"Pikassonun
göyərçini qonub sənin çiyninə"
Avqustun
26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Birinci ledi, görkəmli ictimai-siyasi xadim, Heydər Əliyev
Fondu və Azərbaycan Mədəniyyət Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın dünyaya gəldiyi gündür. Və
şair Adil Şirin "Ömür" poemasını
"Azərbaycan qadınının parlaq siması,
xanımlar xanımı" Mehriban Əliyevanın mənalı
ömür yoluna həsr edib.
Əsəd
CAHANGİR
Görkəmli
şəxsiyyətlər haqqında, özü də poema
kimi irihəcmli janrda yazmaq elə də asan deyil, üstəlik
də poema janrının son illərdə ikinci plana çəkildiyi,
indi bir çoxlarının poemaya vaxtilə çox populyar
olan bir yapon filmindəki sayaq dənizdən qəfil baş
qaldıran dinozavr kimi baxdığı bir vaxtda. Poema
poeziyanın romanıdır və bu janra müraciət
şairdən geniş poetik diapazon, yüksək ilham,
çoxillik bədii təcrübədən əlavə, həm
də dəbə qarşı dayanmaq qətiyyəti, axına
qarşı üzmək cəsarəti tələb edir. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Birinci ledi, görkəmli
ictimai-siyasi xadim, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyeva haqqında
"Ömür" poemasını qələmə almaqla
Adil Şirin bütün bu özəlliklərə malik olduğunu
göstərir.
Çağdaş
poeziyada öz modernist dünyagörüşü, obrazlar
sistemi etibarilə üç şairi bir-birinə bənzətmək,
tipoloji-müqayisəli təhlilə çəkmək, eyni
bir altçoxluğa daxil etmək olar - Adil Mirseyid, Elçin
İsgəndərzadə və Adil Şirin. Lakin A.Mirseyid daha
çox Qərb, E.İsgəndərzadə Türkiyə
poeziyası ənənələri ilə
bağlıdırsa, A.Şirin ilk öncə milli poeziya ənənələrimiz
üstündə köklənib. Bunu onun "Ömür"
poemasının elə girişindəncə görmək
olur.
Bu nəzəri
remarkaya ilk baxışdan, bir nüansı da artırmaq istərdim.
Biz bu sözlərlə nə Qərb, nə də Türkiyə
poeziyası gələnəkləri üstə köklənməyi
kimlərinsə ayağına günah kimi
yazmadığımız kimi, milli poetik ənənənin
davamçısı olmağı da kiminsə şəninə
deyilən tərif saymırıq. Sadəcə, bunlar
faktdır, biz faktları konstatasiya edir,
düşünürük ki, hər üç meyil
poeziyamıza lazımdır və onların hərəsinin
öz yeri var. Və "Ömür" poemasından söz
getdiyi yerdə çıxdığımız bu remarka onun
müəllifinin çağdaş poeziyamızdakı yeri barədə
daha dəqiq təsəvvür yaratmağa, bununla da poemanı
daha dəqiq səciyyələndirməyə xidmət edir.
İstedad
və ilhamın məhsulu olan poemasını Mehriban
xanımın adına bağlayan A.Şirin öz sözünə
durnalara xitabən başlayır və bununla da, muzaya antik
müraciət, yaxud Allaha klassik minacat ənənəsini
saxladığını, amma durnalara üz tutmaqla bu ənənəyə
modern səciyyə verdiyini göstərir.
Şairin
çoxsaylı simvollar arasından məhz durnanı
seçməsi də təsadüfi deyil: durna göylərə
yaxınlığı ilə ilham pərisini
xatırladır; klassik ənənədə durna lələyi
hökmdarların tacı, eyni zamanda, şairlərin qələmini
simvolizə edir və beləliklə, hakimiyyətlə ədəbiyyatın
vəhdəti ideyasını bildirir; durna ən ümumi şəkildə
götürəndə arzu, nisgil, həsrət, özəlliklə
də, vətən həsrəti ifadə edən simvoldur.
Şair simvolun bu ən ümumi mənasını xalqımızın
öz doğma torpaqlarını azad görmək arzusu, yurd həsrəti,
Qarabağ nisgili ilə bağlayır və onun ümumi,
mücərrəd mənasını konkret zaman və məkan
hüdudlarına salır.
A.Şirin
əslən Laçından, yəni həm erməni
basqısına uğrayan, həm də aşıq
şeirinin, saz sənətinin çoxsərlik gələnəklərə
malik olduğu bir bölgədəndir. Bəllidir ki,
aşıq şeirimizdə durnalara müraciətlə
yazılan, ən kamil bədii ifadəsini Vaqifin, Vidadinin,
Zakirin "Durnalar"ında tapan saysız-hesabsız
şeirlər var. Lakin A.Şirin çoxəsrlik gələnəyi
təkrar yox, davam etdirir. Durna simvolu aşıq şeiri və
bu şeir əsasında yaranan yazılı ədəbiyyatda
muza və ya ilham pərisi deyil, birbaşa şeirin qəhrəmanı,
tərənnüm ünvanıdır. Antik ədəbiyyatdan
muzaya müraciət, klassik divan şeirindən Allaha minacat,
aşıq şeirindən durna simvolunu götürən
A.Şirin bütün bunları bir araya belə gətirir:
Göy üzündə
Nazlı-nazlı
uçan durna!
Uça-uça
qanadları
Bəyaz
çiçək açan durna!
Eşit mənim
harayımı, duamı -
Al məni
qanadına!
Bir dastan
başlayıram
Mən
bir xanım adına!
Qışda məcburən uzaq, yad,
qərib ellərə uçan durna baharda geri dönməklə
vətən həsrətinin bir gün bitəcəyinə, bu
fani, eniş-yoxuşlu, ölüm-qalımlı dünyada
yalnız vətən sevdasının əbədiliyinə
inamı işarələyir:
Ömür bir enişli,
yoxuşlu
yoldu
Bilirəm,
bu
ömür çox azdır sənə.
Yalnız
bir əqidən,
amalın
oldu
Ömrünü
həsr etdin Ana Vətənə.
Müəllif poemanı təsadüfən
"Ömür" adlandırmayıb. "Ömür"
Mehriban xanımın dünyaya gələndən bu günə
qədərki ömrünə, həyat və fəaliyyətinə
ucaldılan poetik abidədir. Qəhrəmanın bütün
ömür yolunu nəzmə çəkmək ədəbiyyatda
klassik ənənədir. Lakin A.Şirin poemanın qəhrəmanının
ömrünü xronoloji ardıcıllıqla təsvir etmək
kimi ənənəvi üsuldan yan keçərək, bu zəngin
və mənalı ömrün ən önəmli məqamlarına
üz turur ki, bunun özü də onun modernist
düşüncə tərzindən irəli gəlir.
Çünki "obyektiv" zamana "subyektiv" montaj,
xronotopu istədiyi kimi qurmaq, bir sözlə, xarici yox, daxili
vaxta köklənmək modernistik düşüncənin əsas
özəlliklərindən biridir. Məhz bu modernistik
kompozisiya hesabına "Ömür"ün müəllifi
Mehriban xanımın dünyaya gəlişi, ailə
qurması, valideynləri və övladları, mədəniyyət,
elm, təhsil, səhiyyə, idman və digər sahələrdə
göstərdiyi gərgin zəhmət və misilsiz xidmətlərini,
istər ölkə daxili, istərsə də onun
hüdudları dışındakı uğurlarını
diqqət mərkəzində saxlayır, onun bir övlad, bir
xanım, bir ana, bir vətəndaş, bir dövlət xadimi,
ümumən bir insan kimi portretinin əsas cizgilərini
yığcam, lakonik, lakin mənalı surətdə rəsm
edir, olaylarla zəngin ömrün əsas konturlarını
bir poemada əks etdirə bilir.
A.Şirin
Mehriban Əliyevanı tarixi, çağdaş və gələcək
olmaqla üç zamanda, fərdi, milli və planetar olmaqla
üç məkanda təqdim edir və bütün
bunların kökünü nə zaman, nə də məkanın
olmadığı əbədi, metafizik aləmə - Tanrı
məqamına bağlayır. Çünki o, Mehriban
xanımın həyat və fəaliyyətini Tanrı istəyi
və bu istəkdən doğan tale təyinatı kimi dərk
edir:
Sən öylə bir məqamdasan,
Orda nə
Şərq, nə də Qərb,
Nə
Şimal, nə də Cənub var.
Orda nə
qış, nə də payız,
Orda
daimidir bahar...
Orda -
sonsuz mavilikdə,
Bir olan
Tanrı var yalnız.
Bununla
yanaşı, şair öz qəhrəmanının həyatının
iki önəmli məqamını özəl
vurğulayır: onun görkəmli yazıçı-pedaqoq, ədəbiyyatşünas
Mir Cəlal ocağında dünyaya gəlməsi və ulu
öndər Heydər Əliyevin dövlətçilik məktəbində
yetişməsi. İnsanın formalaşmasında genetik, yoxsa
sosial amilin daha önəmli olması istər klassik poeziya, istərsə
də fəlsəfədə daimi dartışma konusu olub.
İnsanın mövcudluğunun kökünü ilahi
başlanğıcda görən A.Şirin onun
formalaşmasında genetik və sosial amilləri vəhdətdə
qavrayır. Şairə görə, Mehriban xanımın bir
insan və dövlət xadimi kimi formalaşmasında Mir Cəlal
genetik, Heydər Əliyev isə sosial amili işarələyir:
Gəlir
xəyalına
Babası
hərdən,
Qüdrətli
sənətkar
Dahi Mir Cəlal!
Gümüşü
saçları
Durardı
dən-dən,
Süfrəsi
açıqdı,
Çörəyi
halal.
...Həyatı
məktəbdir
Ulu
öndərin,
Mehriban o
evin
Gəlini
oldu.
Öyrəndi,
düşündü
Dərindən
dərin,
Gördü
bir doğru yol
Heydər
yoludur.
Şairin bədii təqdimində
Mehriban xanım öz mənsub olduğu xalqın tarixi
arzularından doğulub. O, Dədə Qorquddan öyüd alan
Burla xatun kimi, Banu Çiçək kimi bədii obrazların
həyati təcəssümü, Sara xatunun mənəvi
varisidir, bir sözlə, əsl dövlət və xalq
adamıdır. Beləliklə, şair poema qəhrəmanının
poetik təqdimində çağdaş və tarixi
planları bir araya gətirir:
Dədəm Qorqud öyüd verib,
Sənə
Banu Çiçək kimi.
Hər
könüldə bir ümidsən,
Ağ
qanadlı mələk kimi.
...Uzaq
ölkələrdə
Təmsil
elədin,
Doğma
yurdumuzu -
Azərbaycanı!
Uca
kürsülərdən
nitq
söylədin,
Elimin
Sarası,
Burla
xatunu!
Hər ölkənin tarixində elə
şəxsiyyətlər var ki, onlar xalqın
qayğısını çəkmək, onun adını
dünya xalqları sırasında qürur və ləyaqətlə
səsləndirmək üçün dünyaya gəlirlər.
Mehriban xanım Əliyevanın zəngin, mənalı, hərtərəfli
ictimai-siyasi fəaliyyəti bunun parlaq örnəyidir. Poemadan
hasil olan başlıca müəllif ideyası da, bizcə, məhz
elə budur:
Rahat uyu,
Ömür
boyu
Çox
çilələr çəkmiş şair babam,
Məhəmməd
Hadi!
Ruhun
şad olsun, Ustad!
Millətimin
imzası var bu gün
İmzalar
içində!
Üçrəngli
bayrağımız dalğalanır
Amerikada,
Fransada...
Əlcəzairdə,
Çində!..
Poema görkəmli şəxsiyyət
və xalqın əbədi birliyi ideyasının təsdiqinə
dair fikirlə tamamlanır. Milli müstəqilliyimizin "əbədi
və geridönməzliyinin" poetik təsdiqindən ibarət
aşağıdakı misralar dövlətimizin suverenliyinə
darılan, hər fürsətdə özlərini büruzə
verən bəzi daxili və xarici qüvvələrə sətiraltı
bədii mesaj kimi də səslənir:
Keçər
qərinələr
Ötər
zamanlar,
Ellərin
qəlbində
Daim
yaşarsan!
Nə qədər
xalqım var,
Azərbaycan
var,
Bu Vətən
mülkündə
Əbədi
varsan!
***
Lirik-epik
janrda yazılan "Ömür" poeması
özünün təkcə mövzu və məzmunu ilə
deyil, həm də diqqətəlayiq bədii özəllikləri
ilə yadda qalır. Romantik ovqatdan modern ifadə tərzinə,
yüksək monumentalizmdən zərif lirizmə, heca vəznindən
sərbəstə və əksinə interaktiv və
üzvü keçidlər poemanın bədii strukturunun
özülündə durur. Poemada xalq şeiri formaları ilə
verilib, razılıq doğuracaq bir rahatlıq, təbiiliklə
qaynayıb-qarışır, vahid bir bədii mətnin ayrılmaz
tərkib hissələrinə çevrilirlər. "Şairəm
ağzı dualı, haqq yolundan azmadım. Mən
könülsüz bir şeir, bircə misra yazmadım" -
deyən A.Şirin belə durumlarda adətən
özünü çox tez-tez büruzə verən mövzu
arxasında gizlənmək, boğazdanyuxarı məddahlıq
təhlükəsindən yan keçə bilir. Çünki
poemanın həqiqi şair ilhamından doğulduğunu təsdiq
edən bədii aurası, metaforik iqlimi var. Bu metaforizm əksərən
orijinal şair kəşfləri, maraqlı bədii
tapıntılar şəklində üzə
çıxır:
Yenə
könlüm havalandı
Bəzən
dünya dar gəlir
Şairlərin
əyninə.
Xanımlar
xanımı Mehriban xanım!
Sülhməramlı
səfirim mənim,
Pikassonun
göyərçini
Qonub sənin
çiyninə!
Şairin
qələmlə çəkdiyi bu portretə bir ştrix əlavə
edərdim ki, Pikassonun göyərçinləri adi göyərçinlərin,
onlar isə Tanrının göy üzündəki mələklərinin
şəklidir. Dünya bir-birini əks etdirən və ya
Tanrının özünəcən gedib çıxan şəkillər
rapsodiyasıdır və bu şəkillər o zaman
canlanır ki, onlara Tanrının nəfəsi dəyir. Mən
"Ömür" poemasında bu nəfəsi duydum.
Şairin öz poemasını İkinci Qarabağ
savaşından öncə yazmasına baxmayaraq, tarixi qələbəmizə
dair öncəgörənliyi və öncəgörənlikdən
doğan inamı da məhz bu nəfəslə
bağlıdır.
Avqustun
26-sı Mehriban xanım Əliyevanın dünyaya gəldiyi
gündür. Xalqımızın fəxri, güvənc yeri
olan Mehriban xanımı həm öz adımdan, həm də
bütün söz adamları, bütün xalqımız
adından təbrik edir, bütün ömrünü ölkəmizin
çiçəklənməsi, xalqımızın
rifahına həsr etmiş bir insan kimi ona bundan sonra da
sağlıqlı ömür və yeni-yeni uğurlar arzu edirəm.
Əsəd
CAHANGİR
Ədəbiyyat qəzeti.-
2021.- 28 avqust. S. 2.