Hələ mən sevdiyim payız Hər il gəlir bu şəhərə...

 

***

 

Bu gün yeni şeir yazdım,

 

Bir təzə dərs keçdim.

 

Ədəbiyyatdan lirik növ,

 

Dildən sonor səs keçdim.

 

 

 

Əzizlədim şagirdləri,

 

Başların sığalladım.

 

Ən çox ən dəlisovların,

 

Ən çox ən cığalların.

 

 

 

satıcı hirsləndirdi,

 

bir "QAİ" saxladı.

 

Bu gün açıb qollarımı

 

Həyatı qucaqladım.

 

 

 

Oğlumla futbol oynadım,

 

Qızımla mahnı qoşdum.

 

İtimlə şəkil çəkdirdim,

 

Pişiyimlə barışdım.

 

 

 

Suladım çiçəklərimi,

 

Bağdan nar dərib yedim.

 

Sonra ağacı oxşayıb,

 

Sağ ol, dadlıdır, - dedim.

 

 

 

Bu gün hər gündən biriydi,

 

Bu mən hər kəsdən biri.

 

Yazdığım şeirdən biri,

 

Keçdiyim dərsdən biri.

 

 

 

 

 

***

 

Bir az da yaxın oturun,

 

Lap həyatın yanında.

 

Yeni bir payız başlayır,

 

Pəncərələr önündə.

 

 

 

Səhərlər təndir çörəyi

 

yağışlı havalar.

 

Səngiyirmi küçənizin

 

tinindəki davalar?!

 

 

 

Cavan-cahıl tərk edirmi

 

Yığışdığı dalanı,

 

Seyrəlirmi gəlişləri

 

Qatıqsatan xalanın?!

 

 

 

Yenə alov qüllələri

 

Gecə parıldayırmı,

 

Dərin bir yuxu içində

 

Yağış şırıldayırmı?!

 

 

 

Yandırdızmı sobaları,

 

Çəkdizmi pərdələri,

 

Asdınızmı divarlardan

 

Ömrün "xəritələrin?!"

 

 

 

Bir az da yaxın oturun,

 

Lap həyatın yanında.

 

Yeni bir payız filmi var,

 

Pəncərələr önündə.

 

 

 

 

 

***

 

Bahar can verirdi oktyabrda,

 

Ahıl ağacların budaqlarında.

 

Yarpaqlar yaşıl, sarıydı

 

Yaşılla sarının qarışığıydı.

 

 

 

Payız çalınırdı bütün simlərdə,

 

Zaman da boynunu qısıb gedirdi.

 

Quşlar, Allah bilir, neçənci dəfə

 

Soyuq ölkələrdən küsüb gedirdi.

 

 

 

Təkcə dayanmışdı dayanacaqlar,

 

Yolçular harasa çıxıb getmişdi.

 

Üzbəüz eyvandan baxan bayraqlar

 

Yenə sinəsini al-qan etmişdi.

 

 

 

Yollar maşınsızdı, küçələr səssiz,

 

Şəhər sakit-sakit yuxulayırdı.

 

Hardasa ürəyin xəlvət yerində

 

Yeni bir bahara ümid varıydı.

 

 

Səfər Əhməd

Ədəbiyyat qəzeti.- 2021.- 4 dekabr. S. 13.