M.Ə.Rəsulzadənin
Nizami Gəncəvi araşdırmalarında yeniliklər
IV məqalə
M.Ə.Rəsulzadə yazır ki, bu, doğru deyildir. İlk öncə
"İskəndərnamə" "Şərəfnamə"dəki
qeydə görə, 1199-cu ildə yazılıb. Nizami
bu əsəri 1193-cü ildə artıq padşah olmayan Mosul Atabəylərindən
I Məsuda ithaf edə
bilməzdi. Onun bu əsəri II Məsuda ithaf
etməsi də qeyri-mümkündür. Çünki
Nizami 1204-cü ildə dünyadan köçmüş, II Məsud 1211-ci ildə taxta
çıxmışdı. M.Ə.Rəsulzadə fikrini belə
yekunlaşdırır: "Demək ki, "İskəndərnamə"nin hər iki bölümü ancaq 1191-dən
1210-a qədər iqtidarda bulunan Azərbaycan Atabəyi Nüsrətəddin
Əbu-Bəkrə ithaf olunmuşdur".
Müəllif
bir mənbəni də əsas götürərək
yazır ki, M.Ə.Tərbiyətin "Danişməndani Azərbaycan"
kitabında əsaslandırdığı kimi "İskəndərnamə"nin hər iki bölümü bir kitabdır.
M.Ə.Rəsulzadə tədqiqatında Nizami şəxsiyyətinin
böyüklüyünü faktlarla təqdim etməkdədir. Yəni
öyrənirik ki, böyük şair hətta əsərlərini
ithaf etdiyi hökmdarlara münasibətdə özünü
onlara bərabər tutmuş, aşağı mövqeyə
enməmişdir. M.Ə.Rəsulzadə şairin bu məğrurluğunu
belə təqdim edir: "Hətta ruhunun içdən bir
qüvvətlə mədh etdiyi tac daşıyanlara babaca (yəni
baba kimi - N.Y.) öyüdlərdə bulunmuşdur".
Bu fikirlərini davam etdirən
M.Ə.Rəsulzadə əsərində Nizaminin "Leyli və
Məcnun"undan Şirvanşah Axsitana verdiyi öyüdləri
də açıqlayır və şairin
böyüklüyünü təqdir edir: "Qüdrətli
ol, fəqət təmkinini əldən buraxma! Mey iç, fəqət sərxoş olma!
İkiüzlüləri yanına soxma! Xalqın etimadını
qazanmaq üçün sözünü tut! Qəlbində
yeri olmayanlara inanma!..".
M.Ə.Rəsulzadə
araşdırmasının "Nizaminin cahan ədəbiyyatındakı
yeri"
bölümündə şairin mövqeyini belə mənalandırır:
"Nizaminin açdığı Şərq
intibahının cığırı".
Şərq intibahı yolu ilə çox şairlər
Nizaminin təsiri ilə getmək məcburiyyətində
qaldı. Buna sübut olaraq, Nizamidən sonra onun əsərlərinə
yazılmış çoxlu sayda bənzətmələri
göstərmək mümkündür. Ona bənzətmə
yazan aşağıdakı məşhurları qeyd etmək
olar: Əmir Xosrov Dəhləvi, Hacuyi Kirmani, Səlmani Savəçi,
Katibi, Cami, Hətibi, Fəxrəddin Əttar və b. Bu
sıraya Əlişir Nəvai, Füzuli də daxil edilə
bilər.
M.Ə.Rəsulzadə
əsaslandırır ki, Gürcüstanın məşhur
şairi Şota Rustavelinin "Pələng dərisi
geymiş pəhləvan" əsərinə də Nizaminin təsiri
vardır: Tariyel - Qeys, Avtandil - Nofəl
oxşarlığı. Gürcü tədqiqatçısı,
professor Pavel İnqorovka yazılarında bu haqda bilgilər
vermişdir.
M.Ə.Rəsulzadənin araşdırmasından öyrənirik
ki, XIX əsrin əvvəllərindən başlayaraq Nizamiyə
aid İngiltərədə, Almaniyada, Fransada, İtaliya və
Rusiyada çoxlu əsərlər nəşr edilib. Şərq ədibləri
Nizaminin ədəbiyyat tarixindəki yerini belə fikirlə
ifadə edirlər: "Məsnəviçilərin imamı
və Şərq əfsanəsi yazanların şeyxi".
M.Ə.Rəsulzadə Nizaminin ölümündən
sonra unudulmadığını və yazılan
ayrı-ayrı əsərlərdə, ifalarda
yaşadıldığını qeyd edir. Yazır ki, Nizaminin
ölümündən təqribən əlli il
sonra Şəmsi Qeysi adında bir şair özünün
"Elmi-cəm" əsərində şairin "Xosrov və
Şirin" poemasından parçaların xoş bir səslə
oxunduğunu bildirir.
XIII əsrdə yaşamış Məhəmməd
Öfvi isə "Lübabül-ərbab" ("Cövhərlərin
seçilməsi" - N.Y.) əsərində Nizamini yüksək
dəyərləndirmişdir.
M.Ə.Rəsulzadə
tədqiqatında M.Öfvinin sözlərini belə təqdim
edir: "Gəncəli Nizami ifadəsindəki məharətiylə
bilginliyin sərvətini savurmuş (mənimsəmiş -
N.Y.) və incəliklər xəzinəsini
dünyadakıların başlarına
saçmışdır".
XIV əsrdə yaşamış Zəkəriyyə Qəzvini
və Əbdül-Rəşid Bakılı, XV yüzilin
müəlliflərindən Dövlətşah Səmərqəndli
Nizami sənətini yüksək dəyərləndirmişlər.
Nizami "Xəmsə"sinə ilk bənzətməni
isə Əmir Xosrov Dəhləvi yazıb.
Məşhur İran şairi Sədi Şirazi də
"Bustan"ında, Hafiz Şirazi isə "Muğannamə"sində
Nizamiyə istinadlar etmişlər. İran klassiklərindən
Əbdürrəhman Cami də "Baharıstan" əsərində
Nizamidən bəhs etmişdir.
XVIII əsrdə yaşamış Lütfəli bəy
özünün məşhur "Atəşgədə"
əsərində Nizamini "sözün dörd dirəyindən
biri" adlandırmışdır.
M.Ə.Rəsulzadə bu sırada Nizaminin
külliyyatını nəşr etdirən "Ərməğan"
dərgisinin müdiri Vəhid Dəstgirdinin xidmətlərini
ayrıca qeyd edərək vurğulayır ki, V.Dəstgirdinin
"Eşqin tərifində o, (yəni Nizami - N.Y.) Firdovsiyə
belə üstündür" - yazması da önəmlidir.
V.Dəstgirdi Nizaminin "Firdovsinin şeirinə
gümüş, özününkünə qızıl, geri
qalanlarınkinə mis" - söyləməsinin tamamilə
doğruluğu qənaətindədir.
M.Ə.Rəsulzadə Avropa tənqidçiləri və
şairlərinin də Nizamiyə böyük dəyər
verdiklərini tədqiqatında əsaslandırmışdır.
Onun araşdırmasından öyrənirik ki, alman tədqiqatçısı
Georq Cakov Nizamini şairlikdə Firdovsidən üstün
tutmuşdur.
Alman
şairi Höte Nizami haqqında bu məşhur fikirləri
yazmışdır: "Nizami yüksək düha sahibi, incə
bir zəkadır".
M.Ə.Rəsulzadə tədqiqatında V.Baxerin, P.Hornun,
H.Ritterin, E.Brounun, C.Barbye de Meynardın, İ.Pittsinin,
A.Krımskinin, S.F.Oldenburqun Nizami sənətini yüksək dəyərləndirdiklərini
qeyd edir.
M.Ə.Rəsulzadə sovet tədqiqatçısı
Y.E.Bertelsin 1940-cı ildə Bakıda rus dilində nəşr
etdiyi "Böyük Azərbaycan şairi Nizami"
monoqrafiyası ilə də bağlı bilgilər verir. O, Bertelsin əsərinin
Nizaminin "dəyər və böyüklüyünə
layiq" olduğunu qeyd etsə də, onun monoqrafiyalarında
təqdim edilən bəzi fikirlərə də münasibət bildirir:
"Bertelsə görə, Nizami Səlcuq
İmperatorluğunun çöküşü üzərinə
yer-yer bəlirən aristokrat dərəbəy
zorbalıqları ilə şəhərlilər arasında
çıxan mücadilə şərtləri içində
meydana gəlmişdir. Marksist və materialist təsnifinə
və tarixi anlama metoduna uyduraraq Bertels Nizamini o zaman
üçün inqilabçı bir topluluq olan şəhərin
və şəhərlilərin ideoloqu və fikirlərinin tərcümanı
deyə tələqqi ediyor".
1924-cü ildə Nizaminin "Yeddi gözəl" əsəri
London Universitetinin professoru S.E.Vilson tərəfindən ingilis
dilinə tərcümə edildi. M.Ə.Rəsulzadə əsərində
S.Vilsonun Nizami sənətindən heyranlığını
belə təqdim edir: "Həyəcan və ehtiras təəssürünü
ifadədə" Nizamiyi Şekspir və Petrark ilə eşi
(bərabər - N.Y.) götürməkdədir".
M.Ə.Rəsulzadənin tədqiqatında Nizaminin əsərlərinin
ümumi həcmi haqqında da dəqiq rəqəmlər
yazılır.
Nizaminin ədəbi irsi 48 min beyti əhatə etməkdədir
ki, bunların 19 mini şairin divanındakı qəzəllərə,
qəsidələrə və başqa hissələrə
aiddir, qalan 29 min beyti isə ona böyük məşhurluq gətirən,
beş əsərindən ibarət olan - "Xəmsə"sidir.
Yenə öyrənirik ki, Nizami sağlığında
beş əsərinə "Pənc gənc" ("Beş
xəzinə") adını vermiş, lakin təzkirəçilər,
naşirlər sonradan
ərəbcə "Xəmsə", yəni
"Beşlik" adlandırmışlar.
Qeyd edək
ki, Nizaminin "Xosrov və Şirin" əsərində təqdim olunan Şirinin ermənilərlə
heç bir əlaqəsinin olmadığı faktlarla təsdiq
olunmaqdadır. Tədqiqatlardan aydın olur ki, bu sözün
kökü "erməni" yox, "ərmən"dir və
o dövrdəki "ərmən" tayfaları xristian dininə
mənsub olsalar da, türk mənşəli olublar. Ermənilər
isə "hay"ların törəmələridir. Əsərdə Məhinbanu da (Şirinin bibisi)
özlərinin türk olan Əfrasiyab nəslindən
olduğunu söyləyir.
Görünür, M.Ə.Rəsulzadənin bu məqamları
araşdırmaq imkanları məhdud olub. Bu, həm də onun Nizami
haqqında olan
kitabını İkinci Dünya müharibəsi
dövründə yazması, mənbələrdən
istifadənin çətinliyi və imkansızlığı
ilə bağlı idi.
M.Ə.Rəsulzadə araşdırmasının
"Nizamidə farslıq" başlığındakı
bölümündə Firdovsi ilə Nizamini
qarşılaşdırır və maraqlı təhlillər
verir.
Yazır ki, Fidovsi 60.000 beytdən ibarət "Şahnaməsi"
ilə "fars ənənələrini" canlandırmaq və
"yaşatmaq" istəmişdir. Nizami isə ondan fərqli
olaraq tarixi hadisələrdən qaynaqlanıb "haqq fikriylə,
gözəllik sənəti adına
faydalanmışdır". Bu onun
başlıca məqsədi olmuşdur.
Tədqiqatda
Nizami - Firdovsi fərqliliyini belə müəyyənləşdirmək
mümkündür: 1) Firdovsidə irq təəssübü
var, Nizamidə yoxdur; 2) Firdovsidə ərəb və türk
düşmənçiliyi varsa da, Nizamidə bunlar yoxdur və
Təkallahlıq əqidəsi, ədalət mövcuddur; 3)
Firdovsidə "İran yaxşılıq əsası kimi
Hörmüzd, Turan isə pislik əsası olan Əhrimən
kimi verilir". Bu yanaşmaların heç biri
Nizamidə mövcud deyil.
Əgər Zərdüştçülük və atəşpərəstlik
farslığın parlaq bir ənənəsi idisə, Nizami
bunlara qarşı düşmən münasibət bəsləyirdi. O, yuxarıda qeyd olunduğu
kimi, Təkallahlığı üstün sayırdı. Onda farslıq duyğusu yox, müsəlmanlıq
şüuru və hissi vardır.
M.Ə.Rəsulzadə Nizaminin
"türklüyü"nü ciddi faktlarla
araşdıraraq təqdim edir. Nizaminin türk sevgisi elə onun əsərlərindən
dəyərli misralarla təqdim olunur:
Türklərin
çün yüksəldi dövlətləri,
Ədalətdən süsləndi həp elləri.
Madam ki, sən zülmə amil olursun,
Bir
türk deyil, çapulcu bir hindusun!
Bu misralar Nizaminin "Qoca qarı ilə Sultan Səncər"
hekayəsindən götürülüb. M.Ə.Rəsulzadə
"türk" sözünün Nizaminin
yaradıcılığında "yüksəklik",
"paklıq və gözəllik" mənasına gəldiyini
belə yazır: "Şairin bolca qullandığı
"türk" isim və sifətlərini genəl
(başlıca - N.Y.) bir tərifə tabe tutarsaq,
görürüz ki, Nizami "türk" deyir - gözəl,
mərd, qəhrəman, əsgər, komandan, bilgi, ər, rəhbər
və şef anlıyor; Türklük diyor - gözəllik,
eyilik (yaxşılıq - N.Y.), təmizlik, doğruluq, mərdlik,
qəhrəmanlıq, komandanlıq, şeflik anlıyor. Türkistan deyir - vəfa, doğruluq və
aranılan yer ilə ərmişlik (vüsal) anlıyor".
M.Ə.Rəsulzadə əsərində "Nizamidə
Qafqasya" mövzusunu da maraqlı təhlil edir, müqayisəli
faktlarla əsaslandırır.
Müəllif qeyd edir ki, "Xosrov və Şirin" əsərində
baş verən hadisələr, əsasən, Qafqazda cərəyan
edir. Lakin Nizaminin "İskəndərnamə"sində
Qafqaz mühitini daha çox və geniş görürük.
Nizaminin xəyalında yaratdığı
Makedoniyalı İskəndər iki dəfə Qafqaza gəlmişdir.
Birinci hücumunda atəşpərəstliyi
aradan qaldırır, Abxaziyaya basqın edir, Tiflis şəhərinin
əsasını qoyur. Sonra o, Bərdənin
şöhrətini eşidib buraya gəlir. Şahzadə Nüşabə ilə
görüşür. Və bu
görüşdə şair Nüşabənin dərin
ağıl və cəsarətini açıqlayır.
İskəndərin Qafqaza ikinci gəlişinin səbəbi
rusların Bərdəyə hücum edib, Nüşabəni əsir
aparmalarıdır. İskəndər bu xəbəri
Çində eşidib dərhal Qafqazın yardımına gəlir,
ayrı-ayrı xalqların əsgərlərindən
topladığı böyük bir ordu ilə rusları məğlub
edir, Nüşabə də əsirlikdən xilas olur.
M.Ə.Rəsulzadə
araşdırmasının bir başlığını da
belə təqdim edir: "Nizaminin görüşü və
rus". Bu bölümdə o, Xəzər dənizi sahilində
yaşayanların rus hücumlarına məruz qalmasına və Nizaminin Bərdənin
ruslar tərəfindən dağıdılmasına diqqəti
yönəldərək, şairin dili ilə onların vəhşətlərini
təsvir edir.
M.Ə.Rəsulzadə əsərində Nizaminin
yaratdığı qadın obrazlarının dərin
çalarlarını açıqlaya bilir. Onun
araşdırmasına görə "Beşlik"də (yəni
"Xəmsə"də - N.Y.) bəhsi keçən
müsbət qadın tiplərinin həmən həpsi ya
Qafqasya, ya da türk damğasını
daşımaqdadır".
M.Ə.Rəsulzadə
Nizami yaradıcılığının daha da dərinliklərini
açıb təqdim etmək gücündədir ki, bu, tədqiqatçıların
öyrənməli olduğu məqamlardır: "Nizami
yalnız qəhrəmanlarının iç aləmini təsvir
edən ruhi təhlilçilikdəki məharətiylə və
ya olayların keçdiyi mühit və bulunduqları şərtləri
təsvirdəki qüdrətiylə qalmaz, O, eyni zamanda misli
çox az bulunan bir təbiət
yazarıdır. Təbiət Nizami şeirinin ən
canlı bir ünsürüdür".
Müəllif
yazır ki, Nizami sənətində təbiət və təbiətdəkilər
"sevinən və iztirab çəkən insanla"
çox yaxındır, onu anlayır, başa düşür
və burada "Leyli və Məcnun"da Məcnunun
insanlardan qaçıb, təbiətə
sığınması, heyvanlarla dostluğu, onun ağacla
danışması konkret misal olaraq göstərilir.
M.Ə.Rəsulzadə
Nizamidə "eşq fəlsəfəsi", "din",
"sosial ideal" problemlərini dərindən
açıqlayır.
Nəsiman YAQUBLU
Ədəbiyyat qəzeti.-
2021.- 4 dekabr. S. 20-21.