Görkəmli mətnşünas - dilçi alim

 

AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu "Orta əsrlərdə Azərbaycan tərcümə sənəti", "M.Füzulinin "Hədiqətüs-süəda", "XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə", Şirazinin "Gülşəni-raz", Əhmədinin "Əsrarnamə", "Şeyx Səfi təzkirəsi" ("Səfvətüs-səfa" XVI əsr türk tərcüməsi), XVI əsr Azərbaycan tərcümə əsəri "Kəvamilüt-təbir", A.Bakıxanovun "Riyazül-qüds" əsəri klassik tərcümə nümunəsi", "Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər", "Şühədanamə", "Dədə Qorqud"un Günbəd əlyazması: Tənqidi mətn, tekstoloji-filoloji araşdırma və sözlük" kimi 60-dan artıq sanballı monoqrafiya, tərcümə və kitabın, 500-dən çox məqalənin müəllifidir. Alim Azərbaycan ədəbi dilində tərcüməçünaslığın aktual problemlərinə, ümumən, Azərbaycan mədəniyyətində tərcümə tarixi, eləcə də onların mətnşünaslıq, ədəbiyyat tarixi, dil tarixi məsələləri ilə əlaqəli tədqiqatlar müəllifi kimi tanınır, qiymətləndirilir. Zəhmətkeş alim filologiya sahəsində farsdilli və türkdilli abidələrin tədqiqi və elmi baxımdan araşdırılmasında ardıcıl, son dərəcə səmərəli fəaliyyət göstərən görkəmli alimdir.

 

M.Nağısoylunun "XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə" (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)" və "XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi və dil xüsusiyyətləri)" adlı tədqiqatları Azərbaycanda paleoqrafiya və tərcümə tarixinə həsr olunmuş ilk ciddi elmi araşdırmalardır. Onun "Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti" (Bakı, 2000), "M.Füzulinin "Hədiqətüs-süəda" əsəri" (Bakı, 2002), "XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə" (Bakı, 2003), "Şirazinin "Gülşəni-raz" tərcüməsi" (Bakı, 2004), "Əhmədinin "Əsrarnamə" tərcüməsi" (Bakı, 2005), "Həzininin "Hədisi-ərbəin" tərcüməsi" (Bakı, 2008) kitabları milli Azərbaycan humanitar elminin inkişafında mühüm rol oynamışdır. Alimin elmi araşdırmaları əsasən Orta yüzilliklərdə olan mənbələrin fars dilindən Azərbaycan dilinə tərcümə edilməsinə və həmin əlyazmaların mətnşünaslıq və dilçilik baxımından tədqiqinə həsr olunmuşdur.

 

Möhsün Nağısoylu Əlyazmalar İnstitutunda işlədiyi 44 il ərzində, əsasən, farsdilli və türkdilli əlyazmaların tədqiqi sahəsində çalışmış, hazırladığı elmi təsvirlər farsdilli əlyazmalar kataloquna daxil edilmişdir. 1988-2015-ci illərdə AMEA Əlyazmalar İnstitutunun "Farsdilli əlyazmaların tədqiqi" şöbəsinin müdiri olmuşdur. İnstitutda işlədiyi 28 il müddətində rəhbərlik etdiyi şöbədə əsasən farsdilli və türkdilli əlyazmaların tədqiqi sahəsində çalışmışdır. Onun "Orta əsrlərdə Azərbaycan tərcümə sənəti" (Bakı, Elm, 2000) adlı monoqrafiyası xüsusilə qeyd olunmalıdır. İstər Azərbaycan ədəbiyyatı tarixi, istərsə də ədəbi dil tarixinin ətraflı araşdırılması üçün çox dəyərli bir tədqiqat sayılan bu kitabda qoyulan problemlər aktuallığı, elmi yeniliyi və yüksək peşəkarlıqla işlənməsi ilə diqqəti cəlb edir. Tədqiqatçı bu kitabında ilk dəfə olaraq Şərq klassik tərcümə sənətinin növ və xüsusiyyətlərini ətraflı şəkildə araşdırmış və indiyədək elm aləminə bəlli olmayan bir sıra klassik Azərbaycan tərcümə örnəyini üzə çıxarmışdır. M.Nağısoylunun bu araşdırması təkcə Azərbaycan tədqiqatçıları tərəfindən deyil, eləcə də İran, Türkiyə və Almaniyanın türkoloq alimləri tərəfindən yüksək qiymətləndirilmiş, bir sıra araşdırmalarda ondan istifadə edilmişdir.

 

M.Z.Nağısoylu Azərbaycan filologiyasında yeni bir sahə olan linqvistik mətnşünaslıq üzrə ciddi və sanballı araşdırmalar müəllifi kimi tanınır. Onun XV-XVI əsrlərə aid tərcümə abidələri üzərindəki mətnşünaslıq və dilçilik aspektində apardığı araşdırmalarında həmin əlyazmalarda işlənən ayrı-ayrı söz və ifadələrin məhz klassiklər tərəfindən ilk dəfə yazılı ədəbi dilimizə gətirilməsi faktları üzə çıxarılmışdır. Bu baxımdan M.Nağısoylunun daha bir sanballı elmi araşdırması - "Şirazinin "Gülşəni-raz" tərcüməsi" adlı kitabıdır (Bakı, Nurlan, 2004). Əsərin "Gülşəni-raz" tərcüməsi ilə onun farsca orijinalının müqayisəli tekstoloji tədqiqinə həsr olunmuş bölməsi tərcümə ədəbiyyatı tarixinin araşdırılması baxımından və tərcümənin mətninin düzgün qavranılıb anlaşılması üçün çox əhəmiyyətlidir. Xüsusilə, tərcümənin dil xüsusiyyətləri geniş təhlil edilmiş, onun ümumxalq danışıq dilində qələmə alınması və XIV-XV əsrlərin anadilli məsnəvlərini xatırlatması qeyd edilmişdir.

 

Azərbaycan ədəbiyyatı tarixinin ən məhsuldar dövrlərindən biri olan XVI yüzilliyin əlamətdar ədəbi hadisələrindən biri də ərəb və fars dillərindən ana dilimizə tərcümə edilmiş bir sıra dəyərli bədii tərcümə nümunələrinin ortaya çıxmasıdır. Müəllif bu dövrlə bağlı dahi Füzulinin qüdrətli qələmindən çıxmış "Hədiqətüs-süəda" və Həzinin "Hədisi-ərbəin", "Məhəmməd bin Hüseyn Katib Nişatinin "Şühədanamə", "Şeyx Səfi təzkirəsi", Məqsudi təxəllüsü şair-mütərcimin "Möcüz-namə", Əbdulhadi Bəvazicinin "Kəvamilüt-təbir", Mahmud Şirvaninin "Xəridətül-əcaib" kimi tərcümə əsərləri haqqında tədqiqatlar aparmışdır. Bu tədqiqatlar XVI əsrə aid tərcümə örnəklərimiz, həm də dövrün bədii nəsr sənətinin tədqiqi baxımından olduqca dəyərli və əvəzsiz qaynaqlardır. İlk dəfə olaraq M.Nağısoylu tərəfindən Həzininin "Hədisi-ərbəin" tərcüməsi Nəsimi "Divan"ı və Xətainin "Dəhnamə" məsnəvisi ilə müqayisə edilərək təhlil edilmişdir. XVI əsr Azərbaycan şairi-mütərcimi Həzinin "Hədisi-ərbəin" tərcüməsi haqqında ilk müstəqil monoqrafik araşdırma olan bu kitabda əsər klassik Azərbaycan tərcümə ədəbiyyatı nümunəsi kimi yığcam şəkildə filoloji-tekstoloji araşdırmaya cəlb olunmuşdur.

 

Görkəmli alimin A.Bakıxanovun "Riyazül-qüds" əsərinə həsr etdiyi kitabı da ilk növbədə elmi yeniliyi və qoyulan problemlərin istər ədəbiyyatşünaslıq, istərsə də ədəbi dil tarixi üçün xüsusi əhəmiyyət daşıması ilə diqqəti cəlb edir. Bu baxımdan XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan A. Bakıxanovun indiyədək öyrənilməmiş, tədqiqatdan kənarda qalmış "Riyazül-qüds" əsərinin monoqrafik şəkildə tədqiq etmişdir. Belə əsərlərdən biri də XVI əsr Azərbaycan tərcümə əsəri "Kəvamilüt-təbir"dir. Əsəri ayrıca tədqiqat obyekti kimi seçən müəllif onu filoloji-tekstoloji baxımdan geniş və hərtərəfli şəkildə tədqiq etmişdir. Tədqiqatçı öncə əsərin farsca orijinalının müəllifi Hübeyş Tiflisi haqqında, daha sonra monoqrafiyanın ikinci fəslində Bəvazicinin "Kəvamilüt-təbir" tərcüməsi və onun beş əlyazması haqqında məlumat vermiş, tarixi orfoqrafiya və fonetikaya aid materialların təhlilini aparmışdır. Əsərin tərcümə xüsusiyyətlərinə xüsusi yer ayıran M.Nağısoylu Bəvazicinin tərcümə metodunu təhlil etmiş, onun tərcümə zamanı farsca orijinalın tərcüməsi ilə yanaşı, başqa yuxuyozumu kitablarından topladığı materialları da tərcüməyə əlavə etdiyini, nəticə etibarilə türkcə daha mükəmməl təbir kitabı hazırladığını qeyd etmişdir. Bu əsər eyni zamanda M.Nağısoylunun əlyazmaşünas- mətnşünas kimi müşahidə və təhlil aparma səriştəsindən, bilik və maraq dairəsinin genişliyindən xəbər verir. Bu əsərlər ədəbi dil tarixi üçün dəyərli qaynaq olduğu kimi, elm və üslub tarixinin, etnoqrafiyanın tədqiqi yönündən də əvəzsiz yazılı mənbələrdir. Alimin əsas tədqiqat obyekti olan Orta əsr Azərbaycan yazılı tərcümə abidələri milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsidir. Bu baxımdan onun araşdırmaları klassik ədəbiyyatımızın hərtərəfli tədqiqi üçün mühüm əhəmiyyət daşıyır. AMEA-nın nəşr etdiyi "Azərbaycan ədəbiyyatı tarixi" kitabının III cildində (B., 2009) alimin tədqiqatlarından istifadə edilmişdir.

 

M.Nağısoylu yaradıcılığının mühüm hissəsini tərcümə tarixinin tədqiqi təşkil edir. Müəllif tərəfindən Azərbaycanda bədii tərcümənin qədim tarixi və zəngin ənənələri geniş şəkildə araşdırılmış və "Kitabi-Dədə Qorqud" dastanlarında "Qurani-Kərim"in 112-ci ("İxlas") surəsinin sərbəst bədii tərcüməsi tərcüməşünaslığın ilk nümunəsi hesab edilmişdir. Müəllifin qeyd etdiyi kimi, XIV əsrdən əvvəl də Azərbaycan dilinə tərcümələr olsa da, onların bir çoxu müasir dövrümüzə gəlib çatmamışdır. Azərbaycanda tərcüməşünaslığın tarixinin başlanğıcı isə Azərbaycan türklərinin qolu olan qaşqayların nümayəndəsi Məhəmməd ibn əl-Həcc Dövlətşah Şirazinin "Qurani-Kərim"in tam mətni ilə sətiraltı tərcüməsinin (İstanbuldakı "Türk və islam əsərləri muzeyi"ndə saxlanılır) yazıldığı xüsusi vurğulanır. Xüsusilə, ən mükəmməl tərcümə əsərləri kimi Şeyx Mahmud Şəbüstərinin fars dilində yazdığı "Gülşəni-raz" məsnəvisinin Şeyx Vəli Şirazi, XVI əsrin ən mükəmməl tərcümə nümunələri kimi "Hədisi-ərbəin" ("Qırx hədis") və "Hədiqətüs-süəda"nın ("Xoşbəxtlər bağı"), XVII əsrə aid Azərbaycan bədii tərcümə ədəbiyyatının ən dəyərli nümunəsi sayılan Şirazinin əsərinin Məhəmməd ibn Hüseyn Rəvani tərəfindən tərcümə edilməsi araşdırılmışdır. M.Nağısoylu XIX əsrdə tərcümənin genişlənməsi, təkcə ərəb və fars dillərindən deyil, rus və digər dillərdən də tərcümələr edilməsi haqqında da tədqiqat aparmışdır. Buna görə də XIX əsr və XX əsrin tərcümə ədəbiyyatı müəllif tərəfindən iki qrupa ayrılmışdır: 1) Şərq ədəbiyyatından, əsasən də fars dilindən edilən tərcümələr; 2) Rus və Avropa ədəbiyyatından edilən tərcümələr.

 

Bununla yanaşı, Möhsün Nağısoylu bacarıqlı və istedadlı bir tərcüməçidir. O, uzun illər Əfqanıstanda fars (dəri) dili üzrə tərcüməçi işləməklə yanaşı, fars dilindən bir sıra kitabı da Azərbaycan dilinə tərcümə etmişdir. Alim tərəfindən S. Bəlağinin "Quran qissələri", Ə Bəxşayişinin "Sidiqiye-Tahirə", Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz", Seyid Yəyha Bakuvinin "Şərhi-sualati-Gülşəni-əsrar" əsərləri tərcümə edilmişdir. Tərcümə tarixi sahəsində tanınmış mütəxəssis kimi tanınan alimin tərcümələri sırasında İran alimi Sədrəddin Bəlağinin "Quran qissələri" kitabının tərcüməsi xüsusi yer tutur. Möhsün Nağısoylunun aydın və axıcı bir dillə tərcümə etdiyi "Quran qissələri" kitabından respublikamızın ayrı-ayrı təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə olunur. Klassik ədəbiyyatımız üçün böyük rol oynayan bu əsər 2001 və 2006-cı illərdə İranın paytaxtı Tehranda və Qum şəhərində təkrar nəşr olunmuşdur. Bu baxımdan Azərbaycanda qədim tərcümə mətnlərinin öyrənilməsi daha çox Möhsün Nağısoylunun adı ilə bağlıdır.

 

 

 

Onun yaradıcılığında Orta yüzilliklərin yadigarları olan klassik farsca-türkcə lüğətlər, ortaçağda Azərbaycanda və bütövlükdə türk dünyasında lüğətçilik sənətinin geniş yayılması, lüğətçiliyin uzun bir inkişaf yolu keçdiyi və get-gedə təkmilləşdiyi təhlil olunmuşdur. Lüğətçiliyin tarixini, onun keçib gəldiyi inkişaf yollarını dərindən təhlil etməklə, türk sistemli dillərin qədim bir tarixə malik olması əsaslandırılır. Bununla da Möhsün Nağısoylunun elmi fəaliyyətində bir-birini tamamlayan iki əsas istiqamət diqqəti cəlb edir: Orta əsrlər tərcümə abidələrinin və Orta əsrlər türkdilli yazılı abidələrin tədqiqi və nəşri. Onun elmi yaradıcılığının ana xəttini elmimizin və ədəbiyyatımızın aparıcı qollarından birini təşkil edən, Orta əsrlərdə müxtəlif dillərdən tərcümə edilmiş abidələrin dilçilik baxımından araşdırılması təşkil edir. Orta əsr ümumtürk ədəbiyyatının ən qiymətli nümunələrinin yorulmaz tədqiqatçısı, linqvistik mətnşünaslıq sahəsinə dair dəyərli elmi araşdırmaların müəllifi, xüsusən də farsdilli yazılı abidələrin peşəkar tərcüməçisi, Azərbaycan tərcümə ədəbiyyatının inkişafında xidmətləri olan şərqşünas alim, akademik Möhsün Nağısoylu tərcümə etdiyi əsərlərlə ədəbiyyatımıza, ümumilikdə mədəniyyətimizə dəyərli töhfələr vermişdir. Öz dəsti-xətti ilə seçilən, ardıcıl və səmərəli elmi fəaliyyət göstərən tanınmış əlyazmaşünas - mətnşünas son illərdə klassik Azərbaycan tərcümə ədəbiyyatının ilkin qaynaqları - əlyazmaları əsasında ilk dəfə tərtib edib nəşrə hazırladığı kitabları ilə filologiya elmimizdə özünəməxsus məktəb yaratmışdır.

 

Son zamanlar alimin Orta əsrlər yazılı abidələrinə, xüsusilə də klassik tərcümələrə həsr etdiyi neçə-neçə sanballı elmi monoqrafiyası işıq üzü görmüşdür. Bu monoqrafiyalarda tərcümə əsərlərinin dili geniş şəkildə təhlil edilmiş, dövrün dil xüsusiyyətləri bu mənbələr əsasında araşdırılmış, leksik ünsürlərin linqvistik- etimoloji açıqlaması verilmiş, müasir dil üçün arxaikləşmiş sözlərin Şiraziyə qədərki və ondan sonrakı dövr əsərlərində işlənmə məqamları dəqiqləşdirilmişdir. Bununla da klassik Azərbaycan tərcümə ədəbiyyatı nümunələrinin XV-XVI əsrlərdə daha geniş yayıldığını qeyd edən mətnşünas alim bunun həmin dövrdə milli ədəbi dilimizin güclü inkişafı ilə birbaşa bağlılığını vurğulayır. Ümumiyyətlə, onun yaradıcılığında Orta əsr tərcümə nümunələrinin orijinalı ilə müqayisəli tədqiqi nəticəsində tərcümə əsərlərinin keyfiyyəti ilə yanaşı, həmin əsərlərin tərcümə olunduğu Azərbaycan dilinin müxtəlif mərhələlərinin inkişaf səviyyəsi və zəngin linqvistik xüsusiyyətləri də müəyyənləşdirilmişdir.

 

M.Nağısoylunun hazırladığı elmi təsvirlər farsdilli əlyazmalar kataloqunun 1-ci, 2-ci və 3-cü cildlərinə daxil edilmiş, eyni zamanda bu kataloqun 2-ci və 3-cü cildlərinin redaktoru olmuşdur. Xacə Nəsirəddin Tusi, Səfiəddən Urməvi, Şeyx Əttar, Şeyx Mahmud Şəbüstəri kimi şairlərin əsərləri Azərbaycan dilinə tərcümə olunmuş, Əmir Şahi, Şərafəddin Rami Təbrizi divanlarının elmi-tənqidi mətnləri hazırlanmışdır. Alimin yaradıcılığının, elmi tədqiqatlarının böyük bir qismi Orta yüzilliklərə aid Azərbaycan-türk tərcümə ədəbiyyatı nümunələrinin filoloji təhlilinə həsr olunmuşdur. Görkəmli mətnşünas alimin bu missiyası Azərbaycan tərcüməşünaslığı, ədəbiyyatşünaslığı və ədəbi dil tarixi tədqiqatları üçün xüsusi əhəmiyyət daşıyır. Bu tərcümələrdə Azərbaycan ədəbiyyatının və dilçiliyinin Orta əsr mərhələsindəki mənbələr üzə çıxarılmış, elmi və bədii üslubun, eyni zamanda, dövrün spesifik tərcümə metod və üslubunun formalaşma prinsiplərinin müəyəynləşdirilməsi yolunda müəyyən addımlar atılmışdır. M.Nağısoylunun dəfələrlə əlifba dəyişikliyinə məruz qalmış Azərbaycan xalqının Orta əsrlərdəki elmi-ədəbi, mədəni tarixinin yaşadılması üçün gördüyü səmərəli fəaliyyət nəticəsində arxivdə saxlanılan bir çox əsərlər tərcümə edilərək müasir Azərbaycan oxucusuna təqdim edilmişdir. Tərcümə edilən əsərlər araşdırılarkən orijinal mətn ilə tərcümənin müqayisəli tədqiqi, tərcümə edilən və edilməyən yerlərin təyini, fərqlər və əlavələrin təsbiti mütərcimin mətn qarşısında mövqeyini ortaya qoyur. Alimin hər bir tərcümə əsərində tərcüməçinin üslubu, imzası aydın seçilir. Bu mühüm amil nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə akademik Möhsün Nağısoylunun "Seçilmiş əsərləri" (Bakı, 2017, "Elm" nəşriyyatı) 2 cilddə nəşr edilmişdir. Kitabda mətnşünas-dilçi alimin monoqrafiyaları və seçmə məqalələri toplanmışdır.

 

Görkəmli alimin lüğətçilik sahəsində də mühüm xidmətləri vardır. Müəllifin elmi yaradıcılığında lüğətçiliyin nəzəriyyə ilə tətbiqi məsələləri qarşılıqlı əlaqədə araşdırılmışdır. Onu dilçi-filoloq kimi xarakterizə edən əsas məziyyətlərdən biri də lüğətçilik sahəsində yeni lüğətlər tərtib etməsidir. M.Nağısoylunun rəhbərliyi və iştirakı ilə nəşr edilən "Farsca-azərbaycanca lüğət"ə 35 min söz və söz birləşməsi daxil edilmişdir. Lüğətin tərtibi zamanı müəllif tərəfindən çağdaş fars ədəbi dilinin rəngarəng və zəngin lüğət tərkibindəki mövcud sözlər üzərində bir növ seçmə əməliyyatı aparılmışdır. Əsasən klassik fars ədəbi dili üçün səciyyəvi olan və danışıq dilində çox işlənən ayrı-ayrı söz və ifadələr, eləcə də bir sıra yeni sözlər də ilk dəfə lüğətə daxil edilmişdir. Eləcə də "Azərbaycanca-farsca lüğət" də bu sahədə ilk vəsait, ilk addımdır. Lüğətin birinci cildi "A-Q" hərfləri akademik M.Nağısoylu tərəfindən tərtib edilmişdir. Lüğətdə hər bir söz özlüyündə müstəqil leksik materiala və quruluşa malik "söz-məqalə"dən ibarətdir. Lüğətin tərtibi zamanı Azərbaycan dilində işlənən müxtəlif mənbəli sözlər toplanmış və əsas sözün qarşılığı, bəzən sözlərin dəqiq izahları da verilmişdir. Sözlük Azərbaycan dilinin zəngin lüğət tərkibini özündə əks etdirir. İlk dəfə olaraq lüğətə daxil edilən bu qəbildən olan sözlərin farsca qarşılıqları neologizmlər verilmişdir. Fars dilində qarşılığı olmayan, nadir istifadə olunan sözlərin orijinaldakı formaları verilmişdir. Qeyd edək ki, lüğət Azərbaycan lüğətçiliyində qəbul edilmiş prinsiplər əsasında tərtib olunmuşdur.

 

Bununla yanaşı, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 28 iyun 2019-cu il tarixli qərarı ilə nəşr olunmuş "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin (7- ci nəşr: Bakı, Elm, 2021, 756 səh.) tərtib olunmasında M.Nağısoylunun mühüm xidməti olmuşdur. Akademik M.Nağısoylu tərəfindən yazılmış ön sözdə lüğətin tərtib olunma prinsipləri haqqında geniş məlumat verilmişdir. Azərbaycan dilinin orfoqrafiya lüğəti ədəbi dildə işlənən sözlərin düzgün yazılış formalarını özündə ehtiva edən və peşəsindən, vəzifəsindən asılı olmayaraq, həmin dilin daşıyıcısı olan hər bir kəsin, cəmiyyətin hər bir üzvünün - bir sözlə, bütün vətəndaşların istifadəsi üçün zəruri olan dəyərli və mötəbər bir qaynaq kimi stolüstü kitabdır. Yeni - "Azərbaycan dilinin orfoqrafıya lüğəti"nin yeddinci nəşrinə 90 minə yaxın söz daxil edilmişdir. Lüğətin yeni nəşri hazırlanarkən göstərilən qeydlər və təkliflər nəzərə alınmış və onların redaktə işləri M.Nağısoylu tərəfindən yerinə yetirilmişdir. Bununla yanaşı yeni orfoqrafiya lüğətinə əvvəlki nəşrdə olmayan 5.000-dən çox söz daxil edilmişdir. Bütövlükdə, yeni orfoqrafiya lüğətinin hazırlanmasında, ərsəyə gəlməsində M.Nağısoylunun mühüm əməyi olmuşdur.

 

M.Nağısoylu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının "Dilçilik və orfoqrafiya" bölməsinin sədridir. Onun rəhbərliyi ilə  dilçiliklə bağlı bir sıra lüğətlər müzakirə olunmuş və bu sahə ilə bağlı bir sıra lüğətlərin redaktoru və ön sözünün müəllifidir.

 

M.Nağısoylu 1993-cü ildən başlayaraq pedaqoji fəaliyyətlə də məşğul olur. Abituriyentlər üçün "Azərbaycan dili" (1999), "Ədəbiyyat" (2000), "Azərbaycan dili və ədəbiyyat" (2003) dərs vəsaitlərinin müəllifidir. Onun hazırladığı "Azərbaycan dili" dərs vəsaiti indiyədək 12 dəfə kütləvi şəkildə nəşr edilmişdir. Həmin kitab Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən dərs vəsaiti kimi tövsiyə edilmiş və məktəblərdə ondan dərs vəsaiti kimi istifadə olunur. Möhsün Nağısoylu 2015-ci ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktorudur. Akademik Möhsün Nağısoylu 2015-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktorudur. O, 30 ildir Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının, 2007-ci ildən Nizami adına Milli Ədəbiyyat Muzeyinin, akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində Müdafiə Şurasının üzvü olmuş, hazırda isə Nəsimi adına Dilçilik İnstitutunda İxtisaslaşdırılmış Müdafiə Şurasının sədridir. Akademiyanın həqiqi üzvü, bacarıqlı elm təşkilatçısı M.Nağısoylu hazırda "Dilçilik Institutunun əsərləri" elmi-nəzəri jurnalının baş redaktoru, ARNK yanında Terminologiya Komissiyasının "Dilçilik və orfoqrafiya" bölməsinin sədri, 2015-ci ildə təşkil olunmuş Dil Komissiyasının üzvüdür. M.Z.Nağısoylu Azərbaycan elminin nailiyyətlərini dünya miqyasında uğurla təbliğ edən fəal mövqeli bir alimdir. O, dünyanın müxtəlif elm mərkəzlərində - Almaniyanın, Türkiyənin, Rusiyanın müxtəlif şəhərlərində keçirilən Beynəlxalq elmi konfranslarda iştirak etmiş, türkologiya və Azərbaycan mətnşünaslığının, dilinin, ədəbiyyatının aktual problemləri ilə bağlı rus, fars və türk dillərində olan məruzələri dərin marağa səbəb olmuşdur. Onun kitabları Türkiyədə ("Nizami. İncilər"), İranda ("Farsca əlyazmalar toplusu") nəşr olunmuş, elmi məqalələri Tehranda, Kabildə, Ankarada, Konyada, Lefkoşada, Sankt-Peterburqda, Moskvada, Kazan və s. şəhərlərdə keçirilən beynəlxalq elmi konfransların materiallarında çap olunmuşdur. Elmi fəaliyyətinin bütün dövrlərində Azərbaycan filologiyasının ən aktual problemləri ilə bağlı araşdırmalar aparmış görkəmli alim istər elmi, istər pedaqoji, istərsə də təşkilatçı kimi ibrətamiz bir ömür sahibidir. Bir tədqiqatçı alim kimi səciyyələndirdikdə hər şeydən öncə xalqımızın mənəvi sərvəti olan əlyazmalar - qədim və orta əsrlərin bu əvəzsiz yazılı abidələri yada düşür. Tanınmış şərqşünas, mətnşünas-dilçi alim, akademik Möhsün Nağısoylu ömür yolunun yarım əsrini elmə, maarifə, milli-mənəvi sərvətimiz olan əlyazmaların tədqiqinə həsr etmiş və bu sahədə görkəmli bir tədqiqatçı kimi ədəbi məktəb yaratmışdır. Mənalı ömrünü yazılı abidələrə həsr etmiş və bu sahədə görkəmli bir tədqiqatçı kimi ədəbi məktəb yaratmış akademik Möhsün Nağısoylunun 75 illik yubileyini təbrik edir, bu istedadlı, zəhmətkeş alimə, qayğıkeş insana yeni-yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı arzu edirik.

 

 

Sayalı Sadıqova

Ədəbiyyat qəzeti.- 2021.- 28 avqust. S. 12-13.