Aqşin
Evrən və Xəzər Süleymanlının
"Ayrılıqların təkrarı" romanında
küllərdən doğulan sevgi...
Talelər, əslində, insanların
yaşadığı bir imtahan deyil. Talelər insanların
yenidən doğulduğu bir dünyadır. O
dünyanın insanları talelərini özlərinin
qurduğunu zənn edirlər, ancaq bu belə deyil. O hadisələr,
xatirələr yaşanıb və bitib, lakin insanlar onları
qəflətən yuxudan oyadıb işgəncə verməyə
çalışırlar, ancaq anlamırlar ki, onların taleləri
yuxudan oyandığı saatdan hər zərrələrinə
hopubdur.
Çoxları
taleni bir az nakam sevgiyə, bir az da xəyanətə
bənzədirlər. Xeyr, bu belə deyil. Tale ayrılıq və sevginin gücündən
yaranan məzlumdur. O məzluma əzab verən də
sevgi, yaxud xəyanət deyil, insanlardır. İnsanlar
ilk yaşadığı sevgilərini təqvimdə necə
təmtəraqla, daxilindən qopacaq bir xoşbəxtliklə
qeyd edirlər, ancaq bilmirəm diqqət etmisinizsə,
ayrıldıqları günü təqvimdə deyil,
yaddaşlarına qeyd edirlər. Bunu bəzən
"tale oyunu" adlandırırlar. Daha
düşünmürlər ki, günahkar tale yox, elə
insanların içində böyüyən sevgi və xəyanət
məxluqlarıdır. Hansı ki, o sevgi də
deyil, ancaq çoxları onu sevgi adlandırırlar. Bu, əslində, onlardan doğulan
"ayrılıq"dır. Bir
düşünün, necə ki, siyah-bəyaz bir-birinə
ziddirsə, eynən sevgi və xəyanət də elədir.
Onların nifrətindən doğulan isə
ayrılıqdır.
Ayrılıq daima təkrarlana bilər də, bilməyə
də. Bu yenə də insanlardan asılıdır. Sevgi və xəyanəti, ən əsası talenin
qollarından tutub dörd divara, yaxud parçalanmış bir
qəlbə həbs edə bilərsən, ancaq
ayrılığı heç vaxt. Ayrılıq
təkrarları, yaşanmış hadisələrin bir daha
yaşanmağını sevmir, heç vaxt da sevməyib, ancaq
onu dinləməyib, bu uzun yolda onunla savaşmağı qərara
aldı. Çox savaşdı, həm də
ən son dəqiqəsinə qədər. Sonunda qalib gəldi, lakin ömür səhifələrinin
bir hissəsində taleyini, dörd divarın arasında isə
ayrılığı qoyub, sevgini, yəni Nərmini tapa bildi.
İki əfsanənin birlikdə ərsəyə gətirdiyi
xəzinədən danışdığımı yəqin
ki, anlamısınız. Xəzinə dedim, çünki bu
kitab əfsanələrlə dolu bir xəzinədir. Əminəm ki, müəlliflərin oxucuları da
mənimlə həmfikirdilər. Tam səmimi
söyləyim ki, romanı ilk aldığım gündən
bəri necə olduğunu təxmin etmişdim. Oxucuların çoxu romanın ilk səhifəsini
açıb oxuduqda artıq sonunun necə bitəcəyini
maraqla və həyəcanla gözləyirlər, ancaq mən
bir oxucu olaraq romanın nə sonluğunu, nə də hər
səhifəsindən sonra hansı hadisələrlə
qarşılaşacağımı deyil, hər sətrinin
yaddaşıma hopub, onu analiz etməsini gözləyirdim.
Bu duyğunu izah etmək çox çətindir,
çünki mən özüm də gənc yazaram. Oxucularımdan aldığım fikirlərlə
yanaşı, onların hansı emosiyaları
yaşadığını, hansı duyğulara
qapandığını həm anlayıram, həm də
anlamıram. Əksinə, bəzən sual
doğurur məndə, eynən Aqşin Evrən və Xəzər
Süleymanlı kimi. Hər dəfə
oxuyarkən təkrar-təkrar analiz edir, nəticə
çıxarır və o hadisələrin ətrafında
dövran edirəm. Onu deyə bilərəm ki, müəlliflərin
xəyal gücünə əhsən!
Reallıq və mistikanın vəhdət təşkil
etməsi məni heyran qoydu. Romanı oxuyub bitirdikdən sonra belə
dodaqaltı bu fikirləri təkrarən söylədim: Xəritə,
Mehran, Ofeliya və Nərmin. Ayrılığın
birləşdirdiyi talelər. O talelərə
bağlı olan xəritə. Sizcə, o xəritə
kimdir axı?
O xəritənin
kimliyini mən deyil, bağlı qapıların arasında
gizlənən sirlər, gözlənilmədən baş verən
ayrılıqlar və Mehran ilə Nərminin daxilində
itib-batan "Antik tənhalıq" mağazasında dərin
yuxuya dalan mücrü açacaq. O mücrü küləyin
"açıq" və digər üzünə
"bağlı" olan mağazanın taleyinə cavab verməyə
çalışırdı, eynən mücrü də Mehran
və Nərminin tale nöqtələrini əlinə
alıb, xəritənin kimliyini açıqlayacaqdı.
İndi isə başlayaq Mehran və Ofeliyanı
ayıran, ancaq Mehranın həyatına günəş kimi
doğan Nərminin "Antik tənhalıq"
mağazasından. Mən düşünürəm ki, küləyin orada
böyük rolu var. Romanda ilk cümləsində deyilir ki,
"Külək "Antik tənhalıq"
mağazasının qapısından asılmış bir
üzünə "açıqdır", digər
üzünə "bağlıdır" yazılan lövhəni
o tərəf-bu tərəfə çevirir, sanki kiminsə
taleyi ilə bağlı vacib bir qərar verməyə tələsirdi".
Bu, çox doğru fikirdir. Külək bilirdi ki, Mehran xəritəni illərdir
ki, axtarır. Onu da bilirdi ki, Mehran xəritəni
də, kimliyini də tapsa, Ofeliya onun həyatından
çıxmaqla yanaşı, kül olacaqdı. Bilirdi və bilirdi ki, Mehran Ofeliyayla xoşbəxtlik
açarını tapıb, növbəti qapıların
kilidlərini açarla aça bilməyəcəkdi. Diqqət etmisinizmi, Mehran hər dəfə
1874-cü ilin qış fəslinə qayıtdıqda
Ofeliyanın kimliyini unudur və yalnız o xəritənin
başlanğıc və son nöqtəsini axtardıqca dəliyə
dönür. O evin divarlarının hər küncü,
yatağı belə Ofeliyanın ruhuyla lənətlənib. O
xəritəyə işgəncə verən də
Ofeliyanın "Qan qartalına" bürünmüş lənətlənmiş
ruhu idi. Ofeliya həqiqətləri daxilində
gizlədib, Tanrının ən uca varlığı olan
sevgini geyinmişdi bədəninə. Hər
şey bir kənara, sizcə, Ofeliya Mehranı həqiqətən
sevsəydi, rəfiqəsi Lamiyənin qardaşı Ramalla
qoşulub qaçardı? Əsla! Bu da bir
kənara xəritə olmasaydı, həqiqət nə qədər
acı da olsa, Mehrana etiraf etməyəcəkdi? Ofeliya anidən yox olub illər sonra həqiqi bədəninə
geri döndü və Mehranın gözləri önündə
dayandı. Dayana bilərdimi? Yox, təbii
ki, dayana bilməzdi...
Mehran Ofeliyanı itirməklə yenidən dünyaya gəldi. Təkrar
yaşadığı taleyini yenidən özü yaratdı.
O, taleyinin memarı olub, onun üzərində işlədi,
eynən xəritə kimi. Elə yeri gəlmişkən
romandan bir sitat gətirim: "Keçmişin ardınca
qaçmaq gələcəyi sürətlə itirməyin ən
asan yoludur".
Mehran keçmişinin arxasınca qaçırdı. Qaçmaqla bərabər
bütövlükdə hər zərrəsini itirir və 30
parçaya bölürdü. 30 parça, 30 insan, 30 ampul. Şifrələnmiş
həyat hekayələri, neçə-neçə insanın
qurban getdiyi talelər. Sual yaranır ki, 30
ampul nədir axı? Məsələyə
bir başqa yöndən baxdıqda özünü Nərminin
əmisi, əslində isə doğma atası olan Burxanın
dəhşətlər doğuracaq "Medi Sina Mru"
klinikasından başlayır. Qəribə
bir adla tanınan bu klinika da şifrələnmiş həyat
hekayələrinin parçalanmış hallarıdır ki,
bu, Mehranla Nərmini birləşdirir.
Klinikanın adını dəfələrlə
oxuduqda həmin hissəyə gözümü avtomatik olaraq
zilləyirdim. Demək, tək ayrılıq yox,
insanın bütövlükdə yaşadıqları ona təkrarən
yaşadılır. Ən dəhşətlisi
isə o oldu ki, Burxanın illərdir insan alveri ilə məşğul
olmasıdır. Bəlkə də bu vəhşiliyin
üstü örtülü qalacaqdı, ancaq Mehran
yaddaşına hopan fikirləri bir-bir analiz edib, bu faciəylə
bitəcək insan ömürlərinin yarısını da
olsa, qurtara bildi. Məni dəhşətə
gətirən isə bu klinikanın adı oldu. Klinikanın əsl adı Simurq quşumun
olmasıdır. Simurq quşu da kül
olub, küllərindən doğulan bir quşdur, həmçinin
30 quşun simvoludur. O 30 quşun hər
biri bir Simurq quşudur. Sizcə də bu,
möcüzə deyilmi? Bu möcüzə
Mehran və Nərminin sevdası idi.
Mehran,
Ofeliya, Burxan və Nərminin talelərindən
danışdıq. Artıq illər keçdi, saatın dəqiqələri
gələcəyi görməyə can atmağa
çalışdı, lakin unudulan bir məqam qaldı, o da Nərmin.
Nərmin o gün niyə təcili olaraq evini tərk
etdi? O, həqiqətən də Mehranı Ofeliya kimi
atıb gedəcəkdimi? Bu yeni doğulan suallar necə ki,
Mehranı uçuruma sürükləyirdisə də,
Ofeliyaya olan şübhələrini də Nərminin üzərinə
hədəfləyirdi, ancaq bu o demək deyildi ki, Mehranın Nərminə
olan sevgisi azalırdı, xeyr, əksinə, özü də
bilmədən daha da çox artırdı. Mən onun necə
bir hiss olduğunu çox gözəl anlayıram. Mehranın Nərminin "tapılmayan cəsədi"
xəbərini eşitməsi. Burxanın cəsədi məlum
idi, ancaq Nərmininki... Bu 3 nöqtəni
tamamlamaq belə qeyri-mümkündür. Mehran
da bunu bilirdi ki, Nərmin ölə bilməz. Elə bu fikirlə də, o məktubu da, hər
şeyi də əlinə alıb uzun yola çıxdı.
Qatarın yolu onu ilk xəritəyə, daha sonra
Nərminə aparırdı. Mehran bu
duyğularla da bərabər irəlilədi və xəritənin
də özü olduğunu bir daha təsdiqləmiş oldu.
Mehran xəritəni tapmaqla yanaşı, ondan qopan
parçaları da birləşdirib gələcəyə
addımladı. Aylar öncə Ofeliyayla daxil olduğu
"Antik tənhalıq" mağazasına indi Nərminlə
addımladı. Külək həqiqətən də
onların taleyi ilə vacib qərarı elə bu gün verdi.
Səma MUĞANNA
Ədəbiyyat qəzeti.-
2021.- 4 dekabr. S. 21.