Şairin seçilən şeirləri bir deyil, beş deyil... hansından misal çəkəsən?

Hələ "Dodaqların Füzulinin iki şirin misrasıdı, özün tap, oxu hansıdı, Gözlərin yazılmayıb hələ, Nazın çəkilməyib hələ, Eh... İşimiz varmış indən belə", "Əgər çatılsaydı qaşın kamanı, Kainat xətrinə dəysəydi əgər. Elə silkələrdim mən asimanı Ulduzlar tut kimi tökülərdilər", "Yarpaqlar dolmalıq olub, qızlar yeməli, Nə oturmusan evdə, a dəli!.." yazan şair özü də öz gəncliyinin həmişəyaşar şairi deyilmi?

80-ci illərin əvvəlində "Gül ömrü", "Ulduzlu düşüncələr" kitablarını müəllif öz xətti ilə mənə bağışlayıb: "Dostum Qardaşxana böyük qardaşından", "Qardaşxan, gün o gün olsun cildlərini mənə hədiyyə verəsən..."

Düzdür, mən şairin arzusunu yerinə yetirə bilmədim, amma şair "gedəndən" sonra kitabdan-kitaba saldığı şeirlərini bir də oxudum. Azərbaycan şəhərlərinin onun qələmində necə sevildiyini gördüm. Yazdığı şeirlərin bələdçiliyi ilə gəzdiyi yerləri izlədim. Şairin özünü isə bir qədər həvəslə şeirlər yazdığı Kubaya, Vyetnama bənzətdim -  ekzotik bir şair kimi.

80-ci illərdə Bakı Şin Zavodunun 3 saylı yataqxanasında təşkil etdiyim "Azərbaycan - dünyam mənim" adlı ədəbiyyat dərnəyinin üzvlərindən bir neçəsini Əjdər Olun AzTV-də apardığı "Çinar" adlı verilişdə unudulmaz şairimizin təqdim etməsi də yaddaşımda həmişəlik iz salıb.

 

QARDAŞXAN

Ədəbiyyat qəzeti.- 2021.- 28 avqust. S. 25.