Qələndərin
eşşəyi
Tətildə İrəvana uçurdum, oranın
aeroportundan bizim kəndə bir saatlıq maşın yoludur. Maşın heç vaxt
olmurdu, axşam qatarı ilə gedirdim. İsti soba başına yığışıb pəncərədən
qaranlığa boylana-boylana səbirsizliklə səni gözləyən
doğma ailəyə qovuşmaq həmişə böyük
sevincdir. Bir neçə saata
dünyanın o başından dağların arasında sənə
lazım olan yeganə nöqtəyə dəqiqliklə gəlib
çatdığına özün də heyrət edir,
qayıdandan sonra böyük şəhərin
qaçaqaçında bu kövrək hissləri unuda biləcəyinə
inanmırsan. Qayıdan baş yolumu
Bakıdan salırdım. Burada nə
vaxtlarsa evində kirayənişin qaldığım bir ailəyə
mütləq dəyirdim. Bakıda uzun müddət
yaşamağıma baxmayaraq, getməyə ayrı
ünvanın olmaması bir az da bu işin
məcburi tərəfini təşkil edirdi.
Evin kişisi Nağı biz tərəflərdən idi,
zirzəmini yenə kirayə verirdi, özü isə əvvəlkitək
arvadı və nəvəsilə yuxarıda
yaşayırdı. Axşamlar Nağı kişi məni
Moskva, oxuduğum institut, yazı-pozularımla bağlı
sorğu-sual edir, dediklərimə qoca gözlərinin qəribə
bir işartısı ilə sevinir, həyətdə kirayənişin
tələbələrinə məni nümunə göstərməkdən
ləzzət alırdı:
-
Baxın, - deyirdi, - iki il burada kirayə
qaldı, oxudu, çalışdı, vuruşdu, getdi
çıxdı Moskvaya. Görürsünüz?
Sabah, o biri gün qayıdıb gələcək,
ölkə rəhbərliyi də gənc kadr kimi onu irəli
çəkəcək.
Nağının təqdimatında zirzəminin kəraməti
xüsusi vurğulanmasa da, dolayısı ilə ocağın
xeyir-bərəkəti tələbə gəncliyin nəzər-diqqətinə
çatdırılmış kimi olurdu. Tələbə gənclik
mənə yaxşı tanış yerli
qayğıları ilə yaşayırdı, Moskva heç
onun yuxusuna da girmirdi.
Səhər evdən çıxanda
tapşırırdı ki, axşam tez gəlim. Bilirdim ki, bunu
başqa mənada yox, söhbət eləməyə daha
çox vaxt olsun deyə xatırladır. Nağı hər
gün vaxtlı-vaxtında televizora baxan, arvadı Xədicənin
kitabxanadan gətirdiyi qəzet, jurnalları diqqətlə
oxuyan adam idi. Heç zaman
görmədiyi Moskvanın çox yerini məndən
yaxşı tanıyırdı. Dediyinə
görə, müharibədən sonra çalışsa da,
instituta girə bilməmişdi, amma mütaliə vərdişini
hələ də itirməmişdi. Gözlərini
kitaba elə cəfakeş bir diqqətlə zilləyirdi ki,
deyərdin, üz qabığına baxa-baxa altdakı
bütün səhifələri də oradan birnəfəsə
oxuyur. İnstitut, fakültə, dekanat, professor və
sair bu tipli terminlərə o qədər həvəsli idi ki,
bir dəfə zirzəmidə mənimlə qalan Nazimin əmisi
rolunda Tibb İnstitutuna gedib, "qardaşı oğlunun"
dosentə qarşı kobudluğuna görə dekanın
danlağını havayıca qəbul etmişdi.
"O
dağların arasından Moskvaya gedib çıxmaq hər
oğulun hünəri dəyil!" - Nağı arvadı Xədicənin
yanında məni başqa səmtdən, səliqə və
sanballa tərifləyirdi. Kitab sözləri
seçib işlətməyə çalışırdı
ki, diplomunun olmaması əhəmiyyətsiz görünsün.
Üzdə büruzə verməsəm də, gələcəkdə
məni gözləyən çətinlikləri təsəvvür
edəndə Nağının təriflərinə görə
bəri başdan sıxılırdım. Xədicə
iki-üç günün qonağı üçün
süfrəyə düzdüyü naz-neməti və xoş
təbəssümü hər dəfə bol etməklə
sanki keçmiş kirayənişinlik dövrlərimizdə
yaşadığımız xırda-para
anlaşılmazlıqların üzrxahlığını
edirdi. Belə səmimi
yaxınlığı və mehribanlığı o vaxt nə
bunlar, nə də mən təsəvvür eləyərdim.
- Sənin
institutun Kremldən uzaqdı? - Nağı soruşurdu.
- Yox,
deyirdim. - Yaxındı.
- "Yaxın", yəni nə qədər?
- Bir
kilometr.
- Min
kvadrat kilometrlik şəhərdə bir kilometr nədi ki?! -
Nağı əllərinin içinə baxa-baxa deyirdi. Nəsə fikirləşirdi, elə bil onu çox
maraqlandıran vacib bir sualı verməyə tərəddüd
edirdi. Axırda cəsarətə gəlib soruşurdu:
- Sən
orada... Hmm... Heç
yoldaş Brejniyevi belə yaxından görürsənmi?
Məni gülmək tuturdu. Çünki Brejnevin
gündəlik hansı işlərlə məşğul
olduğunu, onu kimlərin yaxından gördüyünü Xədicənin
evə gətirdiyi qəzetlər, Nağının
baxdığı televizor daha dəqiq deyirdi.
- Hərdən
bizim institutun yaxınlığından maşınla
keçməyini görürəm, - kişinin kefini pozmamaq
üçün deyirdim. - Nədi, olmaya, şikayət-zad
yazmısan? Ver aparım çatdırım.
- Bəs
o günü Lixaçov adına avtozavodun
kollektiviynən görüşə getmişdi, - heç vaxt
heç nədən şifahi və yazılı surətdə
şikayətlənməyən Nağı sözümün
sonunu eşitməmiş kimi ciddi səslə deyirdi. - Onda
sizin institutun yanından keçməmişdi?
- Bilmirəm.
Bəlkə də keçib, mən görməmişəm.
-
Əşşi, necə görməmisən?! Orada bir fəhlə
də dedi ki, bizim buraxdığımız
maşınları dünyanın heç bir zavodu buraxa bilməz.
- Onu
düz deyib, - mən yenə güldüm.
- Yəni
möhkəmliyinə görə... O vaxt biz müharibəni
niyə udduq? Çünki tanklarımız
güclüydü, sürətliydi. Nemesin
evinin bu yanından girirdi, o yanından çıxırdı.
Onun Mozdokdan girib, Berlindən çıxan uzun müharibə
xatirələrinə hələ kirayənişinliyim
dövründən qulaq asmadığımı yadına
salıb tez susurdu. Bəlkə də fikirləşirdi ki,
müharibəni görməyən gəncliyin hamısı mənim
kimi bambılıdı. Yox, indi daha elə
fikirləşməzdi. Hesab edərdi ki, mən
savadlı bir adam kimi onun müharibə
haqqında bilmədiyi nələrisə həqiqətən
kitablardan oxuyub öyrənmişəm. Ya da oradakı müəllimlərimdən
soruşmuşam...
- Əşşi, onun çənəsi daha söz
tutmur, - Xədicə davamlı şəkildə süfrəyə
göstərdiyi qayğı və nəvazişin içindən
müdaxilə edirdi. - Zavoda getməyiynən nolasıdı təzdənnən?
Nağı heç zaman arvadı ilə mübahisə
etmirdi, onun sözünün qabağına söz qoymurdu. Elə bil
qorxurdu ki, birdən sözləri çəpləşər,
Xədicə heç nə deməz, eləcə gətirib
texnikum diplomunu stolun üstünə atar və onda bir
ömürlük pərdə onların arasından
axmaqcasına götürülər.
İnstitutun
akt zalında Brejnevin ədəbi mükafata layiq
görülmüş üç kitabının müzakirəsini
xatırladım: "O bizi çörəksiz qoyacaq!" - çıxış etməyə gedən tələbələrdən
biri hələ tribunaya çatmamış başılovlu
qışqırdı. Zal pıqqıldadı.
Rəyasət heyətindən dekan xanım səbirsiz tələbənin
yaxınlıqdakı ünvana göndərməyə nail
olduğu kollektiv pıqqıltını yumşaltmağa
çalışdı: "Uşaqlar, "Xam torpaq"ı
oxuyun: o kitab elə çörək və mahnı
haqqındadır!".
Nağı içən deyildi, ancaq gətirib süfrəyə
bir butulka tut arağı qoydu. Mən də içmədim.
Təkid etmək istəyəndə, dedim, narahat olmasın,
Moskvaya gedəndə özümlə apararam: orada belə
şeylərin qədir-qiymətini yaxşı bilirlər. Bəlkə də ürəyində araqdan sonraya saxlamaq
istədiyi sözləri Nağı mənim hər cür
zir-zibillə dolu ayıq başıma gupamalı oldu.
- Xədicə
hərdən jurnalları gətirir, oxuyuram, - yeməkdən
sonra o dedi. - Sən bu hökuməti, rəhbərlərimizi təriflə.
Bizim bir deputat varıydı, Fətulla müəllim... Seçkidə vəkili olmuşdum. Deyərdi
ki, bu dünyada bir tərifdən, bir də yeməkdən hələ
heç kim atqaz eləməyib. Tərifləsən, yerin isti olacaq. Elə ki, tərifləmədin, deyəcəklər,
ə, bu ziyankar adamdı, yaxına qoymayın. Sən, maşallah, gedib çıxıbsan Kremlin
bir addımlığına, ancaq o dəfə oxuyuram,
görürəm Qələndərin eşşəyindən
yazıbsan. Ə, Qələndəri mən 1957-ci ildə
Oxamədin bəndində qoyub gəlmişəm, bəlkə
də indiyə qədər on beş
eşşək dəyişib. Bundan Qələndərin
ağlı artıb, ya eşşək böyüyüb at
olub?
Nağını həm də kənddəki analoqlarına
görə yaxşı tanıyırdım. O, quşu uçuşda
sevirdi. Özünə yaxın bildiyi adamların
güclü, nüfuzlu, sayılıb-seçilən
olmasını elə bil ala bilmədiyi ali
təhsil diplomunun əvəzinə arzulayırdı. Yaşı yetmişi haqlasa da, həyatın
qaçanını qulaqlamaq zirəkliyini və
ayıq-sayıqlığını itirmirdi.
-
Eşşəyin nəyi pisdir ki? - mən
Nağının dediklərinə çox da ciddi
yanaşmadan dedim.
- A kişi, Moskvanın ortasında oturub
eşşəkdən yazarlar? - Nağı da həmin
doğma ərkyanalıqla məni danlamağa başladı. -
Odur, yaz Brejniyev yoldaşdan, Qramıkodan, Georqadze yoldaşdan,
qoy səni dövlət adamı kimi tanısınlar. Qələndərin eşşəyindən nə
çıxar?
- Onlarnan
görüşəmmirəm də, - mən də bəhanə
kimi dedim. - Ancaq Qələndəri
tanıyıram, eşşəyini də görmüşəm.
Siqaret çəkmək üçün balkona
çıxdım. Yağış axşamın
qaranlığına salıb küləkdən xəlvət
çisəkləyirdi.
Xədicənin Nağıya təpindiyini balkondan
eşitdim.
- Bilmədiyin
şeyi niyə danışırsan?! - o, ərinə
deyirdi.
Sonrasını eşitmədim. Ancaq mən
Nağıdan incimirdim. O da, bir növ, şəhər Qələndəri
idi, elə bilirdi ki, eşşəyi unutmaqla mədəni,
savadlı adam olub cəmiyyətə daha
çox fayda vermək mümkündür.
Lampa işığında görünən damlarda,
küçədəki elektrik məftillərində və
çılpaq ağacların budaqlarında hələlik
şehə bənzər yağış damcıları
parıldaşırdı. Yaxınlıqda
hansısa novdandan şırıltıya keçməyə
gücü çatmayan damcılar
çırtım-çırtım sızıb asfalta
töküləndə cücə səsi
çıxarırdı. Yenə də əvvəlki
illərdə olduğu kimi dəmiryol deposunda gecələr
yuyulan neft sisternlərinin zəhərli oksid iyi gəlirdi.
Nağı paltomu gətirib çiynimə
atdı.
- Hava
soyuqdu, - mızıldandı. - Xəstələnib eləyərsən...
- Mən
Bakıda Qələndərə heykəl qoymaq istəyirəm,
- ona dedim. - Sən də mövzunu qadağan eləyirsən.
Mən cavanıydım, özümə güvənirdim. Düşünürdüm
ki, yazdıqlarımı mütləq Qələndər oxuyub
başa düşməlidir. Çünki
mənə elə gəlirdi ki, başqa yazılanlarda Qələndəri
aldadırlar, ona həqiqəti demirlər. Qeyri-qələndərlərin ağsaqqal qəyyumluğu
isə məni maraqlandırmırdı. Bununla
belə hərdən, Nağının dediyi kimi, kənddən
kənara çıxmağı fikirləşirdim. Ancaq, nədənsə, bunu ləngidirdim. Nəsə mənə mane olurdu. Bəlkə də bu, işin texniki tərəfilə
bağlı hazırlıqlarımın başa
çatmamasından irəli gəlirdi. Daha
sonra bu formal çərçivələr mənim
üçün əhəmiyyətini itirdi. Yəqin ki, buna bir hadisənin də müəyyən
təsiri oldu.
Bir gün kimsə yataqxananın telefonuna zəng vurub məni
aşağı çağırtdırdı. Danışan adam özünü bizim rayondakı
tütün fabrikinin baş mühəndisi "Cəfərqulu
müəllim" kimi təqdim edib dedi ki, atam pul göndərib,
o səbəbdən görüşmək lazımdır. Getdim. "Moskva" mehmanxanasının
növbətçi administratoruna adımı deyən kimi o,
qarsonlardan birini çağırıb məni 505-ci nömrəyə
aparmağı tapşırdı. Əlbəttə,
bir təsadüf idi ki, yataqxananın 5-ci mərtəbəsinin
eyni nömrəli otağında da mən
yaşayırdım. Ağlıma cürbəcür
şeylər gəldi, ancaq qorxmağa macal tapmamış liftdən
çıxıb nömrəyə girdik.
Baş
mühəndis atamdan bir qədər cavan, ucaboy kişi
idi. Sanki üzünə davamlı hopmuş quru
tütün tozu dərinin sarışın intensivliyini
azaldaraq onu bozun kompozit bir çalarına doğru əymişdi.
Bu rəng qışda kolxoz damlarında tütünün
preslənməsi əməliyyatını mənim yadıma
salırdı: orada tozdan qorunmaq üçün üzü
yaylıqla bağlı qadınların yalnız gözləri
işarırdı. Düzüm iplərində
büzüşmüş sarı yarpaq bağlarını
daşıyan kişilər adətən pres dəzgahının
yanında durmur, kövrək xışıltılı
bağlamaları yerə qoyan kimi damın tozsuz yerlərinə
çəkilirdilər.
Uzun
"Ba-a-ayy!.." sədası ilə məni
qarşılayıb qucaqlayanda hiss etdim ki, kefi
yaxşıdır: jurnal stolunun üstündə
yarımçıq konyak butulkasının, sınıq
şokolad parçası və meyvələrin də o kefə
şahidliyi, savadlı vəkillər demişkən,
mübahisə predmeti deyildi. Cəfərqulu müəllim dedi
ki, rayonda hər şey yaxşıdır, atamın kürə
sexində bişən kömbənin ətri yenə onun
fabrikinin həyətinədək gəlib çatır. İki daşın arasında mən yenə
"çörək və mahnı" məsələsini
xatırlayıb gülümsündüm. Qonaq isə
dedi ki, oralarda indi qışdır, "tfu" deyirsən
göydə donur.
- Ancaq
buranın qışı da gözəldi! - o,
pəncərədən görünən qarlı Kreml
möhtəşəmliyinə işarə edərək dedi.
Cəfərqulu müəllim atamın göndərdiyi
pulu şkafdakı pencəyinin cibindən çıxarıb
saymadan mənə uzatdı. Sonra öz cüzdanından bir
iyirmibeşlik də seçib mənə verərək astaca
mızıldandı:
- Bu da məndən
- tələbəyə!
Ağzımı
açmağa macal vermədən pres ağacıtək sərt
və möhkəm əli ilə pulu cibimə basdı və
heç nə olmamış kimi mövzunu dəyişərək
başladı ki, Tambov fabrikinə göndərdikləri beş vaqon tütünlə bağlı
şikayət gəlib, direktor da həmişəki kimi məsələni
həll etməyə onu göndərib.
Cibimdəki
siqaret qutusu ilə bərabər doğma çöllərdə
cərgələri arasından ot
biçdiyim, boyumdan uca tütün plantasiyaları ani olaraq xəyalıma
gəldi. İpə düzmək
üçün dərilmiş tütün
yarpaqlarının bardanın arasına yığılıb
bağlanmasını, sonra əlləri şirədən
qaralmış qadınların köməkləşib o
bağlamaları traktorun qoşqusuna necə yükləməsi
sanki əmək, çörək və mahnı
romantikasının yeni bir kəşfi kimi göründü.
Mənə elə gəldi ki, Moskvanın bunu
görməyən, bilməyən siqaret
istehlakçıları üçün maraqlı nəsə
yazmaq olar.
- Tələbəni
yeməyə dəvət etməmək müsəlmançılıqda
da, yəqin, elə xristianlıqda da günahdır, - Cəfərqulu
müəllim ətraf vilayətlərdəki tütün
fabriklərinə hər il gəlib-getdiyini
deyəndən sonra biz söhbəti davam etdirə-etdirə
restorana düşdük.
Bura, bəlkə də, yüzə yaxın stolu olan
böyük, təmtəraqlı bir zal idi, 505-ci nömrədə
olduğu kimi bütün pəncərələrindən
böyük meydan, Kreml divarları görünürdü. Günorta yeməyindən
xeyli keçmişdi, axşamın tez düşən
qaranlığı artıq Kremlətrafı meydanlarda,
küçə fənərlərinin narıncı
işıqları girə bilməyən künc-bucaqda,
qarlı damların ağ
tüstülü buxarıları arasında vurnuxurdu. Hələlik
boş stol çox idi və biz ən
qıraq sırada, projektorların
işıqlandırdığı meydanda sonsuz maşın
axınlarının yaxşı göründüyü bir
yerdə oturduq. Yuxarıdan baxanda
tıxacdakı maşın sıraları öz sezilməz hərəkəti
və sarı, qırmızı işıqlarının sabit
düzümü ilə sanki hoteli də, meydanı da Kreml
qarışıq yavaş-yavaş sürüyüb harasa uzaq
bir aləmdə gecələməyə aparırdı. Bu qeyri-adi mənzərənin verdiyi xoş, isti təəssürat
altında adamın gözünə tütün dolu vaqonlar,
qarlı Tambov-filan görünmürdü. Mən bu
restoranda olmuşdum: ən dadlı yeməklərindən
araxcın boyda dayaz kasalarda verilən qırmızı
borş yadımda qalmışdı. Özü elə də
ac olmadığı üçün Cəfərqulu müəllim
sifariş verməyi mənə həvalə etdi:
"Qırmızı borş" dedim.
Yeməkarası
söhbət mənim işlərimin içində hərlənib-fırlanıb
Qələndərin üzərinə gələndə Cəfərqulu
müəllimin xətrinə dəyməmək
üçün bir az ehtiyatla dedim ki, mən
bütün problemləri həll edə biləcək qəhrəman
kimi yalnız Qələndəri görürəm və
qeyri-qələndərlərin onun belində oturmağına yaxşı
baxmıram.
Dediklərimi diqqətlə dinləyən Cəfərqulu
müəllim yüngülcə gülümsünüb
Aleksandr bağının nəhəng, qara darvazalarına,
qarı təmizlənmiş Manej meydanında yüzlərlə
maşının müxtəlif istiqamətlər üzrə
dəqiq tənzimlənmiş hərəkətinə
baxdı. Elə
bil Qələndəri və onun cüvəllağı
uşaqlar tərəfindən zebr kimi boyanmış
eşşəyini bu boyda zırıltı ilə müqayisə
edəndən, hətta öz tütün vaqonları ilə də
bağlı nələrisə ölçüb-biçəndən
sonra dedi:
- Qəhrəman
kimin olmasını deyə bilmərəm. Ancaq
Qələndərin belində oturmaq məsələsi ilə
razı deyiləm. Qələndər əkib
becərdiyi tütünü bizə təhvil verib, tarif sənədi
üzrə də pulunu alıb. Biz o
tütünü fermentləyib göndərmişik Tambova.
Oradan şikayət gəlib ki, təyin etdiyiniz
sort filan, filan nömrəli vaqonlarda standarta uyğun deyil.
Biz yazmışıq "birinci növ",
onlar deyir ki, yox, bu, ikinci növdür. Növ müəyyənləşdirilməsi
məsələsi laboratoriya işidir, yəni bir çox
şərtiliklər var: birinci növü ikinci növ kimi, hətta
əla növ kimi də yazmaq olar.
- Birinci,
tarif məsələsinin özü... - mən dedim. -
İkincisi, bəlkə siz Qələndərin birinci
növünü ikinci növ kimi yazıb ona az
pul vermişiniz? Qələndərin laboratoriyası yoxdu
axı... Tambova isə əsl birinci növ kimi
göndərmisiniz. Tambov da bu işi bildiyi
üçün sizi çağırıb ki, gətir o puldan
mənə də ver. Elədir?
- Yox, elə
deyil, - Cəfərqulu müəllim etiraz etdi. - Tambov
"Filip Morris", "Malboro", "Kemal" siqareti
buraxmır ki, əla növ tütün axtara. Əla
növ tütünün emalı üçün əla
növ də avadanlıq olmalıdı. O da ancaq burada,
Moskvada var. Bunun buraxdığının ən
yaxşısı "Yava"dı. Qalanı gedir ikinci,
üçüncü kateqoriya, fəhlə-kəndli siqaretləri:
"Kazbek", "Belomorkanal", "Prima",
"Astra", "Layka"-mayka... Ona görə
növ müəyyənləşməsində Tambovun
imkanları genişdir. Eləcə də
pambıq, eləcə də üzüm, başqa kənd təsərrüfatı
məhsulları. O ki qaldı Qələndərin
haqqına, biz ona ziyan vurmuruq, əksinə, xeyir veririk. Son beş-on ildə Qələndərin cibində
pul şıqqıldamağa başlayıb. Qələndər daha palçıq daxmada
yaşamaq istəmir. Daş ev istəyir.
Kəndə gələndə görmədinmi?
- Mən
inanmaq istəyirəm, ancaq inana bilmirəm, doğrusu.
- Ölkə
böyükdü, - Cəfərqulu müəllim
başını yırğalaya-yırğalaya
gülümsündü. - Böyük ölkə ayrı
şeydir. Böyük ölkənin gərək siqareti,
arağı, çaxırı bol ola...
Restoran dolmuşdu. Musiqi gurlayır, stol arxasında
danışmaq çətinləşirdi. Böyük ölkənin
pəncərələrdən görünən bir nömrəli
ali rəsmiyyəti heç kimin vecinə
deyildi. Kütlə axşamdan, bütün mənalarda
isinmiş ab-havadan zövq alır, öz şıltaq hərəkətləri
və hərdən məcrasına sığmayan istəklərilə
ciddi olan hər şeyi inkar edirdi. Restoran
bütün bunlarla bərabər Cəfərqulu müəllimin
tütününün tüstüsü ilə də
dolmuşdu. Mən bunu ona az qala
qışqıraraq xatırladanda o, göz vurub
dodağının qırağı ilə
"nırç" elədi.
- Sən
stolların üstündəki siqaretləri görmədin? - biz foyeyə çıxıb liftə tərəf
gedəndə Cəfərqulu müəllim dedi. - Qələndərin
müştəriləri burada yoxdu, - o gülüb əlini mənim
kürəyimə vurdu.
İllər sonra institutu bitirib Bakıya qayıdanda Qələndər
məsələsinin qoyub getdiyim yerdəcə durduğunu
gördüm.
Ancaq o mənim üçün hələ də
maraqlı idi. İmkan düşən kimi
bu təsərrüfata baş vurur, onun gələcəyinə
inamımı itirməməyə
çalışırdım.
Uzun çarpışmalardan sonra şəhərkənarı
bir qəsəbədə özümə sığınacaq
tapmışdım. Hər gün şəhərə gəlib-getmək
məni yorurdu. Hərdən, çox
yorğun olanda Nağıgilə gedib gecəni də orada
qalırdım. Bu ev, bu ailə mənə
doğma yurd təsiri bağışlasa da, Nağının
ümidlərini doğrulda bilmədiyim üçün eynən
məni təriflədiyi vaxtlarda olduğu kimi daxilən
sıxılırdım. Sonra Nağı
öldü, Xədicə evi satıb oğlunun yanına
köçdü və mən bu böyük şəhərdə
tək qaldım.
Səfər
Alışarlı
Ədəbiyyat qəzeti.- 2021.- 4 dekabr. S. 12-13.