"Filoloji
fantaziya" esseləri
Səsin mətnə
göndərilməsi - NƏFƏS
Adi, belə deyək, mütaliəni çox sevən,
onu gündəlik həyatından heç ayırmayan oxucular
hər hansı nəsr əsərini oxuyanda onun hansı məqamınasa
tutulur, sarsılır və bir müddət bu təsirdən
ayıla və ayrıla bilmirlər. Daha çox hiss və emosiya ilə
yazılan romanlarda oxucuya çatacaq enerji payı bəzən
həddindən ziyadə olur və oxucudan-oxucuya arta-arta gedir,
çünki sanki bu oxucular da Allahın ver günü
bir-birinin lap qonşuluğunda, ard-arda düzülmüş
kimidirlər, birinin kitabdan aldığı təsir o birinə
və beləcə sonuncusu olmayan sonsuz kəmiyyətə qədər
keçir, ötürülür. Təkcə
ölkəmizdə deyil, elə bəlkə də
dünyanın hər yerində bu şəkildə oxunan
kitablar unudulmur, ancaq ilk vaxtlar o qədər əzizlənir,
tutiya kimi saxlanılır ki, unudulmaqla unudulmamaq arasında məsafə
son kritik həddə qədər azalır, qısalır və...
yaddan çıxır. Bir haşiyə: bizdə Nizami Gəncəvi
haqqında çox yazılır, mən deyərdim bununla
bağlı artıq "dayanmadan yazan qələm"
metaforası da artıq realdır, ancaq bu dayanmadan, nəfəs
dərmədən yazılanlar sanki suyun üzünə
toxunub gedir, pozulur (yaddan çıxmaq üçün
yazılır...), yuxarıda
dediyimiz kimi, yazılmaqla yazılmamaq arasındakı məsafə
anidən yoxa çıxır və "everything was in
vain" (hər şey boşa çıxırdı -!). Yəni bütün bu sürətlə yazılanlar
onun haqqında yazılan ön sözün birinci cümləsinin
birinci hecası olmağa belə özünü yetirə
bilmir. Sürət və gecikmə bir anda
hansı mənanın solğun yarpağına çevrilir?
Bəzən sürət, sadəcə, gecikməyə
və sıradan çıxmağa xidmət edir. Ancaq dəxli
yoxdu, dünyada istənilən böyük şair əminliklə
deyəndə ki, "şeirdən ucalıq umma
dünyada...", bu hər şeyin bitməsi anlamına gəlmir,
sadəcə, göy qübbəsinin altında var olan, ancaq
insanların tanımadığı bir nəsnə "kəşf"
edildikdən sonra onunla bağlı deyiləcəklərin bir
ömür müddəti olur, onun sonunda dairə qapanır, nə
illah eləsən də, həmin dairəni aşıb
keçə bilməzsən. Dairə qapanmamış deyilən
və yazılan nəsnələr külçə və xəlitə
timsalında tanınır, görk olur, belə bir ortamda hər
misrada verilən informasiyadan daha artığını, daha
mükəmməlini aramalı olursan, amma şübhəsiz
ki, tapmırsan və belədə yalançı şərhlər,
yalan yozumlar ayaq tutub yeriyir və beləcə,
həmin külçə və xəlitə
"xırdalanır", tozun içində itib-batır. Adi bir hekayədən fantaziya məhsulu olan
pritçalar bölünüb ayrılır, dünyanı
tutur və beləliklə həmin dairənin
qapandığı nöqtə də aradan qalxır,
dünyada yalançı, qurama tarix yaşanır. Tozun və yalanın altında yatan xəzinə sirlər
xəzinəsi kimi yaddaşın alt qatında mərtəbələr
yaradır. Sözün də su kimi
yaddaşı var, korlanmır, korşalmır və itmir.
Yuxarıdakı "suyun üzünə toxunub getmək"
metaforasına qayıdaq. Suyun üzünə toxunmaq onun
molekullarının müəyyən
düzülüşünü şərtləndirən
yaddaş problemini ortaya qoyur. Bu yaddaş
heç zaman itmir, korlanmır, korşalmır, suyun
yaddaşı ən dəqiq ölçü vahidi də
sayıla bilər bəlkə. Oxu prosesində
səsin (daxili qavrama prosesinin yaratdığı səsin -!) mətnə,
onun dərinliklərinə göndərilməsi, yaxud daha dəqiq
desək, nüfuz etməsi yuxunun suya söylənilməsi və
ya ürəyində tutduğun niyyətin suya deyilməsi ilə
təndir. Ona görə də bu təmas
zamanı sən necə deyək, suyun üzündəki titrəyişləri
görmür, duymursan və su ilə bağlı nəsə,
adi bir təfərrüat da yada düşmür. Təqribən belə. İki
variantda.
Belə də
demək olar bəlkə: poeziya əslində suya
danışılan yuxu kimidir, yuxunu suya onu ürəkdən
çıxarmaq, xeyir olanların cərgəsinə qoşmaq
naminə danışırlar. Poeziya həm də
yuxunun üzünə çilənən su kimidir. Dünyanın, gerçəkliyin yuxulu
qatlarını qaldırmaq, göstərmək naminə.
Rübailərdə deyildiyi kimi, bu dünya qızıl bir kuzəyə
bənzər, suyu gah şirindi, gah da ki zəhər... Ancaq
dünya poeziyasında, xüsusən ispanların barokko
poeziyasında su dünyanı qavramaq yolunda ən çox
müraciət edilən, ancaq adı az
çəkilən nəsnə rolunu oynayır. "İçi sualla dolu kuzə..." kimi ifadələrdə,
bu ifadələrin yer aldığı nümunələrdə
su həmişə qabarıb-çəkilmə mənasındadır.
Bütün barokko poeziyası bu kontekstdə
ucsuz-bucaqsız su səhrasıdır.
Sonra, yuxuların üzünə su çiləndikcə
və su bir köklü-köməcli ağacın dibinə
gedib çatdıqca həyatımızdakı mənalar
göz önümüzdən keçib gedir (kino lenti kimi, - həm
də axır, - su kimi...), gücümüz yalnız
onları seyr etməyə çatır. Çünki
bu, gerçək yox, virtual aləmdir. İnsanların
gözəl şeirlərə vurulmağı bu mənada
çox qəribədir, məntiqsizdir. Su,
yuxu, şeir... bu kimi nəsnələrlə gerçəkdən
ağlı başında olan şeylər kimi davranmaq, onlara
vurulmaq qəribə olduğu qədər də absurddur.
Buna görə hər bir millətin
poeziyasında yuxudan oyanma, mənalar cərgəsinin dəyişdirilməsi
hadisəsi hökmən, haçansa baş verir. Bu
"qırılma nöqtəsi" - yuxudan ayılma, dünyaya
başqa rakursdan baxmaq bucağını
formalaşdırır. Bu məqamda əsas rolu,
şübhəsiz ki, su oynayır.
Daha sonra.
N.D.Tamarçenko Anna Axmatovanın bir şeiri haqqında belə
yazmışdı: "Dalımca qu quşunu göndərməyin
("Ne prislal li lebedə za mnoö...") şeirində su məkanı
xatırlanmır, adı çəkilmir, bu məkanın
heç bir nöqtəsinə damcısı belə
düşmür, ancaq ciddi şəkildə nəzərdə
tutulur (bu məkanı keçmək üçün sal,
qayıq, yaxud qu... lazımdır). Qəbul eləsək ki, bu
şeir B.Anrepin adına yazılıb (o
zaman adıçəkilən şəxs İngiltərəyə
köçmüşdü), demək şeirdə nəzərdə
tutulan məkan - su məkanı La-Manşdır. Yox, əgər
belə bir mülahizə ilə razılaşsaq ki, şeir
N.Nedovrovaya həsr edilmişdi (şeir yazılanda o, artıq
16 il idi ki, dünyasını dəyişmişdi), aydın
olur ki, həmin su məkanı ölkələri ayıran dəniz
deyil, yeraltı çayların suyudur (Xaron ölənləri
bu çaydan keçərək ölüm səltənətinə
daşıyırdı). Şairə də sevgilisinin
olduğu qəbrə can atır...".
Bədii mətnə səsin nüfuz etməsi suyun
yaddaşına toxunmaq anlamına gəlir. Bu zaman yaranan təsir,
şübhəsiz ki, ünsiyyət məsələsidir, amma
hələ tam kommuniksiya anlamına gəlmir, bunun
üçün danışan romanla susan
oxucu arasında səs bağlantısı olmalıdır. Bir
məqamı bəri başdan şərtləndirmək
lazımıdır: bədii mətnin oxucuya dərin, ya
başqa cür təsirindən asılı olmayaraq o səs o
mətnə hökmən göndərilir, ya dərhal, ya da
üstündən illər keçəndən sonra, hətta
hansısa epizodu yada salmaq istədikdə belə. İvan Bunundən vaxtilə Əziz Şərifin tərcümə
etdiyi "Zərif nəfəs" hekayəsi. Bu hekayədə səsdən yox, nəfəsdən
bəhs edilir, həm də yüngül nəfəs - gözəlliyin,
belə demək olarsa, mükəmməl gözəlliyin
nişanəsi kimi. Suya danışılan
min illərin yaddaşı indiki zamanda oyanır,
çünki son dərəcə unikal bir olay yaşanır.
Belə bir detal: Olya Meşşerskaya özünü ilk dəfə
qadın kimi hiss edəndə ona elə gəlir ki, yer
üzündə əbədidir (insanın özünü
tanıdığı, ilk dəfə öz
güzgüsündə özünə baxdığı an keçirdiyi bu hissi insan bir dəfə
keçirir...), ani duyğunun qəlbində doğurduğu əks-səda
(səs cığırı...) onu gimnaziyada oxuyan digər
qızlardan fərqləndirir, qəlbinə bütün
dünyanı unutdurmağa bəs edəcək
arxayınlıq sızdırır. Amma bu dərəcədə
arxayın və azadlıq həm də ölümlə nəfəs-nəfəsə
qalmaq deməkdir. Bir gün atasının kitabxanasında
maraqlı bir kitabı vərəqləməli olur.
"...Mən atamın kitablarından birində - onda qədim,
məzəli kitablar çoxdur, - belə bir şey oxudum:
qadının gözəlliyi necə olmalıdır... Orada, başa düşürsənmi, o qədər
şey yazılıb ki, hamısını yadda saxlamaq
mümkün deyil. Hə, əlbəttə ki, qatran kimi
qaynayan gözlər, - Allah haqqı, elə bu cür də
yazılıb qatran kimi qaynayan! - Gecə kimi qara kirpiklər, zərif
alyanaq, nazik bel, adi əldən uzun olan əllər, - başa
düşürsənmi, adidən uzun! - Balaca ayaq, əndazəsincə
iri döşlər, düzgün girdələnən
sağrı, balıqqulağı rəngində dizlər,
maili çiyinlər, mən bunların çoxunu, demək
olar, əzbərləmişəm. Bütün bunlar tamamilə
düzgündür! Lakin başlıcası
bilirsənmi nədir? Yüngül nəfəs! Axı bu nəfəs məndə vardır, - sən
bir qulaq as, gör, mən necə yüngül nəfəs
alıram, - bax, düz demirəmmi, var, yoxsa yox? - İndi
bu zərif nəfəs dünyaya yenidən
yayılmışdı, buludlu səmaya, bu soyuq bahar küləklərinə!".
O nəfəs
Olya Meşşerskayanın güllələnməsindən
sonra yayılır buludlu səmaya, bu soyuq bahar küləklərinə!
Biz oxu
prosesində həyəcanlandıqda, yəni kitabla, daha
doğrusu, bizi sarsıdan əhvalatla, yaxud dərin
düşüncələrə aparan hadisələr axarı
və ya əsərin ümumi cazibə qüvvəsi ilə
ünsiyyətdə olduqda duyğuların səs və
sözə çevrilmə tezliyi maksimum həddə olur,
sanki küy və səslərin "boğulub" lallıq ərazisində
yaranmış şeirlə ünsiyyətdəsən, mətndən
sənə və əksinə informasiya mübadiləsi hər
iki tərəfin artıq "görünməməsi",
aradan qalxması sayəsində baş tutur. Elə
bir sakit və sükuta bələnmiş ortam yaranır ki, bu
dəfə sənin danışdığın, kitabınsa
susduğu məkanda danışdığın dildən
çox fərqli bir dil yaranır.
Kitaba tənqidi yanaşmaq, "Tənqidi fəaliyyət
həyati vacib məsələdir. Destruktiv deyil. Konstruktivdir - həm də predmeti etibarilə"
(Anri Meşonnik).
Romanı,
yaxud hekayəni oxuyarkən bəlkə hardasa elə bir məqam
yaranır ki, hiss edirsən: səsini ora, o mətnə
göndərirsən, daha sonra belə bir
sual yaranır: "How do we cultivate presence in fiction?" - yəni düz anladımsa, bədii əsərdə
(ədəbiyyatda -!) iştirakçılığı
(oxuyanla mətnin ünsiyyətini) necə həyata
keçiririk? Dodaqlar tərpənmədən danışmaq
bacarığını yada salın... Mətn bizim səsimizlə
danışır...
Kitabla dialoq heç zaman kəsilmir və bitmir, hətta
unudulan, ədəbiyyatın tarix səhnəsinə
kömülən kitablar belə təsadüfən, yaxud
hansı məqamdasa yada düşür, üstündəki
arxiv tozu ilə birgə canlı ədəbi prosesə
qoşulur. Bu mənada Coysun ən çətin oxunan
romanını yada saldıqda, Fransada yaşadığı
dövrdə onu bu romanı yazmağa sövq edən
fransız romanı, o romandan əxz elədiyi yazı metodu
Coys dühasının üstünə kölgə
salmır, əksinə onun daha tam görünməsini şərtləndirir.
Çünki heç bir yazı metodu bircə
yazıçının kəşfi ola
bilməz. Bu mənada bədii mətn təkcə oxucunun
qidalandığı informasiya mənbəyi deyil, həm də
informasiya alan bir vahiddir, kitabla ünsiyyət
realdırsa, demək, M.Füzulinin divanı da adına nə
qədər klassik deyilsə də, hər saat, hər gün
və hər dəqiqə informasiya qəbul edən bir
vahiddir. Kommunikativ cərəyan, yaxud enerjinin şaquli və
üfüqi axdığı, dövr etdiyi oxu diskursu var.
Bunindən yuxarıdakı adını çəkdiyimiz hekayədə
bu diskurs şaqulidir, dərinlərdən gəlir və dərinlərə
yön alır...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.-
2021.- 4 dekabr. S. 29.