Məğlubedilməz romantika, yaxud Cavidşünaslığın sonsuz cazibəsi

 

"Cavid əbədidir, qalacaq nami cahanda" uzaqgörənliyi ilə söz açırdı unudulmaz qəzəlxan Əliağa Vahid ustadı Hüseyn Cavidin əbədilik rəmzi olan sənəti, şəxsiyyəti barədə. Əminliklə yazırdı ki, "övladi-vətən zövq alacaq hər əsərindən..."

 

Yazıldığı tarixdən bəri ötən hər gün, uzun onilliklər, əsrlər belə bu lirik şəhadəti dönə-dönə təsdiqləməkdədir. "Azərbaycan ədəbiyyatının romantik korifeyi" (İsa Həbibbəyli) Hüseyn Cavidin "bəşəri idealları, onun hümunizmə, beynəlmilləçiliyə və demokratizmə ehtiraslı çağırışları bu gün də bizim ədəbiyyatımız üçün doğmadır" (Yaşar Qarayev). Elə bu səbəbdən də aktuallığını itirmir. Tədqiq edilir. Öyrənilir. Ötən hər gün yenidən Cavid əfəndiyə qayıdış zərurəti yaradır. Tarixi Cavidsiz, Cavidi çağdaşlıqdan kənarda təsəvvürə gətirmək olmur. Hər yeni gün, yeni elmi-ədəbi axtarışlar yolçuluğu istər-istəməz gəlib Caviddən keçir. Cavidşünaslıq sahəsi axar su kimi yenilənir, yenidən şaxələnir, əsərləri "Səhnələrdən insana, həyata və azadlığa məhəbbət və ümid mahnısı oxuyur" (Məsud Əlioğlu). Təlqin edir ki, "romantika məhv olmur, məğlub edilmir, qorxunc qüvvələr önündə geri çəkilmir". Çünki özülündə Eşq istedadı dayanır. Bu məğlubedilməz istedad fərdi dünyəviləşdirir, onu bəşəri missionerə çevirir. Bir yaradıcı insan ömrünü tədqiqat, araşdırma sahəsinə, mövzusuna yönəldir.

 

Elə dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya biləcək 30 cildlik "Cavidşünaslıq" araşdırmalar elmi salnaməsinin araya-ərsəyə gəlməsi də bu reallıqdan qaynaqlanır. Görkəmli sənətkarın şəxsiyyəti və yaradıcılığı haqqında 1912-ci ildən yönü bəri çap olunmuş məqalə, resenziya, mühakimə və müzakirə mətnlərindən, şeir və poemalardan seçmələri bir araya gətirən 30 cildlik nəşrin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, layihə rəhbəri akademik Teymur Kərimli, tərtibçisi professor Gülbəniz Babaxanlıdır. Toplu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş "Azərbaycan və Türk xalqlarının ədəbiyyat və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri" elmi-tədqiqat proqramı çərçivəsində Hüseyn Cavidin ev muzeyinin təşəbbüsü ilə nəşr olunub.

 

"Cavidşünaslıq" araşdırmalar toplusunun birinci cildi akademik İsa Həbibəbylinin "Azərbaycan ədəbiyyatının romantik korifeyi Hüseyn Cavid" adlı ön sözü ilə açılır. Vuğrulanır ki, hazırda Cavidşünaslıq Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm istiqamətlərindən birinə çevrilmişdir: "Azərbaycan Cavidşünaslığı geniş mənada 20-ci əsrin əvvəllərindən etibarən bir əsrlik böyük və keşməkeşli yol keçmişdir. Bu dövrdə meydana çıxmış monoqrafik tədqiqatlar, dissertasiyalar, salnamə və məqalələrdən Cavidşünaslığın çoxcildlik külliyyatını yaratmaq mümkündür. Cavidşünaslığın keçdiyi çətin və məsuliyyətli yol eyni zamanda Azərbaycan ədəbiyyatşünaslıq elminin çətinlikləri və uğurlarını özündə əks etdirir... Azərbaycan Cavidşünaslığının çoxcildlik elmi salnaməsini yaratmaq nəticə etibarilə milli ədəbiyyatşünaslıq elminin təşəkkülü və inkişafı yollarını bütün təfərrüatları ilə tədqiq edib, ümumiləşdirmək deməkdir. Bu şərəfli missiyanı yerinə yetirmək Azərbaycan ədəbiyyatşünaslıq elminə xidmət nümunəsi sayılmağa layiqdir".

 

Çoxcildlik toplunun tərtibçisi, filologiya elmləri doktoru Gülbəniz Balaxanlı qeyd edir ki, Hüseyn Cavidin bədii-fəlsəfi yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyəti xəzinəsinin ölməz dəyərləri sırasına çoxdan vəsiqə almışdır:  "Cavid sənətinə hələ keçən əsrin 70-ci illərindən maraq göstərən ümummilli lider Heydər Əliyev onun adını Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirənlər sırasında çəkmişdir... Cavid yaradıcılığını hələ ədibin öz sağlığında tədqiq və təhlil olunmağa başlamış, onun ədəbiyyatımıza gətirdiyi ölməz bəşəri dəyərlər araşdırma obyekti kimi mətbuat səhifələrində öz əksini tapmışdır. Bu araşdırmaların bir araya gətirilərək ayrı-ayrı toplular halında çap edilməsi Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev Muzeyinin elmi fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. "Cavidşünaslıq" toplusunun yaradılması ideyası da məhz bu fəaliyyət istiqamətinin gerçəkləşdirilməsi yönündə atılmış addımlardan biridir".

 

Çoxcilidli topluya daxil edilən seçmələr 1912-ci ildən bəri Hüseyn Cavid şəxsiyyətinə, onun çoxşaxəli yaradıcılığına olan ziyalı münasibətini müxtəlif yönlərdən ifadə edir.

 

Bu cildlərdən Seyid Hüseynin H.Cavid barədə dərin sayğılarla izhar etdiyi "alicənab, nəzakətli bir mühərrir" münasibəti keçir, Məhəmməd Hadinin "şairi-nəzihətpərvər" bəradəri Cavid əfəndinin "Bahar şəbnəmləri" kitabına daxil etdiyi "Pəmbə çarşaf" şeirinə cavabən yazdığı "Əlvahi-nəfasət" mənzuməsi və "Örtün" deyirsən" şeiri oxucu diqqətini əlbəəl cəlb edir.

 

"Millət" qəzeti 26 iyul 1918-ci il tarixli sayında böyük ədibin "Maral" faciəsinin avqustun 2-də Bağçasarayda tələbələr tərəfindən oynanılacağı xəbərini verir. Ə.Y. imzalı müəllifin 1919-cu ildə "Azərbaycan" qəzetinin 330-cu sayında Cavid əfəndiyə həsr etdiyi "Getmə" şeiri diqqətə çatdırılır. Hələ bir unudulmaz Əziz Şərifin, Qulam Məmmədlinin, Kantəmirin, Cəfər Cabbarlının, Əli Nazimin, Yusif Vəzir Çəmənzəminlinin, Əkrəm Cəfərin, Hənəfi Zeynallının, Əmin Abidin, Məmməd Cəfərin, Əkbər Ağayevin, Rəsul Rzanın, Cəfər Xəndanın, Mişkinaz xanımın, Mehdi Hüseynin, M.K.Ələkbərlinin, Mustafa Mərdanovun, Camo Cəbrayılbəylinin, Mirzə İbrahimovun, Abbas Zamanovun, Elçinin, Aslan Aslanovun, Asif Əfəndiyevin, İnayət Bəktaşinin, Qulu Xəlilovun və başqalarının görkəmli sənətkar barədə olan fikirlərindən seçmələr... Hər bir xatirə, duyğusal incələmə Cavid əfəndinin dolğun şəxsiyyətinə, mötəbər yaradıcılığına yeni bir münasibət havası sərgiləyir. Ustad Rəsul Rzanın "Qızılgül olmayaydı" poemasından alınan misralar ümumxalq ağrısı kimi təqdim olunur:

 

Tanrısı gözəllik və sevgi olan

 

Cavid "xalq düşmanı!"

 

Vəzifəli Borşov

 

Doldururdu, boşaldırdı

 

Tez-tez dustaqxananı...  

 

 Məhz çoxcildliyə daxil edilən xatirələrdən öyrənirik ki, Cavid əfəndi əsərləri üzərində işlərkən kənar mühitindən, ətrafdan tamamilə ayrılarmış. Dram əsərlərini işlərkən bəzən obrazların dililə danışar, onların dialoqlarını, monoloqlarını bir aktyor kimi ifa edərmiş. Bu və ya başqa obrazları hərəkətlərinə görə mühakimə etməyi belə varmış. Səhnə sənətimizin bütün xadimlərini, kiçikdən tutmuş böyüyə qədər hamısını sevərmiş. Abbas Mirzəni xüsusilə... Yerlipərəstliyi görən gözü yoxuymuş. Nadir hallarda əsəbiləşərmiş. Qəzəbi də gec soyuyarmış. Əsərlərinin tamaşa taleyi ilə çox maraqlanırmış... Məhz bu çoxcildliyə daxil edilən seçmələrdən zamanında Cavid yaradıcılığına olan ziddiyyətli, obyektiv və subyektiv münasibətlərin tam mənzərəsi ilə tanış ola bilirik. Ötən əsrin gündəlik ədəbi-mədəni həyatının, ədəbi mübarizələrinin nəfəsini, nəbzini duyuruq. Tarixi necə varsa elə, artırıb-əksiltmədən, canlı, hərəkətli görürük. Görmək üçünsə çoxcildlik "Cavidşünaslıq" toplularına göz atmaq mütləqdir. Bunsuz Cavid yaşamını, Cavid sənətini, Cavid şəxsiyyətinin miqyasını bütün əzəmətilə anlamaq olmaz ki!..

 

Sərvaz HÜSEYNOĞLU

Ədəbiyyat qəzeti.- 2021.- 4 dekabr. S. 28.