Dağıntılar altında

 

Romandan parça

 

Ön söz əvəzi

 

Adəm və Həvvanın ilk körpəsi dünyaya gələn gündən ailədə münaqişə yarandı. Dağıntılar baş verdi. "Sən körpəni məndən çox istəyirsən. Onu çimdirir, əmizdirir, öpüb-oxşayırsan. Qucağına götürüb həyətə çıxırsan ki, təmiz hava alsın. O, nə çalırsa, oynayırsan. Amma mən yada düşmürəm. Paxıllığım tutur o uşağa".

 

Belindəki şalın düyününü boşaldıb, ərinə yaxınlaşdı, Həvva: - Amma səndə də təpər qalmayıb. Güvəndiyim dağlara qar yağıb. Dərindən bir ah çəkib sözünü davam etdirdi. - İstərdim ki, qolumdan çəkib məni aparasan otağına. Mən də ehtirasımı, həvəsimi boğub, yaxına buraxmazdım səni. Ta o zamanacan ki, "Sim-sim" xəzinəsinin daş-qaşlarını səpəsən başıma. Amma yaman əfəlləşmisən. Mənə yaxın düşmürsən həftələrlə. Sənin kimi yarımçıq ər kimə lazımdı?

 

Daş qəlbli Qabili diddi - dağıtdı canavar tamahları. Qardaşı Habili qətlə yetirdi. Öldürdü ki, doğma bacılar Liza və İqlimaya ər, kişi qismində ancaq o, özü sahib olsun. Ərləri ortaq olan doğma bacılar bir-birinə düşmən kəsildilər. İqlima da, Liza da "iti görüm, qurdu görüm, ancaq bacımı görməyim" dedi.

 

Fağır İqlima əri Qabilə Lizadan daha cazibəli görünmək niyyətiylə yuyub qurutduğu qulaclarının arasına nərgiz, bənövşə çiçəklərini düzüb saçlarını hördü. Al-yaşıl reyhanlardan toxuduğu çələngi, qaşlarının üstünə çəpəki oturtdu. İqlimanın canfəşanlığı çoxbilmiş Lizanın gözündən yayınmadı. "Məni səndən min qat artıq sevən ərimə məndən şirin yar olmaq istəyirsən? Ölərəm, iki dünya bir olar, qoymaram! Bil və agah ol! Qabil mənimdi, ömrü boyu mənim olacaq!" O, başını pəncərə çərçivəsinə söykəyib, yollara həsrətlə baxan bacısının qolundan yapışıb aşağı çəkdi. İqlima yerə çırpıldı. Liza ayağıyla İqlimanın boynundan basdı. Hörüklərinin köklərini qayçının kəsərləriylə iki yerdən üzdü. Minbir rəngə çalan göyqurşağı hörükləri, quru əvəliklər kimi ayaqları altına düşdü. Hirsi soyumadı yenə. Qayçısını alnının üstündən keçirib ənsədə də işlətdi bir neçə dəfə.

 

- İndi mələyə-mələyə yüyür Qabilin qabağına. O da çəpiş buynuzlarını görüncə, dalından bir təpik vurub, səni evimizdən qovsun, - dedi.

 

Ailədə hər kəs öz sərfəsini güdürdü. Nəfsin, tamahın qanlarda qaynayan "mən", "mənim" virusları quduzlaşdıqca onları daşıyan insanlar da dağıntıları artırırdılar.

 

Nəvə-nəticələrin ayaqları yer tutduqca ana yurdunu, ata ocağını tərk edir, daha geniş üfüqlər axtarır, təzə qitələrə köçürdülər. Və təbii ki, qanlarda qaynayan "mən", "mənim" viruslarının dağıntıları da günü-gündən artıb çoxalırdı.

 

Qədim Roma səltənətində özünü imperator taxtında görmək istəyən iki namizəddən biri - Qay əyalətinin senatoru Qay Yuli Sezar idi. Bu şan-şöhrət yolunda onun rəqibi Pompey yaxşı təlim görmüş, öz senatoruna sadiq döyüşçülərilə Qahirə həndəvərlərindəki hərbi istehkamlarında qərar tutmuşdu. Hər dəqiqə Sezarla üz-üzə gəlməkdən ehtiyatlanan, amma hər dəqiqə Sezara cavab verməyə hazır Pompey qanlı düşməni Sezarın birinci həmləsini dəf etmiş, qoşunlarını geri oturtmuşdu.

 

Keçən-keçmişinin o azman viruslu törəməsi, şan-şöhrət hərisi Yuli Sezar gecənin yarısında yerindən dik atıldı. Məğlubiyyət onun yuxusunu ərşə qaldırmışdı. Əlinin üzündəki damarlar ovunun üstünə atılmaq istəyən kərtənkələ kimi çırpınırdı. Sifətinin hamar tükləri pinəçinin əliylə ayaqqabı altından üzə çıxan sivri, iti iynələr kimi biz-biz dururdu.

 

Hökmdarı qarşısında ağzı üstə yerə yapışan münəccim, yavaş-yavaş başını qaldırıb, titrəyən çənəsini əliylə saxlayaraq:

 

- Ey qüdrətli, basılmaz hökmdarım Yuli Sezar! Hüzurunuza yerlərə, göylərə sığmayan şad xəbərlə gəlmişəm.

 

Sezarın yuxarı atılan qaşları, göz qapaqlarını da yuxarı dartdı. Bəbəklərindən qopan qığılcımlar, divar boyu düzülmüş, qorxudan əsən sərkərdələrin ürəyinə oxlar kimi saplandı.

 

- Ey cəsur hökmdarım - deyə sözünü davam etdirdi münəccim - Rəsədxanada göylərə baxanda gördüm ki, Sizin tale ulduzunuz Qayənduz, onunla üzbəüzdəki Yer kürəsinə oxşayan Mkma ulduzunu nura bürümüşdür. Bu əlamət onu göstərir ki, Siz artıq yerlərin - göylərin Allahısınız!

 

"Urra"lar qopdu yer-yerdən. Kərənaylar, şeypurlar zilə çəkdilər zəfər marşlarını. Göydə qoşalaşan şimşəklər təbillərin gurultusundan hürküb aralandılar. Özünü Allah hesab eləyən Yuli Sezar şəstlə əlini qaldıranda səslər kəsildi.

 

- Hazırlaşın! Pompeyə qan udduracam - dedi.

 

Qoşunlar səhradan keçirdi. Ərzaq, su ehtiyatları tükənmişdi. Yorğun-arğın qoşun mürgülərlə, ağır-ağır yeriyirdi. İndiki Qahirənin yaxınlığındakı Xeops ehramının qalın kölgəsində Pompeyin cəngavərləri Sezarı və onun köməkçilərini mühasirəyə aldılar. Noolsun? Sezar qılıncını sıyırdı. O, düşmənlərlə əlləri, ayaqlarıyla, dişləriylə, dırnaqlarıyla da döyüşən səmənd atının belinə sıçradı. Bundan ürəklənən xüsusi təyinatlı dəstələrin döyüşçüləri - təkərli qazalaqların nişançıları, snayper oxçular, nizə atanlar, kürzlərlə, topuzlarla alay dağıdan Koroğlu dəlilərinə oxşayan igidlər, mühasirədən çıxdılar. Sağ qalmış düşmənləri qandalladılar. Pompeyin başını Sezarın ayaqları altına atdılar. Hökmdar əlinin üzündə bir-birinə sarmanan damarları dar ağacının ciyələrinə, kəndirlərinə oxşatdı. "Əsirləri asdırmalıyam! Yox, bu, çox yüngül cəzadı" - düşündü. Sifətinin biz-biz tükləri kamanda tarım çəkilmiş oxlar kimiydi. Üzünü düşmən əsirlərə tutaraq:

 

- Mən Allaham! Hər yerdə duz-çörəklə qarşılandım. Bayraqlarınızı ayaqlarımın altına atıb, təzim etməliydiniz mənə. Belə qanacaq, mərifət görmədim sizdə! Deməli, məni Allah saymadınız. Sezarı coşdurdu! Ağlını yerindən oynatdı nəfsin, tamahın "mən", "mənim" virusları. O, gözünü qabaq cərgədə boynunu çiyninə qoyub, zarıyan yaralı döyüşçüyə zillədi.

 

- Ölkələr arasında sərhədlər olmayacaq, Yuli Sezarın bayrağına sığınacaq bütün dünya millətləri. Mən Yuli Sezar yerlərin, göylərin yeganə Allahıyam - dedi "Yaralı" döyüşü, cərgədən irəli çıxaraq: - Xeyr. Bu, əfsanə söhbətdi. Səndən Allah olmaz, - dedi. Oxçular oxlarını ayağa çəkdilər, Yuli Sezar qılıncının ucunu "Yaralının" ürəyinə tuşladı. - Məndən Allah niyə olmaz?! - Ona görə ki, zalımsan. Allah səhv eləyən bəndəsinə qulaqburması verər. Onu maarifləndirər. Amma sən qılıncdan keçirirsən məzlum insanları. Allah olan, öz Allahından qorxar. Belə qəddar əməllər yiyəsi sən heç vaxt Allah ola bilməzsən!

 

- Mən Allaham, Allaham! - bağırırdı Yuli Sezar. Bir an fikrə getdi, düşündü. Üzü güldü. Qırmacını baş yavərin kürəyinə çırpdı: Niyə kəsmirsən bu alçağın səsini? Bu Allahsızların hamısını özü də elə indi, gözümün qabağında, özü də diri-diri, çığırda-çığırda torpağa basdırın, - dedi.

 

Bu döyüşdə Yuli Sezar qələbə qazandı. İmperatorluq yolundakı rəqib aradan götürüldü. O, artıq senatın qapısından imperator ədalarıyla girdi içəri. Addımları döşəməni titrətdirdi. Başını dik qaldırıb yuxarı lojalarda oturanları gülə-gülə salamladı. Ancaq lojadakılar "urra"larla cavab vermədilər ona. Əllər çarpılmışdı bir birinə. Ayaqların yerə döyə-döyə "İmperator Yuli Sezara eşq olsun" bağırmadılar. Sezar senatın sədrinə yaxınlaşdı:

 

- Dostlarımda soyuqluq görürəm özümə qarşı.

 

Sədr təmkinlə: - Sən imperator kürsüsünə layiq deyilsən - dedi.

 

- Nəyə görə? Qüsurum nədədi?

 

- Çünki diktatorsan! İnsanları diri-diri torpağa basdırmısan. Qay əyalətini şəxsiyyətə pərəstiş üsuluyla idarə etmisən!

 

Yuli Sezarın qanında "mən", "mənim" virusları qızışıb, onu vəhşiləndirdi. Sezar qılıncını sıyırdı. Nişançı nizəçilər iki nizə tuşladılar Yuli Sezara. Kürəyinə atılan nizənin ucu boğazından, sinəsinə hədəflənənin ucu kürəyinin ortasından çıxdı.

 

Yuli Sezarın "kütləvi məhv etmək üsulu" dünya faşizminin banisi Adolf Hitlerin xoşuna gəlmişdi. "Çox dinamik dağıntı törədir. Sanitariya baxımından analoqu yoxdur. Ən gözəli odur ki, hüceyrələr xəstəlik yaymaz yer üzünə", - demişdi. Adolf Hitlerin cəza dəstələri əsir götürdükləri yüzlərlə insanı, Kiyev şəhəri yaxınlığındakı "Babiy Yar" deyilən yerdə diri-diri torpağa basdırdılar. Deyilənlərə görə, "canlı qəbiristanlıq" bir həftə enib-qalxmış, torpaq nəfəs almışdır.

 

Faciəvi hadisələr arasından uzun-uzun illər, uzaq əsrlər keçir. Lakin insanın daxilini, batilini də gəmirən "Mən" və "Mənim"in dağıdıcı xisləti dəyişməz qalır.

 

Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə hər yerdən əli üzülən ermənilər "qorxu", "vahimə", "stress" doğuran əməliyyatlara əl atdılar. Cəbhə xəttindən, döyüş meydanlarından çox-çox uzaqlardakı şəhər və kəndlərimizi bombaladılar. Hərbi konvensiyalarla qadağa qoyulmuş "İskəndər" raketləriylə Gəncə şəhərinin altını üstünə çevirdilər. Lakin düşmənlərin arzusu gözündə qaldı. Gəncəlilərə "xox" gələnlər əhalini "stress", "vahimə" həddinə qaldıra bilmədilər. Orduda fərarilik yaranmadı. Dövlətlə xalq arasındakı möhtəşəm "Çin səddi" birliyi qırılmadı. Gəncəlilər bir atəşə min atəşlə cavab verdilər. Hadisədən on dəqiqə keçmiş, xəbəri eşidən əsli Gəncədən olan iki təyyarəçi komandirlərindən xəbərsiz "samavolnı" havaya qalxmış, ön cəbhə xəttindəki bir neçə sursatı, yanacaq anbarını, raket-artileriya birləşmələrini darmadağın etdilər.

 

İkinci Dünya müharibəsinin ilk günlərində, Reystaqda keçirilən müşavirədə Adolf Hitler öz mənfur məramını açıqladı. "Mənim millətim istedadı, yeni-yeni kəşflərilə də başqa millətlərdən seçilən, ən ali irqə mənsub, yeganə, tək millətdir. Biz sürətlə zəbt edəcəyik! Hərbi və mülki əsirlərimiz çox olacaq. Onların ruhlarını incitməyin. Qaz kameralarında rahatca boğun".

 

Adolf Hitlerin "Ruhları incitmədən məhv etmək" şüarından ilham alan erməni qaniçənləri Leninakan rayonunun azərbaycanlılar yaşayan kəndində az yaşlı uşaqları, yeniyetmələri də boş su borusuna doldurdular. Borunun hər iki başını qaynaqlayıb, içəridəkiləri boğdular. Sonra da altına, üstünə bol-bol benzin çiləyib yandırdılar.

 

Oxucuların nəzərinə çatdırdığımız dağıdıcı hadisələri biri-birindən uzun-uzun əsirlər, üfüqlərdən üfüqlərə uzanan yollar ayırır. Lakin bütün hadisələr mahiyyət etibarilə dağıdıcıdır. Səbəb nədir? Çaylar macərasını dəyişir, göllər quruyur, dənizlər sahillərdən çəkilir, dağlar yamaclanır, buludlar qaralır, yağış, suların tamını dəyişir. Ancaq "mən", "mənim"in əsiri olan insanların xisləti dəyişmir. Neçə milyard il bundan əvvəl Adəm öz "mən"ini, körpəsinin marağından üstün tutdu. Müasirimiz Adolf Hitler də öz marağı naminə "mən" və "mənim" viruslarının əsirinə çevrilərək dünyanı alt-üst elədi...

 

Dağıntılar bizi qədəmbəqədəm izləyir. Bəzilərimiz qabağını almağa çalışır, buna nail olur. Əhsən! Min əhsən! Amma bəzilərimiz də, təəssüflər ki, dağıntılara biganəlik göstəririk. Oxuduğunuz bu əsər, Sizi baş verəcək dağıntılar önündə sədd olmağa çağırır.

 

Yusif HƏSƏNBƏY

Ədəbiyyat qəzeti.- 2021.- 4 dekabr. S. 27.