Yosun ətirli uzaqlıq

 

Talibanın Əfqanıstanda ikinci dəfə hakimiyyətə gəldiyi, qədim ənənələri, tarixi olan, başıbəlalı böyük ölkənin qaranlıqdan zülmətə yuvarlandığı günlərdə Türkiyədə təqdimat mərasimi keçirilən, Azərbaycanda isə hələ çap edilməmiş bir kitabın əlyazması əlimə keçdi. Onu da deyim ki, hələ oxucu əli dəyməmiş, işıq üzü görməmiş kitabı oxumağın bir ayrı ləzzəti, bir başqa nostalgiyası var.

 

Əfqanıstan barədə danışmağım təsadüfi deyil. Romanın müəllifi Əfqanıstanın başına gələn faciələri elə bir əfqan gəncin faciəsi fonunda oxuculara çatdırır.

 

Əsərin adını görəndə, açığı, məni çox da çəkməmişdi. Əfqanıstan hara, bir millətin faciəsindən bəhs edən kitab hara, "Yosun ətri" hara? Amma oxuduqca yanıldığıma əmin oldum. Və yanıldığım üçün çox sevindim. Nəzərə almaq lazımdır ki, adam hər deyəndə yanıldığına sevinmir.

 

Oxuduqca məlum oldu ki, kitabın adı da elə bəhs edilən faciələrlə, əzablarla, baş qəhrəmanın düçar olduğu mənəvi ağrılarla birbaşa bağlıdır.

 

Maraqlıdır ki, heç də düha hesab etmədiyim Xalid Hüseyni, Paulo Koelyodan qətiyyən geri qalmayan müəllifi Azərbaycan oxucusu çox az tanıyır. Və təəssüf ki, həmin oxuculardan biri də mənəm.

 

Sabir Şahtaxtını yazıçıdan daha çox jurnalist kimi qiyabi şəkildə tanıyıram. "Yosun ətri" romanı həm də qiyabi şəkildə tanıdığım jurnalistin yazıçı qələmini əyani şəkildə tanımağıma vəsilə oldu. Təxminən üç yüz otuz səhifəlik romanı üçcə günə, yorulmadan, darıxmadan, bezmədən, gerisini oxumaq üçün səbirsizlənərək bitirdim.

 

Romanın mövzusuna şərh verməzdən əvvəl qeyd edim ki, Azərbaycan ədəbiyyatında "Yosun ətri"nin yazıldığı janrda - siyasi-tarixi janrda çox kitab yazılmayıb. Xüsusən son illərdə bu boşluq, çatışmazlıq ciddi şəkildə gözə batır.

 

Əsərin qəhrəmanı - Rəsul Biruni əvvəl Moskvada, sonra isə Bakıda hidrologiya mühəndisliyi üzrə təhsil alan əfqan gəncidir. Ən ümdə arzularından biri peşəkar mühəndis kimi vətəninə qayıtmaq, Əfqanıstanın boz çöllərini yaşıllaşdırmaq, quraq iqlimini dəyişmək üçün müxtəlif layihələr həyata keçirmək, ölkəsini cənnətin bir guşəsinə çevirməkdir. Amma sən saydığını say, gör fələk nə sayır...

 

"Yosun ətri" üzdən keçəndə, bəhs edilən hadisələrin dərinliyinə, batininə varmayanda nakam eşq romanı kimi xarakterizə edilə bilər.

 

Rəsul tanış olduğu, ömür yolunun kəsişdiyi bütün qadınlarda öz uşaqlıq sevgisi, nakam məhəbbəti olan Saranı axtarır. Üstəlik, bu axtarış o qədər ciddi-cəhdlə, kor-koranə aparılır ki, həmin qadınların həyatında sərt dönüşlər edir, onları mənən zədələyir, çöküşə sürükləyir. Rəsul bunun fərqində olmasa da, hər qadında Saranı gördüyünə görə özünü bağışlaya bilmir... Hətta əmindir ki, həyatında bu qədər bədbəxtliyin, faciənin baş verməsinin günahkarı məhz özü, münasibət qurduğu qadınları xoşbəxt edə bilməməsi faktıdır...

 

Əsərin alt qatlarına endikcə mövzunun heç də eşq olmadığı, romanın, əslində, bir fərdin, bir millətin, bir regionun, bütövlükdə bəşəriyyətin faciəsindən bəhs etdiyi ortaya çıxır.

 

Amerika Birləşmiş Ştatları, Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ), eləcə də digər böyük güclərin zəngin faydalı qazıntılarına görə yağlı tikə kimi gördükləri Əfqanıstanın başına gətirilən faciələr, xarici qüvvələrin təzyiqinə duruş gətirə bilməyən zəif iradəli idarəçilərin törətdiyi "iltihab"lar bütöv bir ölkəni xaosa, müharibəyə, ölümə, köləliyə sürükləyir, onu cəhalətin qana boyanmış qaranlıq əllərinə, zehniyyətinə təslim edir.

 

Sabir Şahtaxtı SSRİ - Əfqanıstan müharibəsinə də işıq tutur - üstəlik, bir əfqanın gözündən. SSRİ-nin ölkəni necə xərçəng kimi sarıb-sarmaladığını, hüceyrə-hüceyrə gəmirib tükətdiyini sərt, gerçəkçi boyalarla təsvir edən müəllif bütün bunların fonunda müharibənin hansı faciələrə, əzablara, necə bir kollapsa səbəb olduğunu aydın şəkildə oxucuya çatdırır.

 

"Yosun ətri"ni oxuduqca yazıçının həm Əfqanıstan, həm də SSRİ mühitinə dərindən bələd olduğunu, o zamanın siyasi proseslərini ən xırda detalına qədər araşdırdığını rahatca görmək olur. Əfqanların milli adət-ənənələri, davranış qaydaları, həyat tərzləri, məişətləri detallı şəkildə işlənib. Sanki kitabın müəllifi azərbaycanlı yox, elə əfqandır.

 

Baş qəhrəman həm Türkiyədə, həm də Liviyada yaşayır, işləyir, "Ərəb baharı"na şahidlik edir. Hətta bir də gözünü açır ki, insanlığın qanayan yarası olan miqrant axını və bu axın zamanı yaşanan faciələrdən birinin tam ortasındadır. Həyat yoldaşından, nakam məhəbbəti olan Saranın adını daşıyan, ilk eşqinin qoxusunu aldığı qızından ayrı düşür. Sonradan həyat yoldaşının taleyi müəyyənləşsə də, əldən-dildən düşənə, gözlərinin fəri sönənə qədər qızını axtarmaqdan əl götürmür.

 

Bundan əlavə, əsərin qəhrəmanının həyat yolu Azərbaycanla, Bakı ilə də kəsişir. Müəllif azərbaycanlı olsa belə, ölkəmizi, paytaxtımızı bir əfqanın gözü ilə bizə göstərməyi bacarıb.

 

Yazıçı öz qəhrəmanının həyatında Azərbaycanın rolunu vurğulamaq üçün folklora üz tutur. İlk məhəbbəti olan Sara məşhur Azərbaycan xalq mahnısı olan "Apardı sellər Saranı" parçasının sədaları altında özünü dənizə atır. Meyiti tapılmadığı üçün Rəsulun gözləri hər yerdə - bütün dənizlərdə, su hövzələrində Saranı axtarır. Onu həmişə yosunların əhatəsindəki su pərisi kimi xəyal edir. Romanın adı da elə buradan qaynaqlanır.

 

Yəqin, bundan sonra nə vaxt dənizin sahilə atdığı yosun görsəm, Rəsulu, Saranı və əlbəttə, "Apardı sellər Saranı" mahnısını xatırlayacam. Yosun mənim üçün həm də uzaqlıq, nakamlıq ifadəsi olacaq...

 

Kitabda Birinci Qarabağ müharibəsinə də toxunulur. Hesab edirəm ki, ədəbiyyat təbliğ baxımından əvəzsiz vasitədir. Kəskin söz qədər yadda qalan az şey olur. Bu baxımdan, ədəbiyyatı həm də təsirli təbliğat vasitəsinə çevirməli, dünyanın müxtəlif guşələrindəki oxuculara Azərbaycan həqiqətlərini məhz ədəbiyyatın köməyilə çatdırmalıyıq.

 

"Yosun ətri" Sabir Şahtaxtı qələmi ilə ilk tanışlığım olsa da, düşünürəm ki, bu romanı yazıçının pasportu hesab etməyim qətiyyən yanlış olmaz. Çünki elə ilk səhifələrdən əsərin uzun illərin təcrübəsi, araşdırmaları və yaşanmışlığına dayandığı çox aydın sezilir.

 

 Redaksiyadan: AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının qələmə aldığı növbəti əsər, "Yosun ətri" romanı Avrasiya Yazıçılar Birliyi tərəfindən Ankarada nəşr olunub. Türkiyənin məşhur "BENGÜ" Yayın Evi tərəfindən türkdilli oxuculara təqdim olunan nəşrin rəhbəri Avrasiya Yazıçılar Birliyinin sədri, yazıçı-publisist Yaqub Öməroğlu, tərcüməçisi yazıçı-publisist Mətin Yıldırımdır.

 

Cavid Qədir

Ədəbiyyat qəzeti.- 2021.- 4 dekabr. S. 25.