İnsanlar onu sevir, ona güvənir...

 

Professor Vaqif Abdullayevin "Humanizmin Azərbaycan simvolu" kitabı təqdim olundu

 

Xalqımızın sevimlisi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günü, əslində, hər bir soydaşımızın şad günüdür. İnsanlar onu sevir, ona güvənir, ölkəmizin inkişafı naminə irimiqyaslı humanitar fəaliyyətini yüksək qiymətləndirirlər. Həyat və fəaliyyətinə parlaq şəxsiyyət məktəbi kimi yüksək sayğı göstərilən, həyatı necə yaşamağın nəcib nümunəsinə çevrilən Mehriban xanım öz mənəvi-intellektual enerjisini cəmiyyətin inkişafına yönəltməklə, Azərbaycan qadınının geniş ictimai fəaliyyətinin yeni və olduqca parlaq səhifələrini açmışdır. Onun ölkəmizin inkişafına, bütün sahələrdə əldə edilən zəfərlərə situmul verən fəaliyyəti ciddi elmi-humanitar əsaslara söykənir. Bu uğurları dərin biliyə, geniş erudisiyaya, yüksək insanlıq keyfiyyətlərinə malik olması şərtləndirir. Mehriban xanım öz fəaliyyətilə yüksək ictimai siyasi potensiala malik Azərbaycan qadınının modern tələblərə uyğun obrazını dünyaya nümayiş etdirir.

 

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin görkəmli dövlət xadimi Mehriban xanım Əliyevanın parlaq fəaliyyətini özündə əks etdirən "Humanizmin Azərbaycan simvolu" kitabının avqustun 15-də Atatürk Mərkəzində keçirilən təqdimat mərasimində də bu barədə dərin sayğılarla söz açıldı.

 

Millət vəkili, akademik, sözügedən Mərkəzin rəhbəri Nizami Cəfərov tədbiri açaraq bildirdi ki, kitabda xalqımızın sevimlisi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli elmi-mədəni, humanitar, ictimai-siyasi fəaliyyəti vətəndaş-ziyalı mövqeyindən işıqlandırılıb: "Kitabın müəllifi, professor Vaqif Abdullayev ölkəmizin müasir siyasi ədəbiyyatında tanınmış müəlliflərdən biri kimi indiyə qədər yazdığı kitabları ilə oxuculara yaxşı tanışdır. Onun "Millət ideyası: siyasi aspekt", Prezident İlham Əliyev haqqında qələmə aldığı "O, böyük siyasətə hazırdır" (1999), "Sülh və sabitlik Prezidenti", "Heydər Əliyev: milli-siyasi elitamızın zirvəsi", Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətindən bəhs edən "Azərbaycanın Mehriban siması" və sair kitabları oxucular tərəfindən maraqla qarşılanıb. "Humanizmin Azərbaycan simvolu" kitabı Vaqif Abdullayevin elmi-siyasi tədqiqatları ilə bağlı yaradıcılıq işinin mükəmməl davamıdır. Sabah görkəmli ictimai-siyasi xadim Mehriban xanım Əliyevanın ad günüdür. Bu münasibətlə onun parlaq fəaliyyətini özündə əks etdirən "Humanizmin Azərbaycan simvolu" adlı kitabı cəmiyyətə təqdim etməyi özümüzə borc bildik. Mehriban xanım ölkəmizdə Birinci xanım institutunu öz böyük şəxsiyyəti (və fəaliyyəti ilə) formalaşdıran fonemen ictimai-siyasi xadimdir. Təbii ki, Birinci xanım missiyasını yerinə yetirmək Azərbaycanda yeni məsələ deyil, ancaq Mehriban xanım bu missiyanı elə bir zirvəyə qaldırdı ki, bu zirvə bütövlükdə Azərbaycan qadınının cəmiyyətdə (və beynəlxalq aləmdə) müstəsna mövqeyini simvolizə edir. Xalqa xidmət işi istiqamətində Mehriban xanımın həyata keçirdiyi işlər bir məktəbdir. İlk növbədə bu, bir siyasət yaradıcılığıdır, qadınların dövlət quruculuğu sahəsində nəyə qadir olmasının əyarı kimi çox dəyərlidir.

 

Təqdim olunan kitab Vaqif müəllimin Mehriban xanım haqqında qələmə aldığı ikinci kitabdır. Bundan əvvəl də o, "Azərbaycanın Mehriban siması" adlı bir kitab yazmışdı. Həmin kitabı tanınmış yazıçı-publisist İmir Məmmədli gürcü dilinə tərcümə etmişdi. Kitabın Tiblisdə keçirilən təqdimat mərasimində çıxış edən Gürcüstan Elmlər Akademiyasının prezidenti, eyni zamanda, çox görkəmli şəxsiyyətlər səmimiyyətlə bildirirdilər ki, Mehriban xanım nəinki Azərbaycanın, hətta Qafqaz qadınının simvoludur. Bu sözləri deyənlər sıradan olanlar deyildilər. Və bu deyilənləri eşitmək bizim üçün çox xoş idi... Azərbaycan Prezidenti cənab İlham Əliyevlə yanaşı, Mehriban xanımın gördüyü işlər həqiqətən qürurvericidir.

 

Adətən, deyirlər ki, böyük işlərə imza atmaq nə qədər qiymətlidirsə, onu dəyərləndirmək də bir o qədər qiymətlidir. "Humanizmin Azərbaycan simvolu" kitabı da bu baxımdan çox dəyərlidir...

 

Tanınmış hüquq müdaciəçisi, sözügedən kitabın elmi redaktoru Çingiz Qənizadə çıxış edərək bildirdi ki, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ilk növbədə, milli maraqların keşiyində dayanan, ona yeni rəng qatan şəxsiyyətdir. Məhz Mehriban xanımın birbaşa təşəbbüsü ilə ənənəvi milli musiqimizin, muğamımızın, söz sənətimizin, mədəniyyətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı olduqca vacib layihələr həyata keçirilib.  Onun fəaliyyəti nəticəsində dünyanın əksər ölkələrilə dostluq əlaqələrimiz daha da möhkəmlənib. Mehriban xanım təbiətən böyük humanist şəxsiyyətdir. Heç də təsadüfi deyil ki, o, dəfələrlə aminstiya təşəbbüsü ilə çıxış edib. Bu, Mehriban xanımın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığının təsdiqidir. Nəticədə on minlərlə insan öz azadlığına qovuşub, yüz minlərlə ailə sevinc yaşayıb... Mehriban xanım humanizm və mərhəmət hissinin mücəssiməsi olan şəxsiyyətlərdəndir.

 

Milli Məclisin deputatları Mixael Zabelin, Sahib Alıyev, Ramiz Məmmədov və b. çıxış edərək Mehriban xanımın ölkəmizin ictimai-siyasi həyatındakı parlaq fəaliyyətindən və sözügedən kitabın məziyyətlərindən ətraflı bəhs etdilər.

 

Yazıçı-dramaturq Xeyrəddin Qoca vurğuladı ki, Mehriban Əliyeva hər bir Azərbaycan insanı üçün çox doğmadır, əsl ana-bacı simvoludur: "Onun simasında həmişə rəhmətlik Zərifə xanımı xatırlayıram. Səmimi, həssas və qayğıkeşdir. Mehriban xanım cəmiyyətimiz üçün çox qiymətlidir".

 

"Ədəbiyyat qəzeti"nin baş redaktoru, ədəbiyyatşünas alim Azər Turan çıxış edərək dedi: "Bu kitabı oxuyarkən yadıma 1934-cü ildə Moskvada, SSRİ Yazıçılar İttifaqının birinci qurulatıyında "Azərbaycan yazılı ədəbiyyatının ilk nümayəndəsi kim olmuşdur" sualı ətrafında gedən müzakirələr düşdü. Qurultayda çıxış edən Məmməd Kazım Ələkbərli  səkkiz-doqquzuncu əsrlərdə Bağdadda yaşamış, əslən azərbaycanlı olan Zübeydə xanımın adını xatırlatmışdı. Məlumat üçün deyim ki, Zübeydə xanım Abbasi xəlifəsi Harun Ər Rəşidin həyat yoldaşıydı. Yaşadığı ölkədə ən böyük nüfuz sahibi olan, dövlər işlərində çox yaxından iştirak edən Zübeydə xanım, çoxsaylı mədəni islahatların həyata keçirilməsində mühüm rol oynamışdı. Türk qadınının min il əvvəl təzahür etmiş belə parlaq varlığının təcəssümünü  bu gün Mehriban xanımın fəaliyyətində görürük. Təqdim olunan kitabın müəllifinə təşəkkür edirəm. Mehriban xanım Əliyeva haqqında yazılmış bu kitab Qarabağ mücadiləmizin uğurla başa çatdığı, şanlı Zəfər günümüzün qüruruyla yaşadığımız zamanın havasını özündə ehtiva edir...".

 

İqtisadçı alim Emin Qəribli, professor Səbinə Bayramova, tanınmış jurnalistlər Tapdıq Abbas, Asif Mərzili və İmir Məmmədli də öz çıxışlarında yeni nəşrin məziyyətlərindən ətraflı söz açdılar.

 

Sonda kitabın müəllifi tədbir iştirakçılarına və Atatürk Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirdi: "Xalqımızın sevimlisi Mehriban xanım Əliyeva o siyasi xadimlərdəndir ki, onun bütün fəaliyyəti Azərbaycanın inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, xalqımız haqqında xoş təəssürat yaratmağa hesablanıb. Mehriban xanımın Ali Baş Komandan İlham Əliyevlə birlikdə daim Azərbaycan insanının, Azərbaycan həqiqətlərinin, Azərbaycan əsgərinin, milli-mənəvi dəyərlərimizin yanında olması dövlətçiliyimizin qarantı, aydın gələcəklərə inamımızın ilhamvericisidir.

 

 

 

Sərvaz HÜSEYNOĞLU

Ədəbiyyat qəzeti.- 2021.- 28 avqust. S. 3.