Gedəndə...
bir də gördüm təbbəssümün
düşüb qalıb süfrənin qırağında
Ovcumun içində...
Ovcumun
içində böyütmüşdüm səni,
ovcumun
içində... istisində -
bildirçin balası kimi.
Dimdiyinin
sarısı gedənəcən
Gözlərimin
kökünün sarısını
sarıbuğda kimi dənləyirdin... dən-dən...
Ovcumun
içində yemləyirdim səni, böyüdürdüm,
rəngdən-rəngə düşürdün.
Gah bənövşəyi olurdun, gah qonur.
Tükləndikcə, böyüdükcə
uzaqlaşırdın məndən.
Görürdüm ki, fikrin, zikrin o taydakı budaqlara
baxır, qonur.
Qayıdıb
gəlirdin hərdən,
Ovcumun
istisi getməmişdi hələ
ayaqlarından, qanadlarından.
Getdikcə uzaqlara uçurdun.
O ormandan
bu ormana keçirdin.
Civiltilərin
gəlirdi, - gümrah, şən...
Harda
olsam, gəlib məni tapırdın -
əziz-girami adamın kimi.
Ayırırdın adamların arasından.
Dalağım
sancırdı hərdən -
bu
işin sonrasından.
Uzun
sürələrlə gözləyirdim səni....
Ovcumun içi səyriyirdi.
***
Rəngdən-rəngə
düşdükcə,
Üstündəki
boyaların tündləşdikcə
məndən uzaqlaşırdın,
Bu gedişin çiləsində sərhədləri
aşırdın.
...Bu
gün gəlmişdin yenə kefinin yaxşı
çağında,
Gedəndə...
bir də gördüm təbəssümün
düşüb qalıb süfrənin qırağında.
Elə
bildim yadından çıxıb,
götürüb dalınca qaçdım...
Arxasındakı
tikan batdı ovcuma... çaşdım!!
Qarışqalar vadisi
Bir-bir yol keçir yer üzündən
...uzun bir yol -
Qarışqalar
yoludur bu...
Min zəhmətlə, əziyyətlə, ruzi ilə
doludur bu.
Düzülüblər
bir-birinin arxasına,
Qara, uzun kəndir kimi... yol salıblar bir yamacın
yaxasına.
Daşıyırlar
qara qışın ruzisini...
toplayırlar yuvasına.
Hərəsi
öz çəkisindən, qısa, balaca ömründən
dəfələrlə ağır, iri yük çəkirdi.
Hər
birisi öz yükünü tək aparır, tək çəkirdi...
Halal zəhmət,
yorulmazlıq biçilmişdi boylarına,
Xırda-xırda,
qırıq-qırıq ruzi, bərəkət payları
bölünmüşü günlərinə, aylarına...
Hərəsinin
öz fikri var, - düşüncəsi, toyu, yası...
Başlarında
görünməyən uzaqtutan antenası...
İyləyərək - çüyləyərək
tapırlar yem yerlərini.
Milyon-milyon
illərdi ki, yaşayırlar bu dünyada,
qoruyurlar
öz ulusal sirlərini...
Dəvədən
də, pələngdən də, timsahdan da,
əvvəl gəliblər dünyaya.
Bu
torpağın ilk sahibi bəlkə də onlar olublar,
Yer
üstündə, yer altında çox xanimanlar qurublar...
Zər
qanadlı qarışqalar,
yüklü, atlı qarışqalar...
Amma gəl
ki, səs-küy salan,
"mən" - "mən" deyən görməyiblər
heç vaxt, heç bir qarışqanı.
Dolanıblar
bu dünyanı
aram-aram,
qarış-qarış...
Çox
vurublar dişlərinə, yoxlayıblar hər bir yanı,
Damcı
boyda qarışqanın kiçik, gizli qılafında
Ümman boyda zəhmət vardır, təkan vardır.
Onlar
ücün zaman yoxdur, məkan vardır!
Qarışqalar
vadisində düşüb qalmışam bir dəfə,
Qarışqalar
vadisində çaşıb qalmışam bir dəfə -
Görmüşəm
ki, sakit-səssiz, dayanmadan çalışırlar -
Ayırd
edə bilməmişəm ağa hansı, qul hansıdır,
Əmr
verən, lovğalanan çuğul, xəbərçi
qarışqa, yoxdu burda,
Biri
gülsə... hamısının öz sevinci... bir ölsə...
hamısının öz yasıdır!
Milyon-milyon
qarışqanı bərabərlik və halallıq...
bağlamışdı bir-birinə.
Rüşvət,
yalan, qeybət, zina...
yasaq idi
hər birinin əcdadına, tayfasına.
...Bir
qarışqa yolu
keçir... bu dünyadan... əsrlərdən-əsrlərə...
qədim
bir yol...
zəhmət, halallıqla dolu -
Kaş...
bu yola qarışaydı insanlığın yönü, yolu!..
Heç vaxt duyuq
düşmədim...
Yalan sözü doğrusundan
ayıra bilmədim ki,
bilmədim...
Kimsə
mənə nə göz-qaşla,
nə əlinin
havasıyla işarələr vermədi -
demədi
ki, bu doğrudu, bu yalandı.
Çünki yalan görməmişdim körpəlikdən,
uşaqlıqdan.
Bizim
şəcərədə bilən olmayıb hələ
yalanın nə olduğunu,
harda,
necə doğulduğunu.
İndi hər
yerdə yalan sözlərdən
doğru
kəlmələr qayırırlar,
çələngini də hörürlər
gül-çiçəkdən.
Amma... məndən
fərqli...
Bu şəhərin
sınıq-salxaq erkəkləri,
düşmüş, sallaq arvadları
yalanı
göydə tutub ayırırlar
gerçəkdən.
Keşkə
mən də tanıya bilsəydim -
yad evlərdə
doğulub,
özgə qapılarında böyüyən yalanları,
indi
bütün dünyanı bürüyən yalanları,
ayıra
bilsəydim... mən də...
asan
olardı qalanları.
Quyumuzun dolama
çarxı
Quyumuzun dolama çarxını
dolaya-dolaya,
sallayıram boğazı halqalı, taxta badyanı
quyuya -
səsi
götürür hər yanı.
Taqhataq...
Quyumuzun
dolama çarxını
dolaya-dolaya,
çıxardıram boğazı halqalı dolu
badyanı,
quyudan.
Səssiz,
lal, dinməzcə çıxır
qaranlıqdan üzü işığa gələn su...
işıqlandıqca,
üzərində nələr, nələr görünür.
Nə
sözlər, nə şəkillər -
keçmiş aylar, itmiş illər, rəngbərəng fəsillər...
Suların
saf, təmiz aynasından baxır mənə -
atamın
qırışmış üzü,
qabarlı barmaqları,
boylanır anamın həmişə nigaran gözləri,
görünür -
göyə, Allaha uzanan əlləri, dualı dodaqları,
o suyun
aynasında...
Quyumuzun
dolama çarxını
dolaya-dolaya,
kəndirini çəkirəm,
su
çıxardıram, aram-aram...
Dolu
badyanda lap yaxından eşidilir
uzaq
xatirələrin səsi.
Həm də...
çıxır üzə qərib qonaq,
yol
keçən,
bir
qaşıq su istəyən,
Allah bəndəsi...
Sirli kaktus
Çox adamın evində,
gözünün qabağında
buğum-buğum, qətrə-qətrə böyüyür,
böyüyə-böyüyə də balalayırdı,
yumurlanıb düşürdü yerə körpələri,
yumru-yumru,
iynəli "kirpiləri" -
yanında nə vardısa yaralayırdı.
Hər
tikanının altında, öz qılafında bir sirr
yetişirdi,-
yekəlirdi, şişirdi...
Guya ki,
evdə bu gözmuncuğuydu,
Guya ki, qoruyurdu adamları bədnəzərdən, pis
gözdən.
Yamyaşıl
tikanları həmişə diri,
ayıq-sayıq -
nizə
kimiydi hər biri.
Axşamlar
tikanlarını gözləri kimi yumar,
Guya ki,
heç nəyi görməzdi, eşitməzdi,
Mürgüləyər, yatardı.
İmansız
qarı kimi qısılıb bir küncə
büzüşərdi kipkirimişcə.
Dəyməyənə
dəyməzdi,
amma... əl
vuranda tikanları barmağına batardı.
Təmkinli,
ləngtərpənən, fəqət...
hər
sözə, hər xəbərə qulağını şəkləyən,
gedəni
yola salıb, gələnləri bəkləyən!
Həmişə
evin içində,
hamının qulağının dibində -
sirr
dağarcığı - kaktus!
Çox
nəsnələrdən xəbərdarsan... bilirəm,
Amma hələ
ki sus, bir az da
sus, sus,
sus...
Bir qılcıq
sünbül...
Tərəzinin bir kəfəsində
bir qılcıq sünbül,
O birində
bir tel Günəş şüası...
Biri gözə dəymirdi, biri görünürdü əlbət.
O idi ki...
tərəzinin gözləri bir-biriylə üz-üzə
Dimdik-dimdiyə
durmuşdu -
dübbədüz, halal, hümmət.
Görünməyən
kəfəsində qalmışdı mənim gözüm,
mənim
nəfəsim.
Birinin
sorağın xırman yeri dayanmışdı,
Birinin
üstündə ucsuz-bucaqsız səma!
Görünən
də, görünməyən də
burada
bir-birilə,
bərabər idi, amma...
Saman çöpü
haqqında ballada
Bir saman
çöpünü görürdüm tez-tez,
Xırmanda minlərin, milyonların içində öz
fabulasına görə seçilirdi.
Nədənsə, gözüm tutmuşdu onu.
O da elə
bil mənə hərdən baş qaldırıb
baxırdı.
Ayırırdım
cürübbəz gövdəsini, bir qarış boyunu
yoldaşlarının arasından, -
sarısından, qarasından.
Tanıyırdım onu çoxdan.
İpə-sapa
yatmırdı,
Odda yanmırdı, suda batmırdı.
Bir də yanmalı, batmalı nə canı vardı, nə
cəsədi.
Bəlkə ona görə də nə qəfil seli
sayırdı, nə kəmfürsət küləyi.
Xırmanın bu başından vurub, o başından
çıxırdı.
Bu yerlərin xal vurmuş tüləyi idi, tüləyi.
Axır...
bir
gün gördüm yaxındakı çayın sularında
axır -
sevincindən atıla-atıla, fit çala-çala.
Elə
bil xırmandakı saman çöpü deyildi,
Küləklərin
fitvasıyla cəlayi-vətən olsa da
nə rəngi
qaçmışdı,
nə də
gözünün kökü saralmışdı.
Şivəsindən
bilinirdi kefi sazdır,
Bir də
ki... saman çöpüdür... ona nə var -
Gedib
çıxacaqdı bir yana,
sular
boyu axa-axa, sallana-sallana...
Qorxusu
bircə suda batandan,
suda
boğulan insanlardan idi!
Səydəş
bir tısbağa yerişiyə yol getmirdi, yox,
İti
axan suların qoynunda şəstlə axırdı,
hünərlə üzürdü,
Suların
mavi səmasında quş kimi süzürdü...
Elə
bilirdi dünya başınadır,
Özü
yüngül, içi boş... amma damağı dolu, kefi
çağ!
- Sən
özünü düşün, ay kirayədə yaşayan
alim baba, -
o gedib
bir yana çıxacaq!
Ardıc
ağacının tüstüsünə oxşayan o bəyaz
qız...
Təkcə mən qızlardan
ayırırdım onu,
Təkcə
mən görürdüm onun boy-buxununu,
üz-gözünü.
Yanağı
dişlək alma kimiydi -
Ona görə də qaçırdı hamıdan.
Adam
görəndə allanırdı sifəti,
Hələ-hələ başını qaldırıb
heç kimin üzünə baxmazdı.
Hələ-hələ
ara - bəsərə çıxmazdı
-
Gah
görünən, gah da bulud örtən
Ayın
bir üzüydü,
Bəzən də elə Ayın özüydü.
Yuxarı məhəllənin gözəl, sifayı bir
qızıydı.
Bizim
aşağı dərə məhləsinə də gəlib
çatmışdı
gözəlliyinin, kamalının sözü, şöhrəti...
Möhtəşəm
bir aldanışla üz-üzə, göz-gözə idi,
Onun
yaşamındakı bu oturaq həyat tərzi
ata-anasını üzürdü -
Ərə
getmək, gəlin köçmək fikri yox idi...
Eşqi,
xəyalı ardıc ağacının tüstüsü kimi
evlərinin bacasından çıxıb göylərdə
əzilə-əzilə,
büzülə-büzülə gəzirdi...
Tahir TAİSOĞLU
Ədəbiyyat qəzeti.-
2021.- 4 dekabr. S. 10-11.