Ləng
ahəng
Desəm ki, Cəfər Cabbarlı
yaradıcılığının vurğunuyam, düz olmaz.
Amma nadir əsəri olar ki, oxumamış
olum. Xüsusən, hekayələri
çox təsirli və ibrətamizdir. Cəfər qədər
cəmiyyətin yaddaşına oturub onların şüuruna
təsir etməkdə mahir olan az
yazıçımız var. Onun ədəbiyyatımızdakı
yeri və əsərlərinin əhəmiyyəti barədə
onu dahi sayanlarla həmfikirəm. Cəfər Cabbarlı qədər
incəsənətin əksər sahələrinə nüfuz
edən, onları bir mərkəzdə birləşdirə bilən qələm
əhli də o qədər çox deyil. Nəzərə
alsaq ki, Cəfər yaradıcılığa şeirlə
başlayıb, həm də əruz ölçülü
şeirlərlə, hər yazısının dadının,
duzunun və ən vacibi təsirinin haradan gəldiyi məlum
olar. Bəli, tam dəqiq ölçülər,
riyazi hesablamalar və həndəsi şəkillər üzərində
qurulan Əruz şeiri bu estetik tərəfilə bərabər,
həm də lakonik və konkretdir. Əruz
ölçülü şeirdən gəlmə bu texniki
alışqanlıq Cəfər Cabbarlı əsərlərini
nəsrə xas cümlələrarası
"uzunçuluq"dan xilas etmiş, oxucunu təngnəfəs
edən "bitməyən" gərginliyə səbəb
olmuşdur. Və qəribə olan da budur ki, bu
"gərginlik" süni deyil, ötəri deyil, təbii və
yaddaqalandır. Əslində, niyyətim
fikrinizi Cəfərin poeziyasına cəlb etmək idi,
yolüstü bu mövzulara da toxundum.
Azərbaycan
oxucusuna Cəfərin şeirləri nəsri qədər tanış deyil. Klassik şeirin həvəskarı
olmayan Sovet rejimi
onun dağ boyda nəsrini qoyub yarım kitablıq
poeziyasını reklam etməyəcəkdi. Ara-sıra,
yeri gələndə Cəfərin şairliyi
xatırlanıb, amma nəzərəçarpacaq dərəcədə
deyil. Nəinki adi adamlar, hətta ədəbiyyat xadimlərinin
də içində Cəfərin şair olduğunu bilməyənlər
olub və var. İnsafən, demək lazımdır ki, Cəfər
Cabbarlı nəsrə ayırdığı zaman və enerjini
şeirə ayırmayıb, hətta düşünmək
olar ki, poeziya eşqi Cəfərin
yaradıcılığının erkən dövrünə
aiddir. Amma bir məna verməsə də, qeyd
edim ki, Cəfər tam ömür yaşasaydı, poeziyaya
mütləq qayıdacaqdı və bəlkə də nəsrinin
də üzərində bir yaradıcılıq izləmiş
olacaqdıq. Bu ehtimaldan birbaşa Cəfər
şeirinə kecmək istəyirəm.
Ey dil,
baxırmısan gölü dərya bilənlərə,
Zaği-siyahı
bülbüli-şeyda bilənlərə?..
Həsrətkeşi-təkəllüm
olur daima nəsib,
Sina misalı hər dağı guya bilənlərə.
Bu ibrətnamə Cəfər Cabbarlınındır və
qəzəllərinin içində ən çox dillərdə
əzbər olanıdır. Eyni zamanda qüsursuz cap olunmuş əsərlərindən
biridir. Qəribə burasıdır ki, yüz illər öncə
katiblərin əyri-üyrü xətləri ilə bizə gəlib
çatan əlyazmalar qüsursuz olduğu halda, yüz il əvvəl yazılmış əlyazmalar,
o cümlədən Cəfərin şeirləri qüsursuz
deyil. Onun
müasirlərinin də əsərlərində
bu qədər qüsur yoxdur. Onda baxaq görək
bu qədər xətalı şeirlərin günahkarı
kimdir. Düz məntiqlə getsək, əvvəl
müəllifin, yəni Cəfər Cabbarlının əruz
bilgisini nəzərdən keçirmək gərəkdir.
Klassik şeir, böyük Füzulinin dili ilə
desək, "tüki ləfzilə ikən düşvar
olur". Mütləq ölçü və
ahəngin içinə fikri olduğu kimi oturtmaq, onu bədii
libasa bürüyüb heç kimin indiyə qədər demədiyi
bir dil və üslubla demək çox müşkül məsələdir.
Zatən, bunu hamı bacarsaydı, Azərbaycan ədəbiyyatında
Füzuli səviyyəsində yüzlərlə şair
olardı. Əruz ölçülü
şeir yazmağın ilk çətinliyi müəyyən
ritmə tabe olaraq misra qurmaqdır. Qurduğun
misranın dolğun olması üçün əruz ahənginə
oturan sözlər seçilməli və onlar ritmə tabe
düzülüşdə düzülməlidir, belə ki,
Azərbaycan dilinin qrammatik normativləri, dilin özünəməxsusluğu
pozulmasın. Həmçinin ifadələr səlis, rəvan,
axıcı, misra quruluşu isə eşidildiyi və ya
oxunduğu an fikri çatdıra biləcək
səviyyədə olsun. Bir neçə
nümunədə Cəfərin buna nə qədər müvəffəq
olduğuna baxaq.
Dərələr,
dağlar, ağaclar yaşıl, əlvan hər yan,
Sərbəsər xələti-ətləslə bəzənmiş
gülşən.
Bu nə
qüdrət ki, ona olmamaq olmaz heyran!
Xaliqin
qüdrəti-bihəddinə əhsən, əhsən!
Bu misralardan
göründüyü kimi, Cəfər istədiyi fikri rahat əruzun
içində həll edə bilir. Burada
şair təbiətin rəngarəng gözəlliyinin
Yaradanın hədsiz qüdrətindən xəbər verdiyini
qeyd edir. Bu, sufi nəzəriyyələrindən
bir neçəsinə dayanan "təcəlla" fəlsəfəsindən
bir çeşmədir, amma artıq dili təmizlənmiş,
üslubu dəyişmiş bir şəkildə Cəfər
qələmindən süzülür. Burada
qüsur yoxdur.
...Hər tərəf üz tutub təlatimi-qəm,
Nəzərində cahan olub zindan.
Boynu
çiynində, qoltuğunda əli,
Zarü məhzun, məlulü sərgərdan.
Günəşin
axıtrıncı zərrələri
Üfüqün arxasında oldu nihan.
Çənəsində
əli uşaq oturub
Baxaraq ağlayır, fəqət, pünhan.
"Qürub çağı bir yetim" şeiri təsvirlərlə
doludur. Cəfər bədii dillə bir şəkil göstərir
bizə, soyuğunu, təhlükəsini, kədərini hiss
etdirə biləcək bir şəkil. Bu,
yaşadığı dövrün şəklidir, bu, Cəfərin
tarixi şərhidir. Burada da bir qüsur
yoxdur.
Qışın
boranlı, məşəqqətli bir soyuq gecəsi,
Cahanə lərzə salır yellərin cəfalı səsi.
Əsir
külək, savurur qar, bayırda bir tufan,
Həvadə qar burulub çırpılır
çü qatılı-can.
Yatıb
bütün qapılarda ovuntı ağ təpələr,
Vuyuldayıb yer ilən yel əsib qarı səpələr.
Güman ki, bu təsviri
oxuyan hər kəs qışı sümüklərində
hiss eləyib, Cəfər şeiri ilə tir-tir əsib və
ən əsası da qar yağışının
yaratdığı füsunkar mənzərəni də
gözündə canlandırıb. Bu ahəngin
içində bu səviyyədə bədii təsviri həll
etmək əsl ustalıq tələb edir. Cəfər bu çətinliyə qalibdir və
asanlıqla qalibdir. Qeyd edim ki, bu
qüsursuz şeir əruz vəznində, Müctəs (məfailün
fəilatün məfailün fəilün) bəhrindədir.
Bəzən şairlərin sevmədiyi, fikri
çətinliklə oturda bildiyi bəhrlər olur. Bu halda şair dərin məzmunlu hekayət içərən
mövzulara toxunanda daha rahat söz oynatdığı bəhrlərə
üstünlük verir. Cəfər
Cabbarlıya bunu aid edə bilmərəm. Əsərlərinin
texniki təhlilindən məlum olur ki, Cəfər
üçün belə bir çətinlik, diskomfort
mövcud olmayıb. Yəni o, istifadə
etdiyi bütün Əruz ölçülərində rahat və
sərrastdır. Müctəs bəhrində
qələmə aldığı daha bir şeirə diqqət
edək.
...Baxın,
onu düşünür bu xərabədə anası,
Çörək!
Çörək! Deyərək eyləyir
vidayi-həyat.
Kömək
dilər kimi ətrafını süzər sakit,
Baxır,
baxır da, fəqət kimsə görməyir, heyhat!
Bu misraları oxuyarkən Cəfərin niyə teatra
bağlı olduğunu, rejissor kimi nədən fəaliyyət
göstərdiyini, səhnəyə yaraşan və səhnənin
ifadə edə bildiyi ölçülərdə əsərlər
yaza bildiyini anlamaq olur. Bəhr məsələsinə
qayıtdıqda isə aydın olur ki, Cəfər Cabbarlı
Müctəs bəhrində nəinki yaza, hətta söhbət
edə biləcək qüdrətdədir.
Pər vur, ey
mürği-dili-zarım bu möhnətxanədən,
Uçgilən
balalara, seyr et mədari-aləmi.
Aləmi-İslamə
bax, bir yanda işrət bərqərar,
Bir tərəf
fəryadə guş et, gör qurulmuş
matəmi.
Bu isə Rəməl
(failatün failatün failatün failün) bəhrindədir.
Şeirin sonlarına doğru Cəfərin qələmi
bu bəhrdə rəqs etməyə başlayır.
Ağla, ağla, ey yetim, imdadə səslə
milləti,
Çal, çal, ey sazəndə, tarın başqa bir
xülyası var.
Ax, ax, ey
göz yaşları, seylablərtək mövcə gəl,
Tök, tök, ey saqi, şərabın dadlı bir
sevdası var.
Lal ola, ya Rəbb, o dil "fəryadə gəldim"
söyləməz,
Kar ola ol naləyə guş etməyən cəlladlər.
Kor ola, ol kor olan gözlər ki, görməz zilləti,
Məhv ola ixvanına rəhm etməyən Şəddadlər.
Göründüyü
kimi, şair fikrin itiliyi, səlisliyi ilə bərabər, bənlərin
estetik görünüşünə və akustikasına da
diqqət yetirmiş və hərtərəfli mükəmməlliyə
can atmışdır. Ümumiyyətlə,
Cəfər istifadə etdiyi hər Əruz
ölçüsündə mahir istedad sahibi olduğunu
göstərmişdir. Bütün bəhrlərdə
cəsarətlidir, fikirlərində təbini
cilovlamadığı qədər, ölçü
seçimlərində də rahatdır. Bu
qənaətə gəldim ki, Cəfər Cabbarlı
Əruzun tələblərini yaxşı bilir, klassik şeirə
hakimdir. Deməli, həm Azərbaycan
Dövlət Nəşriyyatının 1969-cu ildə, həm
"Şərq-Qərb" nəşriyyatının 2005-ci
ildə (əlimdə olan bu kitablar idi) nəşr etdikləri
kitablardakı Əruz pozuntuları, ölçü xətaları
Cəfər Cabbarlıya aid deyil. Çünki
fikri xəmir kimi əzib hər Əruz qəlibinin
formasına asanlıqla oturda bilən bir ustad ara-sıra ahəngi
və ölçünü poza bilməz. İstisna deyil ki, Cəfərin əlyazmalarında
qarışıqlıq olub. Şair hər hansı ifadəyə,
misraya düzəliş verir, vərəqdə pozur, yazır,
nəticə etibarilə müəllifdən başqa bu vərəqi
kim oxusa səhv oxuya bilər. Belə halda əlyazmanı oxuyan Əruz bilən bir
şəxsə müraciət etməlidir ki, ən doğru və
dolğun variantı təsbit edə bilsin. Tutaq ki, belə də olub, əsərlər mütəxəssis
rəyi olmadan əlyazmadan götürülüb və
çap edilib. Bəs çap olunandan sonra
heç bir ədəbiyyatçının, şairin, diqqətli
oxucunun nəzərini cəlb etməyib? Təəccüblü
deyilmi? Nəsimiləri, Füzuliləri hər
gün mətbuatda, efirdə xatırlanan bir cəmiyyət Cəfər
Cabbarlı şeirinə, həm də klassik üslubda
yazılan şeirlərə niyə biganə olsun? Əgər lap belədirsə də, bəs niyə
sonrakı dövrdə bu səhvlər aradan
qaldırılmadı? Bəlkə yeni nəsil
ədəbiyyatçılarının Əruzdan xəbəri
yoxdur? Əslində, sualım çoxdur,
amma hiddətimin qələmə keçməsinə mane
olmaqçün şeirlərə qayıdıram. "Eşidənlərə" adlı şeirin (Cəfər
Cabbarlı. Əsərləri. Bakı-2005. səh.46) ilk beytinin ikinci
misrasında Əruz tələbi pozulub:
Sevgilim əhbabi məndən qət
ediblər ülfəti,
Həp cüyüşi-cəhli təsxir eləmiş həqiqəti.
Həmin şeirdə dördüncü beytin birinci
misrası, beşinci beytin birinci misrası, altıncı
beytin birinci misrası, səkkizinci beytin ikinci misrası,
doqquzuncu beytin ikinci misrası Əruzun tələbləri
xaricindədir.
Bir neçəsini heç orijinala baxmadan da
düzəldə bilərəm.
Səhvdir:
İftixar əhli-aləm elmədir!
Biz çox əcəb...
Belə
olmalıdır:
İftixari-əhli-aləm elmədir!
Biz çox əcəb...
Səhvdir:
Gülüstani-millətin
bunlar deyilmi zinəti.
Belə olmalıdır:
Güls(i)tani-millətin
bunlar deyilmi zinəti.
Digərlərini
düzəltmək üçün əlyazmaya baxmaq
lazımdır.
"Ədibi-möhtərəm
Haşım bəy Vəzirovun rəsminə" şeirində
xətalar davam edir:
...Susdunmu?
Yox! Səsin yetişir səmaləmə.
Bu misrada həm Əruz pozulub, həm məna yoxdur. Çünki
"səmi-aləmə" (aləmin qulağına) ifadəsi
səhv yazılıb. Heyrət ki,
şairin nə demək istədiyi heç kimi
maraqlandırmayıb.
Əruz pozuntuları "Dilənçi", "Məhkum
Şərqə", "Olsun qoy", "Mehtər Nəimə"
və s. şeirlərdə davam edir. Və ən dəhşətli
səhnə Cəfər Cabbarlının poeziya pasportu olan
"Ana" şeirində yaşanır. Bir
çoxları kimi mənim də əzbər bildiyim bu məşhur
və bir o qədər də təsirli əsər dəfələrlə
televiziya ekranlarında, radio dalğalarında görkəmli səhnə
və qiraət ustalarımız tərəfindən səsləndirilib.
Olduqca rəvan, axıcı, mükəmməl
söz və fikir alletrasiyasına malik bir şeir ən vacib
yerdə ahəngdən çıxır, fərqli ritmə
düşür. Cəfər
Cabbarlının bütün zəhməti bir misra
ucbatından hədər olur. Bu, kiçik
miqyaslı ədəbi faciədir. Məktəbli
ikən bir dəfə atamdan (ədəbiyyat müəllimi
idi) soruşdum ki, Cəfər Cabbarlının "Ana"
şeirində niyə bir misra o birilər kimi deyil (erkən
yaşlarımdan Əruz ölçülü şeiri rahat
oxuyurdum və onlarca qəzəl əzbər bilirdim). Cavab vermişdi ki, Əruz pozulub orada, yəqin, bir
gün orijinala baxıb düzəldərlər. On illər keçdi, amma bu misra bütün nəşrlərdə
necə var idi, elə də qalıb.
1969-cu il nəşrində:
Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox!
2005-ci il nəşrində:
Mənə əsər
eylərmi bu? Mütləqa yox! Yox! - Yox!!!
Sonrakı nəşrdə misra dəyişdirilsə də,
daha da bərbad hala salınıb. Cəfərin oynaq
"Müctəs"indən burada əsər-əlamət
yoxdur. Bu misrada əruzun bütün tələbləri
pozulub. Maraqlıdır ki, bu misranı heç kim düzəltməyə cəhd etməyib
(2005 nəşrindəki əcaib cəhdi saymasaq).
Misal
üçün bir neçə variant uyğun misralar düzəldə
bilərəm:
Mənə edərmi əsər
heç bu? Mütləqa yox! Yox!..
Məgər edərmi əsər ruhuma bular? Yox! Yox!..
Mənim edərmi əsər ruhuma bu heç? Yox! Yox!..
Əsər edərmi mənim ruhuma bular? Yox! Yox!
Daha neçə oxşar misra yazmaq olar. Xaqanilərin,
Nizamilərin tərcümədən oxunduğu bir yerdə Cəfər
Cabbarlının bir misrasını düzəltmək qəbahət
olar?
"Ana" şeirinə artırılmış
üçüncü bəndin ilk misrasında da ahəng
pozulub və bu səbəbdən şairin nə demək istədiyi
məlum deyil.
İnanıram ki, niyyət Cəfəri xalqa ən
yaxşı şəkildə təqdim etməkdir. Və
bilirəm ki, bu mənada az zəhmət
çəkilməyib. Amma Cəfər
Cabbarlı poeziyası yenidən incələnməli, tədqiq
olunmalı və qüsursuz şəkildə nəşr
olunmalıdır.
Son onilliklərdə Sovet dövründə yasaq
qoyulmuş, ya da quruluşa faydasız sayılmış bir
çox şairin əsərləri çap olunub. Bunların
arasında klassik şeir müəllifləri də var.
Əfsus ki, əruz pozuntuları bu nəşrlərdə də
davam edir. Yanlış transliterasiya, əruzu
bilməmək, klassik şeirin texnikasından xəbərsizlik
səbəbindən həm şairlərimizin əsərləri
korlanır, həm də oxuculara təhrif olunmuş versiya təqdim
olunur. Ədəbiyyatı isti yer bilib
daldalanan "alim"lər bilməlidir ki, klassik şeir
sahibsiz deyil. Əgər bir əsər cəmiyyətə
təqdim olunacaqsa, ən kamil formada təqdim
olunmalıdır. Mütəxəssislərə
(diplomu və elmi dərəcəsi olmaq hələ mütəxəssis
olmaq deyil, paradoks olsa da) müracət edilməli, ortaya qoyulan əsər
çoxəsrlik ədəbiyyat tariximizə layiq
olmalıdır.
Tədqiqatçılarımızı işində məsuliyyətli
olmağa çağırıram. Çağırıram ki "katibi-bədtəhririn"
əli qələm olmasın.
Arif BUZOVNALI
Ədəbiyyat qəzeti.- 2021.- 4 dekabr. S. 14-15.