25 dəqiqəlik
yol
Hekayə
İyul ayının sonları idi. Hava çox
isti olduğundan evdə oturub, kompüterdə "Troya"
filminə baxırdım. Hektor-Axilles
qaşıdurması təzəcə başlamışdı
ki, telefonum zəng çaldı. Möhtəşəm
səhnənin təəssüratı yarımçıq
dayandırıldığı üçün
üzümü turşudaraq "Pauza"nı
basdım və telefonu götürdüm. Zəng
vuran uşaqlıq dostum Zaur idi. Mən
Sumqayıtda qalanda bizə tez-tez gələrdi. Həyət evinə köçdükdən sonra isə
mən onlara tez-tez getməyə başladım. Əslində bunun belə olmasını Zaur istəmişdi.
"Bütün günü ya evdə oturursan,
ya da bağın içində gəzişirşən.
Sən də küçəyə
çıx, insanlara qarış, ətrafda baş verənlərdən
xəbərdar ol" deyirdi mənə. Əslində
haqlı idi. Bütün işlərimi
kompüterin üzərində qurmuşdum. Hətta sahib olduğum kiçik biznesimi də evdən
idarə edirdim. Zaurgilin evləri də
yaşadığım qəsəbədə idi və 3 ay əvvəl
aldığım motorlu əlil arabası ilə 25 dəqiqəyə
onlarda olurdum. Getdiyim yolun çox hissəsi
torpaq və kələ-kötür olmasaydı, bu yolu 10 dəqiqəyə
də gedə bilərdim.
Zaurun səsi telefonda çox şən gəlirdi. Bir az
hal-əhval tutduqdan sonra mənə sürprizi olduğunu və
saat 7-də onlarda olmağımı istədi. Telefonu
söndürər-söndürməz motorlu arabanı
şarja qoşdum və bayaqkı maraqla filmin davamını
izləməyə başladım. Saat 18:20-də
arabanın enerjisi tam olaraq dolmuşdu və mən telefonumla
kepkamı da götürüb bağdan çıxdım.
Bağımızın yerləşdiyi küçədən
çıxar-çıxmaz, yaşlı bir qadınla
qarşılaşdım. Yanından
keçib-getmək istəyəndə qadının ah-vay etdiyini
eşidib dayandım. Əvvəlcə
düşündüm ki, yəqin, nə isə problemi var.
Kömək etmək üçün ona tərəf
çevriləndə gördüm ki, yaşlı qadın mənə
baxaraq, yanıqlı-yanıqlı deyir:
- Can ay
bala, can. Anan ölsün. Vay-vay-vay.
Səni belə gördüm, ürəyim
parçalandı.
Arada yaylığı ilə gözünün nəmini
də qurutdu.
Sonra isə təəccüblə ona baxdığımı
görüb ucadan dedi:
- Allah
köməyində olsun. Fikir eləmə, bala.
Mən də eyni ahənglə "Allah tezliknən sənə
rəhmət eləsin" deyərək, yoluma davam elədim. Ümumiyyətlə,
mən başa düşmürəm ki, niyə insanlar fiziki məhdudiyyətli
şəxs gördükdə öz problemlərini, xəstəliklərini
unudaraq, əlil insanın halına acımağa
başlayırlar. Hər zaman bu cür insanlarla
qarşılaşdıqda deyirəm ki: "Əlillik bizim
üçün dərd deyil, həyat tərzidir. Gedin öz dərdinizi çəkin".
Bizim
küçədən bir az aralı, yolun
üstündə market var. Marketin qarşısından
keçərkən qonşu küçədə yaşayan
oğlanlardan biri qarşımı kəsdi.
- Salam,
qaqa. Necəsən? Nəyəsə
ehtiyacın var? Qaqan alsın səninçün.
-
Yaxşıyam, şükür. Sən necəsən?
Yox, çox sağ ol. Heç nəyə
ehtiyacım yoxdu.
- Yenə
də olsun. Ürəyin nə istiyir, de. Hansı siqaretdən çəkirsən?
- Mən
ümumiyyətlə siqaret çəkmirəm. Təklifin
üçün çox sağ ol. Amma heç nə istəmirəm.
- Bəlkə
su alım içəsən? Smiçqa, ya da
kontur.
Davam edən
bu tip dialoqdan sonra, oğlanın dirəşdiyini görüb
dedim:
-
Yaxşı. Bir dənə "Snikers" al,
evə gedəndə çaynan içərəm.
"Qaqaş" tez marketə girdi və əlində
"Snikers" geri döndü. Mən
"Snikers"i ondan alıb, yaxınlıqdakı zibil
qutusuna tullayaraq ordan uzaqlaşdım. Bir az
getdikdən sonra güzgüdə "qaqaş"ın əsəbi
üzünü və arxamca baxan təəccüb dolu
gözlərini gördüm. Yəqin, ürəyində
məni qınayır, haqsız sayırdı. Amma öz səhvini dərk etmirdi. Dərk
etmirdi ki: "Təklif hörmətdir, təkid nifrət".
Bir-neçə dəqiqə getdikdən sonra başqa
bir "bəla"yla qarşılaşdım. Yolun təqribən
150 metrlik hissəsi nisbətən dar olduğundan arxadan gələn
maşın mənim yanımdan ötüb-keçə bilmədi
və kəmhövsələ sürücü ard-arda siqnal
verməyə başladı. Torpaq yolda
arabanı yüksək sürətlə sürmək təhlükəli
olduğundan, məcburən yolumu əvvəlki qaydada davam
etdirdim. Bir az getmişdim ki, arxadan cod
səs eşitdim: - Bir az tez ol dəə. Karsan?
Dayanıb arxaya çevrildim və ortayaşılı
bir kişinin köhnə "Qaz-24"ün pəncərəsindən
çölə çıxmış əsəbi sifətini
gördüm.
- Tutaq ki,
mən karam. Bəs sənə noolub? Korsan? Görmürsən ki, kənara
çəkilmək olmur?
- Onda bir az tez get də. (Kişi qəzəbindən
qışqıra-qışqıra danışırdı).
Bura maşın yoludu ee, piyada yolu deyil. Ləngitmə məni, işim-gücüm var.
- Bilirəm
maşın yoludu. Elə mən də
maşın sürürəm. Özü
də mənim maşınım səninkindən bahadı.
- Nə
axmaq adama ilişmişəm əə. Əlil arabasın
maşına tay eliyir.
- Düz
deyirəm. (Mən qətiyyətlə dedim). Sənin
sürdüyün bu köhnə maşının qiyməti ən
çoxu 800 manat olar. Mənim arabamın isə 4000 manat
qiyməti var. Bu arabanı satsam sənin
maşınıvı da alaram, hələ üstəlik, səni
də özümə 1 illik sürücü tutaram.
Kişi pərt olsa da, daha heç nə demədi. Mənim yolun
geniş hissəsinə çıxmağımı gözlədi
və yolu açılan kimi sürətlə yanımdan keçərək,
yolun toz-torpağını üzümə, üstümə
və ciyərimə "hədiyyə" elədi. Bu
tip insanlar elə bilirlər ki, əlilliyi olan şəxslər
ikinci dərəcəli insanlardı və istədikləri
zaman öz istəklərini əngəlli insana diktə edə
bilərlər. Belələrinə demək istəyirəm
ki: "Heç yuxuda da görməzsiniz".
Qarşılaşdığım son 3 hadisədən
sonra geri dönmək istəsəm də, tez də fikrimi dəyişdim. "Zaurun sürprizi nədir,
görəsən?". Asfalt
yola çıxanda 10-12 yaşlarında 4 uşaq velosipedlə
mənə yaxınlaşdı.
- Əmi, bu sürdüyün benzinnən işliyir?
- Yox. Qaznan.
-
Yaxşıdı də, qaz benzinnən ucuzdu. (Uşaqlardan
biri özünü çoxbilmiş kimi göstərməyə
çalışdı).
-
Neçəynən gedir bu? (Başqa biri
soruşdu).
- Sizin
velosipedlərdən sürətli gedir.
- Bilirsən
mən necə velosiped sürürəm? (Çoxbilmiş
olanı dedi). Heç kim mənə
çata bilmir ki.
- İstiyirsizsə yarışaq. Görək kim
udacaq. Kim yolun sonundakı məktəbin həyətinə
birinci çatsa, ona "Fanta" alacam.
Təklifim uşaqların ürəyincə oldu. Yan-yana
düzülüb, yarışa başladıq. Onların sürəti mənimkindən 3 dəfə
yüksək olduğu üçün 2-3 dəqiqədən
sonra gözdən itdilər. Yarışı
uduzsam da əhvalım yüksəlmişdi. Ürəyimdə "Allah sizi qorusun" deyərək
sürəti azaldıb, ətrafı seyr edə-edə getməyə
başladım.
Bayaqkı xoşagəlməz hadisələri unutmaq istəyirdim
ki, qismət olmadı. Qarşı tərəfdən gələn
gənc bir qız yanımdan keçərkən "İraq
olsun" deyərək, qulağını çəkdi.
Mən də dərhal dayanıb ona baxaraq, eyni hərəkəti
etdim və "Bu qızın taleyinə bax", - deyə əlavə
etdim. Qız dayanaraq əsəbi-əsəbi soruşdu:
- Noolub
ki, taleyimə?
- O olub
ki, sən bu ağılnan çətin ərə gedəsən.
100 faiz evdə qalassan. Bu
ağıl, bu düşüncə ki, səndə var,
çətin ailə qura biləsən.
Qız - "Ağzının
danışığına fikir ver, əə", - deyə
üstümə çımxıraraq, iti addımlarla məndən
uzaqlaşdı. Mən isə düşüncəli halda
yoluma davam elədim. İnsanların fiziki
məhdudiyyətli şəxs gördükdə "İraq
olsun" deyərək qulağını dartmasını və
ardınca da barmağını hər hansısa taxtaya döyəcləməsini
heç cür anlaya bilmirəm. Axı
insanlar niyə dərk etmirlər ki, əlil olmaq dildə deyil
ki, "İraq olsun" deməklə özündən birdəfəlik
uzaqlaşdırasan. Qulaqda deyil ki, dartaraq
silib, həmişəlik yaxa qurtarasan. Ya da
hansısa taxtada yazılmayıb ki, 3-4 dəfə döyəcləməklə
pozub, əlillikdən birdəfəlik sığortalanasan.
Hər bir insan potensial əlil sayılır və istənilən
an hər hansısa bir xəstəlik ucbatından və ya qəza
nəticəsində əlil ola bilər. Belələrinə "Hər zaman Əlil insanlara
hörmətlə yanaşın. Sizin də
əlil olma ehtimalınız var" deyirəm.
Bu cür
düşüncələr içində avtobus
dayanacağının yanından keçəndə, dəblə
geyinmiş və saçını səliqə ilə
daramış bir cavan oğlan əlindəki portfeleni
qarşımda yerə çırparaq dedi:
-
Qaqaş, vacibiydi bu gün evdən çıxasan? Lap tutaq ki, çıxdın. Vacibiydi
burdan keçəsən? Lap tutaq ki,
keçdin. Vacibiydi ki, imenni indi keçəsən
burdan? Başqa yerdən gedə bilmirdin?
Başqa vaxt gedə bilmirdin? Niyə yoluma çıxdın axı? Sənə nə pisdiyim dəymişdi?
Cavan oğlanın üzündə təəssüf və
kədər vardı. Sonuncu iki sualı elə hüznlə verdi
ki, dayanacaqdakı insanların ona yazığı gəldi. Mən isə qəfil
qarşılaşdığım hadisənin və dolu kimi
üstümə yağan anlaşılmaz sualların
qarşısında çaşıb qalmışdım.
Özümü birtəhər toparlayıb soruşdum:
- Sən
kimsən? Nə lazımdı sənə?
- Mən
vacib işnən bağlı bir nəfərnən
görüşməyə gedirdim. Amma
qabağıma sən çıxdın. Çətin
ki, işlərim düz gətirə. Kaş,
qarşılaşmazdıq.
Mən
gic-gic əlamətlərə bu dərəcədə
möhkəm inanan birinin olduğuna heyrət edərək ona
acıqlandım:
-
Özüvə gəl, a bala. Sənin
üçün qara pişiyəm, nəyəm?
- Elə
demə, qaqaş. Şikəst insannan
qarşılaşmaq da uğursuzluqdur. Bu
gün işim düz gətirmiyəcək.
- Elə
bilirsən məndə təkcə uğursuzluq var? Məndə qara magiya da var.
- Nə
magiyası var? (Oğlan
çaşqınlıqla soruşdu).
- Məsəl
üçün. Ay bədrlənəndə 13 qəbirdən
götürdüyüm tozu və 40 qarğanın dimdiyini 7
qara pişiyin qanında qaynatmışam. Sonra
da cadulamışam. (Əlimi cibimə
ataraq) indi bu cadunu sənə sürtəcəm ki,
ömür boyu işlərin düz gətirməsin.
Bunları eşidəndə oğlanı sanki
ildırım vurdu. Portfelini yerdən götürüb, iti
addımlarla getdi. Bəzi insanlar
küçədə fiziki məhdudiyyətli insanla
qarşılaşdıqda bunu uğursuzluq kimi qəbul edir.
Bu tamamilə yanlış addımdır.
Bu cür düşünən insanlara demək istəyirəm
ki: "Əngəlli insanla qarşılaşmağın
sizin həyatınıza heç bir təsiri yoxdur. Nə pis, nə də yaxşı. Əgər uğursuzluqla qarşılaşsanız,
hansısa bəhanə axtarmaq yerinə, problemin əsl səbəbini
tapmağa çalışın". Digər
bir yanlış düşüncə də bundan ibarətdir
ki, güya əlil insan qarğış etsə, onun
qarğışı mütləq həyata keçər.
Bu cür düşünən insanlara isə deyirəm ki:
"Elədiyim qarğışlar həyata keçsəydi,
erməni ordusunu çoxdan topsuz-tüfəngsiz
dağıtmışdım. Yoxsa ki, belə bir xüsusi
bacarığımı sizə niyə sərf eliyirdim ki?". Düşüncənizə
tüpürüm.
5-6 dəqiqə getdikdən sonra yolun digər tərəfinə
keçmək istədim. Lakin
maşınların hərəkəti intensiv olduğundan istəyimi
heç cür həyata keçirdə bilmirdim. Dəfələrlə cəhd etsəm də yolu
keçə bilmədim. Bu vaxt ərzində
məni kənardan izləyən 3 nəfər oğlan yola
çıxaraq, hər iki tərəfdən gələn
maşınları saxladılar və mənim keçməyimə
şərait yaratdılar. Yolu keçərək, onlara
təşəkkür elədim: "Yolunuz daim açıq və
uğurlu olsun".
Burdan belə yolum yenə də torpaq və kələ-kötür
idi. Bir az getmişdim ki, telefonuma zəng gəldi. Danışmaq istəyəndə telefon əlimdən
düşdü və nə qədər cəhd eləsəm
də əyilərək, onu yerdən götürə bilmədim.
Bu zaman qarşıdan gələn maşın
yanıma çatanda dayandı. Sürücü
maşından düşərək heç nə demədən
telefonu götürüb mənə verdi və
maşınına əyləşib getdi. Mən
isə ürəkdən "təşəkkürlər"
deyərək, yoluma davam etdim.
Küçələrin birində 7-8 qadın bir
darvazanın qarşısına toplaşıb söhbət
edirdilər. Ətrafda isə müxtəlif yaşlarda 10-15
uşaq oynayırdı. Qadınlardan 3-4
metr aralanmışdım ki, 2-3 yaşlarında bir qız
uşağı gəlib düz qabağımda dayandı və
maraqla mənə baxmağa başladı. Çox güman ki, araba onun diqqətini cəlb eləmişdi.
10-15 saniyə gözlədikdən sonra
gülümsəyərək, "Sən nə şirin
qızsan?" - dedim. Lakin cümlənin
ardını gətirə bilmədim. Çünki
qadınlardan biri dəstədən ayrılaraq - "Qorxma
qızım, gəlirəm. Anan burdadı,
qorxma" - kimi sözlər
qışqıra-qışqıra bizə tərəf
qaçmağa başladı. Yanımıza
çatar-çatmaz qızını qucağına alaraq
"Çox qorxmadın?" - deyə
soruşdu. Mən əsəbi halda dedim:
- Uşaq
qorxmurdu ee, sən qorxurdun. Uşağın vecinə
də deyil, amma sənin rəngin ağarıb.
- O hələ
qanmır. Bilmir ki, ona ziyan verə bilərsən.
İstəmirəm qızım da sənin kimi
çolaq olsun.
-
Uşağa heç vaxt zərər vermərəm. Amma belə getsə, səni ziyana salacam.
- Neyniyə
bilərsən mənə? (Qadın üzümə
bozardı).
- İndi sənə tərəf öskürəcəm,
sən də ömürlük əlil arabasında oturassan.
Qadın bunu eşidən kimi dodaqaltı
mızıldanıb, sürətlə məndən
uzaqlaşdı. Mən isə, təbii ki, yoluma davam elədim.
Bəzi insanlar düşünür ki, əlil
arabasında oturanların problemləri keçicidir. Buna görə də əlil arabasında oturan
insanlarla münasibətdən, ünsiyyətdən
qaçırlar və hətta onlara yaxınlaşmaqdan belə
qorxurlar. Halbuki insanı əlil
arabasına məhkum edən səbəblər əsasən bədən
üzvünün amputasiyası, onurğa sütununun zədələnməsi,
"Serebral iflic", "Distrofiya", "Miasteniya" və
sairə olur ki, bunların da heç biri keçici deyil.
Hər zaman bu cür düşünən insanlarla
qarşılaşanda deyirəm ki: "Allah sizə
ağıl, mənə pul versin".
Növbəti 10 dəqiqədə heç bir problemlə
qarşılaşmayanda xoşagəlməz hadisələrin
bitdiyini düşündüm və dərhal da səhv
etdiyimi anladım. Qarşı tərəfdən 3 qadın
gəlirdi və öz aralarında nə barədəsə
söhbət edirdilər. Qadınlardan biri məni
gördükdə söhbətini yarımçıq
saxlayaraq uca səslə:
- Bunun
burda nə işi var? Bu vəziyyətdə nə
vacibdi ki, çölə çıxıb? Özü də tək. Özünə
görə deyil. Bunun valideynləri hara
baxır? Niyə tək buraxıblar bunu?
Dedi və
bütün bunlar azmış kimi, yanıma çatanda məndən
soruşdu:
- A bala, sənin
yiyən hanı?
- Yiyəmi
neyniyirsən, ay xala? Mən özüm kimlərəsə
yiyəlik eliyirəm.
-
Bıyy. Bunda dilə bax, aaz. Utanmırsan anan yaşdakı qadına cavab
qaytarırsan?
- Anamla
yaşıd ola bilərsən. Amma anam qədər
ağıllı, mədəni, savadlı ola
bilməssən. Anam heç vaxt insanlara fiziki
görünüşünə görə qiymət vermir və
onları yoldan saxlayaraq, işinə qarışmır.
Onun susduğunu görüb yoluma davam etdim və sadəcə
ürəyimdə "Sənə nə dəxli var?" - dedim.
Zaurgilin həyətinə çatmağa 100-150 metr
qalmış, yolun sonuncu xoş olmayan əhvalatı ilə
qarşılaşdım. Az öncə
yanımdan ötüb-keçən yaşlı kişi
arxadan məni səslədi. Dayanıb geri
çevrildim. Kişi yanıma çatan kimi əlini
cibinə salıb, 1 manat çıxardaraq mənə
uzatdı:
-
Götür. Özünə bir şey alarsan.
- Nəzir
verirsən mənə?
- Nəzir
deyil. Dayının şotuna bir konfet alıb yeyərsən.
- Allah eləməsin
sən ağılda dayım olsun. Sənin kimisin küçədə
görəndə salam vermirəm.
- İnsanlıq eliyib pul təklif elədim də sənə. Niyə təhqir
eliyirsən məni? (Kişi pərt halda
soruşdu).
- Belə
deyil. Məni dilənçi hesab elədin.
Düşünürsən ki, nəzir
adıynan evdən çıxartdığın bu 1 manatı
fiziki problemi olan birinə versən, bütün xata-bəla
evdən uzaq olar. Səhv
düşünürsən.
- Əvvəl-axır kiməsə verməliyəm bu
pulu.
Mən - "Küçədə dilənən insanlara
ver" - deyərək, ordan uzaqlaşdım. Məni dilənçi
zənn edərək 1 manatınıza möhtac olduğumu
düşünənlər. "Sizin düşüncənizi...".
Zaurgilin darvazasına çatanda saata baxdım. 19:05. Hər zaman 25 dəqiqəyə
gəldiyim yolu bu dəfə 45 dəqiqəyə gəlmişdim.
Qapını açması üçün
Zaura zəng vurdum. Bir-neçə dəqiqədən
sonra Zaur, əlində tutduğu sürprizi ilə qapıda
göründü.
Bəli, yolboyu mənə fərqli münasibət
göstərən insanlara mən də mənfi münasibət
göstərdim. Bəzilərini lağa qoydum, bəzilərini
təhqir etdim, bəzilərinin də başına
ağıl qoydum. Buna görə məni
qınamayın, danlamayın. Çünki
sizin mənimlə işiniz olmasaydı, mən də sakitcə
öz yolumla gedəcəkdim. Birinci siz
başladınız!
Tural Turan
Ədəbiyyat qəzeti.-
2021.- 4 dekabr. S. 30-31.