"Filoloji
fantaziya" esseləri
Yazı və
metod - İkinci yazı
Yaxında hekayələrimizi tənqid edən, daha
doğrusu, müəllifin təbirincə, hekayə yaza bilməyən
nasirləri tənqid atəşinə tutan (bu sovetdənqalma
"atəş" termini həmin yazıyla münasibətdə
tam yerinə düşür) bir məqalə oxudum. Müəllif özü də
nasirdir, ona görə bu intonasiya ona görə bir az təhlükəli də səslənirdi.
Onun yazısında mənfilik və qüsurları nişan verən bir neçə passaj vardı
ki, hekayəçilərimiz üçün bunlar "zəif
bənd" hesab edilirdi. O məqalədə düzgün,
yerinə düşən, amma ümumi səciyyənin
qaraladığı qeydlər də vardı, məsələn,
hekayənin ustası olmaq gərək, irihəcmli romanlar yazan
bir müəllif hekayədə axsayar, özü də
çox asanlıqla. Ayxan Ayvaz belə yazırdı: Hekayə
çətin janrdır, az sözlə
söhbəti həll etməli, ab-hava yaratmalı və eyni
zamanda kiminsə təkrarı olmamalısan. Kiminsə
təkrarı olmamaq məsələsi əslində, hər
janra aiddir. Sadəcə, hekayədə bu
daha tez görünür. Hekayə
yazıçının gücünü o dəqiqə
göstərən janrdır. Yazıçı
var, romanlar yazır, povestlər yazır, ancaq hekayədə
axsayır.
Ayxanın
hekayə anlayışı təxminən belədir: Hekayə
yazan yazıçıların, xüsusilə gənclərin
hekayə adı altında yazdıqları əslində hekayə
deyil. Dəfələrlə onlara bunu izah etməyə
çalışmışam, alınmayıb. Yəqin ki, savadsızlığım, kifayət qədər
intellektual olmamağım burda xüsusi rol oynayıb. Heç olmasa bir ciddi, söhbəti bilən
intellektual bir ədəbiyyat adamı - tutaq ki, Qorxmaz Quliyev hekayə
haqqında qısa bir mühazirə desə və onlara hekayənin
nə olduğundan danışsa, kifayətdir.
Əlbəttə, kifayətdir. Müəllif
daha sonra davam edir: "Əgər yazdığın janrın
nə olduğunu bilmirsənsə, oyuna uduzmuş
başlayırsan deməkdir. Düşünün,
futbolçudur, amma futbolun nə olduğunu bilmir. Təbii ki, o, oyunda biabır olacaq. Hekayə əhvalat deyil. Bəli,
içində əhvalatı var. Ancaq yazılan hekayələrin
əksəriyyəti sadəcə əhvalatdan ibarətdir.
Hekayədən daha çox ovqat
yazılarına, xatirəyə bənzəyir. Bir az da oçerkə. Yəni hekayədən
başqa hər şeyə oxşayır. Ən
böyük problem məhz budur: yazdığın janra bələd
olmamaq".
Burda futbolla bağlı nümunə yəqin, təsdiqlərsiniz
ki, yerinə düşmür. Hekayə yazmaq heç bir mühazirə
ilə də başa gələn iş deyil. O ki qaldı
futbola... Bir dəfə institutda şahmat yarışı
keçirilirdi, məlum oldu ki, komandanın kapitanı
şahmatı heç bilmirmiş, yəni gedişləri belə...
Oynadı və rəqibin şahını uddu... Ayxanın yazısı da ona bənzəyir. Amma Ayxanın bəndlərlə verdiyi nümunələrin,
daha doğrusu, göstərdiyi qüsurların çoxu
doğrudur, doğrudan da, bəzən bir kitablıq hekayənin
içində bircə cümlə olmur, bu, doğrudan da faciədir.
Bizim yox, müəllifin, hə, o, kitabın nə
vaxt dünyaya gəlməli olduğunu bilmir, ya bəlkə bu
tipli kitablar heç dünyada olmamalıdır. Vaxtilə
"Azadlıq" radiostansiyasının "oxu.az"
portalında yaxşı bir ənənə vardı, nəşr
edilən, amma dişə dəyən əsərləri
müzakirə edirdik, özü də yaxşı qonorar
müqabilində, amma orda da bəzən heç bədii əlaməti
olmayan əsərləri bizə sırıyırdılar (bəzən-!),
amma əksərən tənqid edilməli, məziyyətlərini
açmalı mətnlər çox idi, məsələn,
Seymurun Quqark romanı, digər bədii mətnlər, zənnimizcə,
o müzakirələr bizim prosesin canlanmasına və
savadlanmasına, ciddi ədəbi prosesin nə demək
olduğunu anlamasına çox yardımçı oldu.
Bizi hekayələrdə
qüsurları çeşidləməkdən çox, normal
hesab etdiyim mətnlərdə əhvalatın bədii mətnə
çevrilməsi metodu maraqlandırır, bu metod həm
düşüncədə əvvəlcədən (apriori-!)
mövcud olur, yəni nəyi necə yazacağını
bilirsən, amma yazıya çevrildikdə, yazı ilə
ifadə olunduqda başqa, bəlkə qismən qabarıq
formada dəyişikliklərə məruz qalır. Sən əgər
Ayxan demişkən, əhvalatı prosesə çevirirsənsə,
yəni bu əhvalatdan kənara, həyatın ən müxtəlif
sahəsinə qollar ayırırsansa, o, mütləq
davamlı proses şəklində doğulmalıdır: yəni
yazı metodu düşündüyün üsulla
düşünmədiyin prosesin öz içində meydana
çıxan üsullarla qovuşur və mükəmməl mətn
meydana gəlir. Çexovun hekayələrini,
Mopassanın novellalarını xatırlayın. Yaxud Mir
Cəlalın bəzi satirik hekayələrini - bu nümunələrdə
gerçəkliyin hələ tam yaranıb
oturuşmamış formaları
"götürülür" və onunla münasibətdə
oyun qurulur: At familiyası, sonra gürcü familiyası, sonra,
Gül dedi bülbülə, sonra Quş bazarı,
Qab-qaşıq səsi, Cəfər əminin yolları,
Güzgü, Kefcil Məhəmməd və sair və
ilaxır. Satirik tonlu, ironik məzmunlu hekayələrdə
bu forma - həyatın hələ oturuşub bərkiməmiş,
standart dəyər ölçüsü qazanmamış
formaları üzərində qurulan oyun nitq janrını,
sintaksisi, ironiya masştabını... müəyyənləşdirir.
Ömər Xəyyamın "Üçtəkərli
yaşıl velosiped" hekayəsində rənglərin oyunu
və ümumən dinamika, hərəkət (daha çox xəyalın,
düşüncənin axını) üzərində qurulan
oyun adi bir əhvalatı bayaq dediyimiz formaya çevirir və
yazı metodu, kompozisiya quruluşu bununla bəllənir. Diqqət edin:
"...Göyün altında üzən adda-budda buludların
kölgəsi yerin üstündə yoldan-yola
süründü, damdan-dama tullandı, bulud buludu qovdu, bulud
bulud dalınca qaçdı, Qış parkında - Füzuli
küçəsi ilə Təbriz prospektinin kəsişməsindəki
beşmərtəbəli binanın başında bir-birinə
yetişdilər, baş-başa verdilər, bacada isinən
bozumtul işıq ilməsi canını götürüb
gümüşü deşikdən sivişdi". Hekayədə hökm sürən və onun
düşüncə, forma axınını müəyyənləşdirən
bu dinamika mətnə pritça havası gətirir və bədii
mətləb elə bu havanın, bu axar-baxarlı
dinamikanın içində həll olunur.
Hekayədə
qəribə, ancaq onun məğzi, bədii mətndə
ard-arda sözə, cümləyə çevrilən
qarmaqarışıq, bəzən də nağılların
içindən keçib gedən nüanslar, işıq
şüləyi, yaşıl, çəhrayı,
qızılı və sair rəngdə əşyaların
bir-birinə qarışması, keçmişlə indini bir
qırıq xatirənin hansı kövrək yerindəsə
düyməsi sayəsində açılır, ortaya sözlə
ifadəsi çətin olan mətləblər
çıxır. Qəhrəman dilemma
qarşısındadır, onu bu sualın, həlli
mümkünsüz sualın qarşısına həyat,
ehtiyac, ən əsası isə keçmişlə
bağlı laydan-laya keçən, buludların,
quşların qanadında dolaşan xatirələr
çıxarıb. O qədər bəlkələr var
ki, yaşamaq sadəcə çətindir, hansı şərtisə
nəzərə alıb yaşamalısan və bilməlisən
ki, dünya onsuz da fanidir, əgər vaxtilə, uşaq
olduğu zaman atası qızılı dəstəkli
bıçağıyla armudu soyanda və ilk dilimini
uşağa elə bıçağın ucunda verəndə
armudla dəmirin qarışan qoxusu canına hopduqca hopubsa, bu
silinməz iz, sənin qızının da canına
keçibsə, bu qoxunun və insanı təhdid edən
qorxuların əlindən qaçmaq, düz yaşamaq, istədiyin
ömrü yaşamaq mümkünsüzdür. Qəhrəman
keçmişdəki bütün əşyaları
nağıl rəngində görür, yəni bir
nağılı oxuduqda ordakı obrazlar yadımızda əksərən
rəng kimi qalır, hekayədə buna müvafiq bir məqam
var: atası ona yarımçıq bildiyi rus nağıllarını
danışır, yarımçıq yerləri, həyatın
və nağılın boşluqlarını istədiyi kimi
doldurur, hərdən uşağı da o nağılın
içinə salır, uşaq o nağıldakı əşyaları,
ağacı, quşu... rəng formasında xatırlayır,
uşaqlığındakı yaşıl rəngli velosiped də
belə. İndi qızına da o velosipeddən
almaq istəyir. Demək qızı da elə uzaq
uşaqlıq illərinin nağıllarından doğulub,
atasının qızılı dəstəkli
bıçağının ucundakı armud dilimi ilə dəmir
qoxusunun bir zərrəsindən həm də... Bu gözəl
nağıllar bir məqamda pozulur: ehtiyacını ödəyən
pul bütün nağıl rənglərini soldurur, yəni
daha günəş doğmayacaq, uşaq ikən sınan
güzgünün tərləməsi nəyi nişan
verirdisə, o olmayacaq, o inanc, o nağıl olmayacaq, sən sadəcə
yaşayacaqsan... Bir də yaşıl rəngli velosipedin
qırılan güzgüsü...
Sərdar
Aminin hekayəsi: Nilufərlər. Sərdarın
hekayəçilik üslubu tamam fərqlidir. Ömər bir
şeyin belə deyək işığını, onun
heç olmasa bir şüləyini göstərmək
üçün bütün hər şeyi səfərbər
edir, hətta pritça havalı oyun qurur, bu hekayəsindəki
buludların axışı, qəhrəmanın,
uşağın yaşıl bir deşikdən keçmişə
səyahəti və sair. Demək, Ömər
hər şeyi təhkiyə məhvərinə səfərbər
edir ki, özünün vacib bildiyi bircə mətləbi
çox qabarıq şəkildə göstərsin. Sərdarsa
hər şeyi bir qələmin, bir nizənin... ucuna
yığır, onları müxtəlif kombinasiyalarda
quraşdırır, qarışdırır, zahirən
heç nə demir, ən çirkin şeylərlə ən
gözəl anları yan-yanaşı düzür, insanın
ölümünü yorğunluq, yuxu kimi təsvir edir ki,
oxucu çaş-baş qalsın və hekayə hansı məqamdasa,
yəni realdan real, gerçəkdən gerçək əhvalatların
bitdiyi yerdə sirrə bələnsin. Real nəsnələri
sirrə dönüşdürmək Sərdarın
üslubunun aparıcı xassəsidir. Bu iki hekayəni
hansı məqamdasa birləşdirib bir gözəl film
çəkmək olar: Ömərdə dekorativ təsvirlər,
interyer, eksteryer, buludların axışı, quşlar, mətləbi
təsvirlə həll edən cizgilər, Sərdardasa hadisəni,
əşyanı daxildən üzə çıxaran, əşyalar
arasında assosiativ və birbaşa, yaxud təsadüfi əlaqələri
kəşf etmək... Sərdarın hekayəsində ən
müxtəlif əşyalar var, bu da təbiidir,
çünki söhbət ardıcıl olaraq beş
il ərzində bir dərəyə torpaq daşıyan KamAZ
maşınından gedir. Hər bir əşyanın
arxasında hadisələr düzülür, əşyaya
toxundunmu, onunla bağlı hadisə dilə gəlir və
bütün bu hənir, bu pıçıltılar həmin dərinin
torpağını vaxtilə Xəzərin suyunun öpməsi
məsələsi ilə qovuşuqda sirli, mistik bir aura
yaranır. Sərdar hadisəni lakonik, xəsisliklə,
mükəmməl kinematoqrafik dillə təqdim edir, sərt və
yek kəlmə ilə hadisənin məğzini göstərməyə
çalışır. Onun üslubunda məhz diri,
canlı, bir az da sərt formada göstərmək
nüansı güclüdür. Sahib kişi,
sürücü panelin üstünə uzanır, yanında
toz-torpağın içindən tapdığı gəlincik,
hələ ki Sahib kişi gəlinciyin gözlərindən xəbərsizdir,
bu sonda olacaq, bütün danışılan, bir qələmin
və nizənin ucuna yığılan hadisələr birləşib
bir sözə çevriləndə dəhşətli mənzərə
yaranır. İnsanlar hər hadisəni necə gəldi
yaşayırlar, elədiyinin günah olduğunun fərqinə
varmadan yaşayırlar, insanların unutduğu bu hadisələr
dünyanın ən müxtəlif künc-bucağından
yığışıb bir dərə dibinə toplanır,
vaxtilə buranı yalayan dalğalar bir də qayıdır,
aləm dəyir bir-birinə...
Baxın:
"Qəfil dalğa Sahibi qaldırıb yerə
çırpdı. Ağzına-burnuna dolan dəniz
suyunu qaytarıb özünü ələ almaq istəyəndə
növbəti nəhəng dalğa onu doldurduğu dərənin
o başına atdı. Sudan
başını çıxarıb Xəzərin dağ boyda
dalğalarının Günəşli dərəsinə təpidilmiş
torpağı rahatlıqla yuyub apardığını
gördü. Dalğaların
köksündə beşik kimi yırğalandıqca
içinə rahatlıq gəldi. Bu
xarabanın yiyəsi yoxdu?! Nə vaxtsa,
dilinə gətirdiyi ifadəni xatırladı. Bəlkə
də bu sözləri dünyada ondan az
işlədən ikinci adam yox idi, ancaq əsas odur, bir dəfə
də olsa, demişdi. Bu an Sahib başqa təsəlli
tapmadı. Kəlməyi-şəhadəti xatırlaya bilmədi,
son dəfə "bu xarabanın yiyəsi..." dedi".
Hekayə texnikası haqqında söhbətlər davam
edəcək.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.-
2021.- 28 avqust. S. 10.