Anarın "Söz
dünyası" - 1500 illik Azərbaycan ədəbiyyatının
kitabı
"Ədəbiyyat
qəzeti"nin "Müzakirə saatı"
"Ədəbiyyat
qəzeti"nin "Müzakirə saatı"nda iştirak
edirlər: Akademik Nizami Cəfərov, akademik Teymur Kərimli,
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu,
filologiya elmləri doktoru, kulturoloq, tərcüməçi
Tofiq Məlikli, "Ədəbiyyat qəzeti"nin baş
redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər
Turan və filologiya elmləri doktoru Elnarə Akimova.
Elnarə
Akimova: Bu gün "Müzakirə saatı"nda Xalq
yazıçısı Anarın "Söz
dünyası" ikicildliyi haqqında danışacağıq.
Məlum olsun deyə deyim ki, beş cild
kimi nəzərdə tutulan kitabın birinci cildi 2018, ikinci
cildi 2020-ci illərdə işıq üzü görüb. İnşallah, növbəti cildlər də
yaxın zamanlarda ictimaiyyətə təqdim olunar. Hələlik bu iki cild haqqında geniş fikir
mübadiləsi aparmağı vacib bildik. Niyə?
Mənə elə gəlir ki, hər xalqın qan
yaddaşını ehtiva edən kitablar var. Özündə
xalqın keçib gəldiyi yolun bütün istiqamətlərini,
milli özünüdərk proseslərini, millət kimi
formalaşmasına xidmət göstərən amilləri, cərəyanları,
fikir adamlarının talelərini, məfkurə mücadilələrinin
kodlarını daşıyan belə kitablar zamandan
uzaqlaşdıqca daha qiymətli, daha gərəkli statusa malik
olur. Anarın bu iki cildi həmin kitablar
sırasındadır. İstərdim,
mövzuya elə bu yöndən giriş edək.
Nizami Cəfərov:
Anar ilk növbədə, heç şübhəsiz, görkəmli
yazıçıdır. Və onun hekayələri,
romanları, dramaturgiyası Azərbaycan ədəbiyyatının
heç zaman ideya-estetik təravətini itirməyəcək
klassik örnəkləridir... Ancaq bu da təkzibolunmaz
çox böyük bir həqiqətdir ki, Anarın
yaradıcılıq miqyası yazıçılıqla məhdudlaşmır.
O, mənsub olduğu xalqın ruhuna dərindən bələd
olan, bu xalqı istənilən məkanda və məqamda ləyaqətlə
təmsil etməyi bacaran, ən başlıcası isə
özündən sonrakı nəslə, artıq demək olar
ki, nəsillərə yol göstərən müdrik
ziyalı-ideoloqdur. Əslində, öz üzərinə
aldığı milli ziyalı-ideoloq missiyasıdır ki,
Anarı gənclik illərindən başlayaraq müxtəlif
tribunalardan və müxtəlif məsələlər ətrafında
öz mülahizələrini, ideya və ideallarını ifadəyə
daim səfərbər etməkdədir.
Tofiq Məlikli:
Anarın "Söz dünyası" kitabı, əslində,
Azərbaycan Ədəbiyyatı Ensiklopediyasıdır. Belə bir ensiklopediyanı isə ancaq
çöxyönlü mütaliə vasitəsilə
geniş bilgilərə, dünyagörüşünə
sahib olan Anar kimi bir intellektual yarada bilərdi. Bir dəfə yazdığımı bir daha təkrar
etmək istəyirəm. Mən nə Azərbaycanda, nə
Rusiyada, nə də Türkiyədə Anar kimi kitabı sevən,
hər sahəyə maraq göstərən, harada çap
olunmasından asılı olmayaraq, dəyərli, qiymətli əsərləri
tapıb oxuyan, qaldırılan problemlərə öz
görüşaçısını formalaşdıran və
onlar haqqında yazılar qələmə alan ikinci bir yazar
tanımıram. Məhz buna görə də
Anarın ədəbi, mədəni, ictimai və siyasi maraq
dairəsi olduqca genişdir. Bu səbəbdən,
"Söz dünyası" kimi ensiklopedik əsərin Anar
tərəfindən gerçəkləşdirilməsi mənim
üçün heç də sürpriz
olmamışdır.
"Söz
dünyası"na hələ Bakı Dövlət
Universitetinin ikinci kurs tələbəsi ikən Anarın Mirzə
Fətəli Axundzadənin "Aldanmış kəvakib"
hekayəsilə bağlı düşüncələrini
paylaşdığı "Aldanmış ulduzlar"
yazısından başlayaraq, bu günə qədər qələmə
aldığı ədəbiyyat tariximizə, görkəmli
yazarlarımıza, tənqidçilərimizə, elm
adamlarımıza həsr etdiyi çoxlu məqalələr,
esselər, oçerklər, xatirələr daxil edilmişdir.
Bu kitabda, həmçinin qədim dövrdən üzü bu yana mədəni-ədəbi tariximizdə
baş vermiş önəmli olaylara işıq tutan bəzən
iri, bəzən yığcam, həcmcə kiçik
yazılar yer almışdır. "Söz
dünyası"ında həqiqətən yox yoxdur.
Tehran
Əlişanoğlu: Anarın hələ ki iki hissəsi ilə
tanış olduğumuz "Söz
dünyası" əsərini, mənimcə, bütövlükdə
Azərbaycan ədəbiyyatının kitabı adlandırmaq
olar. Janrını təyin etmədən,
böyük hərflə yazılan Kitab anlamında; necə
ki, qədim dünya üçün Dədəm Qorqudun
Kitabı, ya orta çağlar üçün Mahmud
Kaşğarinin "Divani-lüğət-it-Türk"ü,
Yeni dövr üçün bu və digər ədəbiyyat
Tarixləri, ya Ədəbiyyat dərslikləri... - o qəbildən.
Hərçənd daha sonra gələn kitablar əvvəlkiləri
də yenidən, yeni forma və formatda ehtiva və idrak etməyə,
günün Oxusuna verməyə qeyrət edir, Anarın
"Söz dünyası"nda da belədir. İbtidadan çağımızacan. "Odlar yurdunun söz və sənət sərvəti",
qayaüstü yazılardan XX yüzilin modern sənəti, ədəbiyyat
yazılarınacan.
Oxuduqca düşünürdüm, buna bənzər
kitabımız varmıdır? Ki, milli ədəbiyyatımızın
Obrazını bütövü, bütünü ilə,
möhtəşəm miqyaslardan təfərrüatınacan,
canlı gəlişmədə cızmağa, ayrı-ayrı
mətnlərini bütünlükdə bir Mətn kimi
oxumağa səy etsin. Zarafat deyil, Anarın təqdimatında
1500 illik bir Ədəbiyyat nəhəngindən söhbət
gedir! Bilirik, Azərbaycan ədəbiyyatının ilkin
obrazını Firidun bəy Köçərli yaratmağa
çalışmışdır; təxminən yüz iyirmi
il əvvəl, 1903-də qələmə
aldığı ilk Azərbaycan ədəbiyyatı tarixində
- Molla Pənahdan Mirzə Cəliləcən. Sonrakı
dövrlərdə, bütöv bir institutun üzərində
çalışdığı "Müxtəsər Azərbaycan
ədəbiyyatı tarixi" ikicildliyi də var, onlarla ədəbiyyatşünas-alimin
ərsəyə gətirdikləri Azərbaycan ədəbiyyatı
üçcildliyi də faktdır. Lap son illərin hadisəsi,
elə Yazıçılar Birliyinin Dövlət
Mükafatına təklif elədiyi akademik İsa Həbibbəylinin
"Azərbaycan ədəbiyyatı: dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri"
monoqrafiyasını da yada sala bilərik, əsasında
hazırda Ədəbiyyat İnstitutu on cilddə Ədəbiyyat
Tarixi hazırlayır. Bəlkə bura akademik
Nizami Cəfərovun "Azərbaycanşünaslığın
əsasları" monoqrafiyasında cızdığı ədəbiyyatımızın
obrazını da artırmaq olar. Amma
bütün bunlar müəyyən elmi və elmi-ideoloji
konsept və konsepsiyalar çərçivəsində,
akademik ölçülərdə ərsəyə gəlmiş
məhz Tarix kitablarıdır. Ədəbiyyata
müəyyən dövrün, ictimai zamanın
baxışlarını, bir növ "kənar"dan
baxışı ifadə edir, Tarixi obrazını yaradır.
Belə kitablardan daha da biri, müstəqillik epoxamızın
lap əvvəlində qələmə alınmış
Yaşar Qarayevin monoqrafiyası yadıma gəlir, adı da elə
belədir: "Tarix: yaxından və uzaqdan"...
Anarın "Söz dünyası" fərqli
kitabdır. Sadəcə tarix kitabı deyil, məhz Ədəbiyyatın
kitabıdır. Burda ədəbiyyata kənardan deyil,
içdən baxış var, Azərbaycan ədəbiyyatının
tarixi boyu və bir ədibin-yazıçının-millət
övladının-vətəndaş-ziyalının bioqrafisi
uzunu, gözümüzün qabağındaca, içindən
yaranan obrazı var. Axı Anar həm də bu ədəbiyyatın
iştirakçısıdır, yaradıcısıdır,
bir parçasıdır. Daim, gözünü dünyaya
açandan, bu ədəbiyyatın içində olub;
hansı şairlə, yazıçı ilə, klassiklə,
mətnlə ilk dəfə nə vaxt, necə, harda təmas
qurmasından xalqın-millətin-cəmiyyətin həyatında
hər birinin və bütövlükdə bu ədəbiyyatın
yeri-rolu-dəyərinəcən yalnız şüur süzgəcindən,
idrakından deyil, canından-qanından, yaddaş və
yaşamlarından keçirib. Və bütün bunları
adekvat yazı tərzi, ifadə formaları taparaq "Söz
dünyası"na gətirə bilib. Mənimcə, "Söz dünyası" 1500
illik Azərbaycan ədəbiyyatı haqqında bənzərsiz
kitabdır.
Elnarə
Akimova: Tehran müəllim janr məsələsinə
toxunmuşkən, istərdim əvvəlcə elə bu məqamda
aydınlıq gətirək. "Söz dünyası"nı janrına görə necə təsnif
etmək olar?
Nizami Cəfərov:
Bu kitablardakı məqalələrin bir çoxu monoqrafik səciyyəlidir,
Anarın ədəbiyyat və incəsənət barədəki
əksərən metodoloji səviyyəli görüşlərini
əks etdirir. Hətta tanıtma xarakterli
yazılarında da bəlli bir ideya-metodoloji mövqeyin ortaya
qoyulduğunu görməmək mümkün deyil.
Elnarə
Akimova: Bir də üçüncü cildlə
tanışlıq var qarşıda. Niyə məxsusi
üç cildin üzərində dayanıram? Çünki kitabların annotasiyasında deyildiyi
kimi, I, II, III cildlər qədimlərdən indiyə qədər
ədəbiyyat tariximizə, klassik və
çağdaşlara həsr olunmuş yazıları əhatə
edir.
Nizami Cəfərov:
"Söz dünyası"nın
üçüncü cildini də maraqla gözlədiyimi gizlətmirəm.
Hərçənd əminəm ki, həmin cildə daxil
olunacaq yazıların mütləq əksəriyyətini qəzet,
jurnal səhifələrində oxumuşam, ancaq istər
birinci, istərsə də ikinci cildlərin təcrübəsi
göstərdi ki, Anarın bu cür kitabları yalnız məqalə-məqalə
deyil, eyni zamanda bütöv bir monoqrafiyanın fəsilləri
kimi də oxunur. Çünki üçcildlik
tərtib olunarkən məqalələr
yazıldığı illərin deyil, aid olduğu
mövzuların xronologiyası üzrə
düzülmüşdür. Müxtəlif dövrlərdə
qələmə alınsalar da, məqalə- fəsillər
müəllifin hər nə qədər çevik, zamanın
təsirlərinə həssas olsa da, prinsip etibarilə, diaxron
(və fundamental!) təfəkkürünün stabilliyi,
sistemliliyi və müəyyən mənada akademizminin nəticəsidir
ki, "Söz dünyası"na Azərbaycan bədii
sözünün (ədəbiyyatının!) kifayət qədər
mükəmməl bir tarixi kimi baxmağa imkan verir.
Azər
Turan: Nizami müəllim, doğrudur ki, bu kitabda məqalələr
yazıldığı illərin deyil, aid olduğu
mövzuların xronologiyası üzrə
düzülmüşdür. Amma burda
ideoloq-mütəfəkkir yanaşmasını sırf fərdi,
bəlkə də, Anarın yazıçı həssaslığından
doğan məhrəm bir yaşantı da müşayiət
edir. Tutaq ki, Hüseyn Cavid barədə "Faciələr
müəllifinin faciəsi" essesinin ardınca, Məhəmməd
Hadiyə və Əhməd Cavada həsr olunmuş
"İki şairin acı taleyi" məqaləsi gəlməliykən,
Anar Cavidlə bağlı yazıdan sonra "kitab səhifələrində
belə, oğlu atasından ayırmaq istəmədim" -
deyə xronoloji ardıcıllıq prinsipini bilərəkdən
pozur. Cavidlə bağlı yazıdan sonra, Hadi və Əhməd
Cavad haqqında yazıdan öncə kitaba Ərtoğrol barədə
"Böyük sənətkarın sənətkar
oğlu" yazısını (Ərtoğrolla bağlı
1980-ci ildə yazılmış ilk yazını) daxil edir...
"Faciələr müəllifinin faciəsi" məqaləsini
oxuyarkən, yadıma bir məqam düşdü. Bunu 2005-ci ildə
"Cavid ömrü" filmi haqqında yazdığım məqalədə
də xatırlatmışdım. Gərək
ki, 2003-cü ilin fevralı idi. Turan Cavid söhbət əsnasında
"Anar zəng vurmuşdu bu gün. Cavidlə bağlı
filmin ssenarisini yazmağı ona tapşırıblar"
dedi... "Elə bunu söyləmək üçün zəng
vurmuşdu?". "Yox, xeyir-duamı istəyirdi"...
Dedi və susdu. Üzündə 70 ilin kədəri
sayrışırdı... "Bəs siz nə
dediniz?" - soruşdum. "Nə
deyəcəm, dedim, sən yazmasan, bu ssenarini bəs kim yazacaq?". Yenə də susdu.
"Anardan başqa bu ssenarini yazmağa heç kəsin
haqqı yoxdur", - deyib söhbəti tamamladı...
Onu demək
istəyirəm ki, oxuduğumuz və bu gün müzakirəsini
etdiyimiz "Söz dünyası" elə bir müəllifin
kitabıdır ki, kitabdan keçən talelər həm də
onun öz şəxsiyyəti ilə bağlıdır...
Ədəbiyyat tariximizin, eləcə də milli taleyimizin mənzərəsini
yaradan bu kitabın episentrində müəllifin öz şəxsiyyəti
və yaşantıları dayanır...
Fikrimi bir
az da dəqiqləşdirmək istəyirəm.
Tutaq ki, Əli bəy Hüseynzadə ilə
bağlı "Ucundadır dilimin həqiqətin
böyüyü" məqaləsi onun Səlim Turanla
bağlı qeydlərilə davam edir. Qeydlər də nə
qeydlər... Müəllif Səlim Turanla Sertellərin vasitəsilə
Parisdə tanış olur, 1970-ci ildə Paris səfəri, eləcə
də Səlimlə görüşləri barədə
"Qobustan" dərgisində məqalə yazır (və
bu, Səlimlə bağlı Azərbaycanda ilk yazıdır),
İstanbulda Səlim Turanla bir yerdə Əli bəy
Hüseynzadənin məzarını ziyarət edir, yenə
İstanbulda Səlimlə bir yerdə Ataol Bəhramoğlunun
"Mutlu ol, Nazım" tamaşasına baxır... Səlim Turan Anara Parisdən "Mən, sən, o və
telefon" hekayəsinə çəkdiyi tablonu hədiyyə
göndərir. Anar İstanbulda Səlim Turanla vida mərasimində
Azərbaycan adından çıxış edir və s... Açığı, mən bu yazıları bizim
indiki anlamla qavradığımız bədii publisistika
nümunəsi hesab etməyə ehtiyat edirəm. Bu, Anarın üslubudur. Azərbaycan fikir həyatında
Anarın öz fərdi üslubu var. İstər
esseistikasında, istər elmi araşdırmalarında, istərsə
də bədii yaradıcılığında bu üslub
dominantdır...
Tehran
Əlişanoğlu: "Söz dünyası"na ənənəvi məqalələr toplusu
kimi də baxmaq olar. Belə görünür
ki, Anar ədəbiyyatımız və ədəbiyyatımızın
klassikləri haqqında müxtəlif illərdə
yazdığı məqalələrini iki cilddə bir araya gətirmişdir.
Həm də nə az, nə çox, müxtəlif həcmdə,
janrda qələmə alınmış, bugünün bilikləri
üzərinə çoxlu yeni faktlar, bilgilərlə, yeni
yanaşmalar, təfsirlər, təhlillərlə zəngin
114 məqalə-yazı (bütövlükdə, kitabın həcmi:
I cildi - 520 səhifə., II cildi - 924 səhifədən
ibarətdir). Bu baxımdan, qarşımızda
nəhəng bir tədqiqatçı-ədəbiyyatşünas
işi durur. Kitabda ədəbiyyatşünaslıq
janrları etibarilə tədqiqat-araşdırmalar da var, elmi
məqalə, portret-oçerklər, yubiley yazıları da,
tənqid essesi, "Dədə Qorqud dünyası" kimi
elmi-publisist traktat da. Hətta mən "Söz
dünyası"nda, məxsusən birinci kitabda bir araşdırıcı
obrazı da gördüm, topladığı şeirlər,
araşdırdığı əlyazmalar, cünglər, təzkirələr
bu təsəvvürü yaradır ki, müəllif ədəbiyyat
professoru ola bilərdi, fəqət
yazıçı-ədib olmuş, daha doğrusu Anar
olmuş, ədəbiyyatımızın Anarı.
Bu məqam
Anarın "Söz dünyası"na
daha həssas yanaşmağımızı istəyir. Daha diqqətli
və ardıcıl oxu göstərir ki, sadəcə məqalələr
toplusu deyil; Anar "Söz dünyası"nı
məxsusi şəkildə, ədəbiyyatımızın
daxili bütövlüyündən, hərəkət və
dinamikasından gələn vahid bir mətn kimi görür,
düşünür və qurur. Kitabda, təbii
ki, ədəbiyyatla birgə tarix də var; lakin bu sadəcə
tarixilik prinsipinə əsaslanan təsnifat, ədəbiyyatın
ictimai zamanlara uyğun dövrlərə, mərhələlərə,
səciyyələrə bölünməsi deyil. Anar əsərdə
asanlıqla qəliblərdən çıxır, ədəbiyyat
tarixində xronoloji sıranı gözləməklə təsvir
etdiyi dövrlərdən qəfil bioqrafik zamana adlayır,
xatirə-anım detalları, memuar ədəbiyyatının
izləri ilə təəssüratı artırır;
şair, yazıçı, ədəbi simaların bioqrafisi,
həyatından süjetlər müəllif düşüncələri,
dəyərləndirmələri, təhlil və ricətlərlə
müşaiyət olunmaqla dövrlər arasında dialoq,
ünsiyyət, polemika yaradır. Təkcə
müəllifin özü yox, qəhrəmanları da
zamanları adlayır, özündən əvvəlki
dövrlə mükaliməyə girir, sonrakı dövrdə
davamlı, ya davamsız taleyini yaşayır. Müqayisələr, paralellər, bir-birini tamamlayan
hadisələr vahid bir ədəbiyyatın həyatını
genişliklə hiss etməyə, mənzərələrini
yaxından görməyə zəmin verir. Əsərdə
ümumən yazı mədəniyyətimizin panoramı var,
epos var, divan ədəbiyyatı var, ədəbiyyatımızın
XIX və XX əsrlərdə qət etdiyi böyük
müasirlik marafonu və özünüdərki var.
Aydındır ki, Anarın "Söz dünyası"nın əsas qəhrəmanı yazı ədəbiyyatımız
və onun onlarca, yüzlərlə təmsilçisi,
personajı, bütövlükdə Azərbaycan ədəbiyyatıdır...
Elnarə
Akimova: Anar və klassik irs məsələləri.
Zənnimcə, yazıçının
yaradıcılığında bu məsələ ayrıca tədqiqat
predmeti ola biləcək mövzudur. Çünki klassik ədəbiyyatın elə bir
faktı yoxdur ki, Anar ona münasibət bildirməsin.
Teymur Kərimli:
1998-ci ildə Anarın yubileyi münasibətilə ona
ünvanladığı təbrik məktubunda ümummilli
lider Heydər Əliyev deyirdi: "Siz 60-cı illərdə ədəbiyyatımıza
yeni ab-hava gətirmiş yazıçılar nəslinin
görkəmli nümayəndələrindən birisiniz. Müasirlərimizin zəngin mənəvi aləmini,
qayğı və problemlərini yüksək bədii səviyyədə
əks etdirən əsərləriniz daim ədəbiyyat həvəskarlarının
diqqət mərkəzində olmuşdur. Bəşəriliklə
milliliyin üzvi vəhdətini təşkil edən çoxcəhətli
yaradıcılığınız cəmiyyətimizdə
milli şüurun aşılanmasına və
xalqımızın bir çox ölkələrdə
tanınmasına xidmət etmişdir".
Ulu
öndərin məktubda işlətdiyi "bəşəriliklə
milliliyin üzvi vəhdəti" ifadəsi, heç
şübhəsiz ki, Anarın Azərbaycan klassik ədəbiyyatını
nə qədər gözəl bildiyinin və yerli-yerində
istifadə etdiyinin, ondan həm ərdəmli bir varis kimi bəhrələndiyinin
və həm də zərgər dəqiqliyi ilə qiymətləndirdiyinin
işarəsidir.
Bunun əyani təzahürü kimi Anarın "Söz
dünyası" trilogiyasının ilk iki cildini göstərmək
olar. Məhz Azərbaycan ədəbiyyatının istər
keçmiş, istərsə də çağdaş klassiklərinin
şəxsiyyətlərinə və
yaradıcılıqlarına həsr olunmuş bu cildlərdə
Anar öz təkraredilməz üslubu ilə elm sanballı bədii
publisistikasının poetik qələmi ilə həm də ədəbiyyatşünaslığımızı,
ümumilikdə isə mədəniyyətşünaslığımızı
zənginləşdirən qiymətli əsərlər
yaratmışdır. Bəri başdan qeyd
edim ki, araşdırma sahəmə uyğun olaraq yalnız
birinci cilddəki materialları nəzərdən keçirməklə
kifayətləndim. O da xoş təəssürat
yaradır ki, bu əsərlər təkcə Azərbaycan
klassik ədəbiyyatını deyil, həm də
ümumtürk klassikasını əhatə edir. Əlbəttə, bu, müəllifin ədəbi
informasiyasının əngin genişliyindən və dərin
erudisiyasından birbaşa xəbər verən əlamətdar
cəhətdir. Digər tərəfdən,
bu həm də Anarın elmi-bədii publisistikasının
başqa bir özəlliyi ilə - onun Oğuz-türk sevgisi
ilə bağlıdır. Məhz bu
sevginin nəticəsində çox qiymətli bir antologiya -
"Min beş yüz ilin Oğuz şeiri" toplusu ərsəyə
gəlmişdir. Antologiyaya yazdığı "Son
söz"də bu sevginin genetik köklərini də
şirin bir dillə təsvir edən Anarın səmimi
sözlərinə diqqət kəsilək: "...mənim
şeir yaddaşımın bir çox
başqalarınkından fərqli cəhəti də
vardır. Atam da, anam da şair idi və
böyüdükcə, ağlım bir şey kəsdikcə
onların oxuduqları şeirləri - həm öz şeirlərini,
həm də başqa klassik və çağdaş şairlərin
şeirlərini qavramağa başladım. Həyatımda ilk eşitdiyim kitablar
"Koroğlu" dastanı və Nazim Hikmətin
"Günəşi içənlərin
türküsü" kitabları idi. "Eşitdiyim"
deyirəm, "oxuduğum" demirəm, çünki bu
kitabları hələ oxumaq, yazmaq bilmədiyim vaxt anam mənə
qiraət etmişdi. Evimizdə daima
şeirlər səslənərdi. Atamla
anamdan başqa, nənələrim, bibilərim də xeyli
şeir əzbər bilərdilər".
Elnarə
Akimova: Ümumiyyətlə, bu iki cildin özəlliklərindən
biri budur ki, müəllifin tərcümeyi-halı, içindən
keçib gəldiyi yazıçı mühiti, yaddaşdan
süzülüb gələn xatirələr daim
funksionaldır və məqalələrə ayrı bir həzinlik
qatmaqdadır. Bunu kitabın ikinci cildində, yəni
müəllifin müasir dövr yaradıcı adamları ilə
bağlı yazdığı məqalələrdə daha
bariz görürük. Həm də bu
xatirələrdə tanıdığımız ədəbi
şəxslərin içindəki nisgili oxuyub bilmiş
oluruq. Məsələn, Cəfər Cəfərovun
Təbriz həsrəti, Əkbər Babayevin İstanbul nisgili
və s. Anar bu məqamları son dərəcə kövrək
notlarla nəql edir. Yaxud kitabda Rəsul Rzaya həsr
olunmuş "Çinar ömrü" məqaləsində
şairin "Çörək satan qızlar" şeiri və
həmin şeirlə bağlı mülahizəsi çox təsirli
idi. Mənə görə, kitabın məziyyətlərindən
biri ədəbi faktları arxa planda olanlarla birgə, ədəbi
söhbət, dialoq müstəvisində təqdim etməklə
sərgiləməsidir.
Teymur Kərimli:
Əlbəttə, bayaq dediyim kimi, belə bir münbit poetik
mühitdə böyümüş gələcək Xalq
yazıçısının poetik sözə bu qədər
dərin sevgisinin və marağının səbəblərini
asanlıqla anlamaq mümkündür.
Elnarə
Akimova: "Söz dünyası" kitablarının
toxunduğu fundamental mövzular var. Ki, bu yazılar Anarın həm
potensialını, həm də üzərinə
götürdüyü missiyanı çox yönlərdən
təqdim edir. İstərdim həmin mövzular
üzərində dayanaq.
Tehran
Əlişanoğlu: Siz missiya məsələsinə
yaxşı toxundunuz. Çünki kitabı
oxuduqca əsərin önəmi və yaranmasının motivləri
məni də düşündürürdü. Əvvəla, bilirik ki, Anar ədəbiyyatımızın
böyük təəssübkeşi, cəfakeşidir; qeyd
etdiyim kimi, daim ədəbiyyatın, ədəbi prosesin
içindədir. Necə deyərlər,
çağdaş ədəbiyyatımızın baş
yazarıdır. Onu da bilirik ki, yeni
zamanlarda, "sovet keçmişi"ndən bilmərrə
qopandan sonra da, müstəqillik epoxasında klassiklərimiz
bir sıra hücumlara, inkarçılıq meyillərinə
ürcah oldu. Yadımızdasa, zaman-zaman Məhəmməd
Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil
Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Səməd
Vurğun, Rəsul Rza və başqa ədiblərimiz guya daha
işıqlı gələcək naminə həmlələrə
məruz qaldılar. Hətta deyərdim, qəsdən
də çox, bilməzlikdən, klassikləri "oxuya"
bilməməzliyimizdən. Anar özü
də əsərdə bu məqama dolayısı ilə
işarələr edir. Düşünürəm
ki, Anarın "Söz dünyası" həm də polemik
olaraq, günün, çağın bu tələblərindən,
polemikasından yaranıb; klassikadan ayrılmağa tələsənlərə
cavab kimi. Kitabın özündə də
polemikalar çoxdur; ədəbi zamanlar arasında da, meyllər,
fikirlər, düşüncələr, tarixi şəxsiyyətlər
və insanlar arasında da. Bugünün içindən
yazılmış "Söz dünyası"nın özü ilə də nədəsə,
nələrləsə polemika etmək olar; zamanla belə
polemikalar olasıdır da...
Əlbəttə, 1500 illik bir ədəbiyyatı ehtiva
edən kitabla polemika da asan deyil; burda hər bir tədqiqatçının
payına düşən, impuls ötürən,
düşünməyə vadar edən məqamlar çoxdur. Məsələn,
öz payıma; qeyd etdiyim kimi, Anar XX əsr sovet dönəmi
ədəbiyyatımızı səylə, israrla zamanın məhdud
çərçivələrindən çıxarmağa
çalışır və böyük Azərbaycan ədəbiyyatı
naminə haqlıdır da. Amma mənimcə,
bu gün qorxunc bir kabus kimi damğaladığımız
"sosrealizm" estetikasının burda elə bir
günahı yoxdur. Doğrudur, adın özü
("sosialist realizmi") qəlibləşmiş,
donuqlaşmış, ədəbiyyatda ideoloji bir
tendensiyanın daşıyıcısı kimi
özünü yıpratmışdır; gəlin onda
"inqilabi sənət" deyək, "XX əsr sənəti"
deyək, fərqi yoxdur, amma unutmayaq ki, 60-cılara qədər
sovet dönəmi ədəbiyyatımızın özəlliyi,
gözəlliyi həm də bu nota, bu estetikaya
bağlıdır. Əslində, həmin dövrün
ayrı-ayrı şairləri, yazıçıları, tənqidçilərindən
danışarkən, Anarın özü də bu mövqeyi
üzə çıxarmağa çalışır, amma mənimcə,
kifayət qədər polemikaya da yer qoyur...
Şəksiz
ki, "Söz dünyası"nın
özü də modern üslubda, modern tərzdə qələmə
alınmış, tərtiblənmişdir. İstər
yazılarda duyduğum ədəbi mühitin nəfəsi,
Anarın ustalıqla lövhələşdirdiyi, sənədləşdirdiyi
ədəbiyyat qovğaları, ehtirasları, fikir
toqquşmaları, istərsə də bir-birini təqib
qılan, bu təəssüratı artıran rəngli və
qara-ağ fotoşəkillər sırası məni bir daha XX
əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin
unikallığı, dünya mədəniyyəti kontekstində
təkrarsız yeri barəsində
düşündürdü, silkədi...
Teymur Kərimli:
2008-2009-cu illərdə təxminən beş
ay ərzində qələmə alınmış "Odlar
yurdunun söz və sənət sərvəti" adlı
sanballı oçerk pentalogiyanın IV və V cildləri
üçün də ümumi bir giriş kimi nəzərdən
keçirilə bilər. Eyni zamanda bu, kifayət
qədər lakonik və zəngin məlumatlı,
sıxılmış enerji qədər təsirli və
sanballı müxtəsər bir mədəniyyət tarixidir.
Oçerkin
elə ilk cümlələrindən Mirzə Cəlilin məşhur
"Azərbaycan" məqaləsi yada düşür:
"Mənim Vətənim Azərbaycan Güney Qafqazda, Xəzərin
sahillərində, tarixi və coğrafi yolların kəsişdiyi
məkanda, şimalla cənubun, şərqlə qərbin
qovuşağında yerləşir. Asiyayla
Avropanın hüdudu - əzəmətli Böyük Qafqaz
dağ silsiləsi - Azərbaycanın şimal sərhədidir".
İlk baxışda adi sözlərdir, ancaq zəndlə
nəzər saldıqda bu adi sözlərdə böyük
bir vətənpərvər ziyalının öz doğma
yurduna olan məhəbbətinin ürək
çırpıntılarını duymamaq olmur.
Nizami Cəfərov:
"Söz dünyası"nın birinci
cildi "Odlar yurdunun söz və sənət sərvəti"
adlı kifayət qədər müfəssəl bir yazı ilə
başlayır ki, çoxdanın yazısı olsa da, nəşri
nəzərdə tutulmuş beşcildliyin (o beşcildliyin ki,
üç cildi ədəbiyyata, iki cildi isə incəsənətə
həsr edilir) ümumi ön sözüdür. Və
buradakı "sərvət" anlayışı, tamamilə
təbiidir ki, bütövlükdə Azərbaycan ədəbiyyatı
və incəsənətinin Azərbaycan xalqı
üçün nə olduğunu dəqiq təqdim edir...
Demək
olar ki, hər birini çap olunduqdan bir neçə ay və
ya sonra oxuduğum "Min beş yüz ilin Oğuz
şeiri", "Tariximizin şeir yaddaşı",
"Min ilin yüz şairi", "Türkün sözü",
eləcə də dünya dədəqorqudşünaslığı
tarixində xüsusi yer tutan "Dədə Qorqud
dünyası" kimi yazılar Anarı ona görə həm
bir azərbaycanşünas, həm də bir türkoloq olaraq dəyərləndirməyə
imkan verir ki, o, ədəbi fakta öz etnotipoloji kontekstində
yanaşmağın son dərəcə səmimi təcrübələrini
verir. Və ona görə də "Manas", Mahmud
Kaşğari, Əhməd Yəsəvi, Nizami, Mövlana Cəlaləddin
Rumi, Yunus Əmrə haqqında yazdıqları türk mədəniyyəti
tarixinə diferensial baxışın metodoloji
imkanlarını nümayiş etdirir.
Elnarə
Akimova: Nizami müəllim "Dədə-Qorqud
dünyası" məqaləsindən söz salmışkən
bu mövzu üzərində dayanmağımızı istərdim.
Tədqiqatlar, məqalələr, dastana sevgi,
onu daim aktuallandırmaq şövqü öz yerində.
Ümumiyyətlə, bu dastanı Anar
ömür kimi yaşayır, məncə.
Çünki elə həmin "Dədə Qorqud
dünyası" məqaləsində Anar qeyd edir ki, hər
beş-altı aydan bir dastanı yenidən oxuyuram, hər dəfə
mənimlə yeni adam kimi danışır, hər dəfə
ondan indiyəcən eşitmədiyim sözləri eşidirəm,
hər dəfə "Kitab"da bunacan görmədiyim,
duymadığım gözəlliklər, dərinliklər, dəyərlər
tapıram.
Teymur Kərimli:
Ümumiyyətlə, Anarın başqa janrlarda
yazdığı əsərlərdə olduğu kimi, elmi-bədii
publisistikasında da hökm sürən təbii-səmimi
üslub, axarlı-baxarlı təhkiyə ilk cümlələrdəncə
oxucunu öz xoş təsiri altına alır, son nöqtəyə
qədər bu cazibə sahəsindən bir dürlü kənara
buraxmır. Anarın böyük bilicisi olduğu "Kitabi-Dədəm
Qorqud"un müqəddiməsindəki Qorqud Ata haqqında
deyilən tərifi bu baxımdan onun özünə də aid
etmək olar: "Tanrım onun könlünə ilham edir!".
Təsadüfi
deyil ki, I cildin ən böyük oçerki elə belə də
adlanır: "Dədə Qorqud dünyası".
Ümumilikdə isə "Dədə Qorqud
dünyası" - "Söz dünyası"nın kiçik modelidir. Və Anar "Dədə
Qorqud dünyası"nın bircə cümlə ilə belə
bir dolğun, obrazlı təsvirini verir: "Ən
çılğın ehtirasların və ən incə hisslərin,
ən xəfif duyğuların, ziddiyyətli insan münasibətlərinin
və zərif təbiət təsvirlərinin, igidliyin və
comərdliyin, xəyanətin və satqınlığın,
məhəbbətin və ölümün, qəzəbin və
gülüşün, şadlığın və ələmin
qaynayıb-qarışdığı bir dünyadır Dədə
Qorqud dünyası".
Elnarə
Akimova: Bu yazılar ədəbiyyat tarixçiliyimiz
üçün qiymətli mənbələr də sayıla
bilər. Yaxud ədəbi irsə, ədəbi
dövrə yanaşmağın elmi-metodoloji nümunəsini
meydana qoyur. Eyni zamanda mübahisələrə
meydan açır. Ədəbiyyat tarixi
şəxsiyyətlər tarixidirmi? Yaxud
proseslər, situasiyalar tarixi kimi öyrənilməlidir?
Kitabda bunların nüvəsinə varmaq üçün
bütün faktlar var: dil, tarix, ümumtürk məsələləri,
ədəbi abidələr, sənət nümunələri, ədəbi
əlaqələr və s.
Nizami Cəfərov:
Bəli, məsələn, "Söz
dünyası"nın ilk cildinə daxil edilmiş
"Şairin hünəri", "Şairin zəfəri"
və "Şairin kədəri" məqalə-trilogiyası
böyük yazıçının ortaq olduğu qədər
də milli ədəbiyyat tarixinin məhsuldar bir dövrünə
həmin ədəbiyyatı (poeziyanı) yaradan
dühaların taleyi (və ovqatı) baxımından
yanaşaraq mütəvaze bir şəkildə ənənəvi
ədəbiyyatşünaslığın
hüdudlarını aşmaq iddialarının nəticəsi
idi ki, sonralar böyük bir ənənəyə
çevrildi. Nəsimini, Xətaini, Füzulini anlamağın
bir yolunu da Anar göstərdi.
Azər
Turan: "Söz dünyası"nda ədəbiyyatşünaslığın,
ədəbi tənqidin də örnək nümunələri
var. Ötən əsrin yetmiş, səksəninci illərində
yazdığı "Şairin hünəri",
"Şairin zəfəri" və "Şairin kədəri"
məqalələrində, doğrudur ki, ənənəvi ədəbiyyatşünaslığın
hüdudları aşılırdı və yenə də,
Nizami müəllim, sizin dediyiniz kimi, sonralar böyük bir ənənəyə
çevrilən bu yanaşma Nəsimini, Xətaini, Füzulini
anlamağın bir yolu oldu. Hətta mühüm
bir yolu oldu. Etiraf edək ki, bu yazılar
zamanında əksəriyyətin, eləcə də bizim hər
birimizin oxuduğu mətnlər olub. Klassikləri
milli həyatı ilə, yaşantıları ilə,
yaradıcılıqları ilə, dövrü ilə bizə
daha yaxın, bizim üçün daha məhrəm aspektlərdən
və daha səmimi bir üslubda incələyən bu
yazılar Azərbaycan gəncliyinin klassikaya yeni prizmadan
baxmasına səbəb olub.
Tofiq Məlikli:
Əlavə kimi deyim ki, oxucuların olduğu kimi,
yazıçıların da öz fovaritləri vardır. Mirzə
Cəlil, Mirzə Fətəli, Üzeyir bəy, Nazim Hikmət
deyincə, o saat Anarın adı yada düşür. Səbəbi çox sadədir. Adlarını
çəkdiyim və çəkmədiyim böyük
yazıçıları Anar bizə filmləri,
yazıları, dəyərli kitabları ilə daha da
yaxınlaşdırıb sevdirmişdir. Onun "Kərəm
kimi" romanı, "Bu yoldan otuz il öncə də
keçdim", "Zəfərin mübarək, Nazim!" və
başqa yazıları, Nazim Hikmətin söz
dünyasının, insan sevgisiylə yoğrulmuş çiləli
yaşam dünyasının gizli qapılarının
açarı olaraq qalmaqdadır. Mənə elə
gəlir ki, Anarla bizim dostluğumuzun təməl
daşlarından biri, ikimizin də Nazimə olan sonsuz
sevgimizdir.
"Söz dünyası" kitabında Anarın ədəbiyyat
tariximiz və yazarlarımızla yanaşı, türkoloqlar, ədəbiyyatşünaslar,
tənqidçilər haqqında yazdığı dəyərli
məqalələri də yer almaqdadır. Anarın XIX
yüzilin əvvəllərində Çar Rusiyasında
türkologiyanın, islamşünaslığın təməlini
qoymuş Mirzə Kazım bəy və türk
dünyasında "dildə, fikirdə, işdə bir"
ideyasını, Baxçasarayda, Krımda çap etdirdiyi
"Tərcüman" adlı ümumtürk qəzetində
hərarətlə savunan İsmayıl bəy
Qaspıralıya həsr olunmuş yazılarında olduqca
maraqlı bilgilər ver almaqdadır.
Tehran
Əlişanoğlu: Ümumiyyətlə, kitabda XX əsrin
ortaları, sovet dönəmini ehtiva edən rupor yazılar
olaraq əsrin böyük şairləri Nazim Hikmətə
("Bu yoldan otuz il öncədən də keçdim",
"Zəfərin mübarək, Nazım") və Rəsul
Rzaya dair ("Çinar ömrü") fəsilləri hesab
edirəm. Anarın Nazim Hikmət haqqında
ayrıca iri həcmli "Kərəm kimi" roman-essesi məlumdur;
amma bu əsərə də Bakı və Azərbaycan ədəbi
mühiti ilə bağlı səhifələri
salmağı vacib bilmişdir. Çün
mənimcə, yazıçı inqilablar əsrinə elə
nöqtədən baxmağa çalışır ki, onu
sovet rejiminin dar, sıxıcı məngənəsindən,
boğucu havasından çıxara bilsin. Məhz
bioqrafisində milli türk ruhu və kommunizm idealını
ağlasığmaz gözəlliklə birikdirən, təcəssüm
etdirən Nazim Hikmət pəncərəsindən boylananda
1920-1960-cı illərin sənət və
yaradıcılıq mühiti, Süleyman Rüstəmin
("Süleymanla Süleymansız", "Süleyman
Rüstəm haqqında çıxış"), Səməd
Vurğunun ("Vurğunluq", "Səməd Vurğunun
mənzil muzeyində çıxış"), Mikayıl Rəfilinin
("Təsəllisiz yaşamağı bacarmaq və ya "bədbəxt
adamın xoşbəxtliyi"), o sıradan Rəsul Rzanın
şair portretləri bir başqa cür, əsrin
çağırışına yaraşan nisbətdə
görünür. Hətta bu
yaradıcılıq şkalası paralel olaraq şeirimizin Cənub
havasında da ("Güneydən gələn səslər"),
Həbib Sahirdə ("Bu qaranlıq gecədə nə gedən
var, nə gələn"), Məhəmmədhüseyn Şəhriyarda
("Ömrüm keçdi, gələmmədim, gec
oldu"), Həmid Nitqidə ("Bir gün bu röyadan
oyanmaq") - növbənöv milli rəngarənglikdə
özünü büruzə verir, əsrin ritmlərini diktə
edir.
"Çinar
ömrü"nün səhifələri isə Rəsul Rza
şeirinin dərinlərinə nüfuz etməklə
yanaşı, müqaviməti ilə üzləşdiyi həmincə
1930-1980-ci sovet illərinin repressiv mühitini, Mikayıl
Müşfiqi ("Səni kim unudar"), Heydər
Hüseynovu ("Şeyx Şamilin "qurbanı" Heydər
Hüseynov"), onlarla sənətkarı-ədibi aparan,
Abdulla Faruqu ("Bir məktub, bir tale"), Almas
İldırımı ("Gölə ad vermiş
şair"), Abay Dağlını ("Abay
Dağlının "Füzuli" pyesi") didərgin,
Biriyanı həbsxanalara salan ("Şair, nazir, molla")
qara yelləri də canlı lövhələr-xatirələr-şahidlərin
dili ilə, faktlar-sənədlər-arqumentlərlə
görükdürür, təsbit edir. Əsrin major
akkordları altında gizlənən bu minor səslər, demək
olar ki, dövrü yaşayan hər bir ədib və sənətkarın
taleyində təzahür edir; hərədə bir cür,
başqa bir halətdə zühur edir (Məmməd Arif, Həmid
Araslı, Məmməd Cəfər Cəfərov, Mir Cəlal,
Mehdi Hüseyn, Sabit Rəhman, Mirzə İbrahimov, Nigar Rəfibəyli,
Mirvarid Dilbazi, Ənvər Məmmədxanlı, İlyas
Əfəndiyev, Cəfər Cəfərov, Abbas Zamanov
haqqında yazıları yada salaq). Və Anar
"Söz dünyası"nda məhz həmin bəzən
eşidilməz, çox çətin eşidilən
notları eşitməyə, eşitdirməyə köklənibdir.
Kitabın
son fəsillərində yazıçı Anarın bilavasitə
özünün də şahidi, iştirakçısı,
müdaxiləsi olduğu ədəbi mühitin
havasını duyur, ünsiyyətdə olduğu neçə-neçə
qələm həmkarı, dostuna həssaslıqla, ürək
istisi və yazıçı-vətəndaş məsuliyyəti
ilə ədəbi portretlərini cızdığını
görürük (Qılman İlkin, İmran Qasımov,
İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Əziz
Mirəhmədov, Kamal Talıbzadə, Əzizə Cəfərzadə,
Əkbər Babayev, Balaş Azəroğlu, Cavad Heyət, Nəbi
Xəzri, Bəxtiyar Vahabzadə, Qabil, Söhrab Tahir, Bəkir
Nəbiyev haqqında yazıları anaq). Belə
ki, qarşıda altmışıncıların nəfəsi
hiss olunur və mənimcə, ədəbiyyat romanının
növbəti hissəsi (cildi) daha da maraqlı hadisələr
vəd edir.
Elnarə
Akimova: Anar və milli dil məsələləri. Bütün dəyərli
ziyalılarımızın məşğul olduğu dil amili
Anarın yaradıcılığında da prioritet təşkil
edir. "Söz dünyası"
ikicildliyində də bu məsələ milli təəssübkeşliklə
qoyulur.
Teymur Kərimli:
Mən həmişə Anarın görkəmli
yazıçı olması ilə yanaşı, həm də
onun ensiklopedik bir zəka sahibi olduğunu xüsusi
vurğulamışam və təbii ki, bu cür istedad onun
elmi-bədii publisistikasında da özünü göstərir.
Sadəcə, bir örnəklə kifayətlənmək
istərdim.
"Düşüncələr"
adlandırdığı "Türkün sözü"
oçerkinə Anar peşəkar bir dilçi kimi
başlayaraq bu ifadənin dərin çoxmənalılığına
baş vurur və hətta bu babətdən peşəkar
dilçilərlə polemikaya girməkdən də çəkinmir:
"Türkün
sözü"nə gəlincə, danışıqda tez-tez
işlənən bu ifadəni "necə deyərlər"
şəklində şərh etməklə iş bitmir, onun
başqa bir çalarını da nəzərə
almalıyıq. Adətən bu ifadəni bir qədər
açıq-saçıq, hətta müəyyən dərəcədə
kobud söz deməkdən öncə işlədirlər.
Bu isə daha mühüm mətləblərdən
xəbər verir".
Keçən əsrin 60-cı illərində qələmə
alınmış "Ən əski yazılarımız"
adlı məqaləsində də gənc Anarı
istedadlı bir dilçi kimi görürük. Özəlliklə,
onun "türk" sözünün tarixinə elmi
başvurusu, müxtəlif qənaətlər arasında
doğrunu müəyyənləşdirmək intuisiyası
maraq doğurmaya bilmir. Bunun ardınca
Orxon-Yenisey abidələrinə ciddi elmi yanaşma da oxucuda
ancaq hörmət və minnətdarlıq duyğuları
doğurmağa xidmət edir.
Nizami Cəfərov:
Ümumiyyətlə, Anar dil, ədəbiyyat, incəsənət
və s. hadisələrini izah edərkən dilçi, ədəbiyyatşünas,
sənətşünasdan daha çox, vətənpərvər
bir ziyalı-ideoloq kimi çıxış edir. Elə ona görədir ki, Anarın həm dildən,
həm ədəbiyyatdan, həm də incəsənətdən
yazmasına həmişə böyük ehtiyac duyulub.
Ayrı-ayrı elm sahələri üzrə mütəxəssislər
arasında müəyyən mübahisə doğura biləcək
mülahizələrində belə Anarın ziyalı-ideoloq
nüfuzunu mühafizə edən mübahisəsiz bir məqam
var: dilçi dilə, ədəbiyyatşünas ədəbiyyata,
sənətşünas incəsənətə və s. tədqiqat
obyekti kimi baxaraq hansısa qanunauyğunluqları
aşkarlamağa çalışırsa, Anar onlara milli sərvət
kimi baxır, tarixi dəyərini üzə
çıxarır və bu dəyərlər əsasında
millətin ümumi tərcümeyi-halını yazır...
Teymur Kərimli:
Aydındır ki, Anarın söz dünyasının
pentalogiyasını layiqincə qiymətləndirmək
üçün ən azı bu nəhəng toplunun
özü boyda tədqiqat aparmaq lazımdır. 2021-ci ilin Azərbaycan
Respublikasının Prezidenti tərəfindən "Nizami Gəncəvi
ili" elan edilməsilə bağlı olaraq, dahi Azərbaycan
şairinin 850 illik yubileyi ilə bağlı Anarın qələmə
aldığı "Nizami bizimlədir, burdadır..."
adlı həcmcə kiçik, mənaca sanballı
yazını nümunə gətirmək yaxşı olar. Vətən
tariximizin ən çətin, faciəli bir dövrünə
təsadüf etmiş 850 illik yubiley haqqında Anar uzaqgörən
bir nikbinliklə söz açaraq deyir:
"Ölkələr və xalqlar arasında sərhədləri
hökmdarlar, hökumətlər qurur, şairlər isə bu
sərhədləri dağıdırlar. Gəncədə
doğulmuş və bütün ömrünü orada
sürmüş Azərbaycan oğlu Nizami bütün bəşəriyyətə
mənsubdur. Təkcə Azərbaycanın
deyil, həm də İranın, eləcə də digər
Şərq ölkələrinin ədəbiyyatlarını
Nizamisiz təsəvvür etmək mümkün deyil. Bütün dünya mədəniyyəti Nizamisiz
daha kasıb, daha yoxsul görünərdi".
Bu
müdrik sözlərin deyilməsindən 30 il keçdi və
Nizaminin yaratdığı ideal hökmdar obrazının
bütün tələblərinə artıqlamasilə cavab
verən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu sayəsində
ölkəmiz üzərindəki qara faciə ləkələrini
yuyub təmizlədi və Nizami ideallarına layiq olduğunu
sübuta yetirdi.
Elnarə
Akimova: "Söz dünyası"nın
ikinci cildi daha çox müasir dövr ədəbiyyatının
tanınmış xadimlərinin yaradıcılığı
haqqındadır. Ümumiyyətlə, Anar bir
ziyalı kimi zamanlar arasında vəhdətə nail
olmağa, bağı qırılmağa qoymamağa
çalışır. Bu kitabda da Anarın klassikamıza,
xüsusilə XIX əsrin sonu XX əsrin əvvəllərində
yaşayıb-yaratmış ədiblərimizə həsr
etdiyi məqalələrin estetik çəkisi öz yerində,
onun şəxsən tanıdığı, 80 ildən
artıq ömür bioqrafiyasında iz qoymuş insanlarla
bağlı məqalələri daha çox ustad dərsləri
kimi siqlət qazanır. Sənətin mahiyyətini
dərk etmək, yüksək sənət materiyasının
nə olduğunu müəyyənləşdirmək
baxımından bu məqalələr zəngin arsenaldır.
Nizami Cəfərov:
Elədir, "Söz dünyası"nın ikinci cildi Azərbaycan
ədəbi- ictimai fikrinin "ümmətdən millətə"
doğru inkişaf edən, başqa sözlə, milləti
yaradan tarixini, daha doğrusu, həmin tarixin Mirzə Fətəli,
Həsən bəy Zərdabi, Əhməd bəy
Ağaoğlu, M.Ə.Rəsulzadə, Mirzə Cəlil, Sabir,
Yusif Vəzir, Səməd Mənsur kimi böyük şəxsiyyətlərin
əsas portret cizgilərini təqdim edən yazılarla
başlayıb milləti millət edən söz ustaları
barədəki yığcam oçerklərlə davam edir ki,
sonuncuların əksəriyyəti Anarın yaşca
böyük müasirləridir. Həmin
müasirləri haqqında danışarkən onlara göstərdiyi
sayqı, hörmət, ehtiram diqqəti ayrıca cəlb etməklə
müəllifin yüksək mədəniyyətini də
ortaya çıxarır. Səməd Vurğun,
Süleyman Rüstəm, Şəhriyar, Mehdi Hüseyn, Mirzə
İbrahimov, Rəsul Rza, Ənvər Məmmədxanlı,
İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Bəxtiyar
Vahabzadə... "Söz dünyası"nda
istər yaradıcılıqları, istərsə də
şəxsiyyətləri etibarilə oxucuya məhz milli sərvət
olaraq təqdim edilirlər.
Azər
Turan: Məncə, Anarın bu kitabları Azərbaycan humanitar
düşüncəsinə istiqamət verə biləcək
proqram səciyyəli əsərlərdir. Əsas
olan budur ki, bu kitabda prinsip etibarilə boşluqlar yoxdur.
"Söz dünyası"nın ikinci
cildi mənə İsmayıl bəy Qaspıralının
"Akgül dəstəsi" adlandırdığı
bioqrafik əsərini xatırlatdı. İsmayıl
bəy həmin əsərində Rusiya müsəlmanlarının
modernləşməsində rolu olan ədəbiyyat xadimlərinin
portretlərini yaratmışdı. "Söz
dünyası"nın ikinci cildi də
elədir. Amma əsərin elə birinci cildindən
başlayaraq, araşdırma hədəfi bütün türk
dünyasının ortaq ədəbiyyatıdır. "Ümmətdən millətə" məqaləsi
ən mürəkkəb tarixi dövrümüzün, modernləşmə
çağının mütəfəkkir baxışlarla
şərhidir. Burada xronologiya da dəqiqdir.
Anara görə, Mirzə Fətəli də, Zərdabi
də ümmətdən millətə keçid
dövrünü hazırlayan mərhələnin
başlanğıcıdır. Orda həm
də İsmayıl bəy Qaspıralı və Cəmaləddin
Əfqani var. Bu mənada "Söz dünyası" həm
də türk birliyinin fəlsəfəsini şərh edir.
Anarın müşahidələri dəqiqdir
ki, milliyyət şüuru XIX əsrin sonu, XX yüzilin əvvəllərinə
milli mətbuatla gəlişir. Azərbaycançılıq
və Turançılıq görüşləri ilk dəfə
daha sistemli şəkildə "Füyuzat" və
"Molla Nəsrəddin"in ideya istiqamətlərində
görünür. Yaxud "Söz
dünyası"nda "Təməllər"dən biri
Mirzə Kazım bəydir. Burda Mirzə Kazım bəy
şəxsiyyəti ilə, yaradıcılığı ilə,
həyatı ilə, yaxasından asdığı pravoslav yox,
anqlokan xaçı ilə, görüşdüyü
Şeyx Şamillə, tədqiq etdiyi müridizmlə, babiliklə
bir yerdə - bütöv şəkildə var... Bu kitabda həm
də "Şeyx Şamilin "qurbanı" Heydər
Hüseynov" var. Bu kitabda Heydər Hüseynovun obrazı
böyük alimliyi, sındırılmış taleyi ilə
bir yerdə bütün incəliklərinə qədər əks
olunub. Bəllidir ki, Anar Mircəfər
Bağırova çoxları kimi, heç vaxt yalnız qara
rakursdan baxmayıb. Özünün də dediyi kimi,
Bağırovun Azərbaycan xalqı qarşısında həm
bağışlanmaz cinayətləri, həm də
taleyüklü xidmətləri haqqında "Söz
dünyası"ndan öncə nəşr etdirdiyi
"Yaşamaq haqqı" traktatında ətraflı
yazıb. Amma bu gün burda müzakirə
etdiyimiz "Söz dünyası"ndakı bir fraza Mircəfər
Bağırovun indiyə qədər tam
aydınlığı ilə bilmədiyimiz xislətinin ən
mübhəm bir cizgisini də ortaya qoyur. Söhbət
köhnə "İnturist"də verilən bir ziyafətdə
Bağırovun Fadeyevə dediyi sözlərdən gedir:
"Siz rus olduğunuz üçün mən sizin
ayağınızdan öpməyə hazıram". Anar yazılarında adətən belə məqamları
tarixləşdirmir. Burda isə belə bir etiraf var:
"Bu barədə yazmaq istəmirdim, amma yəqin ki, indi mən
bu söhbət haqqında məlumatı olan yeganə insanam. Ona görə də o dövrün əxlaq
davranışlarını bilmək üçün bu
cür faktların unutdurulması düz deyil".
Tofiq Məlikli:
Mən özəl olaraq Anarın böyük alim, ədəbiyyatşünas
Məmməd Arif haqqında yazdığı "Tənqidçi
təmkini" başlıqlı yazısı üzərində
durmaq istəyirəm. O, bu yazısında ədəbi prosesin
ayrılmaz bir hissəsi olan tənqidi ictimai, mənəvi, mədəni
kontekstdə dəyərləndirir, bu gün, eyni zamanda sabah da aktual olacaq fikirlərini oxucularla
paylaşır. Orda bir fikir diqqətimi çəkdi.
Anar yazır: "Canlı, yaşar ədəbi proses - rəylər
münaqişəsi, fikirlər toqquşması, zövqlər
müxtəlifliyidir. "Zövqlər
haqqında mübahisə edilmir" - belə deyirlər, əslində
isə ən qızğın, ən kəskin mübahisələr
elə məhz zövqlərin müxtəlifliyindən
doğur; birinin səmimi surətdə bəyəndiyini
başqası heç cür qəbul etmir, birisinin
ağız büzdüyünə digəri heyran qalır.
Qaynayan, burulub-durulan ədəbi həyatda bu,
tamamilə təbii haldır, həmişə belə olub və
şübhəsiz, həmişə də belə olacaq.
Durğunluq, fikir süstlüyü, rəylərin eyni kibrit
çöpləri kimi bir-birinə oxşaması, bir
zövqün yeganə meyar kimi təsdiq olunması ədəbiyyatın
ölümü, sənətin sonu deməkdir", - deyir Anar
və əlavə edir: "Bütün bunlar belədir, amma
bütün bunlarla bərabər, çağdaş ədəbi
prosesin elə öz hərəkəti içində bir tənzimedici
qüvvəyə, obyektiv nüfuza ehtiyacı var. Bu məsuliyyətli,
çətin və nəcib vəzifə, adətən tənqidçinin
boynuna düşür, lakin o tənqidçinin ki, xırda,
sırf şəxsi, keçəri mülahizələrindən
uca dura bilir, işində, əməlində, sözündə
yalnız və yalnız yüksək estetik və vətəndaşlıq
amallarından çıxış edir, konyunktur səviyyələrə,
ögey-doğmalıq, dost-aşnalıq, "bizim-sizin"
münasibətlərinə enmir, məddahlıq
üçün fürsət, bədxahlıq
üçün girəvə gözləmir, hər şəraitdə,
hər vəziyyətdə tənqidçi təmkininə
saxlaya bilir".
Çox sevindirici haldır ki, bizim ədəbiyyat və
düşüncə tariximizdə tənzimedici, ciddi və
obyektiv tənqidçilərimiz, ədəbiyyatşünaslarımız
olub. Onlardan biri, heç şübhəsiz, görkəmli
alim və tənqidçi Məmməd Arif idi. "Tənqidçi təmkini" yazısında bu
böyük tənqidçinin
yaradıcılığını incələyən
Anarın fikrincə, ədəbi prosesin nüfuzlu tənzimedici
qüvvəsi olmuş Məmməd Arif nəsil-nəsil tənqidçilər
üçün örnək olaraq qalacaqdır.
Elnarə
Akimova: Azər müəllim kitabda prinsip etibarilə
boşluqların olmadığını dedi. Doğrudanmı,
kitabda qane etməyən, mübahisə doğurmayan heç nə
yoxdur?
Nizami Cəfərov:
Səmimi demək istəyirəm... Anarın XVII-XVIII əsrlərə
həsr etdiyi yazılarda, xüsusilə "Nəşədən
ələmə" məqaləsində nə isə bir
"tələskənlik", tarixdə "boş
qalmış yer"i doldurmaq cəhdi nəzərə
çarpır. O qədər müxtəlif mövzulara, məsələlərə
toxunulur ki, öz-özlüyündə aydındır ki, belə
bir geniş panoram heç bir elmin - nə ədəbiyyatşünaslığın,
nə tarixşünaslığın, nə dilçiliyin, nə
də esseistikanın görmə dairəsilə əhatələnə,
hansısa bitkin bir qənaətə gətirib çıxara
bilməz... Bu, dövrün normal izaha gəlməməsi,
tarixin paradoksallığıdırmı, yoxsa
yazıçının (müəllifin!) həmin
paradoksallıq qarşısındakı yalnız zahiri əlamətlərin
ratifikasiyasından ibarət heyrətdirmi?..
Görünür, hər ikisidir... Və əsərlərinin
ideyasını onların adlarında verməyə meyilli olan
Anar dövrün "dialektika"sını müəyyənləşdirərkən
hansı "ələm"dən hansı "nəşə"yə
keçildiyinin nəzərdə tutduğu da, fikrimcə,
aydın deyil...
Azər
Turan: Boşluq deməzdim, müəyyən qədər
polemikaya yol açan məqamlar oldu və bu, təbiidir. Məsələn,
"Ucundadır dilimin həqiqətin böyüyü" məqaləsində
Anar müəllim "Abdulla Şaiqin "İkinci il" dərsliyinə daxil olan uşaq
şeirlərinin dilini və ümumən bu kitabı tənqid
edən Əli bəy Hüseynzadənin sözlərini sitat gətirir:
"Canım, osmanlı əşar və ədəbiyyatında
öylə nümunələr vardır ki, sizin bu kibi
şeirlərinizdən daha türkcə, daha azərbaycanca və
daha qafqazcadır". Anar əlavə edir,
"Əgər Əli bəy bu fikri Yunus Əmrənin,
Qaracaoğlanın, Pir Sultan Abdalın, Dadaloğlunun şeirlərinə
aid edirdisə, bunu qismən (Azərbaycan şairlərinin dəyərini
azaltmadan) qəbul etmək olardı. Amma
Əli bəy axı məhz Osmanlı türkcəsində
yaranan ədəbiyyatı nəzərdə tuturdu ki,
Atatürk dövründə çağdaş türk dili bu ərəb-fars
təsirlərindən qurtulmağa
çalışırdı". Əli bəyin
dil siyasətinə münasibətdə Anar müəllim
haqlıdır və bu münasibətini zaman-zaman yeri
düşdükcə dilə gətirib yazıb. Haqlı olsa da, məhz indiki məqamda Əli bəyin
ruhu xətrinə xəfif bir xatırlatma etmək istəyirəm.
Əli bəy dediyi osmanlı şeirlərindən
həmin yazısında, yəni "Yazımız, dilimiz
"İkinci il"imiz məqaləsində örnəklər
verib və məncə, Anar müəllim də
razılaşar ki, Hüseynzadənin gətirdiyi sitatlar həqiqətən
Abdulla Şaiqin "İkinci il" dərsliyində
verilmiş şeirlərdən daha türkcə və daha azərbaycancadır.
Əli bəyin tənqid etdiyi sadə Azərbaycan dilində
yazılmış uşaq şeirləri bunlar idi: "Göy
bağçada dallar üzrə bir quş //
Çör-çöp yığıb aşiyan edirdi. //
Gahi oquyordı nəğmələr xoş // Gahi uçub ot saman çəkirdi"... Əli
bəy bildirirdi ki, əvvəla "quş"
sözünü "xoş" sözü ilə qafiyə
etmək yanlışdır. Sonra da bunları
yazırdı: "Burada şu "aşiyan edirdi" ibarəsi
düzmü? Və hələ əvvəli də farsi olan bu aşiyan kəlməsi insanı
aldadır! Ancaq onun yerinə "yuva"
qoyunuz, baxınız nə olur? Bütün kürreyi-ərz
üzərində hansı türk "yuva" edirdi, ev edirdi, ya "məktəb ediyordu" deyir? Sonra "saman çəkirdi" nə?
Quş samanı araba iləmi çəkirdi?..
"Gahi, gahi" yerinə "gah... gah" denilməzmi?..". Əli bəy
uşaqlarımızın dil mədəniyyətini
"oxuyurdu nəğmələr xoş", yaxud
"Əhməd alırdı almalar qırmızı"
kimi yanlış, ölçü hissini itirmiş ibarələrlə
zədələmək əvəzinə, osmanlının
milli şeirlərini öyrətməyi təklif edirdi. Müəllifini
xatırlatmadan sitat verdiyi şeirləri isə Mehmet Emin
Yurdaqula aid idi: "On yaşında boynu bükük,
bağrı yanıq bir çocuq // Gözlərini yola
dikmiş, birisini bəkləyir...".
Yaxud Emin bəyin "Qurani-Kərim" şeiri: "Bu
kitabdır: Hər insana için dışın öyrədən;
// Göktə, yerdə, təndə, canda bir Yaradan sezdirən...
// Ey qardaşlar! Şu kiçicik armağanı atmayın;
// Bir qönçədir: Muhammədin gül bağından dərildi.
// Sakın, bunu yapma-çiçək dəmətinə
qatmayın...".
Və Atatürk dönəmində çağdaş
türk poetik dili Mehmet Eminin dilini örnək alaraq
yaradıldı. Əli bəy isə bunu 1909-cu ildə
ibtidai siniflərimiz üçün dərslik yazan müəlliflərə
təklif edirdi və haqlıydı.
Tofiq Məlikli:
Əlbəttə, kitabda dartışmalı, duyğusal məqamların
olduğu mövzular də yer alıb. Məsələn,
Anarın Mahmud Qaşqarlını
"türkçülüyün banisi"
adlandırması, türk, oğuz, türkmən terminlərinin
diferensiyası və b. müzakirə konularıdır və ədəbi-elmi
dartışmalara ortam yaratmaqdadır.
Azər
Turan: Siz yəqin ki, Yusif Akçuranın təsbitinə
istinadən Anarın Mahmud Kaşqarlını
"türkçülüyün banisi"
adlandırmasını ədəbi-elmi müstəvidə
dartışılmalı məsələ
adlandırırsınız. Amma, məncə,
bu, mübahisə predmeti olmamalıdır. Olsa belə bu, Anarın fikrinə haqq qazandıran
bir dartışma olmalıdır. Axı
Kaşqarlı Mahmud elmdə və bütün parametrlərdə
türkçülüyü ilk dəfə reallaşdıran
şəxsiyyətdir. Etiraf edək ki, Anarın
"Türkçülüyün banisi" məqaləsində
Kaşqarlı ilə bağlı irəli sürülən
bütün tezislər yeni araşdırmalar üçün
fikir qaynağı ola bilər. Anar tutaq ki, Yusif Akçuranın
"Türkçülüyün tarixi"ndə demədiklərini
deyir. Amma etiraf edək ki,
"Türkçülüyün tarixi"nin
yazıldığı 1928-ci ildə Kaşqarlı Mahmudun
Divanı elmi çevrələrdə yenicə öyrənilməyə
başlanılmışdı. Besim Atalay tərcüməsi hələ
12 il sonra meydana çıxacaqdı. Hətta Akçuranın özü belə, bu
qaynağa baş vurmamışdı. Məncə, Anar
haqlıdır və fikrini də əsaslandırarkən
mübahisə üçün yer qoymur: "Böyük
dilçi, neçə-neçə dilin və ləhcənin
bilicisi, ensiklopedist, folklorçu, etnoqraf, tarixçi, ədəbiyyatşünas,
coğrafiyaçı kimi müxtəlif sahələri öz
şəxsində cəmləşdirən Kaşqarlı
Mahmudun bir vacib missiyası da vardı. O, tarixdə ilk
türkçü, türkçülüyün banisi, nəzəriyyəçisi
və təbliğatçısı"dır. Məncə, çox aydın və dəqiq
mülahizələrdir. Türklük təəssübü,
türkçülük ideyası Anarın təbirincə
"ən ardıcıl şəkildə, həm də
konkret linqvistik, etnoqrafik, tarixi və folklor materiallarına əsaslanaraq
Mahmud Kaşqarlının ölməz kitabında əks
olunmuşdur"sa niyə də
Kaşqarlını türkçülüyün banisi
adlandırmayaq? Doğrudur, heç kəs
mübahisə etməz ki, Kaşqarlı türkologiyanın
qurucusudur. Hətta 1926-cı ildə Birinci
Türkoloji Qurultayda təxminən belə fikirlər Bəkir
Çobanzadə tərəfindən irəli
sürülmüşdü. Amma gərək
heç kəs Kaşqarlının həm də
türkçülüyün banisi olması fikri ilə də
mübahisə etməsin. Fikir yenidir və
türkçülüyün tarixində yeni aspektdir.
Bu baxımdan "Söz dünyası" Azərbaycanda
türkçülük barədə fikirləri
aydınlaşdırır, türkologiya barədə əlvan
düşüncə spektri yaradır. "Söz
dünyası"nın birinci cildində
başlayan proses ikinci cilddə də davam edir: Orhon
yazılarından Əli bəy Hüseyzadəyə qədər,
Kaşqarlıdan Əhməd Ağaoğluna qədər... Hətta
ümmətdən millətə qədər... Sonra isə
proses yayğınlaşır və ümumilikdə, söz
dünyamız yaranır...
Tehran
Əlişanoğlu: Deyim ki, Anarın "Söz
dünyası"nı, mənim nəzərlərimdə(n),
predmetinə, ehtiva etdiyi ədəbiyyata tam uyğun, yüzə-yüz
gördüm; etiraz doğuran, razılaşmadığım,
bölüşmədiyim məqamlar az qala yox kimidir, öyrəndiyim,
zənginləşdiyim, impuls aldığım nöqtələr
isə çox-çoxdur, bir dəyirmi masa söhbətinə
sığmaz yəqin ki...
Deyək,
əsərin "Min beş yüz ilin oğuz şeiri"ndən
Molla Pənah Vaqif və Molla Vəli Vidadiyəcən ("Nəşədən
ələmə") ehtiva etdiyi birinci hissəsini (cildini) mən
bir Epos kimi oxudum və həzz aldım; türk ruhu, türk
sözü, türk şeir sənətinin müasir eposu kimi.
Təkcə ona görə yox ki, bu cilddəki bir çox
yazıların düşüncə predmetini məhz eposumuz,
türk eposu, oğuznamələr, oğuz yazısı təmsil
edir və yönləndirir ("Dədə Qorqud dünyası",
"Ən əski yazılarımız", "Manas",
"Koroğlu-Goroğlu" və s.); eyni zamanda məhz
eposun havasını ortaçağlarda yaşadan və yeni ənənə
yaradan dastançılıq məktəbi diqqət hədəfindədir
("Türkçülüyün banisi" Mahmud
Kaşğari, "Qutadğu bilig"in müəllifi Yusif Balasaqunludan
söz açan "Xoşbəxtliyin açarı",
"Əhməd Yasəviylə bağlı düşüncələr",
"Nizami bizimlədir, burdadır",
"Çağdaşımız Mövlana",
"Üç Leyli, üç Məcnun"
yazıları); həm oğuz ruhunu ortaçağ
lirikasına, qəzəl-qəsidə ədəbiyyatına
yansıtmaqla bu ədəbiyyatın dilini türkcəyə
çevirən klassiklər söz predmetidir (Yunus Əmrə
haqqında "Gəl gör məni eşq neylədi",
üç dahi - Nəsimi, Xətai, Füzuli haqqında məşhur
"Şairin hünəri", "Şairin zəfəri",
"Şairin kədəri" esseləri, divan ədəbiyyatını
heca ədəbiyyatına çevirən XVII-XVIII əsr
şair-aşıqları - "Dilimizi yaşadanlar",
"Türkmən xalqının milli şairi" Məhdumqulu
Fəraqi haqqında yazılar). Başlıcası isə
oxuduqca duyursan ki, bu dövrün ədəbiyyatını
yönəldən, idarə və inkişaf etdirən də
elə vahid-bölünməz türk ruhu, ortaq epos mədəniyyəti,
bütövlükdə milli-fəlsəfi kimlik qayəsidir və
Anar bu gələnəkləri "Söz
dünyası"nda min beş yüz ilin qədimliyindən
çağdaş şeirimizin mənzərələrinəcən
geniş türk arealı-kontekstində izləyir ("Min
beş yüz ilin Oğuz şeiri", "Tariximizin şeir
yaddaşı", "Min ilin yüz şairi",
"Türkün sözü"); burda biz Anarı Azərbaycan
şeiri ilə birgə həm də müasir Türkiyə
poeziyasının bilicisi kimi görürük. Yəqin,
onu da vurğulasaq, yerinə düşər ki, bu yanaşma
türk-oğuz ədəbiyyatının ortaqlıq məsələsinə
bir daha diqqət çəkir (həm də yalnız orta
çağlar deyil, elə XIX-XX yüzillərdə də),
yeni metodoloji açarlara zəmin verir.
Elnarə
Akimova: Zənnimcə, kitabın ikinci hissəsinin ritmi,
atmosferi başqadır və başqa oxunuş tələb
edir.
Tehran
Əlişanoğlu: Bəli, məsələn, "Söz dünyası"nın ikinci hissəsini (cildini), XIX-XX əsrləri
əhatə edən fəsilləri mən roman kimi oxudum,
adı bəlli Azərbaycan ədəbiyyatının özəl
romanı kimi. Anar özü "Söz
dünyası"nda bu ədəbiyyatın neçə-neçə
səhifələrini (əsərlərini) vərəqlərkən
"roman kimi oxunduğu"nu qeyd edir. Təkcə
oxucu marağını oyatmaq, sehrində-tilsimində saxlamaq mənasında
yox. Ədəbiyyat tariximizdə XIX-XX
yüzillər öz daxili dramaturgiyası olan, təşəkkül
ağrılarını keçirmiş, intibah və
dirçəliş səhifələrini, qanlı-qadalı
günləri, gərgin mübarizə dönəmi və
özünü-təsdiq pafosunu yaşamış gerçəkdən
də bir Ədəbiyyat romanıdır. Bunu biz canlı
olaraq, real kolliziyaları, leytmotiv və şaxəli süjet
dinamikası ilə, qəhrəman və çoxsaylı
personajları ilə Anarın "Söz dünyası"nda(n) görür, şahid olur, oxuyub-bilirik. Bu
zaman ictimai-siyasi şərait və tarixi-mədəni faktorlar
elədir ki, Epos enerjisi bəs eləmir; Yeni dövrü, mədəniyyət
və ədəbiyyatı yaradan, Mirzə Cəlilin təvazökar
ibarəsi ilə deyilərsə, təkcə "təbiət
özü, zəmanə özü" deyildir, arxasında
böyük insanların, tarixi şəxsiyyətlərin,
mütəfəkkir və ədiblərin, millətsevər
xadimlərin, yazıçı, şair, dramnəvislərin əməli,
işi, nəhəng zəhmətləri durur. O sıradan min beş yüz illik ədəbiyyatımızın
mexanizmi dəyişir, ədəbi gedişatın hərəkətverici
qüvvəsi kanonlardan şəxsiyyətlərə, sırf
ədəbi simalara keçir. Yeni qanunlar tələb
olunur.
Adekvat,
Anar romanını elə ustalıqla qurmuşdur ki,
bütün bu mexanizm, tələbat və gerçəklər,
həyati zərurətdən doğan əməl və mənzərələr
açıla bilsin; zamana ton verən qəhrəmanlarının
həyatı, fəaliyyəti, mübarizəsi,
yaratdıqları, yarada bildikləri də görünsün,
üzləşdikləri çətin zəmanənin
özü də. Gerçəklərdə hər
bir ədibin, yazıçının, şairin, ədəbi
imzanın tarixən qazandığı yeri roman atmosferi,
düşüncəsi, mətni özünə qaytarır.
"Söz dünyası"nda ən iri fəsillər,
şəksiz ki, nəhənglərin payına
düşür. Mirzə Fətəli Axundzadə
("Sübhün səfiri", "Aldanmış
ulduzlar") və Həsən bəy Məlikov-Zərdabi
("Əkinçi" haqqında xatirələr") - XIX əsrin
ağırlığı bu iki böyük şəxsiyyətin
titanik zəhmətləri üzərindədir, romanda da yeni səhifəni
məhz titanlar açır, milli taleyimizin roman əsasını
qoyurlar. Lakin hələ buna qədər də ilk
düyünlər, başlanğıc cəhdləri, "Təməllər"
var (Anar əsərdə bu fonu Mirzə Cəfər
Topçubaşov, Mirzə Kazım bəy, Abbasqulu ağa Bakıxanov
və yenə də M.F.Axundzadə, H.Zərdabi, Firidun bəy
Köçərlinin hünərlərində izləyir); XIX
əsr ədəbi-mədəni həyatının əlvanlığını
yaradan "poetik məclislər" və Xurşidbanu Natəvan
var ("Yaralı heykəl, yaralı yaddaş"),
Aşıq Ələsgər var ("Aşıq
gördüyünü çağırar"), Mirzə Fətəlinin
açdığı cığıra şəfəqlərini
salan "Cənub işıq(lı)ları" var, Mirzə
Əbdürrəhim Talıbov-Təbrizi var, Zeynalabdin
Marağayi var, bütün müsəlman Şərqinin
reformatoru kimi tanınan Şeyx Cəmaləddin Əfqani var;
bütün Çar Rusiyası türklərinin "millət
atası" kimi tanıdığı, "Tərcüman"ın
və "cədidçiliyin yaradıcısı"
İsmayıl bəy Qasprinski var. Və adı çəkilən
oçerk və esselərdə Anar Mirzə Fətəlinin
ideya və əməllərinin "Azərbaycandan kənarda"
da cücərib-çiçəkləndiyini təsbit etməklə
yanaşı, milli ədəbiyyatın yarandığı ətraf
konteksti də görükdürməyə nail olur.
XX yüzil daha şiddətlə, inqilablar əsri kimi gəlir
və milli həyata Şərqin oyanışı faktoru da əlavə
olunur ("Ümmətdən millətə"). Bu yerdə mən
əsərin kompozision mötəbərliyi və möhtəşəmliyini
bir daha vurğulamaq istəyirəm. Əsrin
başlanğıcının, birinci otuz ilinin mürəkkəbliyini,
intensiv gəlişən hadisələrini, milli həyatın
taleyüklü məsələləri və kardinal həlli
mənzərələrini Anar başlıcası, Əli bəy
Hüseynzadəyə ("Ucundadır dilimin həqiqətin
böyüyü") və Mirzə Cəlil Məmmədquluzadəyə
dair ("Anlamaq dərdi", "Molla Nəsrəddin -
80") fəsillərə həvalə edir; məhz bu
insanların tarixdə açdığı səhifələr
bizim ədəbiyyat romanının da yeni fəsillərini
yazır. Həmin səhifələrdən başlanıb, məntiqi
davamını Atatürk Türkiyəsində gerçəkləşdirən
az tanış olduğumuz daha bir xətt
isə Əlibəy Hüseynzadə oçerki ilə
yanaşı, "Əhməd bəy Ağaoğlu: mən
kiməm" yazısında işıqlanır. Təbii ki, əsərdə
"Dəryada duran qocaman dağ" şairimiz Mirzə
Ələkbər Sabir də var, "sənətimiz tarixinə
əlvan, romantik səhifə yazmış şair və
dramaturq" Hüseyn Cavid də var ("Faciələr müəllifinin
faciəsi"), ictimai və insani faciələr fonunda
böyük romantiklərimiz Məhəmməd Hadi və
Əhməd Cavada dair səhifələr də ("İki
şairin acı taleyi"), Məmməd Səid Ordubadinin
"Qanlı sənələr"i də ("Qanlı illərin
şəhadəti"); bir tarixi bina "İsmailiyyə"nin
fonunda bir yazıçı taleyini də görürük
(Seyid Hüseyn haqqında "Yanmayan bina, sönməyən
ocaq" yazısı), bir ədəbiyyat əsəri
timsalında siyasi xadimin dürüst portretini də ("M.Ə.Rəsulzadənin
bir məruzəsi haqqında"); "Yusif Vəzir
haqqında söz" də var, bir "Yusif Vəzir
haqqında çıxışa sözardı" da, Anar
yazıçını başlıcası bugün də
"Qarabağımızın qövr eləyən
yaraları" acısında oxuyur; romantizm və realizm ənənələrini
otuzuncu illərəcən daşıyan "az qala
unudulmuş", "başıbəlalı sənətkarlarımız"
Qantəmir də ("Unudulmuş yazıçı"), Səməd
Mənsur da ("Dünyanı "rəng" bilən
şair", "Səməd Mənsurun
qayıdışı") var əsərdə, "nə
millətçilik, nə də sosialist realizmi çərçivəsinə
sığışmayan" Cəfər Cabbarlı da
("Azad bir quşdum")... Hələ əsərdə(n)
nə qədər də epizodik məqamlarda adı çəkilən
dövrün ədib və sənətçilərinin
adı keçir...
Hər bir oçerkdə, essedə, xatırlatma və
ya dəyərləndirmə yazısında, çox
maraqlı bucaqlardan baxmaqla müəllif romana rəngarənglik
qatır, çoxçalarlıq gətirir. (Mən Anarın
"Söz dünyası"na artıq
"roman" deməyə başlamışam). Amma bu, rəngarənglik xatirinə fənd deyildir; məhz
milli ədəbiyyatımızın obyektivinə, klassiklərin
şəninə, təyininə yaraşan şəkildədir.
Anar hər bir ədibin həyat və
yaradıcılıq bioqrafisi üzərinə elə
doğru məzmun-mündəricə, dürüst ifadə,
ştrix, təhkiyə detalı tapıb-işlədir ki, bu tərzdə
klassikamızın təqdimi və təhlilinə mən
şəxsən ədəbiyyatımızda rast gəlməmişəm.
Deyim ki, kitabı əldə karandaşla
oxumuşam, ədəbiyyatımıza dair təzə, kəşf
səciyyəli nə qədər mülahizə, deyim, ibarə,
ifadələr qeydə almışam (yəqin ki, burda
sadalamağın yeri yoxdur). Yəni mənim
nəzərimcə, romanın ideya-məzmun qatı kimi, ifadə
planı da səlisdir, suqqestivdir, kamildir. Elə
buna görədir ki, kitabdakı yazılar müxtəlif illərdə,
fərqli motivlərdən, ideya-mətləblərdən ərsəyə
gəlsə də ardıcıl-bölünməz
görünür, vahid ansambl yarada bilir.
Elnarə
Akimova: İstərdim artıq yekunlaşdıraq müzakirəni.
Bayaq Azər müəllim bu məqama toxundu.
Anarın bundan az öncə çapdan
çıxmış "Yaşamaq haqqı"
traktatına. "Yaşamaq haqqı"
kitabı və "Söz dünyası" ikicildliyi. Kosmik genişlik, bəşərilik və əbədilik
hüdudları ehtiva edən bu kitabları yaşanmış
ömrün, ziyalı tərcümeyi-halının
naxışı kimi qəbul etmək olar, məncə. Bu siqlətdə kitabları hasilə gətirmək
üçün siqlətli ömür yaşamaq şərtdir.
Amma əsas məsələ bu ömrü həm
də ədəbiyyatlaşdıra bilmək, xalqın mənəviyyatının
kodlaşdığı etnik-ontoloji yaddaşa, sənətə
çevirməkdir. Gələcək, əlbəttə
ki, mənəvi sərvət kimi qavranılan bu cür əsərlərin
təməlləri üzərində qurulacaq, möhkəmlənəcək,
düşünəcək, kimliyini, soyadını unutmayacaq.
Azər
Turan: Elədir, Elnarə xanım. Anar əvvəlcə
"Min beş yüz ilin oğuz şeiri
antologiyası"nın timsalında ortaq ədəbiyyatımızın
müntəxəbatını, sonra da ortaq ədəbiyyat
tariximizi - "Söz dünyası"nı
yaratdı. Əslində bu, Azərbaycan ədəbiyyatşünaslığında,
eləcə də türk fikir həyatında yeni
yaranmış bir təmayüldür. Milli və ictimai
varlığımızla birbaşa bağlı olan bu unikal nəzəriyyənin
izahını, şərhini isə yenə də o özü
- "Yaşamaq haqqı" traktatı ilə verdi...
Teymur Kərimli:
Bəli, hərçənd ki, biz burada Anarın
yaradıcılığını müxtəlif əsərlər
üzrə təhlil etməyə girişdik, ancaq bu
böyük yazıçının
yaradıcılığı dahi Qorqudun kitabı, dahi Nizaminin
"Xəmsə"si, dahi Füzulinin anadilli
yaradıcılığı kimi bütövdür,
bölünməzdir və bu bütövü də
bütöv şəkildə araşdırmaq biz ədəbiyyatşünasların
və mədəniyyətşünasların borcudur.
Tehran
Əlişanoğlu: Anarın "Söz dünyası"
maariflənmək, maarifləndirmək baxımından əvəzsiz
kitabdır. Nəşrin tirajına baxdım,
500 nüsxə. Aydındır ki, bu,
yalnız say-seçmə oxuculara, ədəbiyyat mütəxəssislərinə
bəs olan qədərdir. Amma mənimcə,
əsər müasir ədəbi nəsillərin də,
geniş oxucu auditoriyasının da biliklənməsi cəhətdən
böyük əhəmiyyətə malikdir; elmi kitabxanalarla
yanaşı, kütləvi və məktəb
kitabxanalarında da yer alması yaxşı olardı.
Əbəs deyil ki, Anar "Söz
dünyası"nı "Azərbaycan ədəbiyyatının,
incəsənətinin, mədəniyyətinin böyük təəssübkeşi
və hamisi ulu öndər Heydər Əliyevin
işıqlı xatirəsinə..." ithaf etmişdir. Layiqi
kitabdır.
Mən bilmirəm, mexanizmi necədir, amma bəlkə
burda, müzakirənin nəticəsi olaraq, əsəri Azərbaycan
Dövlət Mükafatına təklif edə bilərik.
Anarın "Söz dünyası" ədəbiyyatımıza
böyük sevgidən yaranmış, Azərbaycan ədəbiyyatının
dünəni və sabahı, sələflər və xələflər
qarşısında ədəbi vicdan, məsuliyyət və
borc mövqeyindən qələmə
alınmışdır.
Elnarə
Akimova: Çox sağ olun. İnşallah,
bu cür ədəbi vicdan, məsuliyyət və borc
mövqeyindən qələmə alınmış, millətimizə,
ədəbiyyatımıza, elmimizə xidmət
baxımından müstəsna rolu olan əsərlərin
müzakirəsi niyyətilə imkan düşdükcə
görüşəcəyik. Hər birinizə
dəyərli zamanınızı ayırıb redaksiyamıza
gəldiyiniz üçün təşəkkür edirik.
Ədəbiyyat qəzeti.- 2021.- 4 dekabr. S. 2-7.