Kinomuzda
qadınlar
İkinci yazı
1920-ci ilin aprelində Azərbaycan
XI Qızıl Ordu tərəfindən işğal edildi, milli
hökumət süqut etdi. Və bu tarixdən
etibarən nəinki Azərbaycan kinosunun, bütün ölkənin,
xalqın taleyi dəyişdi, kinoda da yeni mərhələ
başlandı. Kinematoqraf da başqa sənət
sahələri kimi bolşevik ideologiyasının güclü
silahına çevrildi.
Sənədli kinoda Azərbaycanda
Sovet hökumətinin qurulması əks olunurdu, müxtəlif
tədbirləri işıqlandıran kinoxronikalar çəkilirdi. Bədii kinoda yerli kadrlar əlbəttə
ki, az idi. Rejissorların,
operatorların, aktyorların böyük əksəriyyəti
ruslar idi. Çox vaxt yaradıcı qruplar
Azərbaycan adət-ənənələrini, mentalitetini bilmədiklərindən
filmlərdə səhvlər edirdilər. Məsələn,
"Bismillah" (1925) filmində kəndli mollanı
"müqəddəs ata" adlandırır. Halbuki bizdə mollanı bu cür
adlandırmayıblar.
Qeyri-adi süjet xəttinə malik
1923-cü ildə rejissor V.Ballyuzek tərəfindən çəkilən
"Qız qalası" filmi üstündən az qala yüz il ötməsinə baxmayaraq, Azərbaycan
tamaşaçısını təəccübləndirməkdədir.
Ssenarisi N.Breslav tərəfindən yazılan
"Qız qalası" filminin süjeti Bakıdakı qədim
Qız qalası haqqında əfsanədən
götürülüb. Filmdə insest
münasibətlərdən - atanın öz qızına
aşiq olub, onu əldə etmək istəyindən bəhs
olunur. Baxmayaraq ki, film ekranlara çıxanda
"Pravda", "Kinoqazet", "Kinonedelya" qəzetlərində
tənqid olunmuşdu, qeyd edilmişdi ki, filmin mövzusu aktual
deyil, rejissor işi isə pislənilmişdi, ancaq film
tamaşaçıların xoşuna gəlmişdi. Çünki səssiz və sözsüz
olmasına baxmayaraq, filmdəki hadisələrin
ardıcıllığı anlaşılan və maraqlı
idi.
Səssiz filmlərimizdə
diqqəti çəkən əsas xüsusiyyətlərdən
biri aktyor oyununun peşəkar səviyyədə
olmasıdır. Aktyorlar son dərəcə
inandırıcı oynayırlar. Hətta
biz sonrakı illərdə bu səviyyədə aktyor oyununu
görmürük. Bəlkə də
aktyorların oyununu məntiqsiz, mənasız dialoqlar
korlayır, pantomim oynayanda obrazlar daha canlı, daha
inandırıcı olur. Əsas kişi
rollarında yerli aktyorlardan İ.Hidayətzadə,
R.Darablı, K.Ziya, A.Gəraybəyli, İ.Azərin
oynayırdılar, əsas qadın rolunu isə rus kino və
sirk aktrisası Sofiya Jozeffi yaratmışdı. Sofiya Jozeffi 1923-1934-cü illərdə Azərbaycanda
və Gürcüstanda ona qədər filmdə çəkilmişdir.
Bunlardan ən məşhurları "Qız
qalası əfsanəsi" və "Savur məzar" filmləridir.
Aktrisa "Qız qalası əfsanəsi"
filmində iki obrazı canlandırır. Ana
Cəvahiri və qız Gülnarı. Cəvahir
Şirvan xanının qızıdır, sarayda məsud-xoşbəxt
yaşadığı halda, qəfil öyrənir ki, Səməd
xan onlara hücum edib, Şirvan xanının qoşunları məğlub
olub, Cəvahirin qardaşı isə əsir düşüb.
Qardaşının əsir düşməsi xəbərini alan Cəvahir bu xəbərə dözmür,
atını minib Səməd xanla görüşməyə
gedir. Xan qızının obrazına görə
mümkün olduğundan cəsur verilən Cəvahir cəsarəti
və gözəlliyi ilə Səməd xanı ovsunlayır.
O, nəinki Cəvahirin qardaşını əsirlikdən
azad edir, əsir götürdükləri başqa adamları
da, heyvanları, qənimətləri də geri yollayır. Sonra da qıza elçi düşür.
Cəvahirin qardaşı
döyüşdə cəsur, qorxmaz, güclü göstərilir. Hətta onun
qorxmazlığı subtitrlərdə dəfələrlə
vurğulanır. Ancaq əsir alınanda
xeyli zəiflik göstərir, hətta ağlayıb göz
yaşı tökür. Bacısı Cəvahirin
təkbaşına onun arxasınca gəldiyini görəndə
isə qəzəblənmək, təəccüblənmək,
yaxud heyifsilənmək əvəzinə, uşaq kimi sevinir.
Şirvan xanına - atasına Səməd
xanın Cəvahirə elçi düşdüyü xəbərini
isə xüsusi bir sevinclə verir, qızı ver, sülh
olsun deyir. Xan oğlunun xarakteri ziddiyyətli
göstərilib, qorxaqdır, yoxsa cəsurdu bilinmir.
Filmdə kütləvi
qadın səhnələri tez-tez yer alır. Səməd
xanın qoşunları kəndlərə hücum edir,
qız-gəlinlərin üstünə cumurlar. Qadınların üzündəki, gözündəki
qorxular iri planlarda ekranda göstərilir.
Səməd xanın
sarayına köçən Cəvahirin əvvəlcə
günləri xoş keçir. Baxmayaraq Səməd
xan qəddardır, ancaq məntiqsiz və qəddar qərarlar
verir, qabağına çıxanın başını kəsdirir,
gözünü çıxartdırır, zindana
atdırır. Ancaq xeyirxah qəlbli Cəvahiri
bunlar maraqlandırmır. O, xanla eyş-işrətdədir,
filmdə hətta erotik, öpüş səhnələri yer
alıb. 1923-cü ilin Azərbaycan kinosu
üçün bu səhnələr xeyli cəsarətlə
çəkilib.
Cəvahir zülm
qarşısında qətiyyət göstərmir, o, Səməd
xanı qəddarlıqdan çəkindirməyə
çalışmır da. Mümkündür ki,
Sovet kinotənqidçiləri də bu səbəblərdən
filmin mövzusunu aktual hesab etməsinlər.
Cəvahir doğuş
zamanı ölür, Səməd xan yeni doğulan
qızını görməyi belə arzulamır, onu bir
kasıb qarıya övladlığa verir. Gülnar
böyüyüb gənc qız olur, anası kimi gözəldir,
onun qədər cəsarətli və
çılğındır. Bir gün ova
çıxan Səməd xan öz qızına rast gəlir,
onun anasına bu qədər bənzəməsi xanı heyrətləndirir.
Qızını, yanındakı çoban
dostuyla birgə götürüb saraya gətirir.
Günlər keçdikcə
xan qızının gözəlliyinin şöhrəti hər
tərəfə yayılır. Qıza hər tərəfdən
elçilər gəlir, xan isə bütün elçiləri
əliboş yola salır. Çünki öz
qızına qarşı qarşısıalınmaz ehtiras
hiss edir, ona mərhum arvadı Cəvahiri xatırladan
qızına axır ki, ürəyini
açır. Hətta onu qucaqlayıb
dodaqlarından öpməyə çalışır,
Gülnar çox böyük çətinliklə
yaxasını atasının əlindən qurtarır. Günlər keçir, Gülnar atasına
qarşı dirəniş göstərir, yalvarır ki,
onları biabır etməsin. Ancaq Səməd
xan özüylə bacarmır. Axırda Gülnar şərt
qoyur: onda dənizin içində bir qala tikdir, mən
köçüm ora. O qalaya bizdən başqa heç kəsin
ayağı dəyməsin.
Xan ustalara əmr edir, gecə-gündüz
qalanın tikintisi üçün işlər gedir, nəhayət,
bir gün Qız qalası hazır olur.
Gülnar dərd-ələm
içində qalaya yollanır, çoban sevgilisi onu xilas etməyə
hazırdır. O, hətta qalanın girişində Səməd
xanı xəncərlə öldürür, yuxarı
Gülnarın yanına tələsir. Ancaq
Gülnar sevgilisinin ayaq səslərini tanıya bilmir,
yaxınlaşanın xan olduğunu zənn edib
özünü qaladan atır. Gülnar
pak məhəbbət naminə ölməyi,
rüsvayçılıqla yaşamaqdan üstün tutur.
Filmin çəkilişləri
o dövr üçün xüsusi çətinlikli çəkilişlər
idi. Dekorativ səhnə
avadanlıqları zəif idi, hətta bir səhnədə edam olunan adamın müqəvva olduğu
açıq-aydın bilinir, olduqca süni təsir
bağışlayır, hətta gülünc alınır. Çəkilişlərində 1500 adamın
iştirak etdiyi filmin xüsusən kütləvi səhnələrində
sünilik və bayağılıq çoxdur.
Bəzi tənqidçilərin
fikrincə, film C.Cabbarlının eyniadlı əsəri əsasında
çəkilib. Ancaq Cabbarlı özü bu barədə
heç bir yazısında məlumat verməyib, filmin titrlərində
də Cabbarlının adı çəkilmir.
Bütün
çatışmazlıqlarına baxmayaraq, "Qız
qalası əfsanəsi" filmi Azərbaycan kino tarixində
xüsusi yer tutur. Bu filmi kinomuzun inkişafında növbəti
əhəmiyyətli addım saymaq olar.
Filmin əsas qadın
obrazlarından olan Gülnar mübarizdir, Səməd xana
qarşı dirəniş göstərir, ağlını
işlətməyi də bacarır. O, Qız qalasının tikilməsini
istəməklə vaxt udur, bu müddətdə xanın
fikrindən daşınacağına, zamanla səhv yolda
olduğunu başa düşəcəyinə ümid edir. Təəssüf ki, Gülnarın başqa tədbiri
yoxdur, ağlına özgə çıxış yolu gəlmir.
Sarayda bağbanlıq edən çoban sevgilisi
də əvvəlcə qətiyyətsizlik göstərir,
Gülnarın onunla görüşməsini qadağan edir, əngəlləyirlər,
o, buna boyun əyib susur.
Gülnarın intiharı
onun üsyanı, mübarizəsi, qətiyyəti kimi verilsə
də, əslində o vaxtkı Sovet ideologiyası
üçün bu, qaneedici deyildi. Daha sonra Azərbaycan
kinosunda həm mənəvi, həm fiziki cəhətdən
böyük qələbələr əldə edən
qadın obrazlar yaranacaqdı.
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2021.- 28 avqust. S. 20.