"Astaca-astaca
qocalır torpaq, Qocaldır dostları və düşmənləri..."
Dünyanı qasıb-qovuran yayın amansız istisindən
və yay qızmarlığından, hətta bu
qızmarlığın törətdiyi orman
yanğınlarından da on qat ağır olan pandemiya qabarma və
çəkilmələrindən kəndimizə "anamdan ömürlü,
məndən vəfalı" qapısını yalnız
ağacdələnlərin döydüyü evimizə
sığınmışam. Doğrudur, bu, qapısını
ağacdələnlərin döydüyü ev
deyil. 40-50 il əvvəl elə beləcə
də yazmışdım: Evinin yanında ev tikdim, ana, Qəbrinin
yanında qəbrim olaydı. (Birinci arzu yerinə yetirildi,
qaldı ikinci arzu...). Yəni bu, ağacdələnlərin
qapısını döydüyü evin qonşuluğunda
tikilən evdi...Və bir neçə ay bundan əvvəl
şair dostum Sabir Rüstəmxanlı kimsəsiz və yetim
qalan evimi ziyarət edib internetdə ağacdələn və
qapalı qapı məsələsini də xatırladanda, elə
onunla birlikdə evimi ziyarətə gələn birisi də
başqa bir adla şərh yazmışdı ki, daha
M.İsmayılın dəmir qapılı evini ağacdələnlər
döyəsi deyil. Amma eyham sahibi
gözünün önündəki üzü dəmir
qapıya baxan mazutlu elektrik dirəyini görməzlikdən gəlməsəydi,
orda bir yox, dörd ağacdələn yuvası görər və
təbiətin bu möcüzəsi qarşısında
çaşıb qalardı. Məqsədim
bu yazıda kiməsə cavab vermək deyil, sadəcə onu
xatırladım ki, dünyanın mübarək quşu
ağacdələn (ya da ağacdələnlər!) hardasa,
altmış ildir ki, o yetim evə keşik çəkməkdədir
və bu keşikçəkməyin özü də
başlı-başına gözlə görünən bir
möcüzədir. Və onlar sanki uzaq gənclik
illərində qalan heyrətini itirməkdə olan
möcüzə inamımı ömrün səksənində
də dimdik ayaqda saxlamaq üçün başqa bir yerdə
yox gözlə görüləsi, hardasa əllə
tutulası bir ucalıqdan boy göstərməkdədir.
Bu yazı, əlbəttə, möcüzə
isbatı üçün yazılmır, sadəcə, evimdəyəm
və evin pəncərəsindən dirəkdəki (həm də
mazutlu dirəkdəki!) dörd ağacdələn yuvası
möcüzənin yollara baxmaqdan qaralan yarıkor gözlər
kimi məni izləməkdə olduğundan yazımda özlərinə
yer tapdılar.
Son günlər məlum Jirinovski hədyanları və
bu hədyanlara İ.Vahabzadənin yerində verdiyi tutarlı
cavabı ətrafında gərək rus, gərəksə də
bizim mətbuatımızda polemikalar səngimək bilmir. Əlbəttə,
bir çox arqumetlərinə görə mən İ.Vahabzadəni
dəstəkləyirəm və Azərbaycandan İ.Vahabzadəyə
qarşı baş qaldıranların kimliyi və mənsubiyyətləri
isə elə bu baş qaldırılardan aydın olur. Fikrimdə bu polemikalara qatılmaq hissi baş
qaldıranda təsadüfən evdəki kitablarımın
arasından köhnə bir dəftər əlimə keçəcəkdi,
bu dəftər və bu dəftərdə olanlar məni
başqa bir yönə istiqamətləndirəcəkdi.
Dəftərdəki şeirlər nə zamansa, yəqin ki,
hardasa 30-35 il əvvəl Leninqradın
önəmli şairi rəhmətlik Qleb Qorbovskidən etdiyim
tərcümələrdi... Bu tərcümələri oxuduqca
xəyal məni gəncliyimin, həm də qaynar gəncliyimin
iki ilini qoyub gəldiyim və Anadolu türkləri demişkən
Moskva ilə Leninqrad arasında məkik toxuduğum bir ömrə
bədəl olan o çağlara apardı... Leninqrad-Moskva...
Paytaxt missiyasını Moskvaya qapdırmış Leninqrad
hüznü, barışmazlığı,
küskünlüyü ilə, Moskva isə yeni paytaxt
olmanın qüruru və özünübəyənmişliyi
ilə bir-birinə qıyğacı gözlərlə
baxmadaydı... Leninqrad ədəbi mühiti Moskvanın, Moskva
ədəbi mühiti isə Leninqrad ədəbi mühitinin
hardasa "can düşməni" idi...
Amma Moskvada oxusam da tale məni Leninqrad ədəbi
mühitinə bağlamışdı. Bunun da əsaslı səbəbi
vardı:
Tale deyilən gözəgörünməzin önəmli
yönlərindən biri də bu gün atılan
addımın yarına bizi haraya götürəcəyini bilməməyimizdədir. Və bir
şeirdə deyildiyi kimi, "Baki kalan bu kubbədə bir
hoş səda imiş". Yazını
bilgisayarımın dəmir yaddaşına döyəcləyərkən
bugünkü ədəbi gəncliyin güman ki, adını
belə eşitmədiyi cəmi 26 yaşında o zamanların
şöhrətli nəşriyyatlarından biri olan "Gənclik"ə
baş redaktor qoyulan sonralar elə bu zamansız yüksəlişi
ilə həsəd ünvanına çevrildiyindən
zamansız da haqsız yerə işdən
çıxarılan və dünyasını dəyişən
Vidadi Paşayevi xatırlamağım səbəbsiz deyil.
Onun təşəbbüsü ilə gənc Azərbaycan
şairlərinin rus dilində almanaxı
hazırlanırdı. Zəng edib şeirlərimi istəmişdilər... Yayda kəndə istirahətə getməmişdən
əvvəl seçdiyim bir silsilə şeirimi
götürüb "Gənclik" nəşriyyatına
getmiş və Vidadiyə təqdim etmişdim. İstirahətdən
qayıtdıqdan sonra ondan şeirlərimin taleyini soruşanda
bir-bir hansı gənc şairin şeirlərini tərcümə
üçün kimə verdiyini sadalamışdı:
- Bəs
mənim şeirlərimi kimə verdin? - deyə
soruşduğumda - hələ verməmişəm, Varvara
Konstantinova Bakıda yoxdur, gələndə ona təqdim
olunacaq, - cavabını vermişdi.
- Mənə
elə zəif şairin tərcüməsi lazım deyil deyib,
stolunun üstdən şeirlərimi götürməyimlə
qapıdan cıxmağım bir olmuşdu.
Aradan 2-3 ay keçəcək və o dövrün
Leninqradından bir məktub və tərcümə edilmiş
şeirlərimi alacaqdım. Məktubu adını
o zamanacan heç duymadığım şair Aleksandr
Kuşner göndərmişdi. Ona təqdim
olunan şeirlərimi tərcümə etdiyini və gərək
olsa, yenə tərcümə edə biləcəyini
yazmışdı. Bu məktubdan heç
nə başa düşməyəcəkdim. Hər
şərdə bir xeyir varmış!
Aradan az keçməmiş Vidadi mənə zəng
edəcəkdi. Sən demə, mən şeirlərimi
götürüb getdikdən sonra Moskvadan Bakıya gələn
Alla Axundova Vidadi ilə görüşəndə Vidadi
olanları Alla xanıma danışıbmış. Alla xanım da Bakıdan birbaşa Leninqrada
uçacağını və orada çox önəmli bir
şair-tərcüməçi Saşa Kuşnerlə
görüşəcəyini, tərcümə
üçün mənim şeirlərimi ona verə biləcəyini
deyibmiş. (Alla xanımın dediyi kimi
olmuşdu). Vidadi bunları söylədikdən sonra
boynuma minnət də qoyacaqdı:
- Bax,
gördün, səni hamıdan daha istedadlı bir şair tərcümə
etdi.
Bu
söhbətimizdən az əvvəl
"Pravda" qəzetinin bütöv bir səhifəsində
iki şair ciddi tənqid olunmuşdu. Onlardan biri
də mənim yeni tərcüməçim, Vidadinin
öydüyü Aleksandr Kuşner idi. Və ona görə
də Vidadiyə iradımı da bildirdim:
- Yaman da
tərcüməçi tapmısan, get, oxu gör
"Pravda"da sənin təriflədiyin şair haqqında
nələr yazıblar. O da, - Kuşnerin şair kimi
böyüklü "Pravda"da tənqid
olunmasındadır, - vermiş dedi. Elə bilirsən
hər şairi "Pravda"da tənqid edirlər?
Almanax yayınlanar-yayınlanmaz Bakıdakı
bütün rusdilli qəzetlər kitab haqqında resenziyalar
çap edəcək və o resenziyalarda da ən çox təriflənən
A.Kuşnerin tərcümələri olacaqdı. (Əlbəttə,
bu təriflərin arxasında keyfiyyətlə yanaşı,
yəhudi tərəfkeşliyi də vardı!).
Sonralar
Moskvaya oxumağa gedəndə Kuşnerin tərcümələri
mənim "sənət pasportu"ma çevriləcək və
o "sənət pasportu" üzümə ən populyar
Moskva dərgilərinin qapısını taybatay
açacaqdı, çünki Kuşner o dönəmin ən
istedadlı şairlərindən biri idi və hər şairi
də tərcümə edən deyildi.
Bu haşiyəni çıxmaqda amacım mənim
hardasa ədəbi taleyimin Leninqradla necə
bağlanmasını xatırlamaqdı.
Yadımdadı,
Moskvada SSRİ Yazıçılar İttifaqının
İkiillik Ali Ədəbiyyat Kurslarında oxuduğum
zamanlarda, daha doğrusu, 1974-cü ildə şeirlərimi o
zamanların ən ünlü jurnallarından olan "Drujba
Narodov"un poeziya şöbəsinə
aparmışdım. Şöbə müdiri orta yaşlı
bir qadın idi: M.Dmitriyeva. Qadın A.Kuşnerin tərcümələrini
oxuyacaq və: A.Kuşner hər şairi tərcümə
etmir, etmişsə... Amma gəl, biz səninlə
belə şərt kəsək, hələ tərcümə
olunmamış sətri tərcümələrindən mənə
10 şeir gətir, onlara baxaq, deyəcəkdi.
Xanımın dediyi kimi də edəcəkdim... Bir həftədən
sonra fikrini soruşmağa gedəndə: - Şeirləriniz
çox xoşuma gəldi, elə oxuduğum gün onları
Leninqrada, A.Kuşnerə göndərdim. Kuşner
bəzi fikirləri dəqiqləşdirmək
üçün sizi Leninqrada - evinə dəvət edir, -
cavabını alacaqdım.
Beləcə,
ilk dəfə Leninqrada gedəcək, oranın ədəbi
mühiti ilə tanış olacaq, gəncliyinə
baxmayaraq A.Kuşnerin necə böyük nüfuza sahib olduğunun
şahidi olacaqdım. İndi kitablarım
arasından şeirlərinin tərcümələrini
tapdığım Qleb Qorbovski ilə də o səfərimdə
qarşılaşacaqdım. Onda hələ
İ.Brodskinin əsərlərinin SSRİ ərazisində
çap yasağı vardı. A.Kuşnerlə
İ.Brodskiy yaxın dost olduqlarından hansı yollarlasa əsərlərini
Kuşnerə göndərmişdi. Mən o əlyazmaları
özümlə Moskvaya götürəcəkdim, kurs
yoldaşlarım o şeirləri su kimi içəcəkdi.
Qısaca deyim ki, Kuşner o 10 şeirimi çox böyük
ustalıqla çevirəcək və o şeirlər
"Drujba Narodov" jurnalının 1975-ci il 2-ci nömrəsində
böyük yazıcımız Ç.Hüseynovun təqdimat
yazısı ilə çap oluncaq və təvazökarlıqdan
uzaq olsa da deyim ki, anındaca ölkə tənqidçilərinin
diqqətini çəkəcək, haqlarında
"Lit.qazeta"da və başqa qəzet və jurnallarda məqalələr
çıxacaqdı.Yəni ondan sonra tanınacaq və
bir-birinin ardınca Moskvada kitablarım çap olunacaqdı. Sonralar dəfələrlə müxtəlif səbəblərdən
Leninqradda olacaqdım. Amma onlardan yalnız
birinin burada xatırlanması yerinə düşərdi.
1999-cu ildə Rusiyada A.S.Puşkinin doğumunun 200 illiyi qeyd
olunurdu və o möhtəşəm yubileyə simvolik anlamda
hər il bir, yəni 200 ədəbiyyat
adamı dəvət olunmuşdu. Türkiyənin
və Qafqaz respublikalarının təmsilçisi kimi məni
də dəvət etmişdilər. Həqiqətən
də Leninqrad - bu Puşkin şəhəri yubileyə
çox möhtəşəm hazılaşmışdı.
Əlbəttə, mən burada o möhtəşəm
yubiley haqqında geniş yazmayacağam. Bu
ayrı bir zamanın işidir. Amma
günümüzün olayları ilə səsləşdiyindən
oradakı bir mübahisədə səsləndirdiyim fikirləri
burada da anımsatmaq istədim. O zaman hələ
Dağlıq Qarabağ olaylarının ağrılı
çağları idi... Mübahisə və
müzakirələrdə bu ağrılı mövzu da
gündəmə gəlirdi. O mübahisələrdə
ağlıma gələn və müsahiblərimi bir az da
çaşdıran fikirlərimi oxucularımla burda da
bölüşmək istəyirəm: Rus orduları Anadoludan
XIX əsrin sonlarında, Azərbaycandan isə 1990-larda çəkilməyə
məcbur oldu, amma rus ədəbiyyatı və
kültürünün mənəvi təsir və
"istilası" Anadoluda, Azərbaycanda hələ də
davam edir və yəqin ki, yüzillər boyu da davam edəcək.
Türkiyədə Dünya yazarları
arasında əsərləri ən çox tərcümə
olunan böyük rus yazarlarıdır, bunu eyni ilə Azərbaycan
ədəbi mühiti üçün də deyə bilərik.
Yəni xalqlar bir-birlərinin torpaqlarını
işğal etmək yox, mənəvi yöndən təsir
etməyi bacarmalıdırlar. Bir Rusiyada iki Rusiya var: Bir
İ.Qroznının, I Pyotrun, Kutuzovun, Suvorovun və nəhayətində
rus olmaya-olmaya rusların adıyla danışan Jirinovskilərin,
Solovyovların, hansısa yanların Rusiyası, bir də var
L.Tolstoyların, Qoqolların, Dostoyevskilərin,
Çexovların Rusiyası... (Dünyanın hansı ölkəsində
ədəbi sorğu keçirilsə, çox oxunan və
sevilən dünya yazıcıları arasında rus
yazıçı və şairlərinin adları çoxluq
təşkil edər...).
Biz, əlbəttə ki, sonuncuların Rusiyasını
sevir və təqdir edirik. Bu gün şeirlərini "Ədəbiyyat
qəzeti"nin sayqıdəyər
oxucularına təqdim etmək istədiyim Q.Qorbovski də
öz çapında təqdir olunası bir sənətkar
idi. Şeirlərini oxusanız, bunun həqiqətən
belə olduğunu görəcəksiniz.
Tovuz,
Əsrik
Məmməd
İSMAYIL
Ədəbiyyat qəzeti.-
2021.- 28 avqust. S. 14.