Anamın
vəsiyyəti
Hekayə
Atam anamı at belində
görüb bəyənmişdi. Dediyinə görə,
elə həmin gün də gözündə
çınqı oynamışdı:
- Anan at
belində idi, mən də piyada... təzə doğulmuş
quzunu evə göndərmək üçün
örüşün qırağındakı yola
çıxıb ayağı minəkli gözdəyirdim ki,
gödəkcəmə bükdüyüm çaralı quzu
soyuqdan donub ölməsin. Quzunu kəndə elə
ananızdan göndərmişdim.
Ana babam
qızı verməyincə, atam elə anamın atı ilə
onu qaçırmışdı:
-
Gördüm əli-qolu çox oynayır,
sırıxlını soyunub, ananızı kürəyimə
şəllədim, ta tərpənəmmədi. – Söhbətin
burasına çatanda həmişə
qımışardı. – Özü də başqaları kimi
kiminsə öyünə yox ha, öz komama gətirmişəm.
Yalınçıxlar qaynatama qızı öz öyünə
aparıf –xavarını çatdıranda bir kəlmə
deyifkin, qaçırılanın dalınnan getməzdər,
rəhmətlih ağırrıx eləmişdi, üstümə
adam salmamışdı...
...Anam
çox ötkəm bir xanım idi. Sözünün
də, üzünün də zəhmi vardı. Qaşlarının düyününü təkcə
atamın yanında açardı, bizə də düyün
göstərərdi. Evdən bayıra
çıxdımı qaşları çatıqlı,
başı şallı, üzü yamşaqlı olardı.
Yaxşı at çapmağı vardı.
Atam demiş, dava-dərmançılığı
qurtarmışdı. Sizin dilinizdə desəm,
farmokoloq idi. Atamla evlənə qədər
bir müddət kənd aptekində işləmişdi.
Sonra atamın yanında özünə yurd-yuva eləmişdi...
Biz atamıza qağa deyirik. Biz
gözümüzü açandan qağamızı təhsilsiz,
amma əli kitablı görmüşük. Bir kitablığı var idi. İçəriyi
hikmətli sözlər, aşıq ədəbiyyatı,
folklorla dolu idi. Bizə də oxudurdu.
Özü də pulla, əlli səhifəsinə
bir manat verirdi. Manatı döş cibindən
çıxarmamış oxuduğumuz yerə qədər
sorğu-sual edər, sonra da əlləri əsə-əsə
pulu bizə sarı uzadardı. Anamın da bir
sözü vardı:
- Ay
qoçu, bu züryətdəri indidən pula öyrətmə,
uşax nədi, pul tanıdı nədi?
Qağam
həmişə anam belə deyəndə bığaltı
gülümsünərdi:
-
İşin yoxdu a xanım, oxumamaları üçün
vermirəm kin...
Rəhmətlik
anam zirək xanım idi, dədəmizdən də zirək;
di gəl ki, ağlımız kəsəndən
qağamızın üzünə ağ
olduğunu görmədik.
Atamı çox sevirdi. Zalım qızı
yaman qısqanc idi. Qağam da telli-telmikli, ağbəniz
bir adam idi. Kəndə-kəsəyə
çıxmaqla arası yoxuydu. Toyda-mərəkədə
bir-iki saat oturub gözə göründükdən sonra gəlib
evdə anamın bişirdiyi yeməkdən yeyər, sonra
xalxalın qarğı qapısını açıb,
Basarın zəncirini əlinə keçirib, heyvanları
örüşə aparardı. Basar
qapımızın itinin adı idi.
...Qağam
toyda mərəkədə yemək yeməzdi. Biz soruşanda
da:
-
Ananızın yeməhlərinin yerini vermir, bala. Dadı-duzu yerində döyül. Əmbə bu dedihlərimi gedif onun yanında demiyin
ha, əyağı yer almasın.
Kənddə toy-düyün olmayanda atam dan yeri örpəyini
başından açmamış qoyunlarımızı da
götürüb qapıdan çıxar, bir də axşam,
göy üzü mıs-mırığını sallayanda gələrdi. Axşam evə
gələndə həmişə kefi kök olardı.
Bir sözü vardı:
- Elə
ki, açıldı qannı savaxlar, hehe-he, hoho-ho; elə ki,
gəldi susqun axşamlar, yihayi-içhaiç...
Sonra da gülüb bizlərə göz vurardı.
...Atam gələndə
hamımız həyətə çıxıb onu
qarşılamalıydıq. Atam gələndə
hamı evdə olmalıydı. İki nəfər
darvazanın qapılarını taybatay açıb hərəsi
bir tayından tutardı. Elə bil
qapıdan içəri bəy oğlu bəy girir. Bayırda baytaqlaşanımız olanda da qoyun gələn
çağı evdə olmalı idi. Anam
bizi belə öyrətmişdi. Özü
də kişinin ayağına su isidərdi, məhrabanı da
kürəyinə salıb gəlib kişinin
ayağını yuyar, sonra da qurulayardı.
Bayaq dedim
axı, anam qısqanc xanım idi. Biz hər
Novruzda küllü-külfətli qəbir üstə
ölülərimizi yoluxmağa gedərdik. Birini qoyub o
birinə getmək kimi olmasın, bizim Qarayançaq elində
qəbristanlığa sonevlik deyirlər, məzara da sonev... Nə başınızı ağrıdım, hər
dəfə sonevliyə gedəndə nənə-babalarımızın
qəbrini daşla döyüb gəldiyimizi xəbər elədikdən
sonra atamın ilk məhəbbətinin də üstünə
gülab səpərdi. Telli atamın ilk məhəbbəti
olub. On beş yaşında soyuqdəymədən
ölüb. Atamla üçüncü sinifdən
istəşirlərmiş. Telli öləndən
sonra atama qız bəyəndirə bilmirlərmiş. Axırda otuz yaşında anamı görüb bəyənib.
Anam hər
dəfə qəbir üstə gedəndə həmişə
Tellinin sonevinin üstə birinci gedib gülabı tökər,
qəbrdəki şəklin üz-gözünü
yaylığı ilə silər, bizi də götürüb
oradan bir az uzaqlaşardı. Sonra atam əlinə yerdən daş
götürüb Tellinin sonevini dınqıldadardı.
...Şeytanın
qulağı kar olsun, amma Telli anamdan yaraşıqlı olub
ha, hələ də qəbirdəki şəklindən
kişmişi gülüşlü, suyu isinməmiş bir
qız baxır...
Günlərin bir günü, yenə də Novruz ərəfəsi
sonevlikdən geri qayıdanda dözməyib anamadan soruşdum
ki, dədəm örüşə getməyə
hazırlaşıb saçlarına daraq vuranda
qısqanırsan, amma Tellinin qəbrini daşla
dınqıltmağına bir söz demirsən?!
Qaşlarının
düyünləri açılmasa da, dodağı xəfifcə
qaçdı:
- Bilsəm
kin, Telli büyün diriləjəh, munnan sooram sonevliyə nə
özüm gedərəm, nə də
qağanqımızı qoyaram. Əmbə
ölüfdü, yeri işıxlı olsun, qısqanmeram ona
örə kin, sonevindən qalxıf gələsi ha
döyül.
Həmin gün anama heyrət eləmişdim. Qadın
qısqanclığının son ümid təsəllisi məni
yamanca silkələmişdi...
...Günlərin
bir günü qapımızın çoban iti Basarı irəmədə
hansısa çobanın xıltasız it sürüsü
boğmuşdu. Yaman qanlıpəncə it idi,
sürüdən heyvan tutdurmazdı. Bircə
atamla anama yaxınlıq verərdi. Bizi də
iyimizdən tanıyırdı. Örüşdə iy alan kimi qoyunların dövrəsində
dolanardı.
Axırıncı gün anam atla atama yemək aparıb
qayıdarkən yolda külək anamın şalını
başından salır. Atam nə qədər arxadan səsləsə
də anam küləyin səsindən kişini eşidəsi
olmur. Atam da şalı yerdən götürür,
qoyunları da Basarın ümidinə qoyub evə gəlir.
Anam qapıya çathaçatda
yaylığının başından
açıldığını duyur. Dilini
dişləyir, elə bilir ki, örüşdə kişinin
yanında unudub. Aradan yarım saat
keçməmiş atam yaylığı atama
çatdırır.
Bu haqq-hesabı biz həmin gün axşam
eşitmişdik. Evdə yox idik. Atam
yaylığı anama verib geri qayıdanda görür ki,
Basar can üstədir, boynu da qızıl qan. Bu
günə qədər də onu kimin gədəsinin
boğdurduğunu bilmədik. Axşam atam
Basarı evə qucağında gətirdi. İt artıq keçinmişdi, çənəsi
də düşmüşdü. Hamımız
yerimizdə donub qalmışdıq.
Atam
çomağını mənə verdikdən sonra anamdan fənər
istədi:
-
Uşaqların hamısını çağır gəlsin,
Basarı basdırajıyıx. Məhlənin ayağında
morux kolluğunun yanına gəlinq...
Sonra atam əl damından bel və kürək götürüb
moruq kolluğuna sarı getdi. Qapımızın
çoban itinin qəbrini özü qazdı. Özü
də ağlaya-ağlaya:
- Dədəm
öləndə ağlamadım. Nə illah elədim,
gözümnən yaş çıxmadı. Əmbə Basar kimi bir etibarlı itin belə ölməyi
mənim dizimi bühdü. Basar bu qapının əl-əyağıydı...
Öldü, qapımı da itsiz qoydu.
Qapının gözü-qulağı getdi, ay Sayalı... Bu iti bu günə qoyanı tafsam, əridif
çıxdığı deşiyə tökəjəm.
Atam ilk dəfə anama adı ilə səslənirdi. Birinci dəfə
də bizim yanımızda söyüş söyürdü.
Basarın üstünü torpaqladıqdan sonra
hamımız ağlaşa-ağlaşa evə getdik. Anam dil deyib
ağlayırdı. Əlində
böyütmüşdü onu. Hətta bir dəfə
anam dedi ki, Basar sizin süd qardaşınızdır.
Hamımızın gözləri bərəlmişdi, hətta
atamın da... Sən demə bizim xanım beş-on
günlük Basara öz südündən veribmiş:
- Basar
onda əl boyda küçüh idi. Gözdəri
yenicə açılmışdı. Qağanqız
bir həftə olardı kin, Qarabaldır tərəfdən
Cülöyüz addı çovan yoldaşınnan alıf gətirmişdi.
Ağtühlülərin də soğulan vədəsiydi.
Qonum-qonşuya getdim, qatıq-süd
tapılmadı. Onda Ötkəm təzə
doğulmuşdu-sonbeşik qardaşımızı deyir- bir
döşümün südünü ona əmizdirdim. Bir döşümü də sağıb Basara
içizdirdim. Savağı gün
qağanqız gedif kəndin o başınnan bir balon süd
tapıf gətirmişdi.
Günlər, aylar ötdü. Atam Basarın yerinə
qapıya başqa it gətirmədi. Anam nə
qədər etsə də, atam demiş, qapımız
"gözsüz-qulaxsız” qaldı.
Basarın ölümünü biz bir də çox
sonralar, anam ölən gün xatırladıq. Yazıq arvad can üstə
idi. Xırıldayırdı. Sözlər ağzından qırıq-qırıq
çıxırdı. Amma
gücünü toplayıb söyləmək istədiyini
aydın deyirdi. Əvvəlcə
qardaşım Ötkəmi çağırdı, sonra
hamımızı başına topladı. Dediyini dedi,
amanat sözlərini də hamımıza bircə-bircə
çatdırdı:
-
Atanızı çağırın, özünüz də
otaqdan çıxın. Bircə sən qal – məni
əli ilə işarə etdi – bunların içində
ağzıpütöy sənsən.
Böyük qardaşım atamı gətirdi. Anam ağzını
açmağa qoymadı:
- Ay
qoçu, bu vaxta kimi sənnən heşzad is... is... istəməmişəm
(udqundu)
Atam
kövrək və xırıltılı səslə:
-
Özünqü əzyətə salmaynan, ay Sayalı.
Anamın
qaşları çatıldı:
-
Sözümü kəsmə kişi,
gör nə deyirəm. Bilirəm kin, mənim
üstümə bu uşaqlara ciji gətirmiyəssən.
Sənin etibarınqa bələdəm. Basar ölənnən sooram qapımıza da təzə
it gətirmədinq. Elə onnan sooram an...an...
anladım ki, sən sevginqə, hissinqə
pütöy adamsanq. Bilirəm ki, mən də səninq
baş qoyduğunq tək yamşaxlı olujam. Əmbə məni Tellinin yanına basdırarsan, saa
son vəsiyyətim budu.
Atamın da qaşları çatıldı. Gözucu mənə
baxdı, bir-iki addım geri çəkildim. Anam dilləndi:
- Birdən Nooruzda zadda yadınqnan çıxaram, mənim
sonevimə gəlməzsən. Əmbə Tellini
heş vaxt unutmadınq. Ona görə də
onun üstünə gələndə, heç olmasa maa da dəyərsənq.
Üstümə gülaf töhməsənq də olar, əyax
səsinqnən tanıyajam ki, sənsən...
Bu, anamın son sözləri oldu. Onu "cici
mamamızın” yanında basdırdıq. Amma atam anamın bu son vəsiyyətindən yaman
incimişdi. Büruzə verməməyə
çalışırdı, amma mən hiss eləmişdim.
Artıq beş ildir ki, atam qoyunları qəbristanlığın
yanındakı örüşdə otarır. Yeməyini
də özü ilə aparır. Bizi
arxasınca isti yemək gətirməyə qoymur. Başqa yerə aparmır. Özgəsinə
də imkan vermir ki, qoyunlarını həmin örüşə
çıxarsın. Bir dəfə
dözmədim, atama - niyə qoyun-quzunu burada ajınnan
öldürürsən? Döyənəh eləmisən
buraları, yoncalığa niyə aparmırsanq?-
dedim.
Bir siqaret
yandırdı, sonra bığlarına əli ilə
sığal çəkib udqundu:
-
Ananqıza göz-qulax oloram, yeməyimi də ananqızın
qəbrinin üstündə isidib yeyirəm. O göydəki
kişiyə and olsun ta Tellinin soneviynən də
baxışmeram...
10-12 noyabr 2021
Bakı
Tural Turan
Ədəbiyyat qəzeti.-
2021.- 4 dekabr. S. 31.