Kuzə

 

Hekayə

 

Xoşbəxt o insanlardır ki, onlar nənə-babalarını sağlığında görüblər. Mən yalnız ana nənəm Fatmanı həyatda görmüşdüm. Gözümü həyata açdığımdan Fatma nənəm bizimlə qalırdı. Onun xoş siması daim xatirimdədir. Amma bir xatirə də var ki, heç zaman beynimdən silinən deyil.

 

Səkkiz yaşım vardı, yay tətili idi. Məhəllə uşaqları ilə daim oyun oynayır, evə getməyə tələsmirdik. Mən tərləyib bərk soyuqlamışdım. Axşama hərarətim qalxdı. Valideynlərim həkim çağırdılar. "Adi soyuqdəymədir" - deyib, həkim hərarətsalan dərman verib getdi. Mənim xəstələnməyimdən hamı narahat idi, amma nənəm yanımdan əl çəkmir, tez-tez dodaqlarını alnıma toxundurub hərarətim olub-olmadığını yoxlayırdı.

 

Nənəm əndişəsini gizlədə bilmirdi. Həyəcanla anama dedi:

 

- Mənə elə gəlir ki, uşağa göz dəyib. Balam gözümüzün önündə saralıb-solur. Məmməd icazə versəydi onu sabah sübhdən Əhmədiyyə babanın ocağına aparardım. O ocaq balamı sağaldacaq.

 

Məmməd atamın adıdır. O, nənəmin məni ocağa aparmasına qarşı çıxsa da, sözünü yerə salmamaq üçün razılıq verdi... Cibindən əlli manat çıxarıb nənəmə uzatdı, - Bunu da bizim hamımızın adından ocağa nəzir verərsən - dedi.

 

Erkən səhər atamın sürücüsu idarə etdiyi avtomobildə, nənəmlə mən Əhmədiyyə babanın ocağı yerləşdiyi Kərimbəyliyə yola düşdük. Kələ-kötür kənd yolunda avtomobil nənəm və məni hər dəfə atıb tutsa da, arxa oturacaqda biz bir-birimizə sarılıb gülümsəyirdik. Sürücü isə uzanan əyri kənd yollarından gözünü çəkmədən elə hey deyinirdi.

 

Sürücü avtomobili həyət darvazasının qarşısında saxlayanda darvazanın önünə başında buxara papaq olan nurani bir kişi çıxdı. Nənəm mənə dedi ki, bu, Əhmədiyyə babadır. Əslində, ocaq adlanan bu yer Əhmədiyyə babanın eviydi.

 

- Ay sizin sabahlarınız xeyir. Gör bir kimi gətirmisən bizə, ay Fatma. Yəqin, Məmmədin kiçik oğludur bu?

 

- Hə babası, naxoşdayıb, göz dəyib balama.

 

- Nurlu uşaqdır. Pis gözlərə şiş batsın... Keçin içəri.

 

Səhər tezdən olsa da, həyət tər-təmiz süpürgələnmiş, xəfif su çilənmişdi. Hasar boyu sıra ilə əkilmiş daş palıd ağacları həyətə xüsusi gözəllik verirdi. Kələ-kötür kənd yollarından sonra burdakı səliqə-sahman insanın ruhunu oxşayırdı...

 

Həyətdən keçib evin pillələrinə çatanda, şüşəbəndin qapısında Əhmədiyyə babanın gülərüzlü arvadı Güldəstə bizi qarşıladı. Ən böyük otaqda baş tərəfdəki divar boyu sərilmiş döşəkçələrdə bardaş qurub oturduq.

 

Biz evimizdə səhər yeməyi yesək də, Güldəstə stolun üstünə boşqablarda yağ, pendir düzüb, nənəm və mənə çay süzdü. Mən nənəmə baxıb başımı bulasam da nənəm çörəyin arasına yağ, pendir qoyub mənə uzatdı:

 

- Ye, ay bala. Bura ocaqdı.Yeməsən sağalmazsan.

 

Mən çox istəyirdim ki, tez sağalım. Özümü halsız hiss edirdim. Amma nə gəldiyimiz bu evdə, nə də yediyim pendir çörəkdə heç bir qeyri-adilik görmədiyimdən nənəmdən soruşdum:

 

- Nənə, bura niyə ocaq deyirlər?

 

Nənəm otağın mərkəzindəki taxçanın üstündə olan kuzəni göstərib, "bax, o kuzədən kim su içsə, gecə də bu ocaqda yatıb səhər oyandıqda sapsağlam olur. Əhmədiyyə baba seyid-övliyya övladıdır. Ona da bu sehrli kuzə babasından qalıb". Sonra nənəm Güldəstəyə kuzədən mənə bir stəkan su verməsini dedi.

 

Kuzənin ortasında saxsı çıxıntıdan olan dairənin içərisində doqquzguşəli ulduz, ulduzun xətləri arasında isə düz və qırıq xətli naxışlar vardı. Mən özümü kuzənin üstündəki naxışların sehrində hiss edir, bu naxışların nə məna kəsb etdiyini anlamasam da, onlardan nə illah etsəm də, gözlərimi ayıra bilmirdim... Özümü uzaq yaşıl vadinin ortasında hiss edirdim. Taxçanın arxasında divara vurulmuş kilim də adi kilim deyildi. Kilimin ortasındakı rəngarəng naxışların da hər biri elə bu cazibədar, insanı özünün əsiri edən kuzənin özü boyda idilər...

 

Güldəstə təmiz armudu stəkana kuzədən su doldurub qarşıma qoydu.

 

Həyətdəki səs-küyə Güldəstə pəncərəni açıb, başını çölə uzatdı:

 

- Nə yaman çoxsunuz? Bakıdan vacib qonağımız var. Duaları hazır olanlarınkın indi gətirirəm. Kuzədən su içmək, gecə burda qalmaq istəyənlər sabah gəlsinlər, - deyib, Əhmədiyyə babanın olduğu otağa keçdi. Ondan aldığı duaları sahiblərinə çatdırmaq üçün otaqdan çıxıb, pillələrlə aşağı düşdü.

 

Mən Güldəstənin kuzədən verdiyi suyu içib qurtardıqdan sonra nənəm dedi: -Axşam yatana kimi bu sudan sənə verəcəm iç. Allah rast gətirsin, şəfa versin.

 

Mən stəkanımı götürüb kuzəyə yaxınlaşdım ki, özümə bir stəkan da su doldurum. Nənəm tez özünü yetirib, kuzəni əlimdən aldı. - Ehtiyatlı ol, ay bala, salıb sındırarsan, hər kəs peşman olar. İstəyəndə de mən özüm sənə kuzədən su verəcəm, - dedi.

 

- Nənə, suyu bu kuzəyə Əhmədiyyə baba doldurub?

 

- Yox, ay bala, bu kuzə sehrlidir. Hər dəfə kuzədən su qurtardıqda o, öz-özündən yenidən dolur...

 

Mən təəccüb və heyrətimi gizlədə bilmədim. Kuzəni bir qədər qaldırıb altına baxdım. Taxçanın üstünə sərilmiş rəngli süfrədən başqa heç nə yox idi. Nənəm yenə də tez kuzəni əlimdən alıb ehtiyatla yerində düzəltdi.

 

- Nənə, bu kuzə boşalanda oraya su öz-özünə necə dolur axı?

 

- Mənim balam, oraya suyu gözəgörünməz Allah baba doldurur.

 

- Biz də belə bir kuzə alsaq Allah baba onu da su ilə doldurar?

 

- Yox, canım-imanım, bu kuzədən təkcə burda var. Ona görə də bura ocaqdır... Sən bu sudan iç, gör səhər necə sağlam olacaqsan. Daha mənim balam xəstələnməyəcək. Hamıdan güclü olacaq. Pis gözlər yanıb yaxılacaq.

 

Həmin gün axşam saatlarına kimi nənəmə tez-tez mənə kuzədən su verməsini deyirdim. Məqsədim isə o idi ki, kuzənin suyu qurtardıqdan sonra möcüzənin şahidi olum, kuzənin öz-özünə su ilə necə dolacağını öz gözlərimlə görüm...

 

...Axşamın gec saatları idi. Yuxudan gözlərim yumulsa da, mən nənəmin qolları arasında uzanıb yatmamağa çalışırdım. Kuzənin içində su az qalmışdı. Yəqin, bir-iki stəkan da içsəm su qurtaracaq və mən möcüzəyə şahid olacaqdım.

 

Səhər saatlarında gözlərimi nənəmin yanında yataqda açdım. Dünən axşam saatlarında nə zaman yuxuya getdiyimi bilməmişdim. Nənəm yatırdı. Cəld yataqdan qalxıb kuzəyə yaxınlaşdım. Gözlərimə inanmadım. Heyrətdən donub qaldım. Kuzə ağzınacan su ilə dolu idi.

 

Bəs görəsən, axşam kuzənin dibində qalan suyu kim içib. Dünən oyaq qala bilmədiyim üçün özümü qınadım. Kuzənin öz-özünə necə dolduğunu heyif ki, görə bilmədim. O möcüzəni görməyi çox, lap çox istəyirdim. Heyif...

 

Əgər bu kuzəni səhər obaşdan Güldəstə götürüb həyətdəki bulağın suyundan doldursaydı mən onun otağa girib-çıxmasından səs-küyü hiss edib ayılardım. Belə bir şey baş verməmişdi. Kuzə ağızbaağız öz-özünə dolmuşdu...

 

Bir qədər keçmiş nənəm də yuxudan ayıldı. Mənim ayaq üstə olduğumu görüb, yaxınlaşaraq dodaqlarını alnıma yapışdırdı: - Ay sənə qurban olum. Qızdırman yoxdur. Özün də, maşallah, sapsağlamsan. Qurban olum Əhmədiyyənin cəddinə.

 

Sonra nənəm qoynundan çıxardığı, atamın nəzir olaraq vermiş olduğu əlli manatın bir ucunu kuzəni ehmalca qaldırıb altına qoydu.

 

Bir qədər sonra Əhmədiyyə baba ilə Güldəstə gəldi.

 

Nənəm Əhmədiyyə babaya minnətdarlığını bildirib getməli olduğumuzu dedi.

 

Əhmədiyyə baba saçlarımı oxşayıb, - Allah səni yüz yaşatsın, həmişə sağlam və güclü olasan. Qarşına çıxan pis gözlü, pis nəfsliləri biləyinin gücü, ağlının işığıyla bir anda məhv edəsən, - dedi.

 

Mən həyətə qaçıb tez bir zamanda tanış olub, qaynayıb-qarışdığım kənd uşaqları ilə gizlənpaç oynayırdım. Özümü quş kimi yüngül və sağlam hiss edirdim.

 

Bir qədər keçmiş atamın maşını küçənin başında göründü, az keçmiş sürücü maşını durdurdu.

 

- Gəl, ömrüm-günüm, gəl gedək evimizə. Geciksək atan hirslənər.

 

Maşına əyləşəndə nənəm əllərini göyə qaldırıb, - Allahım, sənə min şükür. Sayəndə Əhmədiyyə ocağı, kuzənin suyu balama şəfa oldu, - deyərək dua etdi.

 

Evə çatanda anamın üstünə atılıb boynunu qucaqladım.

 

- Maşallah, balam sağalıb. Qurban olum Əhmədiyyə babanın cəddinə.

 

Dünəndən atamı görmədiyimdən çox darıxmışdım. Amma artıq gec olsa da atam hələ işdən gəlməmişdi. Anam mənə və nənəmə, - yıxılın yatın. Yəqin, işi çıxıb, gec gələcək, - dedi.

 

Mən yenə də nənəmin qolları arasında yuxuya getməyə hazırlaşırdım ki, eşik qapısı cırıldadı. Gələn atam idi. Anam qapıya doğru addımlayıb, - Niyə gec gəldin. Harda idin bu vaxtacan? - deyə atamdan soruşdu və - Vasif sağalıb, - deyə əlavə etdi.

 

Atam, - min şükür deyib - sevincini gizlətmədi. Amma sonra ah çəkdi:

 

- İşdən çıxmağa az qalmış, mənə zəng gəldi ki, Əhmədiyyə babanın vəziyyəti ağırlaşıb, Bakıya xəstəxanaya gətirirlər. Mən də getmişdim, onu qarşılayıb xəstəxanaya yerləşdirdim. Həkimlər dedilər ki, vəziyyəti kritikdir. Şükür, bir qədər yüngülləşdi. Həkimlər dedilər ki, gedin, az da olsa dincəlin. Görək sabah başımıza nə gəlir. Səhərə kimi əllərindən gələni edəcəklər.

 

Mən nur üzlü nənəmin qolları arasından yerimdən qalxdım. Yataq otağının qapısını açıb atamın qucağına atıldım. Sonra anama yaxınlaşıb xısın-xısın dedim: -Ana, atam dediklərinin hamısını eşitdim. Əhmədiyyə babaya nə olub?

 

Anam susurdu. Gözlərini bir nöqtəyə zilləyib, mənim suallarıma cavab vermirdi. Mən heyrətlə anamın üzünə baxaraq özümü toparlayıb ən nəhayət dedim:

 

- Anacan, mən xəstələnəndə Əhmədiyyə babanın kuzəsindən içdiyim su məni bir gündə tam sağaltdı. Nədən o özü də kuzədəki sudan içib sağalmır?

 

Anam fikrə gedib bir xeyli susduqdan sonra handan-hana dedi:

 

- Əhmədiyyə babanın kuzəsindən su içənlərin hamısı şəfa tapardı. Amma hər kəs bu sudan o qədər içdi ki, kuzənin suyu qurudu... Əhmədiyyənin özünə su qalmayıb. Səhərə kimi dua edək ki, Allah özü Əhmədiyyə babaya kömək olsun...

 

Anam bu sözləri dedikdən sonra mən kor-peşman yatağıma qayıdıb, nənəmin qolları arasında yuxuya daldım...

 

O hadisədən xeyli vaxt keçsə də, ən isti havalarda belə mən suyu qurtum-qurtum içirəm...

 

 

Vahid Məmmədli

Ədəbiyyat qəzeti.- 2021.- 28 avqust. S. 5.