İlda
Arvadım İlda dünən gecə xarab oldu. Səhərə
qədər əlləşdim, orasını-burasını
qurdaladım, bir şey çıxmadı. Heç
olmasa, bir gözünü açsaydı, ya danışa bilsəydi...
Özümü bir az qatil kimi hiss edirdim.
Səhərə qədər pəncərənin
qarşısında oturdum. Gecədən bəri
qanım donmuşdu, beynim işləmirdi. İsti
çay içmək istədim.
Adətim
üzrə həmişəki yerimdə oturanda
bağırırdım:
- İlda, çay gətir.
İlk dəfə İldanın həyatımdakı
yeri özünü göstərdi. Onun yoxluğunu dərk
elədim. Kövrəlmək istədim,
ağlamaq istədim - alınmadı, amma çox təəssüfləndim.
Doğrudan da, çox kədərli
görünürdüm. Bilmirdim durub
çayı hardan, necə süzmək lazımdı. Hələ
mənim yemək vaxtım, paltarlarımın yuyulması,
ütülənməsi, ayaqqabılarımın təmizlənməsi...
Sonra, sonra bir sürü İldaya aid işlər
var. Onların heç birini bacarmırdım. Fikirləşdikcə beynimdən yanıq qoxusu gəlirdi.
İlda həyatımdakı ən böyük
boşluğu varlığıyla doldurubmuş. Yəni pazlla qurulmuş həyatımın
ortadakı ən əsas hissəsiydi İlda.
Özümü batareyası ölmüş cihaz kimi hiss
edirdim. Çəkinmədən etiraf edirəm,
dünənə qədər bunun fərqinə
varmamışdım. Mən onsuz heçəmmiş.
Bu gün pəncərənin qarşısındakı
kresloda oturub həyətdə İldanın əkdiyi
çiçəklərə, ağaclara, bağçaya
baxanda özümü axmaq kimi hiss elədim. Bütün
daxili orqanlarım, beynim, əzalarım onun yoxluğunu hər
dəqiqə daha çox xatırladır, bütövlükdə
mənə etiraz edirdilər.
Çayımı çoxdan içməliydim, vaxtı
keçdi. Hətta səhər yeməyini də
ötürdüm. Əslində, indilərdə
eyvanda oturub, kompüterdə maliyyə işləriylə məşğul
olmalıydım, İlda mənə şokolad dilimiylə qəhvə
gətirməliydi, ayağımı ayağımın üstə
aşırıb, ləzzətlə içməliydim, işləməliydim.
Kaş, bir möcüzə olaydı, İlda qəfil
işləyəydi, durub gələydi, masanın
üstündəki telefonu gətirib mənə verəydi,
sonra yenə yıxılıb qalaydı. Mən də
bir-iki adama zəng edib onu necə düzəltdirməyi
öyrənəydim. Cəmiyyətimiz
çox geri qalır, texnologiyanın inkişafından söz
gedə bilməz. Bu mühəndislərə
niyə pul verirlər, axı? Niyə bir
ağıllı adam çıxıb səslə
idarə olunan telefon icad edə bilmir? İndi
heç olmasa telefonu çağırardım, it kimi
özü gələrdi, zəng edib işimi oturduğum yerdə
görə bilərdim.
Ax, İlda, İlda... məni yarı yolda
qoyacağını bilsəydim səni almazdım. Əslində,
ucuz model olduğunu dedilər. Yaxşısını
ala bilərdim. Etiraf edirəm, o vaxt xəsislik
elədim. İndi bu arvadı düzəltdirmək
üçün bilmirəm neçə quyruqlu rəqəm
deyəcəklər.
Çətin də olsa, durub telefonu götürdüm. Götürüb
xeyli baxdım. İlda olsaydı, kimə zəng
edəcəyimi dərhal deyərdi, mən əziyyət
çəkib bu qədər fikirləşməzdim. Qəribəydi, İlda özüylə beynimin
içini də dayandırmışdı; dostlarımı
xatırlaya bilmirdim. Bir tərəfdən
də aclıq düşünməyə mane olurdu. Dişim tutsaydı, əlimə almışkən
telefonu çeynəyərdim. Telefon... İldanın
sol qulağının dalına şirkətin telefonu
yazılıb. İlda, kaş
qulağının dalına baxıb o nömrəni mənə
deyə biləydin, elə durduğum yerdən zəng edib
servisdən mühəndis çağırardım.
Yenə məcbur olub içəri otağa girdim. O, çarpayıda dünəndən
necə uzanmışdısa, eləcə də
qalmışdı. Həqiqətən onu bu vəziyyətdə
görmək məni çox kədərləndirirdi, niyə
axı, bu qadın qəfil xarab olmalıydı, mən xərcə
düşməliydim?
Onu çevirdim, xırda şriftlə boynuna
yazılmış rəqəmləri yığıb zəng
elədim. Cavab gözləyənə qədər beynimdən
keçirdim, kaş, İlda mənim əvəzimə
danışaydı, sözümü çatdıraydı.
- Salam. Nəhayət, cavab verdiniz. Mənim
arvadım xarab olub. Dünən gecə.
Neynirdik? Gecə yataqda mən
qadınımla neynəməliyəm? Bəli.
Yox, qəfil dayandı. Heç
bir funksiyası işləmir. Tamamilə
heç bir. Yox, mənim qadınlardan o qədər də
başım çıxmır... Siz yersiz
suallarınızla məni hövsələdən
çıxarmaqdansa, bir mühəndis göndərsəniz,
daha yaxşı olmazmı? Bəli,
qarantiyası çoxdan bitib. Mən gətirməliyəm?
Axı niyə? Mən bu qadını sizin
şirkətdən almışam, siz də mütəxəssis
göndərin, gəlib təmir eləsin... Siz
çox kobudsunuz.
Əlimdəki telefonu hirsimdən hara atdım, heç
özüm də bilmədim. Belə də şirkət
olar? Satdığınız cihaza axıra qədər də
cavabdeh olmalısız! Yoxsa, "qarantisi bitdi,
biz evə servis göndərmirik, işimiz çoxdu,
özünüz gətirin". Bunun
danışığına bax.
Nə qədər əsəbiləşsəm də,
İldasız həyatımın böyk bir mənasızlıq
olduğunu bilirdim. Mən bu mənasızlıqda
ölüb iylənə bilmərəm. Yoluma
davam eləməliyəm. Nə qədər
məşəqqətli olsa da, onu şirkətə
aparmalıyam. Başqa çarəm yoxdur.
İldanı geyindirdim. Şabalıdı
saçlarını səliqəylə daradım. Heç bilməzdim qadın saçı daramaq bu qədər
çətindir. Makiyaj eləməyə
çalışdım. Bir neçə dəfə
pozub, yenidən çəkdim. Alınmadı.
Axırda pozdum. Qəribədir,
İlda rəngsiz-boyasız da gözəl imiş.
Nə yaxşı bəziləri kimi çox ətli-canlı
deyildi. Ucaboylu olsa da, çəkisini normal
saxlamışdı, qucağıma ala bildim. Onu qollarımın üstündə bir
zülümlə evdən çıxarıb qarajda gözləyən
maşına oturtdum. İlda ilk dəfəydi
yanımdakı oturacaqda əyləşirdi; buna əyləşmək
demək olarsa. Mən də ilk dəfəydi
onu belə yatan görürdüm, bunu da yatmaq hesab etsək.
Başı sol çiyninə əyilmişdi,
şabalıdı saçları açıq çiynini
örtmüşdü. Təhlükəsizlik kəmərini
onun döşlərinin arasından keçirib
bağladım, sinəsi bir az da qabarıq
göründü. Mən necə axmaq
olmuşam?! Heç vaxt buna fikir verməmişəm,
bu qadın hətta kəmərin arxasında da məni həyəcanlandırdı.
Kaş bunu əvvəllər biləydim, həmişə
beləcə yanımda oturdaydım, özüm sürəydim
maşını, hərdən də qadınıma həyəcanla
baxaydım. Lap elə imkan verəydim, bax,
beləcə, yataydı yanımda. Görəsən,
bütün qadınlar yatanda gözəl olur, yoxsa yatmaq ancaq
İldaya bu qədər yaraşır? Niyə
mən həmişə ondan əvvəl yatmışam?
İldanın başqa funksiyaları da
varıymış.
Onun dodağından öpdüm. Ah, necə ləzzətliydi.
Mən onun bu qədər gözəl
olduğuna heç vaxt fikir verməmişəm.
Beynimə
qoymuşdum: nə qədər çətin də olsa, onu
düzəltdirib evə qaytaracam. İldanı heç kim əvəz edə bilməz. Elə
bu məqsədlə də birbaş şirkətə gəldim.
Laboratoriyadan xərək gətirdilər, onu ehtiyatla
apardılar. Mən də şirkətin axmaq suallarla dolu elektron
blanklarını doldurub, laboratoriyaya düşdüm. Texniki baxışdan sonra xərcimi deyəcəkdilər.
Deyilənə görə, içəri otaqda iki mühəndis
onun üzərində işləyir. Bir azdan nəticə
qapının üstündəki monitorda yazılacaqdı.
Hamı kimi mən də oturub gözləyirdim.
Gözləmək də çox axmaq bir iş imiş. İlda bunu mənə heç vaxt yaşatmayıb.
Vaxt uzandıqca acından mədəm
sancılanırdı. Bircə İldanı tez düzəltsəydilər, yeməyə,
lap elə çeynəyib mədəmi aldatmağa bir şey
tapıb gətirərdi. Dünəndən ac-susuz adam olar? Başım
ağrımağa başlayıb, halsızlaşıram.
Səbrimin
ütüldüyü bir vaxtda, nəhayət, monitorda
İldanın adını, ilkin rəyi oxudum: "Cihaz
İlda həddindən artıq yüklənib, süni
intellekti yanıb, təzyiqdən ürək aparatı ciddi xəsarət
alıb...".
Bu xəbər heç yaxşı olmadı. İldanın
içində nə qalmışdı? Baş mühəndis
laboratoriyadan çıxan kimi qarşısını kəsdim:
- Nə
vaxta hazır olar? Mənə arvad təcili
lazımdır. Gecədən bəri
ac-susuzam.
- Siz
müqavilə bağlamalısız. - O dedi. - Təmir
üçün cihaz bir həftə bizdə
qalmalıdır.
- Nə? Bir həftə? Siz heç
bilirsiz nə danışırsız? Bir həftədən
sonra o mənə lazım deyil.
O vaxta qədər acından ölmüş olacam. Mənim meyitimdən orqanlarımı söküb
başqalarına qoyacaqlar.
- Cənab,
siz qadını çox səliqəsiz, hətta
bağışlasanız, deyərəm, kobud istifadə eləmisiniz.
İstəsəniz, sizə onun korlanmış
bütün mexanizmlərini əyani göstərə bilərəm.
Qadının detalları çox incədir, nəzərə
almalıydınız.
- Başa
düşürəm, bunları məbləği artırmaq
üçün deyirsiz. Bu, adamı hərifləməkdir.
-
Başımın ağrısı şiddətlənmişdi.
Əlacım olsaydı, qarşımdakı
adamı boğardım. Məni axmaq yerinə
qoyurdu.
- Bu, qətiyyən
belə deyil, cənab. Biz onun iki faiz işlək
qalmış yaddaşına baxdıq. Siz onu
bütün sahələrdə fasiləsiz
çalışdırmısınız...
- Əvvəla, onun yaddaşına baxmağa icazəniz
yoxdur. Orada şəxsi informasiyalar var. Bu qanunsuzluqdur.
İkincisi də, əgər bir qadın mənim
bütün işimə yarımayacaqsa, o mənim nəyimə
lazımdır?
- Siz, yəqin,
elektron blankı dolduranda diqqətlə oxumamısız. Qadının yaddaşına girməyə icazəni
imzanızla təsdiqləmisiz.
Pərt oldum.
-
Oxumağa səbrim çatmadı. Həmişə mənim
üçün İlda oxuyardı... Onu mənə
ən tez nə vaxt qaytaracaqsız?
- Dediyim
kimi, müqavilə bağlansa, bir həftədən sonra. O
da, detallar tapılsa. Bu qadın köhnə
modeldi. İndi onun detallarını tapmaq
çətindir. Bilmirəm, bəlkə
işlənmiş qadınlar bazarında var?!
- Belə
çıxır, mən oturub gözləməliyəm?
-
Suallarınız olsa qeydiyyat-informasiya şöbəsinə
yaxınlaşın. Sizinlə danışmaq
limitim bitdi.
O,
arxasını mənə çevirib gedəndə istədim
elə bir təpik ilişdirim, pilləkəndən
yıxılsın. Bir həftə...
Yuxarı qalxıb şöbədəki qızın
qarşısında oturdum, bu an ağlıma gələn
bütün suallarımı, tələblərimi əsəbqarışıq
onun üzünə vurdum. Bircə tələbim var idi, mühəndislər
əllərindəki bütün işləri kənara qoyub,
İldanı düzəltsinlər! Onu
götürüb gedim. Burda qoymaq istəmirdim.
Hətta sözarası şirkəti də belə
ləng işlədikləri üçün əməlli-başlı
tənqid elədim. Nə yaxşı
qızın mübahisə etmək funksiyası yox idi. Nə deyirdim, süni təbəssümlə cavab
verir, yeri gələndə susub axıra qədər dinləyirdi.
- Mən
bir həftə qadınsız dözə bilmərəm
axı. - Deyinməkdən yoruldum, yenə təkrar elədim.
- Sizə
yeni qadınlar təklif edə bilərik. Son
modellərdən.
- Onlar da
yemək bişirməyi, sevişməyi yaxşı
bacarır? - Əlacsız qalıb elə- belə,
ağızucu soruşdum.
- Bunu
bütün qadınlar bacarır.
Təzə
qadına alışmağın bir az
çətin olacağını düşündüm. O, məni
öyrənənə qədər əməlli-başlı
çərləyəcəm. Amma İldayla
bir-birimizi çox rahat anlayırdıq. Heç
vaxt ona sözü iki dəfə demirdim. Bəzən
baxışımdan anlayırdı. Ona əlavə
xərcim də çıxmırdı.
Qızın təklif elədiyi qadınlara baxdım. Doğrudur, aralarında
gözəlləri var idi; üzü, gözləri,
baxışları, boyu, əndamı... Hətta
biri İldadan da qəşəng idi, gözümü çəkmək
istəmirdim. Onun
üçölçülü modelini barmağımla
fırladaraq ehtirasla, həvəslə hər yerini incələyirdim.
Amma qiyməti büdcəmə uyğun deyildi.
Əslində, onu görəndən sonra
başımda bir fikir dolaşdı, təmir olunmuş
qadın yenə yaxın günlərdə məni xərcə
salmazmı? Bir dəfə xarab oldusa, yenə
olacaq. Həm də qarantisi keçib.
Özü də lap çoxdan, təxminən
üç ay bundan əvvəl. Amma təzə
başqa şeydir. Beş illik qızıl
qarantiya. Bir şey olsa, mənim bura gəlməyimə
də ehtiyac yoxdur, arvadımı evdən aparacaqlar, elə həmin
gün də düzəldib qaytaracaqlar. Bütün
işimi kreslodan durmadan görə biləcəm. Ən uzağı, şam yeməyinə kimi arvad evdədir.
Yenə istədiyin kimi istifadə elə...
- Siz
işlənmiş, xarab olmuş arvadı alırsız? Cəsəd kimi. Mən bu
qadını almaq istəyirəm. - Beynimdə təqribi
hesabladım, İldanı münasib qiymətə
götürsələr, maşını da satsam,
hesabımdakı pulun üstünü düzəldib ala bilərəm.
-
Alırıq. - Söz onun ağzından çıxanda bu
gün ilk dəfə sevindim. Qız
qarşısındakı monitorda arıq barmaqlarını
oynadaraq İldanın özəlliklərinə baxıb
hesabladı. Dəyərləndirirdi.
Mən də həyəcanla gözləyirdim.
Nəhayət, dodaqları tərpəndi. İldanın əynindəki paltarın qiyməti
onun dediyi məbləğin iki qatıydı. Əmin olsaydım məni tutmazlar, durub qızın
o qiyməti deyən ağzına bir şillə ilişdirərdim,
pırpız saçından tutub alnını stolun tininə
o qədər vurardım, gözləri tökülərdi.
- Ac-susuz
vaxtımda beynimin qapağı atdı. Amma qız
yenə də gülümsəyirdi.
- Əgər pulunuz çatmırsa, şirkətin kredit
təklifini qəbul edə bilərsiniz. - O təklif paketini dərhal
qarşımda açdı.
Mən kredit təklifini, şərtləri diqqətlə
nəzərdən keçirdim. Bir də qadına
baxdım. O, doğrudan da, ağzımı
sulandırırdı.
Mən
oxuduqca qız danışırdı:
- Bu
qadın modellər yenidir. Saçları,
gözləri nano texnologiyadı, istədiyiniz rəngə
çevrilir. Bəbəklərində almaz
var, həmişə parıldayır. Yaddaşına
otuz iki ölkənin dili yazılıb. Siz
o ölkələrdə tərcüməçisiz gəzə
bilərsiniz. İldə iki dəfə
doğa bilir. Hamiləlik dövründə
heç bir çətinlik yaratmır. Yenə
də tapşırdığınız bütün işləri
yerinə yetirəcək. Düşünə bilir...
-
Dayanın, dayanın! Nə dediniz? Düşünə bilir? - Bu mənim
xoşuma gəlmədi. Bu nə axmaq funksiyadır artırıblar? Hansı mühəndisin yersiz təklifidir? Bir qadın niyə düşünməlidir?
- Elmi
işlə məşğul olan kişilər
üçün nəzərdə tutulub. Bütün
məntiqli suallara anında cavab tapır. Siyasi,
ictimai, iqtisadi məsələlərdə müzakirə
aparır, ən doğru təklifləri, fikirləri dərhal
bildirir.
Amma o qədər də pis deyilmiş. Bəzi
iqtisadi məsələlərdə ilişib
qaldığım vəziyyətlər olurdu. Yaxşı təklif həmişə uğur
qazandırır. Doğmaq məsələsi
də çox xoşuma gəldi. Bax, bu, əsl
yenilikdi. Artım... Artımı sevirəm.
Uşaq bir az böyüyən kimi işlətmək
olardı. Onun gətirdiyi qazanc anasına xərclənmiş
pulu əvəzləyə bilərdi. Nəticədə,
arvad mənə havayı başa gələrdi.
-
Çöldə növbə gözləyənlər var. Sizə
ayrılmış limitim bitir. Cənab, qərar
verin. Ya müqaviləni imzalayın, ya da
arvadınızı götürün.
Satanda elə dil töküb tərifləyirlər,
danışmaq limitsiz olur, geri qaytaranda, düzəltdirəndə
danışmağa can çəkirlər. Fikirləşməyə
də qoymurlar.
Yollar axtarırdım, necə edim arvadsız bir həftəni
acından-susuzluqdan ölməyim. Bir həftə sevişmədən
yaşamaq... Bu elə ən əzablı
ölümdür. Başa düşürəm,
arvadımı öldürdüyüm üçün cəza
çəkməliyəm. Amma heç olmasa, gündə
bir dəfə nəsə yesəydim, içsəydim... Ölməsəydim. Ax! İlda, mənim enerji
blokum!
Masadan duranda müqaviləyə imza atmışdım. Dərhal da
hesabımdan şirkətin büdcəsinə pul
köçürülmüşdü. Özü
də çox, lap çox. Özümə
söz verdim, bu mənə dərs olacaq. Arvad xarab olanda
bu qədər xərcim çıxır, gərək bir az incə rəftar edim. Hər dəfə
bu qədər pul xərcləmək axmaqlıqdır.
Mən binadan çıxana qədər yeni arvadı gətirdilər,
canlı-canlı baxdım. Dərisi ağ,
saçları sarışın, gözləri masmavi... Həyəcandan ürəyim yerindən
çıxırdı.
Dərhal onun da adını dəyişib İlda qoydum. Mənim
üçün bütün qadınlar İldadır.
- Elə
edin, o mənim bütün xasiyyətimi, istədiklərimi, tələblərimi
dərhal anlasın. Mümkündürmü?
Uzun-uzadı tanışlıq verməyə vaxtım yoxdur, -
qadını gətirən oğlana dedim.
-
Mümkündür. Evdə qarşısında
əyləşin. Əllərindən tutun, imkan verin
sizin beyninizə girə bilsin...
- Yox, yox.. Bu artıq işdi. - Qəti
etiraz elədim. - Ən yaxşısı, elə mən özüm onu
başa salaram. - Bir qadının mənim beynimdə nə
işi var?
Biz binadan qol-boyun çıxıb maşına tərəf
gedəndə bir yekəpər fəhlə İldanı
çiyninə alıb gətirirdi. Onu baqaja tulladı.
Arvadımın ilk təklifi ağlıma
batmışdı, köhnəni arvad bazarında dəyər-dəyməzinə
satmağa aparırdıq.
Vüsal Nuru
Ədəbiyyat qəzeti.-
2021.- 4 dekabr. S. 18-19.