Varislər

 

“Bir də gördük fotodu atam…”

 

"Varislər"in bugünkü qonağı unudulmaz ədəbiyyat adamı, gözəl insan, işıqlı siması hər zaman xatirələrdə yaşayan əvəzsiz dost, şeirləri bu gün də sevilərək oxunan Əməkdar incəsənət xadimi, şair Ələkbər Salahzadənin qızları Aysan və Xatirə xanımlardır.

 

1941-ci ildə Quba rayonunun Qonaqkənd kəndində, Baba Məmmədsalahovun ailəsində anadan olmuşdu. Orta məktəbi doğma kənddə başa vuran Ələkbər Salahzadə 1958-1963-cü illərdə ADU-nun Filologiya fakültəsində ali təhsil almışdı. Hələ yeniyetmə yaşlarından ədəbiyyata maraq göstərir, ara-sıra şeirlər yazır, çoxlu kitab oxuyurdu. Müxtəlif illərdə "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında, radioda, Milli Ensiklopediyada işləmişdi. Onun uzun illər fəaliyyət göstərdiyi doğma məkan isə Azərbaycan Yazıçılar Birliyi oldu.

 

Biz onu daima gülərüz, eşqli, sadə və doğma adam kimi xatırlayırıq. Gözəl şeirləri dilimizin əzbəri olan, sevilən o doğma adamın ölümündən artıq 8 il keçir, amma bu illər ərzində onun xatirəsi, adı, işıqlı siması həmişə sevgiylə, hörmətlə anılır. Milli ədəbiyyatımız yaşadıqca Ələkbər Salahzadənin adı, xatirəsi, yaradıcılığı da yaşayacaq, sevgiylə xatırlanacaq.

 

Bu gün o unudulmaz insanla bağlı söhbətə körpü salmaq üçün Ələkbər Salahzadənin qızları - Aysan və Xatirə xanım, bir də nəvəsi Toğrul Kərimli qonağımızdır.

 

 Kolxoz sədrinin şair oğlu

 

 Xatirə Salahzadə: - Ələkbər müəllimin atası Baba kişi rayonda tanınmış adam olub, uzun illər kolxoz sədri işləyib. Anası Nəcibə xanım bəy nəslindəndir. Evdar qadın olmasına baxmayaraq, çox alicənab, qohumcanlı adam kimi xatırlanırdı. Ürəyiaçıq, səmimi insan olub. Baba kişi kolxoz sədri olmasına baxmayaraq, ailə çox sadə yaşayıb. Atamın uşaqlığı İkinci Dünya müharibəsi illərinə, yeniyetməliyi isə müharibədən sonrakı qıtlıq, çətinlik, quruculuq illərinə təsadüf edib. Atamın, demək olar, əmilərinin hamısı müharibəyə gedib, iki əmisi həlak olub, qayıtmayıb. Bircə babamızı aparmayıblar, kolxoz sədri kimi təsərrüfata rəhbərlik etmək, müharibəni və arxa cəbhəni təmin eləmək məsuliyyəti qoyublar üzərinə, bronu olub.

 

Aysan Salahzadə: - Atam hərdən deyirdi ki, onların əsli-kökü bir vaxtlar Ağsu tərəfdən köçüb Qubaya. Bəlkə də, nə vaxtsa Şamaxı zəlzələsindən sonra olub bu köç, ola bilər. Amma bu da tam dəqiq məlumat deyil. Bildiyiniz kimi, Quba qədim mədəniyyət mərkəzi kimi tanınır. XIX əsrin ilk yarısında unudulmaz maarifçi, ədəbiyyatşünas, şair, yazıçı, mən deyərdim ki, XIX əsr milli-mədəni tariximizin ən işıqlı simalarından biri olan Abasqulu ağa Bakıxanovun rəhbərlik etdiyi "Gülüstan" ədəbi məclisinin ənənələri sonrakı illərdə də davam edib. Quba öz təbiəti, adət-ənənələri, qonaqpərvər, sadə və zəhmətkeş insanları ilə seçilir və sevilir. Atam da gözlərini bu mühitdə açmışdı. Onun ruhunun mayası sadəliklə yoğrulmuşdu.

 

- Qubada doğulub-böyüyən kolxoz sədri Baba kişinin oğlu necə oldu ki, ədəbiyyatı seçdi. Adətən kolxoz sədrləri övladlarının prokuror, dövlət qulluqçusu, ya da ən azından, mağaza müdiri olmasına çalışırdılar. Ədəbiyyat kolxoz sədrinin gözünə, məncə, "kasıb məhəlləsi" kimi görünər. Nə əcəb Baba kişi Ələkbər müəllimin filoloq olmasına mane olmamışdı?

 

Xatirə Salahzadə: - Yox, Baba kişi bu məsələlərdə çox demokratik adam olub. Atam həmişə xatırlayırdı: orta məktəbdə sevimli müəllimi varmış, deyəsən, bir müddət məktəb direktoru da olmuşdu həmin müəllim. Atam deyirdi ki, pulumu yığırdım, verirdim müəllimə, Bakıya gedəndə mənə ana dilində, rus dilində kitablar alıb gətirirdi. Atamın mütaliə həvəsini sözlə təsvir eləmək mümkün deyil. Bu adam oxumaqdan doymurdu və yaxşı yazı, yaxşı mətn ona sanki ruh verirdi.

 

Atamın dostları

 

 Aysan Salahzadə: - Atam şeir yazmağa çox erkən yaşlarından başlayıb. Sovet dövründə dəb olub axı məktəblərdə divar qəzeti buraxmaq. Atam məktəb divar qəzeti üçün mətnlər, şeirlər yazıb. Sonra rayon qəzetində çap olunub, sonra da dövri mətbuatda imzası görünməyə başlayıb. Məncə, hələ yeniyetməlikdən şair olmaq onun taleyinə yazılıb. Səhv etmirəmsə, lap ilk şeirlərindən biri o vaxt "Azərbaycan pioneri" qəzetində də çap olunub.       

 

Xatirə Salahzadə: - Baba kişi övladlarının hansı sahəni seçmələrinə mane olmayıb, əksinə, yaxşı oxumalarına, ali təhsil almalarına, ən əsası tərbiyəli, vicdanlı insanlar kimi böyümələrinə şərait yaratmağa çalışıb. Atam ADU-nun Filologiya fakültəsində oxuyanda İsa İsmayılzadə, Abbas Abdulla kimi tələbə yoldaşları olub. Tofiq Nurəli ilə yaxın idi. Bir də Camal Yusifzadə. Evimizə ən çox gəlib-gedən adamlar da onlar olub. Lap tələbəlik illərindən ömürlərinin sonuna qədər yoldaşlıq, dostluq ediblər. İsa İsmayılzadənin Pirşağıda bağı vardı, tez-tez dostlarla yığışırdılar ora. Bir dəfə atam məni də aparmışdı. Yaşım az idi, amma o gün, demək olar, bütün detallarıyla yadımdadır. Onlar dünyadan, ədəbiyyatdan, gələcəklə bağlı planlardan danışır, diskussiyalar aparırdılar. Söhbətləri də, fikirləri də, zarafatları da son dərəcə səmimi və aktual idi. Ədəbiyyatın taleyinə görə narahatlıq da vardı, ümid verən gənclərdən də danışırdılar. Ümumiyyətlə, xatirələrimin ən maraqlı notlarından biridir o gün.

 

Camal Yusifzadəgillə qonşuyduq. Demək olar, hər axşam bizdə olurdular. Onların uşaqlarıyla biz bir yerdə böyüyürdük. Bir yerdə oxumuşuq. Camal əmiylə atam bəzən gecə yarıya qədər şeirdən, ədəbiyyatdan danışırdılar. Biz həmişə diqqətlə qulaq asırdıq onlara, çox maraqlı gəlirdi bizə də. Televiziyada gedən verilişləri müzakirə edirdilər. Getdikcə çoxalan bayağı verilişlərin ab-havası onları narahat edirdi.

 

20 Yanvar hadisələri olanda yaşım az idi. Detallarına qədər xatırlamasam da, amma yaxşı yadımdadır. Həmin gecə şəhərdəki çaxnaşma onları sarsıtmışdı, ikisi də evdən çıxıb mərkəzə tərəf getmək istəyirdilər.

 

Susqunluq gecəsi

 

 Aysan Salahzadə: - Hə, mən də o gecəni xatırlayıram. Televizorun yayımı dayanmışdı. Radio da susurdu. Bir anlıq informasiyasızlıq hamını çaşdırmışdı. Biz Əhmədlidə oluruq axı, şəhərdən uzaqdır da. Hamı həyətə çıxmışdı. Atamla Camal əmi də şəhərə getmək istəyirdilər, amma marşrut olmadı, maşın da tapa bilmədilər. Elə bil evdə iynə üstə oturmuşdular,  əl-qolları bağlı qalmışdılar, çox narahat idilər, çox...

 

- Hə, o günlər hamımızın narahat, pərt, sarsıntılı dövrüydü. Hamımız eyni hissləri yaşayırdıq. Allah bütün şəhidlərə rəhmət eləsin. Bax, Xatirə xanım, yanımda oğlunuz, Ələkbər Salahzadənin nəvəsi, balaca Toğrul kişi oturub. Nə danışırsınız ona babasından, nə danışa bilirsiniz ona ən yaxın tariximizdən?

 

Xatirə Salahzadə: - Bacardığım qədər atamla bağlı xatirələri oğlumla bölüşməyə çalışıram. Mən istəyərəm ki, oğlum da babasının xatirəsini əziz tutsun, onun adına, ümumiyyətlə vətənə, millətinə layiq övlad olsun, əsl kişi kimi böyüsün: vətənpərvər, cəsur, savadlı, elmli, ağıllı, böyük-kiçik yeri bilən biri olsun.

 

Toğrul Kərimli: - Olar, bir söz deyim?

 

- Əlbəttə, səni eşitmək xoşdur, Toğrul kişi, buyur.

 

Toğrul Kərimli: - Ələkbər babam yadımda qalmayıb. O, gedəndə mən balaca olmuşam, 2 yaşım olub. Amma anam danışıb mənə babamdan, bilirəm kim olub o. Şair olub. Yaxşı adam olub. Hörmətli kişi olub. Hamını çox istəyib. Bilirəm ki, məni də çox istəyib. Yaşasaydı yəqin, indi də çox istəyərdi məni. Məktəbə aparardı. Gəzməyə çıxardıq.

 

- Allah saxlasın, səni. İnanıram ki, sən babanın da, valideynlərinin də adına layiq oğul olacaqsan. Davam edək. Ələkbər müəllim taleyində ona dayaq olan, ilk yazılarının çapına kömək edənlərdən nə danışırdı?

 

 Adam valideynindən doymur

 

Aysan Salahzadə: - Atam çox danışmağı sevmirdi. Xaraktercə sakit, təmkinli adam idi. Danışmazdı o barədə. Sadəcə, bir şeyi bilirik: yazıb, özü də bir qədər fərqli yazıb, o dövrlər üçün yeni üslubda yazıb və sevilib, qəbul olunub.

 

- Ata kimi necə xatırlayırsınız onu? Dərslərinizlə, tərbiyənizlə daha çox kim məşğul olurdu ailədə?

 

Xatirə Salahzadə: - Atam daha çox işdə olurdu. Əsasən anam məşğul olurdu tərbiyəmizlə, dərslərimizi hazırlamağa nəzarət edirdi. Evdar qadın idi, onun vaxtının çox hissəsi ailə qayğılarına sərf olunurdu. Tərbiyə məsələsinə çox ciddi fikir verirdi. Əlbəttə, atam da vaxtaşırı dərslərimizlə maraqlanırdı, amma biz daha çox elə ataya görə hər şeyə yüksək səviyyədə hazır olmağa çalışırdıq. Arada tərbiyəvi söhbətlər edirdi, çox maraqlı olurdu bizimçün. İstəyirdik bizə daha çox vaxt ayırsın, bizimlə daha çox olsun, amma iş-güc adamıydı da, olmurdu. Məncə, həyat elədir, adam valideynlərindən heç vaxt doymur.

 

Bir də ki, o, heç vaxt bizə demirdi gedin kitab oxuyun, ya da filan işi görün. Biz artıq evdə elə mühitdə böyüyürdük, ağlımız kəsəndən atanın kitab oxuduğunu görmüşdük, başa düşürdük ki, kitab oxumaq vacibdir. Onun kitabsız, qəzetsiz bir günü olmurdu.    

 

Aysan Salahzadə: - Ailədə dörd qız, bir qardaş böyüyürdük. Hamımız ali təhsil aldıq. Başa düşürdük ki, Ələkbər Salahzadənin övladı mütləq təhsilli və ziyalı olmalıdır. Bunu bizə xüsusi deməyə ehtiyac yox idi. Bunu dərk etməksə bizə çətin deyildi. Hamımız yaxşı oxuyurduq.

 

 Qubada yay günləri

 

 Xatirə Salahzadə: - Yayda ailəvi Qubaya, baba yurduna gedirdik. Babamın öz evi ayrıydı, bir də babamın atama bağışladığı xudmani, ikimərtəbəli evimiz vardı. Alma bağlarının əhatəsində, yaşıllıqlar içində bir yerdə. O ev indi də qalır, sadəcə, daha əvvəlki kimi gedib-gələ bilmirik. Ev də baxımsız qalıb, bağa da qulluq eləmək olmur. Təəssüf. Demək olar, üç ay yayı orada keçirirdik. Atamın xoşu gəlirdi ağaclara, həyət-bacaya qulluq etməkdən. Ağacların dibini belləyib qurtarandan sonra, kölgədə oturub çay içə-içə qəzet oxuyurdu. Mən atamı daha çox nəsə oxuduğu yerdə xatırlayıram.

 

Konstantin Somonovu tərcümə etmişdi, Voznesenskini çox sevirdi. Tərcümə sahəsindəki uğurlarına görə "Abbas Səhhət mükafatı"na, şeirlərinə görə "Rəsul Rza mükafatı"na layiq görülmüşdü. 2005-ci ildə Prezident ona Əməkdar incəsənət xadimi adı vermişdi.

 

Aysan Salahzadə: - Atam İkinci Dünya müharibəsindən sonrakı illəri ürək ağrısıyla xatırlayırdı. Ailə başçısını, oğlunu, yaxınlarını müharibədə itirən ailələrin dərdli, kədərli simaları onun yaddaşına, demək olar, əbədi yazılmışdı. Amma həm də deyirdi ki, çətinlik insanları bir-birinə daha sıx bağlayıb. Hamı bir-birinə dayaq, arxa durub o vaxt. Təsəvvür edirsiniz, Qonaqkənddə uşaq evi açıblar. Müharibədən qayıtmayanların övladlarına dövlət qayğısı göstərib, onları himayə ediblər. Atam deyir ki, biz utanırdıq o uşaqların gözünə baxmağa, çünki bizim valideynimiz vardı, onlarınsa ürəyi sınıq idi. Qonaqkənd qədim kənddir, ilk məscid orada olub. Babamız Baba kişi ağsaqqal kimi, kolxoz sədri kimi çox ailəyə əl tutub. Baba kişidən anam daha çox danışırdı.

 

- Kolxoz sədrləri o dövrdə ən savadsız, bacarıqsız uşaqlarını da pul verib ali məktəbə düzəldirdilər. Baba kişi Ələkbər Salahzadəni ali məktəbə rüşvətlə düzəltməyib?   

 

Xatirə Salahzadə: - Yox, nə danışırsınız? Atam ümumiyyətlə belə şeyə razı olmazdı. Özü hazırlaşıb, savadlı adam idi. Sevdiyi sahəyə sənəd verib və qəbul olunub. Hətta atam danışırdı ki, nə olsun kolxoz sədrinin oğluydum, amma geyməyə paltom yox idi. Uzun illər atamın ömrü kirayə mənzillərdə keçib. Bəzən zarafatla deyirdi ki, on yeddi dəfə ev dəyişmişəm. Tələbəlik və gənclik illəri elə kirayələrdə keçib. Atam 38 yaşında ailə qurmuşdu. Deyirdi, məişət qayğıları məni yaradıcılıqdan uzaq salırdı.

 

"Qara yunun ağ yumağı"

 

Aysan Salahzadə: - Atamın müharibə mövzusunda şeiri çoxdur, bilmirəm oxumusunuz, ya yox, "Qara yunun ağ yumağı" poeması o mövzuda yazılmış ən təsirli əsərlərdən biridir. Düzdür, 1941-1945-ci illər müharibəsindən bəhs edir, amma bu dövrlə də səsləşir.

 

 ...Oğlu olub dedilər,

 

dördü beş oldu, dedilər.

 

beş xoş oldu, deyən oldu,

 

dərdi beş oldu dedilər...

 

O dinmədi,

 

ürəyinin bir yerində sevindi,

 

bir yerində sevinmədi...

 

Həmin poemadakı Qəmər övladını müharibələrdə itirmiş bütün anaların obrazıdır.

 

Atamın çap olunmayan yazıları da çox qalıb. Ailə olaraq düşünürük ki, imkan tapıb onun külliyyatını bir yerə toplayıb, çap etdirək. Məncə, ən azı beş cild kitab alınacaq. Tərcümələri, məqalələrilə bir yerdə...

 

- Ələkbər Salahzadəni imitasiya edən, onun kimi yazmağa çalışan az deyildi, amma Ələkbər Salahzadə əvvəldən-axıra qədər ancaq öz üslubuna sadiq qalaraq, öz şeirini yazdı. Ailədə onun ən sevilən şeiri hansıydı? Özü hansı şeirini daha çox bəyənirdi?

 

Xatirə Salahzadə: - Əlbəttə, atamın bütün şeirləri doğmadır mənə. Amma mən, nədənsə, onun "Mənsiz gecə" və "İçərişəhər" şeirlərini daha çox sevirəm.

 

 

 

İçərişəhər, İçərişəhər!

 

Hara tullamısan açarı, şəhər,

 

Mən sənə könlümü açaram şəhər,

 

Aç, aç, könlümə aç qapılarını,

 

Aç mənə ürəyini,

 

Qoy dolsun havanla içərim, şəhər!

 

 

Aysan Salahzadə: - Atamın şeirlərində mənə doğma olan ruh var. Əlbəttə, indi deyəcəyim şeiri hamı sevir, elə mən də çox sevirəm.

 

 

...Bir də gördün yox oldu adam

 

Bir də gördün fotodu.

 

Bir də gördün oddu adam

 

Bir də gördün ot oldu.

 

Bir də gördün adamdı adam

 

Bir də gördün ad oldu.

 

 

Biz onun çox şeirini əzbər bilirdik. Onun xeyli uşaq şeiri vardı. Bizim adımızı da dəfələrlə şeirlərinə salırdı. Adama xoş gəlir axı, belə şeylər. Əzbərləyirdik onları. Amma özü hansı şeirini lap çox bəyənirdi, deməyə çətinlik çəkirəm. Təəssüf, belə mövzuda danışmırdıq onunla. Biz ona daha çox kənardan baxmağı sevirdik elə bil.

 

Xatirə "Mənsiz gecə" şeirinin adını çəkdi. Onun ölümü də qəfil oldu axı. İndi hər dəfə o şeiri oxuyanda atamın ölüm gecəsi yadıma düşür. Elə bil illər əvvəl öz ölüm gecəsini təsvir edib həmin şeirdə.

 

- Ələkbər Salahzadə "Ulduz"un baş redaktoru olanda vəziyyət necəydi? Hamı razıydı ondan, yoxsa...

 

Xatirə Salahzadə: - Məncə, atamdan narazı adam ola bilməzdi. İstedadlı gənclərin hamısı üçün onun qapısı açıq idi. Hətta ən yaxın adamı belə olsa, istedadsız idisə çap etməzdi. 

 

- Bir az ailədən danışaq. Dediniz Ələkbər müəllim 38 yaşında ailə qurub. Niyə belə gec? Necə tanış olmuşdu xanımıyla?

 

Aysan Salahzadə: - Əlbəttə, 38 yaşında insanın həyata münasibəti fərqli olur. Babam çoxdan evləndirmək istəsə də, atam qayğılardan baş açmıram deyib, uzadırmış. Bilirsiniz, məncə, o yaşda artıq kimisə bəyəndirmək də çətin olur. Axırda babamın məsləhətilə anamızı ona göstərib, razılığını almışdılar. Əsas məsələ ev problemi olub. Anamla aralarında 15 yaş fərq var. Atamın bir qardaşı hərbi həkim idi, Sabir əmi, Almaniyaya gedirdi. Atama demişdi ki, 5 il ev sənin ixtiyarındadır. Bəlkə də bu fakt olmasaydı, atam evlənməzdi. Amma anamla bir-birinə həmişə hörmətlə yanaşırdılar. Bəzən zarafatla anama deyirmiş ki, bilsəydim tez evlənərdim, nə qədər qayıdan qurtarmısan məni.

 

Evdə xırda təmir işlərini özü görürdü. Taxtayla işləməyi xoşlayırdı. Yadıma gəlir, eyvanda qoymaq üçün stol, kətil düzəltmişdi.

 

Dediyim kimi, çox danışan, zarafat eləyən adam deyildi. Heç telefonla çox danışmağı da xoşlamırdı. Bircə Qaçay Köçərliylə bəzən telefonda saatlarla danışa bilərdi. Qaçay müəllimin oğlu da şəhid olmuşdu.

 

Son gecə... sonuncu futbol seyri

 

- Sovet quruluşu dağılandan sonra yazarların vəziyyəti bir müddət kəskin pisləşdi. Maddi çətinlikləri çoxaldı. Həmin dövrlərdə ailəni necə dolandırırdı? Bir də evdə son sözü kim deyirdi?

 

Xatirə Salahzadə: - Ölkədə əksər ailələr necə dolanırdısa, biz də elə. Həmin dövr daha çox bizim orta məktəb illərimizə təsadüf etdi. Əlbəttə, çətinliklər vardı, amma biz ali təhsil aldıq, işləməyə başladıq, hərəmiz bir tərəfdən ailəyə dəstək olduq, vəziyyət yavaş-yavaş qaydasına düşdü.

 

Aysan Salahzadə: - O ki evdə son sözü deməyə, çox ciddi məsələlərdə ailə içində məsləhətləşirdik, amma bütün hallarda ən yaxşı məsləhəti, ən doğru yolu atam deyirdi. Biz qız uşaqlarıyıq da, əlbəttə, ataya deyiləsi sözümüzü anayla çatdırırdıq ona. Pərdə ailədə sona qədər qorunub saxlandı.

 

- Biz Ələkbər müəllimlə təzə görüşmüşdük. Yenə  damağında siqaret, yenə gözlərində təbəssüm, yenə ruhunda həyat eşqi vardı. Siqareti siqaretə calayırdı. Məncə, elə adamlar evdə də çəkər... Amma qəfil xəbər hamımızı sarsıtdı... Necə oldu onun ölümü?

 

Aysan Salahzadə: - Hə, lap çox çəkirdi. Çox vaxt evdə də çəkirdi. Elə bil biz də öyrəşmişdik buna. Kim ona nə deyəcəkdi ki.

 

Ölümü də qəfil oldu. Həmin gecə qardaşımla bir yerdə futbola baxırdı. Normal, adi gecələrdən biriydi. Hamımız evdəydik. Gecə saat dördə qalmış eyvana çıxmışdı. Atam oyandı, mən də, nədənsə, oyaq idim. Elə bil həmin gecə ürəyim sıxılırdı, nəsə dammışdı ürəyimə. Birdən nəsə tappıltı səsi gəldi. Səsə tez yerimdən qalxıb eyvana cumdum. Evə keçmək istəyəndə yıxılmışdı... Təcili yardım gəldi, gec idi artıq. Həkim dedi ki, elə yerindəcə keçinib.

 

- Allah rəhmət eləsin. Son olaraq nəsə demək istəyirsiniz?

 

Xatirə Salahzadə: - (Ələkbər Salahzadənin yadigarları bir-birinə baxır. Sonra Xatirə xanım qeyri-iradi on yaşlı Toğrulun saçlarını tumarlayaraq, qəhərli səslə cavab verir). Hər şey elə qəfil oldu ki, lap şeirindəki kimi, bir də gördük fotodur atam... 

 

 

 

Söhbətləşdi: Əyyub QİYAS

Ədəbiyyat qəzeti.- 2021.- 4 dekabr. S. 16-17.