Nə odu unutmaq olar bir anda, Nə də o gözlərdə yanan şöləni...

 

***

 

Bu qara gecələr qara bir quzu,

 

Bir sənsən, bir mənəm, nə səmir, nə səs.

 

Bil, ömür qorxusu, ölüm qorxusu

 

Məni istəyimdən döndərə bilməz...

 

 

Qaçdı, yersiz qoydu yer ayağımı,

 

Kədərin buz kimi nəzəri qədim.

 

Yağış da qapadı göz qapağımı,

 

Bilmirəm, mən onda niyə ölmədim.

 

 

Bu gün öz köçünü çəkib gedir may.

 

Bağlar qanadlıdı bülbül səsindən.

 

Mən niyə ölmədim, niyə, ay haray,

 

Sıyrılıb çıxmadım can həvəsindən.

 

 

Mən niyə ölmədim? Ancaq və ancaq,

 

Nəğməli bağlara saçılanda gün, -

 

Əlini əlimlə öpüb oxşamaq,

 

Sənə bu sözləri pıçıldamaqçün.

 

 

Mən niyə ölmədim, axı bir kərə

 

Başımın üstündə xaç duasıydı?!

 

Çünki məhəbbətim qara göylərə

 

Mənim həsrətimi çatdırasıydı.

 

 

Eh, Svetayeva, - nur var adında,

 

Gəlmişdi yanıma qaralanda şam.

 

Sən isə sakitcə quş qanadında

 

Yox olub harasa getdin o axşam.

 

 

Burax, qısqanclığı bir insan kimi,

 

Sussun stəkanda burulğan kimi.

 

Burax qısqanclığı, salma yada da,

 

Bir öyrən həyatda möcüzə nədir?

 

Elə o dünyada, bu dünyada da

 

Şair şeirlərin həsrətindədir.

 

 

Yer kürəsi

 

 

Qar yağır, önündə yollar ağappaq,

 

Ağarır saçında qışın dənləri;

 

Astaca-astaca qocalır torpaq,

 

Qocaldır dostları və düşmənləri...

 

 

Sakitdir qumsalda aran bulağı,

 

Qışın sorağını alıb doyunca.

 

Astaca-astaca həzinlik axır

 

Körpülər, naqillər, reslər boyunca.

 

 

Qar altda həyat var qışın qış günü,

 

Gördüyün aləmi duymadın yəni, -

 

Uyuyan torpaqdan alıb gücünü

 

Göyün günəşinə qoşan pöhrəni.

 

 

Sözünü deməyin yeridir bu gün:

 

- Dünyam - ay sonuncu ümid yelkəni.

 

De, sənə verdiyim hər əzab üçün,

 

Anam, bağışlaya bilərsən məni?!

 

***

 

Dünən pəncərəmi kimsə döyürdü,

 

Qorxu var şüşənin qərib səsində.

 

Dünən pəncərəmi kimsə döyürdü,

 

Evin səkkizinci mərtəbəsində.

 

 

Durub soruşmadım kimdir, nəçidir,

 

Açmadım pəncərə pərdələrini.

 

Evim göydələndə ovuc içidir,

 

Kim salıb üstümə yad nəzərini?

 

 

Dinmədim, qalığım qaldı qalıqda

 

Kim idi çağıran torpaqmı, göymü?!

 

Bir onu bildim ki, bu ucalıqda

 

Döyən, xeyirliyə pəncərə döymür.

 

 

 

Əks-səda

 

 

De özünə çəkən bizi

 

Gecə-gündüz nədir axı?

 

Hər istəyin öz xobbisi,

 

Hər arzunun öz marağı.

 

 

Yaşıl meşə düşür yada,

 

Dolaşıram aram-aram.

 

Və beləcə bir az səda,

 

Bir az da səs toplayaram.

 

 

Çağırıram, gözləyirəm,

 

Cavab gələr, cavab, əla.

 

Öz səsimi izləyirəm

 

Səsim məni salır yola.

 

 

Sirli nə var əxz eləyib

 

Qəribsəyib gecələri,

 

Güzgü kimi əks eləyib

 

Səsin dönür üzü bəri.

 

 

Əks-səda - solan çiçək,

 

Dönər geri bir gün əlbət,

 

Bəlkə gənclik, bəlkə külək,

 

Ya da bəlkə ilk məhəbbət.

 

***

 

Gecə. Daş yol. Qəm dolu sirr...

 

Dağ. Çayda sular qara.

 

Qayıq kimi qəfil fikir

 

Düşür uzaq yollara.

 

 

Çıxır qışım, gəlir yazım,

 

Alma, armud dəyə ki.

 

Dünyada yaşamaq lazım

 

Anlamıram niyə ki?!

 

 

İşığımı söndürdülər,

 

Maşındanmı gələn səs?!

 

Əylədilər, mindirdilər

 

Rəhmə gəlib neçin bəs?

 

 

***

 

Sanki baha rəsmlərin

 

Sərgisi küçə;

 

Arasıyla evlərin

 

Gedirəm təkcə.

 

 

Təmizlik, boşluq, ürək

 

Ötür eləcə...

 

Göydən ekrandakıtək

 

Yox olur gecə.

 

 

Qaranlıq məhəllələr,

 

Yarıişıq xiyaban.

 

Gələr ürəyə təpər,

 

Gözə işıq anbaan.

 

 

Kurortda

 

 

Elə bil boy atır xəstəlik yaşla,

 

Gah ordan, gah burdan dərd verir bizə.

 

Səhərdir... Elə bil üz tutub marşla

 

Piyada alayı gedir dənizə.

 

 

Bu gün ruzigarın da sifəti bəddir,

 

Yollar da bürünüb dumana, çənə.

 

Bu yaşamaq deyil, istirahətdir,

 

Ayrıca otaq da veriblər mənə.

 

 

Xəstəlik...Taleyim nazildi tükcə,

 

Kurort... Xidmətçilər, təcili yardım.

 

Ayı şikarına gedərdim təkcə,

 

Bir vaxt baxışımla bülbül tutardım.

 

 

Uyuda bilmədi ruhumu canlar

 

Kim bilir haraya yol gedir gecə.

 

Dincəlim beləcə, işdən çıxanlar

 

Ömrü tükənənlər dincəlir necə...

 

 

***

 

Bir arzum var idi dağları görmək,

 

Zirvəsi göylərə yol olsun mənə.

 

Orda buz nəfəsi gətirir külək

 

Əlçatmaz küləklər dönür yelkənə.

 

 

Gedirdim gözlərim yol çəkə-çəkə

 

Yoluma naxışlar salırdı sazaq.

 

Yaşaya bilməzdim dünyada bəlkə

 

Bu uca, əbədi dağlardan uzaq.

 

 

Bir arzum var idi haçandan bəri,

 

Uzaq dənizlərdə başım qarışa:

 

Ordakı qızılı su pəriləri

 

Üzür dalğalarla girib yarışa.

 

 

Yetişdim arzuma, bu su, bu liman,

 

Amma ürəyimdə özgə qəm də var.

 

Yaşaya bilərdim orda çox güman

 

Dəli dalğaların səsindən kənar.

 

 

Sən özün bilirdin bir arzum da var,

 

Arzum gözlərindir dəryadan dərin.

 

Onlarda günəşin atəşi yanar,

 

Yanar genişliyi ulu göylərin.

 

 

Arzuma yetişdim dan qızaranda,

 

Gözlərin axtarıb tapanda məni.

 

Nə odu unutmaq olar bir anda,

 

Nə də o gözlərdə yanan şöləni...

 

 

Qleb Qorbovski

Ədəbiyyat qəzeti.- 2021.- 28 avqust. S. 15.