Bayat
əşirəti haqqında tarixi araşdırma
"Kitabi-Dədə
Qorqud"un "Müqəddimə"si aşağıdakı
cümlə ilə başlayır: "Rəsul Əleyhissəlam
zamanına yaqın Bayat boyından Qorqud Ata derlər bir ər
qopdı..."
Bu cümlə bir çox mətləblərə
işıq tutur. Onlardan biri də Bayat boyu - Bayat əşirətilə
bağlıdır.
Bayatlar İraqda qol-budaq atmış böyük bir əşirətdir. Onlar
İraqın ictimai-siyasi həyatında fəal iştirak
edir. Bayatların arasından nazirlər, sərkərdələr,
yüksək ixtisaslı, adlı-sanlı həkimlər,
mühəndislər, istedadlı şairlər, alimlər,
müğənnilər, mədəniyyət xadimləri,
Füzuli kimi dahi çıxmışdır.
Tariximiz və ədəbiyyatımız
üçün böyük dəyər kəsb etdiyini nəzərə
alaraq kərküklü tədqiqatçı Şakir Sabir
Zabitin (o, 1968-ci ildə Bakıda Molla Pənah Vaqifin 250 illik
yubileyində iştirak etmişdir - Q.P.) "Bayat əşirəti
haqqında tarixi araşdırma" (Bağdad, 1965, 62 s.)
kitabından "İraqda Bayat" bölümünü
transliterasiya edərək oxucu və tədqiqatçılara
təqdim edirəm. Onu da deyim ki, Şakir Sabir Zabit bir
neçə kitabın müəllifidir: "İraq və
Türkiyə arasında dostluğa dair (ərəbcə). Bağdad, 1955; "İraqda türkmanların tarixi
vardır" (ərəbcə). Bağdad,
1961; "İraq türkmanları ağzında atalar
sözü", Bağdad, 1961; "Kərkükdə ictimai
həyat", Bağdad, 1964.
"Bayat" əşirəti haqqında tarixi
araşdırma" Şakir Sabir Zabitin sonuncu kitabıdır. Əsər
"Giriş", "Bayat sözü və
anlamları", "Bayatlar kimdirlər",
"Bayatların ana yurdu", "Bayatlar və Xarəzmşahlar"
və "İraqda Bayat" bölümlərindən ibarətdir.
Dil birliyimizin bariz nümunəsi olan "Bayat əşirəti
haqqında tarixi araşdırma" əsərinin
"İraqda Bayat" bölümünü kiçik
qısaltmalarla orijinalda olduğu kimi təqdim edirəm.
***
İraqda
Bayat deyincə və ya kitablarda oxuyunca xatirə iki şey gəlir:
Bayat qalası, Bayat Bəyliyi və Bayat əşirəti. Dolayısilə əldə edilən bilgiləri ikiyə
ayıraraq sonmaya ehtiyac duyulur. Qala olsun, əşirət
olsun, Bayatlar İraqa necə və nə zaman girdilər.
Xatirə gələn ilk soru budur. İndi Bayat qalası və Bayat Bəyliyi
haqqında əldə edilən bilgiləri bildirək.
Sonra o soruyu və Bayat əşirəti haqqında bilgiləri
sonaq:
I. Bayat qalasının
yerini bildirən əski yazarlar çoxdur. "Qamus tac ələrus
şərhi"nin sahibi (yazarı) deyir:
"Bayat Vosat yaxınlığında (müasir
İraqın Orta əraziləri - Q.P.) bir bölgədir.
Cahan Kəşayi
tarixində: "Bayat Bağdadın Güney doğusunda İranın Luristan cınahında
(sərhəddində) bir qəsəbədir.
Qirüz
Abadi lüğətində Bayat Bəyliyi haqqında belə
deyilir: "Bayat Vosatın qərbində bir sancaq (rayon)
adıdır".
Bayat Bəyliyi adı 629 hicri olayları arasında gəlməkdədir. Azərbaycan bölgəsində
moğolların dağılmaları Şəhruzur və digər
sınır (sərhəd) bölgələrinə
ulaşmaları (yetişmələri) ehtimalı göz
önünə alınaraq xəlifə mal dağıdıb
ordu topladığı kimi, ölkələrinə əskəri
yardım etmələrinə əmr verdi.
Rəşidəddin Əl-Həmadani və Cuini moğol
ordusunun irəliləməsini yazarkən Bayat Bəyliyi ilə
təmasda olmalarından söz açır.
Osmanlıların
idarəçilik dəftərxana qeydiyyatına baxılarsa,
görərik ki, Bağdad vilayəti: Hilla, Zəngi, Əbad,
Cüarz, Rəmahiyə, Çəngilə, Qaradağ, Dərtinək
Səmavat (Bayat), Dərnə, Dəbala, Kərənd, Temur
qapı, Qəzaniyə, Kilan, Əlsaih, Əmadiyə
sancaqlarından (rayon) ibarət idi.
Bayat sancağı Sultanlığın fərmanı ilə
təyin edilən əmir tərəfindən idarə olunurdu. Əlimizdə
olan bir vəsiqə ilə Bayat sancağı əhalisinin
İraqın cənubunda əmin-amanlığı möhkəmləndirmək
və qorumaqda böyük rol oynadığını
anlayırıq.
Bu vəsiqənin tarixi 973 hicridir. Vəsiqədə
yazılıb: "Bayat Bəyinin Bəsrənin mühafizi təyin
edilməsinə dair: "Bayat bəyi Hüseyn əmrlə Bəsrənin
mühafizi təyin edilsin ki, sancağın əskəri
bölməsi ilə gedib Bəsrənin mühafizəsini təmin
etsin. Əmr etdim ki, təxirə salmadan
sancağın cümlə əskərləri hərbi yaraqla
və silahla Bəsrənin mühafizə xidmətində
olsun. 19 rəcəb 973".
Bu vəsiqə ilə Sultan Bayat bəyi Mir Hüseynə
aylıq 20000 ağça məvacib təyin etmiş və
yeni vəzifələr buyurmuşdur.
Qalanın mühafizəsi Bəsrə Bəylər bəyinin
adamı Nasih Bədmundiyə verildi. 15 Ramazan 973.
II. Bayat əşirəti.
Bayatların İraqa gəlişləri haqqında bilgi
çox az və çeşidlidir. Onların İraqa gəlişinin Səlcuqlar və
ya Osmanlılar zamanında olduğu söylənilməkdədir.
Türk
Ensiklopediyasında: Bağdadın güney doğusunda Luristan
(İran) sınırında olan Bayat qalası səlcuqlar
dövründə bayatlardan bir oymağın oraya gəlmələri
ilə əlaqəlidir. Və bir də
bayatların Kərkük məntəqəsində yurd
tutmaları hər halda yenə səlcuqlar dövründə
olmuşdur".
Bizə görə Bayatlar moğolların önündən
çəkilərək İraqa girmişlər. Güney və
Quzeydə yerləşmişlər. Güneydəkilər
(İraqın cənubundakı bayatlar - Q.P.) zamanla dillərini
unutmuşlar. Kərkük vilayətində
isə dillərini qorumuşlar. İraqda
bulunan türk əşirətlərindən Bayatlar Səlcuqilərlə
İraqa gəlmiş və orada yerləşmişlər.
Avqat Abbas
Əl-Əzəvi isə bayatların İraqa gəlişi
tarixinə işarət etməyərək belə deyir:
"Bayatlar İraqda əskidən bəri yerləşən
türk əşirətlərindəndir. Zəyimlər
hökuməti nəzdində yüksək yerləri vardı
(Avqat Abbas Əl-Əzəvi. Tarix əl-İraq
beyn ihtilalin. Bağdad, I c., s.541)".
Həyat
Ensiklopediyasında yazılıb: "Bayat əşirəti
Bağdad və Həmədan tərəflərdə bulunurdu.
İran Azərbaycanı ilə Antalyanın Nəmnəşə
tərəflərində (Türk alimi İlbər
Ortaylının "Türklərin qızıl
dövrü" kitabında (Bakı, 2019, s.134) Məntəşə
bəyliyi kimi verilmişdir - Q.P.) izləri pək
yayılmış bir əşirət olduğu
üçün türk cameəsində (toplumunda) ismi
sıx-sıx anılır.
İbrahim
Səbəullah Heydəri yazır: "Bayat əşirəti
isə türkdürlər. IV Sultan Muradla gəldikləri
söylənməkdədir (Tamamilə yanlış fikirdir.
Əksinə, Sultan Murad İraqdan 12 bayatlı
musiqiçini özü ilə İstanbula
aparmışdı - Q.P.) Bayatların
İraqa girişlərinin mən (Şakir Sabir Zabit - Q.P.)
İslam çağında İraqa girən
türk dalğalarilə birlikdə ən doğru olduğunu
görməkdəyəm.
Bu dalğalar buyihilər, səlcuqilər, moğollar və
türkman dalğalarıdır.
Birinci dalğanın yayılma-yerləşmə
bölgəsi İraqın güneyi, ikinci dalğa güney və
quzeyi, üçüncü və dördüncü
dalğalar isə daha çox İraqın quzeyində qərar
tutmuşdular.
İraqa girən birinci türk dalğası
dörd əsr (54-447 hicri) bir müddət
sürmüşdür. Ərəb
komandanı Abdulla ibn Ziyadın Buxari türklərini Bəsrə
bölgəsinə göndərməsi və
yavaş-yavaş çoxalmaları və Əməvi dövləti
ordusunda türklərdən istifadə etməsi və güney
bölgəsində Həcaci bəginin qurduğu Vosat şəhərinə
türkləri götürüb yerləşdirməsi bizə
Əməvi əsrində İraqın güneyində
türklərin yerləşməsinə doğru göstərişdir.
Əməvilər dövründə İraqın
güneyində yerləşən türklərin
çoxalmaları Abbasilərin ilk günlərindən başlamışdır. Zatən Abbasi
dövlətinin quruluşunda türklərin böyük
rolları olmuşdur. Bu uğurda fədakarlıqla
çalışan Xorasanlı Aba Müslümün ordusunun
çoxunu türklər təşkil edirdi. Abbasi dövlətinin ordusunun və ya Abbasi
övladlarının ümumtürk ulusuna özəl sayğı
ilə baxmaları türklərin İraqa bol-bol girmələrinə
böyük yardım etmişdi.
Buyihilərdən öncə və zamanında
İraqın güneyində türklərin çoxalıb
yerləşmələrinə dair tarixlərdə qalın
çizgilər vardır - 323 hicri-935 miladidə İranda Mərdavicin
öldürülməsilə ordusundakı türklər
İraqa köç etmişdilər. Türk böyükləri Yaruq,
Bağra oğlu, Məhəmməd Yınal etibar edərək
türk komandanı Bəckəmin komandasında birdən
İraqa gəlib Güneydə - Vosat bölgəsində yerləşmişdilər.
Vosat əmiri Raiq oğlu yeni köç
türk dalğasına sayğı göstərib yerləşdiməklə
kifayətlənməyib, Mərdavic ordusundan İranda
dağınıq qalan türkləri də Bəckəmin
yardımı ilə İraqın güneyinə gətirmişdi.
Bu dalğa ilə İraqa bir yeni dalğa da Burya oğlu
Mərəddölə ordusu ilə hicri 334-935 miladidə gəlmişdi.
Burya ordusunda böyük türk kütlələri
var idi. Burya oğulları onlara güvənir
və sıxıntılarda onlara arxalanırdılar. Örnək olaraq hicri 345-956 miladi ilində baş
verən bir olayı veririk.
Əhvaz bölgəsində Vəndad
Xurşid oğlu Ruzbihan Mərəddöyləyə
qarşı savaşa girdi və ayaqlandı. Mərəddölə ona qarşı savaşa
türklərə arxalanaraq başlamışdı.
Qalib gəlincə ərmağan olaraq Vosat və Bəsrə
bölgələrində türklərə böyük yerlər
verdi.
Bu olaylara dayanaraq yuxarıda adı keçən Bayat
qalasının İranın Luristan hüdudu
yaxınlığında inşa olunmasını bu əsrlərə
aid edirəm.
Bayat qalasının Əməvilər zamanında
yapılmasını təxmin etsək, ona Buyihilər
dövründə Bayat adı verildiyini doğru
görürük. Bu, Bayatların orada çoxalıb yerləşmələri
ilə əlaqəli olduğuna işarədir. Əvət, Bayat adının o əsr kitablarında
gəlinməməsi ərəb yazarlarının Osman
türkləri qəbilə adları ilə deyil, yalnız
türk, ya Ğəz və ya Öz şəhərləri
adları ilə bilirdilər. Sağdı, Xəzri,
Buxari, Xorasani kimi Abbasilərin son əsrlərində
yazılan kitablarda türk əşirətlərinin adı
zikrə gəlməkdədir.
Bu çağda İraqın güneyinə yerləşən
Bayatlar olsun və ya digər türk əşirətlərindən
olsun yerlilərlə qarışaraq zamanla öz dillərini
qeyb edib izlərini yalnız adlarından anmaqdayıq.
Bu gün güneydə dal-budaq salmış (qol-budaq) bir
Ğəz əşirəti varsa da, bir tək söz türkcə
bilənləri yox. Bayatlar da eləcə. Bayat olduğunu bilir və soyad olaraq Bayatlar
qullanır. Amma Bayatın kim olduğunu bilməzlər.
İslam çağında İraqa girən bir digər
türk dalğası səlcuqlulardır. Bu
dalğanın böyüklüyünü olduğu kimi
görmək üçün İmadəddin İsfahaninin bu
sözlərini dinləyəlim, səlcuqların hökm
etdikləri böyük ölkəyi düşünəlim və
sonra bu ölkələrdəki türk topluluğunun səlcuqlar
əmrində olduqlarını anlayıb İraqa girişlərində
onlarla bərabər, Bayatların da bulunduqlarının müəqqəq
(doğru) olduğunu qəbul edərik.
İsfahanı Ceyhun nəhrindən Nisabura və Roya qədər
bölgə Quhtan ilə Cucan, Herat, Buşnəh, Səcistan və
uyğur diyarı səlcuq övladları arasında
bölünərək idarə edildiyini göstərməkdədir. İsfahanı İraqa girən
səlcuq ordusunu belə vəsf etməkdədir:
"Toğrul bəy səfərə niyyət etdi və sel
kimi atıldı. Ordusunun qaldırdığı toz
gündüzə gecə rəngi verdi".
Bu türk dalğasının hökmü
İraqda iki əsr (447 hicri - 656 hicri) sürmüşdür.
İstər səlcuq ordularilə, istərsə
də sonralar İraqa gələn türklər Güney və
Quzeydə yerləşmişdilər. Bayatların
bir qisminin gəlib Kərkük bölgəsində yerləşdikləri
mühəqqədir (gerçəkdir, doğrudur).
Bayatlar 3-cü və 4-cü dalğalarla daha çox
olaraq İraqa gəlib öncələri yerləşən
qardaşları bayatların məskunlaşdığı
bölgələrdə yerləşmişlərdi. Üçüncü
dalğaya özəl olaraq işarə etmək gərəkdir.
Keçən qonularda moğollar arasında yerləşən
və onlarla köç və hərb edən, birgə
yaşayan bayatlardan danışmışdıq. Və digər
yandan Xarəzmşahlar arasında və ordularında
bayatların böyük ölçüdə
olduqlarını bilmişdik. İştə
bu dalğa moğolların Xarəzm ölkəsini tar-mar edib,
şəhərlərini yandırıb, yerlisini əsir
alması və ya qılıncdan keçirməsi, onların
şəhərləri boşaldıb qərbə doğru
qaçmağa başlamasına səbəb olmuşdu.
Eyni səbəbdən son Xarəzm sultanı Cəlaləddin
belə ordusu və tabesindəkilərlə onların
dalınca qərbə qaçmış, bir müddət
İraqda qərar tutmuşdu. İştə bu vaxtlarda
bayatların böyük bir qismi də İraqa köçüb Kərkük
bölgəsindəki qardaşları bayatlarla birgə
yaşamağa başlamışdılar.
Xarəzm dövlətinin çökməsilə
moğollar İraqa girmiş və beləcə onlarla birgə
bayatların da burada çox böyük ölçüdə
yerləşdiklərini görürük.
Moğollar zamanında və arxasınca Cəlairiyə
və sonralar Teymurləng və daha sonralar Qaraqoyunlu və
Ağqoyunlu və daha sonra Səfəvilər və
Osmanlılar zamanında da daha çox türklərin
İraqda yerləşmələri olmuşdur. Bunların
arasında Bayatların bir qisminin olduğunu da doğru qəbul
edirik.
İndi İraqda yerləşən, dal-budaq (qol-budaq)
atan Bayatlar haqqında yazılan bilgiyi bildirməyə
başlayırıq.
Türk
Ensiklopediyası belə deyir: İraqdakı bayatlar, ümumiyyətlə,
Kərkük bölgəsində bulunurlardı. Bu bölgədəki türk xalqının
çoxu onlara (bayatlara - Q.P.) mənsubdur.
İraq Bayatlarının mühüm bir qismi
bugünə qədər əski
yaşayışlarını davam etdirmişdir. Bunlar 13 (on üç) qəbiləyə və hər
qəbilə də müxtəlif oymaqlara
ayrılmışdır. Böyük
türk şairi Füzuli də İraq Bayatlarındandır.
Türk musiqisi muğamlarından birinin adı
olan "Bayatı" muğamı Bayat türklərinə
nisbət edilərək bu ad verilmişdir. Bu muğamın IV Muradın Bağdad səfərindən
dönüşündə özü ilə bərabər gətirdiyi
iraqlı Bayat türklərindən 12 (on iki) musiqiçi vasitəsilə
İstanbula gətirilərək yayıldığı
söylənilir.
İbrahim
Əfəndi Subğəllah Heydəri isə 1286 hicridə
yazdığı kitabında belə deməkdədir: Bayat əşirəti
isə türkdürlər. Onlar çoxdurlar.
Əbid əşirəti ilə qonşuluq
dolayısilə yaşlıları ərəbcə bilirlər.
Bir qismi sünnü, bir qismi şiə məzhəbindədir.
1820-ci
miladi ilində Bayatların yaşadıqları bölgəyə
gələn gəzici (səyyah) Ceyms Edmondz Bayat haqqında belə
demişdir: "Bayat torpağı düzənlik olaraq Kifri təpələrindən
başlayaraq Çəmənədək uzanır. Bura da türkman bayatların
oturuş yerləridir".
Yanıma rəisləri Həsən bəy gəldi. Qaraquş
adı ilə tanınırdı. Bizi yeməyə
çağırdı. O, özünü təqdim
etdikdən sonra dedi ki, bu bölgə torpağı Sultan tərəfindən
bayatlara verilmişdir. Onlar dövlətə
vergi vermirlər. Yalnız Bağdad vilayətinə
əskəri yardım edirlər. Bayat rəisi
mənə bildirdi ki, Nadir şah bayatların çoxunu
Xorasana döndərmişdi. Qalanları
azdırlar. Ehtiyac olanda 1000 (min) atlı
çıxara bilirlər. O, bayatların İraqa gəlişi
vaxtlarını bilmirdi.
1237 hicridə
gəzinti yapan (səyahət edən) Mənşi Əl-Bağdadi deyir:
"Kifri ilə Tuz Xurmatu arasındakı bölgədə
Bayat əşirəti yaşamaqdadır. 1000
(min) evdir. Onlar türkcə
danışırlar. Bəziləri şiə,
bəziləri sünnüdürlər. Qiymətli
atları məşhurdur".
1917-ci miladi
ilində ingilislər tərəfindən hazırlanan gizli məlumatda
bayatlar haqqında belə yazılmışdır:
"Bayatlar türkcə və ərəbcə qonuşurlar. Heyvan saxlayırlar. Sayları
10000 (on min) evdir. Kifridən Qara təppə
və Tuza (Tuz Xurmatu - Q.P.) qədər bölgədə
yaşayırlar. Oymaqları: Əlbu Əli - 800 evdir;
Əmirli - 800 evdir; Bostamlı - 100 evdir; Əl Bəkr Əhməd
- 100 evdir. Əlbu Həsən, Həsən Zərliyə,
Əlbu Hüseyn, Əl Dalalua, Əlvazat, Əlbu Vali, Yengicə
və s.".
Bu gün İraqda yaşayan Bayatların bir qismi
dağınıq halda İraqın bir çox şəhər
və qəsəbələrində yaşamaqdadır. Bu
dağınıq yaşamağa səbəb o qəsəbə
və şəhərlərə dağınıq girişlərilə,
dağınıq olaraq yerəşmələridir. Bir səbəb isə yaşadıqları çox
köyləri susuz, əkinləri yağmura
bağlıdır. Münbit torpaq,
yağmurlu illərdə bayatlara bol-bol verim və səadət
verir. Yağmuru olmayan və ya az olan
illər onlara sıxıntı verir və onlar köç
etməyə məcbur olurlar. Bu köçlər
adətən öncələri yerləşən və
öz əşirətləri - Bayatların bulunduqları qəsəbə
və şəhərlərə edilir. Bir
qismi 2-ci və ya 3-cü illər kəndi köylərinə
dönər, bir qismi də yeni yaşayışını
xoş görüncə orada qalıb yaşar. Bu çeşid dağınıq Bayatların
çoxu öz dillərini unutmuşlar. Bayat
olduqları soy adlarından bəlli olur.
Bunlar
Bağdad, Hillə, Kut, Suveyrə və Güney bölgəsindəki
digər şəhər və qəsəbələrdə,
Xanaqın və Diala vilayətinin şəhər və qəsəbələrində,
Ərbil, Hədisə, Rəmişə, Əlqaim, Samara,
Quşçu, Tikrit, Nəbi Yunis, Həsam Əlil; Teləfərdə
Əmirli Birovuclu və digər Mosul köy və qəsəbələrdə
daha çox yaşamaqdadırlar. Bu
çeşid dağınıq yaşayan bayatların
sayları 7 (yeddi) mindən çoxdur.
Bayatlardan
böyükləri yetişmiş və İraq hökumətində
vəzirlər və daha digər yüksək vəzifəli
məmurlar yetişdiyi kimi, əskər olaraq bayatlardan genəl ordu rəis
arkan kimi yüksək vəzifəyə də yüksələn
olmuşdur. Fənni işlərdə yüksək
qabiliyyətli həkim, mühəndisvə mədəniyyət
sahəsində böyüklər və digər qiymətli
işçi və sənətçilər
yetişmişdir.
İkinci
qism Bayatlar toplu halında köylərdə yaşarlar: Kərkük,
Huvicə, Daquq, Tuz Xurmatu, Kifri, Qərə təppə
bölgələri ta Həmrin dağlarınadək bölgənin
çox köyləri Bayat köyləridir. Köy
həyatı yaşayan bayatlar əslən
yaradılışda uyğar (mədəni) türk soyundan
olmaqla XX əsrin çapuqca atladığı kültural
uyğarlıqda (mədəniyyət) çevrələrindəki
yer sıradan geri qalmayıb, daha başarılı və sərt
addımlarla onun işığı ilə irəliləməkdədir.
Türkcə qonuşurlar. Əzə
və Əbid ərəb qəbilələrilə qonşu
olan bayatlar ərəbcə də qonuşa bilir, onlara qız
verib, qız alırlar. Çox zaman
onların qoyun və heyvan sürüləri özəl
anlaşma ilə bayat yaylalarında otlayırlar.
Toplu halda köylərdə yaşayan bayatların
sayı 1957-ci ilin rəsmi qaynaqlarında 17455 nəfər
göstərilməkdədir. Beləliklə, dağınıq
halda yaşayan 7 minlə birgə Bayatların İraqdakı
sayı 25 (iyirmi beş) mini keçməkdədir.
Bayatlar İraqda dal-budaq atmış, böyük bir
türk əşirətidir. Oymaqları və
qolları köy adı ilə tanıdıldığı
kimi, bəzən baba və ya dədə adı ilə də
tanınır.
Bir
çox köylər bayat qolları adı ilə də
tanınır: Pir Əhmədli, Əzəddinli,
Allı-ballı, Mahmudlu, Səyadlı, Əlbu Həsən,
Qaranazlı, Xasadarlı, Əmirli, Qalaylı, Kərimli,
Quşçu və s.
Toplu halda
Bayatlar 64-dən artıq köydə: Qələ, Bostamlı,
Səyad, Əmirli, Biravçılı, Xasadarlı, Yeşil
təppə, Qaranar, Casim bəy, Başagələn,
Çardaqlı, Yengicə, Üç təppə, Zeydan, Həmidat,
Fəruq İsmayıl, Çərban, Salman bəy və s.
yaşayırlar.
Qəzənfər
Paşayev
Ədəbiyyat qəzeti.-
2021.- 28 avqust. S. 24.