Dostum Şerlok Holmsa
Vladimir Daşkeviçin
"Helen
və Culiya"
bəstəsini dinləyərkən
Əlbəttə, əsrlərdir insanlar
isti çörəyin
Buxarı
Tənbəkimizə doldurduğumuz
kokainin tüstüsü
və qəzetlərin
hamarlığı ilə
Ömrümüzdə yaranmış qabığın içində
bu həyatı ən praqmatik şəkildə
yaşaya bildiyimizə
inanır.
Bəlkə də, doğrudan
da, eləydi...
Barmaqlarımız kükürdə,
beynimiz cinayətkarların
şəhərin içində
gəzişən
səssiz izinə
bulaşanda
əlimizdəki baston yerə
başımızdakı papaqlar
şkafların
üstünə düşəndə
bəlkə, doğrudan
da, biz bir gün
yağış yağmayanda
belə
boz görünən şəhərin
ürəkaçan olmasını
deyil,
daha xoşbəxt günləri deyil,
üstünə fosfor sürtülən qorxunc
it haqqındakı hekayələri
gözləyirdik.
Bəlkə də, doğrudan
da,
dostumun zahiri ağrısızlığı
Onun daxili ağrısına heç
vaxt çevrilməmişdi.
Bəlkə də, doğrudan
da,
hətta böyüdücü
lupayla da
ömrümüzün özümüzə
aid
görünməməsi bizi
incitmirdi.
Və içinə ağ
qızılgüllər tökülmüş
suda
Çimən ətcə körpələri
ağlımıza gətirmirdik...
Hansısa gənc qadının
hürkmüş sifəti
Titrəyən əlləri və
ümid gözləyən
baxışları
Sifətlərin təkrarı
Dolub daşırdı
Həyatımızda
Amma bütün
əhvalatlar fərqli
və maraqlı idi.
Hadisələrin bolluğu həb
udmuş
adamların bəbəyi
kimi
diri etmişdi günlərimizi...
Amma bəzi şeyləri anlaya bilmirdim...
Əgər, doğrudan da,
biz əsrimizin ideallarıydıqsa
Əgər, doğrudan da,
həyatımızda hər
şey yerində idisə
Və mənim yazdığım
əhvalatlar
Amerikada,
Fransada, Rusiyada oxunacaqdısa
Eləsə niyə Holms bəzən
yanan sobanın qarşısında
məndən skripka istəyirdi?!.
Niyə
bəzən iti zəkasını və soyuqluğunu
Ona bəxş edilən hər şeyi öz lupası kimi
çıxarıb bir
tərəfə qoyurdu?..
Musiqinin
həzinliyi içimizdəki
yaralı yerləri necə icad edib
əllərini onların
içinə ilişdirirdi...
Amma hər şeyə baxmayaraq,
kibrit çəkib barmaqlarımızı
kükürdlə yandırsaydılar
da
Soyuqqanlı idik.
Qorxunc itlərin
Rəngi
solmuş qadınların
Oğruların
Sirli hekayələrini çözüb
bir tərəfə yaslananda
Maykroftun
zəngiylə
dincliyimizə son qoyulurdu.
Düşünməyə başladığımız
şeylərin
hamısı yenidən
Özümüzə aid
Olmayanlarla dolmağa başlayırdı...
Əsmər
Əsmər,
Açılan hər səhərə
Sənin
körpə uşağının
sevmədiyi
yeməklərə baxdığı
kimi baxıram.
Peçenye qoxusunun, şirniyyatların
xoş ətri yayılmış otağın
belə,
xoşbəxt edə bilmədiyi bir uşaq kimi..
Heç
olmasa paltarının
bir parçasını,
bir hissəsini axtarıram,
Onu iyləyərək yuxulayım,
yatım
Bu əzablı günlərə
davam etməyim...
Əsmər,
Zaman keçdi
Ucu ən gözəl qəsrlərə
gedib çıxan arxların yanında
Səninlə dərmək istədiyim
meyvələri dərə
bilmədim.
İndi
anaların öz balaca uşaqlarına
qırıb verdiyini görürəm, onları
Xoşbəxt ola bilmirəm, amma.
Çox
ucuz dəyərlər
üstündə qurduğunu
görürəm dünyanı,
Tanrının.
Əsmər,
Ellada torpağının əsatirlərində
yaşayan
bir adam da olmaq istəməzdim,
səndən uzaqda
Və dünyanın ən sehrli
Yollarında təpələrində
Mələklərin ağzından burnuma
verilən nəfəs
də
Sənin
varlığını ruhumda
əvəz etməzdi...
Özümə bomba bağlayıb
partlaya da bilməzdim sənsiz
Cənnət vədini eşitmiş
ağlı dayaz adamlar kimi
Çünki mənim səndən
başqa
gedəcəyim cənnət
yoxdur.
Əsmər,
Nə Lüksemburq bağında
Nə də dünyanın ən gözəl tarlalarında
Artıq
xoşbəxt ola bilmərəm
Qızılı rəngli torpaq kimi
həvəs saça
bilmərəm yaşamıma.
Tükənmişəm artıq.
Siyerva Mariyaya aşiq olmuş
keşiş kimi edam edilərək
ölmək də istəməzdim, amma
Günlərlə günəş altında qalmağı arzulayardım
Bişmiş heyvan əti kimi
Yanıb buxar olmasını istəyərdim qorxularımın,
Bu dünyanın rəzil olması haqqında inanclarımın,
Az qala hər nöqtəsində
əzaba yoluxmuş ruhumun.
Və hər şeyin sonunda
sənin qəlbini öpmək
istərdim...
Əlibala ƏHMƏDOV
Ədəbiyyat qəzeti.-
2021.- 4 dekabr. S. 32.