"Elə indi
çiçək açmış albalının
budağını qırdım"
Yapon ədəbiyyatı,
bütövlükdə yapon mədəniyyəti azərbaycanlı
üçün yeni və yad dünya deyil. Akira
Kurosavanın ("Yeddi samuray", "Raşömon"),
Yasuciro Ocunun ("Tokio hekayəti") və Takeşi Kitanonun
("Yakuzanın qardaşı") filmləri, Akutaqava
Rünoske ("Raşömon darvazası", "Sıx
meşədə" novellaları), Yasunari Kavabata
("Dağın səsi", "Köhnə paytaxt"
romanları ), Yukio Mişima ("Məhəbbət
yanğısı", "Qızıl məbəd"
romanları), Kobo Abe ("Qumluqdakı qadın" romanı),
Kenzaburo Oe ("Gecikmiş gənclik", "Şəxsi təcrübə"
romanları) və Haruki Murakaminin ("Kafka sahildə",
"Norveç meşəsi" romanları) əsərləri
zaman-zaman Azərbaycan seyrçisi və oxucusunun ürəyinə
yol tapıb, əsərlər dilimizə tərcümə
edilərək nəşr edilib. Nobelli və
ingilisdilli yapon mənşəli Kadzuo İşiquro da öz
yerində.
Yaponiya haqqında "memuar və səfər qeydləri"
janrında da görkəmli ədiblərimizin diqqətəlayiq
əsərləri Həsən Seyidbəylinin "On beş
gün Yaponiyada" (1966), Şahin Fazilin "Yaponiya səfərnaməsi"
(2007), Novruz Nəcəfoğlunun "Eşitdiyim və
gördüyüm Yaponiya" (2016) kitabları çap edilib.
Yapon poeziyası da vaxtaşırı Azərbaycan
oxucularının ixtiyarına buraxılıb, təkcə peşəkarların
deyil, "sıravi poeziya sevərlərin" də
stolüstü kitabına çevrilib.
Azərbaycan oxucusunun əsrarəngiz və özünəməxsus
yapon şeirilə ilk ciddi tanışlığı 1979-cu
ildə baş verib. Xalq yazıçısı Elçinin tərcümə
və tərtib etdiyi "Nərgizin bircə ləçəyi"
toplusu ilə. Maraqlı "giriş yazısı",
"müəlliflər haqqında məlumat", habelə
"şərhlər və qeydlər" ilə təmin
olunmuş 140 səhifəlik topluda həm orta əsrlər
hayku ustaları, həm yeni yapon poeziyası nümayəndələrinin
şeirləri - haykular və renqalar ilə, üst-üstə
50-yə yaxın yapon şairinin əsərləri ilə
tanış olmaq imkanı qazanıb oxucularımız.
Yapon
poeziyasına ikinci ciddi səyahət imkanı qazandıran
kitab Pərviz Məmmədovun tərcüməsi, şair
Rasim Qaracanın redaktorluğu ilə ərsəyə gələn
və 2003-cü ildə nəfis şəkildə nəşr
edilən "Yapon ədəbiyyatı: haykular" toplusu olub.
280 səhifəlik bu topluda isə 46 hayku
ustasının şeiri təklif edilib bizə.
Yapon
şeirinə sonuncu əsaslı müraciət 2016-cı ildə
Bədii Tərcümə Mərkəzinin "ATV kitab"
seriyasında hazırladığı, böyük yapon
şairi Saygyo, Başo, Buson və İssanın tanka və
haykularının toplandığı, istedadlı tərcüməçi
və publisist Cəmşid Bəxtiyaroğlunun tərcüməsi,
bəndənizin redaktorluğu ilə ərsəyə gələn
"Səsindən tanıdılar payızı"
antologiyası idi.
***
Ümumşərq ənənəsi kimi Yaponiyada da
"poeziya sevgisi" imperator sarayından təbliğ edilir,
dəstəklənirdi. Bu ənənənin əsas elementlərindən
biri tez-tez təşkil edilən şeir yarışmaları
idi. Hər bir imperator istəyirdi ki, onun
hakimiyyəti dövründə xüsusi bir antologiya tərtib
edilsin, imperatorun adı və zəmanəsi əbədiləşsin.
Bəzi imperatorlar hətta şeir yazıb
istedadlı şair kimi ad çıxarmışdılar.
Bütün hallarda, imperatorlar ölkənin
istedadlı şairlərini saraya toplamağa, bununla da
onları saray şairlərinə çevirməyə cəhd
edirdilər. Amma bir çox şairlər
saraydan uzaq olmağa, bütün məhrumiyyətlərə
rəğmən, azadlıqlarını qorumağa
çalışırdılar.
Yeri gəlmişkən,
yüksək bədii estetika və ruhla yazılmış
tankanın "nəğmə-tanka"lardan - bu tankalar da
daha çox saraylarda yazılırdı - ayrılma prosesi
çox yavaş və gec baş versə də, məhz həmin
azad şairlərin hesabına mümkün olmuşdu.
***
Qədim yapon poeziyası daimi epitetlər və dəyişməz
metaforalarla zəngindir.
Əksər
hallarda, məsələn, göz yaşları - "mirvarilər",
qanlı göz yaşları - "sarı-narıncı
payız yarpaqları", hicran - "göz yaşlarından
islanmış qolçaq", gənclik illərinin
ötüb-keçməsi ilə bağlı kədər -
"qocaman albalı ağacı" kimi ifadə edilməklə
kiçik bir şeirdə hər kəlməyə xüsusi
bir məna, çəki, əhəmiyyət yüklənir,
yapon şairinin öz "duyğular dili", rəmzlər
sistemi formalaşırdı. Əlbəttə,
bu xüsusiyyətləri və prinsipləri "bütün
poeziyalarda", xüsusən Şərq xalqları şeirində
tapmaq və görmək elə də çətin deyil.
Amma yapon
şeirinin yalnız özünə xas bir əsas xüsusiyyəti
vardı: anı göstərmək; anı yaxalamaq. Bu xüsusiyyət - anı yaxalamaq cəhdi və bu
cəhdi dəqiq qaydalarla hüdudlanmış qısa
şeirdə icra etmək yapon poeziyasını vizuallıq
baxımından dünya şeirinin baştacına
cevirmişdi.
***
Artıq IX əsrdə yapon şeirində məxsusi
poetik qanunlar, yüksək incəsənətin inkaredilməz
etalon nümunələri yaranmağa başladı. Az sonra tərtib
edilmiş "Kokinşü" ("Qədim və yeni nəğmələr";
905-ci il) antologiyası xüsusi şöhrət qazandı və
bütün dövrlərdə ustad şairlərin gənc
şairlərə oxumaq üçün tövsiyə etdikləri
əsas və yeganə istisnasız mənbə statusunu
aldı.
"Kokinşü" eyni zamanda sonradan yapon
poeziyasında qəbul edilən əsas poetik kanonların
formalaşması, mövzuların müəyyən mənada
təsnifləşdirilməsi baxımından da vacib mənbə
hesab olunurdu. Onun arxitektonikası çox gözəldi. Burada başlıca yeri təbiət və məhəbbət
lirikası tuturdu. "Yaz", "Yay",
"Payız", "Qış" adlı bölmələrdə
ilk günündən son gününə qədər ilin fəsillərinin
panoraması yaradılmışdı."Kokinşü"də
başqa tematik bölümlər də vardı: "Tərif",
"Ayrılıq", "Səyahət", "Ağılar". Ən sonda gələn
"Müxtəlif nəğmələr"
bölümü isə müəlliflər üçün
geniş imkanlar yaradırdı: onlar daha çox müstəqil
mövzulara toxuna bilir, improvizə üçün meydan
açılırdı.
Poeziyada klassisizm üçün xarakterik olan normativ
estetika və iyerarxiyalar da möhkəmlənmişdi bu
dövrdə.
"Altı..." və ya "otuz altı
ölümsüz" deyə ən yaxşı şairlərin
müxtəlif siyahıları da tərtib edilmişdi.
XII əsrdə son klassisizm dövrü başladı. Tanka həyata
yaxınlaşdı: onda insan ağrılarının
güclü və gerçək səsi eşidilməyə
başladı ki, bu prosesdə böyük yapon şairi
Saygyonun əlahiddə xidməti vardı.
***
Ənənəvi lirik yapon poeziyası nümunəsi
vakanın bir qolu kimi XIV əsrdən etibarən tanınmağa
başlayan haykular və elə o dövrdən etibarən
müstəqil olmağa başlayıb. Hayku adı
görkəmli yapon şairi Masaoka Siki tərəfindən XIX əsrdə
təklif edilib və həmin dövrə qədər hokku
adı daha populyar olub. Hayku yazan şairləri
haydzin adlandırırdılar. Elə bu
gün də bu ad dəyişməyib. Hokku
deyiləndə əvvəl digər yapon şeir forması
olan renqanın başlanğıc sətri və ya tankanın
ilk misrası anlaşılırdı. Bu
gün də 17 hecalıq bir sütunu, bir sıranı təşkil
edən ieroqliflərdən ibarət haykular 5-7-5 sxemiylə
üçlük kimi yazılır. XX əsrdən
etibarən əksər xalqların poeziyasında hayku
janrına müraciətlərə rast gəlmək olar.
1970-ci ildə haykuların amerikan tərcüməçisi
Xiroaki Sato haykuları monostix (bir sətirdə yazılan
şeirlər; "birlər") şəklində
yazmağı təklif edib. Hayku toplularında
hər bir hayku bir səhifədə təqdim edilirdi ki, bu da
oxucuya haykunun çoxqatlı mənası və atmosferi
üzərində dayanmaq, onu bütün çalarlarıyla
daha yaxşı dərk etmək imkanı yaradırdı.
***
Klassik yapon haykularında təbiətdən
alınmış və insan həyatı ilə birbaşa əlaqəli
obraz başlıca yer tutur. İstisnasız şərtlərdən
biri ilin fəslinin göstərilməsidir ki, bu da adətən,
kiqo - "mövsümi söz, mövsüm sözü"
vasitəsilə edilir. Klassik hayku həmişə indiki
zamandadır, müəllif indi, bu an
gördüyü və eşitdiyini, təəssüratını
yazır. Qafiyə və digər "poetik bərbəzək"
hayku üçün vacib deyil. Vacib olan üç sətirdə
anı göstərməkdir, az sözlə,
17 hecada.
Hayku yapon poeziyasını demokratikləşdirən, onu
qəhrəmanlıq və saray eposlarının təsirindən,
qaydalarından xilas edən və eyni zamanda realist bir janr kimi
tarixə düşüb. Haykunun formalaşmasında, bitkinləşməsində
Arakida Moritake (1465-1549), Yamadzaki Sokan (1465-1553), Yosa Buson
(1716-1783), İssa Kobayaşi (1763-1828) kimi şairlərin
böyük təsiri olub. Amma
bütövlükdə yapon poeziyasını zənginləşdirən
əsas sima və hayku janrının ən əlçatmaz
zirvələrinin fatehi Matsuo Başodur ki, Merkuridəki kraterlərdən
birinin onun adı ilə adlandırılması da təsadüfi
görünmür.
Bu gün
biz "Ədəbiyyat qəzeti"nin dəyərli
oxucularına 2 yapon şairinin - Başo məktəbinin
görkəmli nümayəndəsi Takarai Kikaku (1661-1707) və
ən məşhur qadın haydzinlərdən olan Tüyö
Fukudanın (1701-1775) haykularını böyük məmnuniyyətlə
təqdim edirik.
Səlim BABULLAOĞLU
Ədəbiyyat qəzeti.-
2021.- 28 avqust. S. 8.