3-cü “Axmısan hissimdə, duyğumda şeirim..."

 

QABİLİN ŞƏXSİYYƏTİ VƏ YARADICILIĞI HAQQINDA BİR-İKİ SÖZ

 

Cəmi beş ildən sonra Qabilin 100 yaşı tamam olur - illərin reaktiv sürətlə uçduğu indiki dövrümüzdə beş il nədir ki, - bir göz qırpımı - və mən bu sözləri ona görə yazıram ki, el bil, dünən idi, Qabilin əlli yaşı tamam olurdu, mən də - Yazıçılar İttifaqının gənc bir katibi - oturub, bu münasibətlə təbrik məqaləsi yazıram, ancaq baxın: aradan qırx beş il keçib.

Bu yazını yazmaq istəyəndə o məqaləni axtarıb tapdm və orada belə bir yer var:

"Qabilin lirik qəhrəmanı bəzən oxucu kimi öz müəllifinin şeirlərini nəzərdən keçirir:

Saysız şeir içində adi şeirsən,

Ancaq nə şərikin, nə ortağın var.

Böyük bir axında üzüb gedirsən,

Xırdaca gəmisən, öz bayrağın var...

Və biz bu sözlərdə heç bir təvazökarsızlıq görmürük, burada arxasında təkəbbür gizlənmiş bir təvazö də yoxdur, çünki həqiqətən belədir: o "xırdaca gəmi" öz məxsusi poetik bayrağı ilə öz yoluna davam edir..." ("Ədəbiyyat və incəsənət", 14 avqust 1976.)

Poeziyada (və ümumiyyətlə sənətdə) o gəminin "xırdacalığından" və böyüklüyündən qat-qat artıq dərəcədə onun öz bayrağının olmasıdır və Qabilin də XX əsr Azərbaycan poeziyasında öz bayrağı var.

Azərbaycan ədəbi mühitində isə onun orijinal və koloritli şəxsiyyətinin də öz bayrağı var idi.

Qabillə mənim münasibətimiz əslində, irsi bir dostluğun ifadəsi, davamı və inkişafı idi və bu sözləri yazarkən o da yadıma düşür ki, İlyas Əfəndiyev fikirli olanda, ya nə üçünsə qayğılı görünəndə Qabillə  görüşüb danışanda, hətta sadəcə, Qabil şəxsiyyətindən söz düşəndə o fikirlər də, qayğılar da, elə bil, ondan əl çəkirdi, uzaqlaşırdı. Çox həssas və emosional adam olan İlyas Əfəndiyev deyirdi ki, yəqin Qabilin heç özünün də xəbəri yoxdur ki, ondan həmişə nikbin dalğalar gəlir.

Oxucuların çoxu yəqin bunu da bilmir, ya da xatırlamır ki, Qabil ilk şeirlərini "Qabil Nikbin" imzası ilə çap etdirirdi, sonralar "Qabil İmamverdiyev", sonra da yalnız "Qabil" saxladı, ancaq İlyas Əfəndiyev tez-tez ona keçmiş təxəllüsü ilə müraciət edirdi: " - Yallah, Qabil Nikbin!.." "Nikbin Qabil, bu dünyanın işləri necə olacaq? Elə belə gəlib, belə də gedəcək?"

Qabil İlyas Əfəndiyev haqqında yazdığı çox səmimi essedə danışır ki, "Ədəbi aləmə göz açandan, Yazıçılar İttifaqına gedib-gəldiyim ilk vaxtlardan İlyas Əfəndiyevi tanımışam. 1943-44-cü illərdə o vaxtın yeniyetməsi olan utancaq bir uşağın heç bir yazıçıyla, o cümlədən, İlyas Əfəndiyevlə yaxınlığı, salam-kəlamı ola bilməzdi".

V.İ.Lenin adına APİ-nin (indiki Pedaqoji Universitetin) hazırlıq kursunda oxuyan Qabil evə pul gətirmək üçün Tağı adlı bir dostunun bişirdiyi "kustarnı" sabunları aparıb, "Kubinka"da satırmış və elə o 1944-cü ildə də "Ədəbiyyat qəzeti"ndə onun ilk şeiri dərc olunur. Həmin gün yenə "Kubinka"ya sabun satmağa gedəndə birdən köhnə bir binanın balkonundan onu səsləyirlər. Yaxşısı odur ki, bu yerdə də sözü Qabilin özünə verim:

" - Nikbin, hara gedirsən, çiynindəki nədir heylə?

Yuxarı boylandım. Eyvanın məhəccərinə söykənmiş tünd mavi kostyumlu, yaraşıqlı kişini - İlyas Əfəndiyevi gördüm. İttifaqa gedib-gələndə nə əcəb sifətim, hətta ilk imzam, lap təxəllüsüm onun yadında qalmışdı?!

- Şeirini oxudum, təbrik edirəm, yaxşıdır...

İlyas müəllimin səsi mülayim və ərkyanə idi. Elə bil, məni lap çoxdan tanıyırdı... Sanki çiynimdən asılmış sabun dolu ağır çanta yüngülləşdi".

Daha sanra Qabil yazır: "... günün səsinə səs verən, hadisələrə isti münasibət bildirən, xoşu gələn və gəlməyən əsərlər haqqında obyektiv, təhlilli fikir söyləyən İlyas Əfəndiyevlə ilk yaxınlığım onun məni eyvandan səsləməsiylə başladı. Sonradan bu yaxınlıq ailəvi dostluğa, Elçin və Timuçinlə qardaşlığa, başqa yaxın qohumlarıyla mehribanlığa çevrildi" (Sən həmişə bizimləsən. Bakı, "Gənclik", 1999, səh. 223-24.)

O, İlyas Əfəndiyevə həmişə "böyük qardaşım" deyə ehtiram bəsləyirdi və bunu İlyas Əfəndiyevə bağışladığı kitablarındakı avtoqraflarda da yazırdı: "Gözəl söz sənətkarımız, böyük qardaşım və xeyirxahım İlyas Əfəndiyevə müəllifdən. Qabil. 17. XII. 1964." (Küləkli havalarda. Bakı, Azərnəşr, 1964.)

Yaxud:

"Əsl sənətkarımız, böyük qardaşım İlyas müəllimə kiçik hədiyyə. Qabil. 11.IX.1966" (Qoy danışsın təbiət. Bakı, Azərnəşr, 1966).

Mən bütün bunları yuxarıda dediyim həmin "irsi dostluq" ifadəsi ilə bağlı yazıram.

Qabilin 50 yaşı tamam olanda onu təbrik etdiyim məqalədən düz 30 il sonra, 80 yaşı tamam olanda da ayrıca bir məqalə yazdım ("Ədəbiyyat qəzeti", 11 avqust 2006) və bu, mənim Qabil şəxsiyyətinə daxildən gələn isti münasibətimin və hörmətimin ifadəsi idi.

Aradan 30 il keçmişdi və bu 30 ildə çox sular axmışdı, epoxalar dəyişmişdi, SSRİ zamanında ədəbiyyat aləmində "mənəm-mənəm" deyən bir çox qələm sahibinin "Sovet klassikası" elan edilmiş yazı-pozusunu da SSRİ dağılanda Sistem özü ilə aparmışdı. Qabil bu böyük tarixi sınaqdan şəxsiyyət kimi də, şair kimi də üzüağ çıxmışdı və bizim münasibətlərimiz də daha artıq istiqanlı, daha artıq məhrəmanə olmuşdu. Mən 80 illiklə bağlı məqaləmdə bu 30 il barədə yazırdım: "Və 30 ildən sonra da mənim Qabil şəxsiyyətinə hörmətim və məhəbbətim (yəni dostluğumuz!) 30 il bundan əvvəlkidir, bu sabitlik daima 30 illə bərabər olub və 30 ildə elə kiçicik bir hadisə də, söz-söhbət də olmayıb ki, bu gün oun acısını çəkək". Bu gün bu sözləri oxuyuram və yadıma düşür ki,1960-cı illərin əvvəllərində biz - ədəbiyyata gəlmək istəyən və ədəbiyyatdan təzə söz uman gənclik (onda mən universitetin birinci-ikinci kursunda oxuyurdum) Qabilin "Tramvay parka gedir" poemasını hansı bir ruh yüksəkliyi ilə oxuyurduq. Bu kiçik poema formasına görə də, məzmununa, psixoloji-poetik dəqiqliyinə görə də Sovet dövrü Azərbaycan poeziyasının əlamətdar nümunələrindən biri idi (və biridir).

Bu qədər illərdən sonra sərbəst və bəzi hissələri tamam destruktiv formada yazılmış o poemanın ilk misraları hələ də mənim yadımdan çıxmayıb:

 

Gecə saat bir,

Tramvay parka gedir.

Cingildəyir şüşələr.

Boş vaqonda bilinir

bu cingilti bu qədər.

Gecə saat bir.

Tramvay parka gedir

Ləngərlə...

 

Sovet İttifaqının qüdrətli vaxlarında bir çox Sovet şairləri "formaca milli, məzmunca sosialist" poemalar yazırdı (oradakı o millilik də çox zaman primitiv olurdu), "öz bayrağı olan" Qabil isə formaca da, məzmunca da milli şeirlərini, poemalarını yazırdı və yaxud o zaman ki, başqaları mətin kommunistlər haqqında poemalar yazırdı (kimlərsə istedadın gücünə poetik bir söz deyə bilirdi, istedadsızlar isə sadəcə, mövzu arxasında gizlənirdi), Qabil gecə-gündüz "Nəsimi" poeması üzərində işləyirdi.

O, "Nəsimi" poemasını bitirəndə oxuyub fikir demək üçün mənə əlyazmasında, dəqiq desəm, makinadan çıxmış qrankalarda vermişdi və sonralar Yakov Serpin poemanın rus dilinə tərcüməsini bitirəndə də, o tərcüməni oxumaq üçün nəşrdən əvvəl mənə verdi. Uzun sözün qısası, "Nəsimi" rus dilində mənim ön sözümlə nəşr olundu (Nasimi. İstoriko-romantiçeskaya poema, Baku, Yazıçı, 1985.) qeyri-təvazökarlıq olmasın, o ön söz Qabilin xoşuna gəlmişdi.

Bir müddətdən sonra həmin ön sözün əsasında yazdığım "Əfsanə davam edir..."Nəsimi" poemasını yenidən oxuyarkən" adlı məqalə mətbuatda çap olundu və bu gün o məqaləni və poemanı gözdən keçirəndə də 35 il (!) bundan əvvəlki o yazıda mühüm hesab etdiyim bir cəhəti yenə də vurğulamaq istəyirəm: "Nəsimidən söz düşəndə bəzən onun ana dilini zənginləşdirməsini Dante ilə, humanist lirikasını Petrarka ilə, fəlsəfəsindəki panteizmi Lukretsi Kar ilə, İnsan, Azadlıq və Gələcək naminə həyatından keçməyini Cordano Bruno ilə müqayisə edirlər". "Ədəbiyyat və incəsənət", 17 yanvar 1986.)

Əlbəttə, bütün bu müqayisələr layiqli və qiymətlidir, ancaq məncə, əsas cəhətlərdən biri də budur ki, kainatın sonsuzluğu müqabilində insan özünün kiçikliyini görür və tarixən də belə olub. Ancaq o məqalədə dediyim kimi, "Nəsimi İnsanı Allah adlandırırdı. Nəsiminin İnsana hörməti, məhəbbəti onun böyük istedadı ilə vəhdətdə dünya poeziyasında İnsan himni yaratdı. Həmin İnsan himninin müəllifi Qabilin ədəbi qəhrəmanıdır".

Bəlkə də bir az patetik səslənir, ola bilsin ki, "Nəsimi" poeması ilə bağlı hansısa qeydlər, hansısa mülahizələr olsun, ancaq əsas məsələ budur ki, Qabilin ədəbi qəhrəmanı bizi inandırır ki, bəli, Nəsimi həmin "İnsan himni"ni yaradan şəxsiyyət və sənətkardır.

Qabil bütün varlığı ilə ədəbiyyat adamı idi və bizim nasirlərimizin, şairlərimizin, tənqidçilərimizin, bir sözlə, o zamankı əhli-qələmin  mətbuatda çap olunan əsərlərini izləyən oxuculardan biri, bəlkə də (hər halda yazıçılar arasında) birincisi idi, bəyəndiyini də, bəyənmədiyini də açıq deyirdi. Yadıma Qabil xarakteri üçün səciyyəvi olan bir əhvalat düşür: Qabilin "Jiquli" maşını var idi və bu maşını almaq istəyəndə pulu çatmadığı üçün o dövrün yaşlı və məşhur bir şair-laureatından (söhbət 1960-cı illərdən gedir və rəhmətə getdiyi üçün o rəhmətliyin adını çəkmək istəmirəm) borc pul götürür. Yazıçılar İttifaqında üç-dörd nisbətən cavan yazıçı, o cümlədən də, Qabil oturub söhbət edəndə həmin şair gəlir və "Azərbaycan" jurnalında yenicə dərc olunmuş poeması haqqında şəst və fəxarətlə soruşur ki, oxumusuz, necə əsərdir? Oxuyan da, oxumayan da poemanı tərifləməyə başlayır və növbə Qabilə çatanda:

- Filankəs müəllim, - deyir. - Düzdür e, sizə borcum var, ancaq poemanız çox zəifdir.

Bu yerdə Qabillə bağlı başqa bir hadisə də yadıma düşür və yaxşı olar ki, bunu mən yox, elə Qabilin özü danışsın.

O, İlyas Əfəndiyev haqqında yazdığı "Sən ey qadir məhəbbət..." adlı səmimi və duyğusal xatirələrində deyir:

"Köhnə "İnturist"in böyük restoranında İlyas Əfəndiyevin altmış illik yubileyi şərəfinə verilən ziyafətdə əlimdə ləbaləb piyalə saatıma baxıb, sağlıq dedim:

- Bu dəqiqə Azərbaycanda İlyas Əfəndiyevdən böyük dramaturq yoxdur!

Mirzə İbrahimov - çox qiymətli ədəbi sima, ictimai-siyasi xadim - açıq etiraz etdi:

- İstedadları saata baxıb, təyin etmək olmaz!

Sağlığımı, yəni fikrimi təxminən 30-35 dəqiqə keçəndən sonra bir də təkrar etdim. Bərk əsəbiləşmiş Mirzə müəllimi - bu ağıllı adamı Kamran Hüseynov (Kamran müəllim o vaxt Nazirlər Soveti Sədrinin müavini idi - E.) məzəmmətlədi:

- Ay Mirzə, cavan adamdır, kefi yuxarıdır, deyir də... Bu saat İlyasa möhürlü vəsiqə vermədi ki bu Qabil...

Düzdür, məclis yeyib-içmək məclisiydi. Ancaq dediyim sözlər mənim ayıq, aydın qənaətim idi. Möhürü, vəsiqəni də İlyas müəllimə Qabil yox, Allah vermişdi..." (Sən həmişə bizimləsən. Bakı, Gənclik, 1999, səh. 225).

Qabil İlyas Əfəndiyevin xatirə lövhəsinin açılış mərasimində çıxış edir

Qabil "ayıq, aydın qənaətini" heç vaxt gizlətməz, öz bədii zövqü ilə bağlı güzəştə getməzdi və yəqin bu da onun xasiyyəti ilə bağlı əlamətdar bir cəhətdir ki, sonralar həmin hadisə haqqında ayrıca bir rübai də yazmışdı və: "İlyas Əfəndiyevin şərəfinə söz dedim"- deyə, bir daha təkrar etmişdi: "Səhnə əsərləri ilə Cəfərdən sonra İlyas // Birinci şəxsiyyətdir bu saat şəksiz, dedim".

Elə bu başdan yazım ki, Qabil İlyas Əfəndiyevə nə qədər hörmət bəsləyirdisə, İlyas Əfəndiyevin də ona o qədər məhrəm və ərkyanə münasibəti var idi, bütün premyeralarında, ziyafətlərində Qabil ilk dəvətlilər sırasındaydı. Qabilin məxsusi koloriti, yumoru, səmimiliyi və sadəliyi həmişə İlyas Əfəndiyevin ürəyini açırdı və hərdən yay vaxtı Qabil həyətdə şalvarının balaqlarını çırmalayıb, cid-cəhdlə "Jiquli"sini yuyanda eyvandan:

- Qabil!.. - deyirdi. - Elə yu ki, maşının rəngi getməsin!..

Qabil də:

- Baş üstə, İlyas müəllim! - deyirdi və bərkdən gülürdü.

Qabilin İlyas Əfəndiyevə həsr etdiyi böyük (19 bənd!) "Fədai" adlı bir şeiri var və mən o şeiri İlyas Əfəndiyevin vəfatından sonra nəşr edilmiş povest və hekayələrdən ibarət ilk kitabını hazırlayarkən ön söz kimi başlanğıca saldım - həm səmimi idi, həm də mənə elə gəlirdi ki (indi də elə gəlir), bu, İlyas Əfəndiyev üçün də xoş olacaqdı.

Həmin şeirdən iki bəndi xatırlamaqla:

Bir var ötəri səs, ötəri nəfəs,

Gül-çiçək ötəri, alqış ötəri...

Beşgünlük afişa - ötəri həvəs,

Ötəri cəlb edir fikri-nəzəri.

 

Bir də var - anadangəlmə - elə sən,

Fədai olasan, Fərhad olasan,

Qaçıb xırım-xırda şirnikmələrdən

Əsərdən-əsərə ustad olasan.

 

- elə bilirəm ki, onların münasibətləri barədə yaxşı təsəvvür yaranır və bunu da deyim ki, Qabil 1986-cı ildə yazdığı bu şeirin yaşıl qələmlə yazılmış əlyazmasını belə bir avtoqrafla mənə bağışlayıb: "Əzizim Elçinə bu əlyazmanı yadigar verirəm. Qabil. 19 noyabr 2004".

Mən Qabilin deyib-gülməyini çox görmüşəm, ancaq onun ağlamağını ikinci (birinci dəfə rəhmətlik Məsud Əlioğlunun yasında) və axırıncı dəfə 1996-cı il oktyabrın 4-də İlyas Əfəndiyevin dəfn mərasimində görmüşəm.

 

2.

 

Hüsü Hacıyev küçəsi (indiki Azərbaycan prospekti) 19 nömrəli binada - məşhur Yazıçılar Evində uzun müddət qonşu olduq və o binada, o həyətdə elə bir ab-hava vardı ki, orada bütün intriqalar, dedi-qodular, süni təbəssümlər, yalançı-hərarətli (!) hal-əhval - hamısı bir kənardaydı, elə bil, o binada yaşayanlar bir böyük, rəngarəng sözü burda yerinə düşərsə, rəgarəng, əlvan ailənin üzvləri idi - eyvandan-eyvana zarafatlar, təzə xəbərlər, səmimi salam-kəlamlar.

Qabillə bağlı bu yazıda bir haşiyə çıxıb, o Yazıçılar Evindəki ab-hava haqqında bir-iki kəlmə demək istəyirəm:

...Səhər-səhər İlyas Əfəndiyev üçüncü mərtəbədəki eyvanına çıxıb, ikinci mərtəbədəki eyvanda Salam Qədirzadəni görür:

- Salam, salam!

Salam Qədirzədə başını yuxarı qaldırıb:

- Salam, İlyas müəllim! - deyir.

İlyas Əfəndiyev soruşur:

- "Ədəbiyyat" qəzetini almısan?

- Bəli, İlyas müəllim.

- Mənim hekayəmi oxudun?

Salam yenə:

- Bəli, İlyas müəllim. - deyir.

İlyas Əfəndiyev:

- Ə, bəs, səhərdən bəri niyə tərifləmirsən? - soruşur və gülür...

.. Həyətdən Qabilin səsi gəlir:

- Mahir!..

Mahir dördüncü mərtəbədəki pəncərədən cavab verir:

- Hə?

- Gəl, zənbili götür!

Hamı bilir ki, Qabil bazarlıq edib və oğlu Mahiri çağırır ki, zənbili qaldırmağa kömək eləsin...

...Bazar ertəsi səhər-səhər həyətə səs yayılır ki, Qasım Qasımzadənin "Volqa" maşınını oğurlayıblar - açarla qarajın qapısını açıb ki, maşını çıxarıb işə getsin, görüb qaraj bom-boşdur...

Daxili İşlər Nazirliyi oğurlanmış o maşını axtarır, milis (indiki polis) işçiləri həyətə gəlib gedir, qarajın fotosunu çəkir, kilidi müayinə edir  bütün bina həyəcan içindədir.

Maşından isə xəbər yoxdur.

Belə bir nigarançılıq içində axşam düşür və nəhayət məlum olur ki, maşın tapılıb, ancaq oğruluq əhvalatı deyilmiş: sən demə, Qasım cümə günü maşınla işə (Nizami ad. Ədəbiyyat İnstitutuna) gedib, axşam işdən evə qayıdanda maşın yadından çıxıb, Akademiyanın həyətində qalıb...

... Bu da Əliağa Kürçaylıdır, həmişəki gümrah səsiylə həyətdən

- Qabil!.. - çağırır. - Salamgilə gedirəm.

Yəni ki, sən də gəl və hamı bilir ki, məlum məsələdir, Salam Qədirzadəgildə yenə üç nəfərlik xudmani bir məclis qurulacaq...

...Şaiq əfəndi - Abdulla Şaiq bizim blokun ikinci mərtəbəsindəki mənzillərinin eyvanında oturub, dirsəklərini məhəccərə söykəyərək,  haralarasa gözlərini dikib və mən bu gün bu sözləri yaza-yaza fikirləşirəm ki, o, həmin anlarda həyətə, binalara, insanlara yox, ümumiyyətlə, dünyaya baxırdı. Həmin anlarda o, həmişəlik bir keçmişdə qalmış:

 

Hamımız bir yuva pərvərdəsiyiz!

Hamımız bir günəşin zərrəsiyiz!

 

- deyən şair idi. Kim bilir, bəlkə də Sabirlə söhbət edirdi, Hadiyə, ya Mirzə Cəlillə nəsə deyirdi? İlyas Əfəndiyevin Abdulla Şaiq haqqındakı essesində yazdığı bu sözlər yadıma düşür: "Mən onun arıq, nurlu çöhrəsinə baxaraq, hiss edirdim ki, yarım əsrdən artıq öz xalqı üçün böyük işlər görmüş bu şərəfli insan yenə nə isə, xeyirli bir iş görmək, oxucularına lazımlı bir söz demək istəyir. Onun artıq geridə qalmış ləyaqətli ömrünün bir daha qayıtmayacağı məni kədərləndirirdi" (Böyük humanist. "Azərbaycan" jurnalı, 1972, ¹5).

... Mir Mehdi Seyidzadənin " - Ey zalım!.." - deyib, şaqqanaq çəkməsi, İlyas Əfəndiyevlə İsmayıl Şıxlının yanaşı balkonlarda gecənin yarısınacan ədəbiyyatla, həyatla bağlı söhbətləri, eyni blokda yaşayan Bəxtiyar Vahabzadə ilə Kamal Talıbzadənin pilləkanda rastlaşaraq, ayaq saxlayıb, az qala pıçıldaşa-pıçıldaşa hakim ideologiyanın əleyhinə danışmaqları və bu ayaqüstü söhbətin bəzən özlərinin də xəbəri olmadan bir saat, bəlkə də artıq uzanması, emosional və gülərüz Məsud Əlioğlu ilə, əksinə, çox təmkinli və az danışan Əhməd Cəmilin görüşməkləri, üzbəüz qonşumuz Zeynal Xəlil və onun mehriban ailəsi yadıma düşür.

Zeynal müəllimin qayınanası, çox mülayim, xeyli yaşlı olmağına baxmayaraq, unikal gözəlliyini saxlamış, mehriban və xeyirxah Saçı xala (əsl adı Salatın idi) qazaxlı Vəkilovlardanıydı və belə deyirdilər ki, Aşıq Ələsgər Salatınla bağlı iki qoşmasını onun şəninə yazıb. Mən bu yazını yazanda Aşıq Ələsgərin ikicildliyində o gözəl qoşmaları tapıb, bir də gözdən keçirdim: söhbət "Yaraşır" (Sallana-sallana gələn Salatın...) və "Sarı köynək" (Tuti dilli, sərv boylu Salatın...) qoşmalarından gedir. Elə o ikicildlikdə rəhmətlik professor Məmməd Hüseyn Təhmasib Qurbaninin də xeyli əvvəllər Salatın haqqında yazdığı bir qoşmanı xatırladır (Aşıq Ələsgər. Birinci kitab, Bakı, "Elm", 1972, səh. 51.) olsun ki, söhbət ayrı-ayrı dövrlərdə yaşamış eyni adlı iki gözəl xanımdan gedir.

Ancaq biz uzağa getməyək.

Saçı xalanın mənim nənəm Bilqeyis xanımla gözəl qonşuluqları var idi, ancaq bir ara araları dəymişdi, çünki başı Sistemin çox bəlalarını çəkmiş nənəm bütün varlığı ilə antisovet bir xanım idi və Lenindən, Stalindən üzü bəri Xruşşovacan bütün o rəhbərlərə nifrət edirdi. Leninə "Keçəl", Stalinə "Bığı bəy", Xuruşşova da "Xuruş bəy", bəzən də - oxuculardan üzr istəyirəm - "Duduş bəy" deyirdi. 1960-cı ildə Azərbaycanda Sovet hakimiyyətinin 40 illiyi münasibətiylə Nikita Xruşşov Bakıya gəlmişdi və sadədil, ürəyiaçıq Saçı xala sidq-ürəkdən Xruşşovu evə qonaq çağırmaq, onun üçün qurutlu xəngəl bişirmək istəyirdi. Bu arzusunu nənəmə də demişdi və Saçı xalanın arzusunun nənəmə necə təsir etdiyini bilmək üçün, oxucu gərək Bilqeyis xanımı tanıyaydı, ancaq bir müddət keçdi və nənəmlə - bu cod xarakterli, məğrur, gözüaçıq qadınla mülayim və xoşniyyətli Saçı xalanın o gözəl və maraqlı qonşuluqları bərpa olundu.

Duzu-məzəsi, xeyirxahlığı, şirin dili ("tuti dili"!) ilə bütün Yazıçılar Evinin ehtiramını və sevgisini qazanmış unudulmaz Saçı xala ilə bağlı bir ləzzətli deyim də yadıma düşdü: Saçı xala Zeynal müəllimin xətrini sevimli oğulu kimi çox istəyirdi və onun mətin təəssübkeşi idi. Zeynal Xəlilin də, Tələt Əyyubovun da "Moskviç" maşınları var idi və Saçı xala deyirdi ki, Zeynalın maşını Tələtin maşınından böyükdür...

...İsa Hüseynov ilə Hüseyn Abbaszadə, Hüseyn Ariflə Əkbər Ağayev, Bayram Bayramovla Ənvər Əlibəyli, Mübariz Əlizadə, Cabbar Məcnunbəyov, Yusif Əzimzadə,  Ələkbər Ziyatay, Həmid Axundlu, o binanın yazıçı olmayan yeganə sakini, şuşalı musiqi xadimi Manaf Ələsgərov, Yusif Vəzir Çəmənzəminlinin, Hacıbaba Nəzərlinin ailələri, o binanın başqa sakinləri bir-bir gözümün qabağından keçir və mən bu xatirələri bir "Heyhat!.." əhval-ruhiyyəsi ilə yazıram.

Bildiyim dərəcədə, indi orda yazıçılardan yalnız Afaq Məsud yaşayır və bəlkə də ora Afaq üçün kimsəsiz bir səhradır və nə yaxşı ki, o səhranın kimsəsizliyi, susuzluğu Afaqın istedadlı prozasının yaranmasına  mane olmur, kim bilir, bəlkə də ona kömək edir - yaradıcılıq ki, bir sirri-xudadır. Orasını da deyim ki, o binanın mənim indicə xatırladığım dövrlərdəki ab-havası zamanı Afaq hələ uşaq idi və rəfiqələri ilə həyətdə badminton oynayırdı.

Deyəsən, mənim o Yazıçılar Evi ilə bağlı haşiyəm çox uzandı və yəqin ona görə ki, Qabil o binada, o həyətdə hökm sürən səmimiyyətin, gülərüzlüyün, şuxluğun, bir sözlə, gözəl bir pozitivin mərkəzində olan sakinlərdən biri - birincilərdən biri idi.

Burasını da yazmaq istəyirəm ki, Qabil həm də çox ailəcanlı bir insan idi və bu barədə də söhbəti uzatmamaq üçün, onun şeirlərindən birində həyat yoldaşı haqqında yazdığı yalnız elə bu bircə misranı xatırladıram: "Ağabəyim xanım - ağ saçlı çiçək..."

 

3.

 

Adam var ki, içəndə dözülməz bir məxluqa çevrilir, adam da var ki, içəndə daxili səmimiyyəti, xoş məramlı olmağı daha qabarıq üzə çıxır (rəhmətlik İslam Səfərli: " - İçək, səmimi olaq!" - deyirdi) və Qabil də bu cür səmimi və xoşməramlı bir insan, bir şair idi.

Arxivimdəki kağız-kuğuzlarımın arasından onun həmişəki kimi yaşıl mürəkkəblə teatrda yazdığı və ötür-ötür vasitəsilə mənə ötürdüyü belə bir zarafatyana "namə"sini tapdım:

 

"Dəli"n düşündürür Adamı, Elçin!

Baxdım tamaşana

Kövrək fərəhlə!..

İndidir vurmağın

Məqamı, Elçin!..

Fərəhi gül edək

Gülgün qədəhlə!

Qabil. 21 may 1998.

 

Bu "Qabilanə namə" Akademik Milli Dram Teatrıında "Mənim sevimli dəlim" tamaşasına ictimai baxış zamanı yazılmışdı və Qabilin qaldırdığı qədəhlər həqiqətən həmişə "gülgün qədəhlər" olurdu. Həmin gün də Qabillə, Hüseyn Abbaszadə, Cabir Novruz və Bəkir Nəbiyevlə (onlar da ictimai baxışa gəlmişdilər) birlikdə gözəl bir məclis qurduq və yaddaş başdan-başa bir sirdir: uzun müddət yadıma düşməyən o xudmani məclisi birdən-birə bütün təfərrüatı ilə xatırladım, Qabilin sağlıqları o beş nəfərlik məclisdə hər dəfə ayağa qalxıb, ürəkdən gələn bir səmimiyyətlə söz deyib, badə qaldırması, elə bil, dünən imiş, gözlərimin qabağına gəldi.

İki gündən sonra "Mənim sevimli dəlim"in premyerası oldu və Qabil həyat yoldaşı Bəyim xanımla birldikdə o premyera tamaşasına da gəlmişdi.

Bu gün Qabilin bağışladığı kitablara yazdığı avtoqrafları yenidən oxuduqca, fikir məni o unudulmaz və gözəl günlərə aparır və mən İlyas Əfəndiyevin dediyi o nikbin (müsbət!) dalğaları az qala cismani hiss edirəm:

"Sadəcə olaraq mənim qardaşım, qələm dostum Elçinə Qabildən. 6.XII.1985." (Rübailər. Bakı, Gənclik, 1985.)

"Ədəbi, milli, ictimai fəaliyyətiylə fəxr etdiyim, xalqımızın çox lazımlı oğlu, əziz dostum, qardaşım Elçinə! Qabildən. 12. IX. 1988." (Seçilmiş əsərləri, Bakı, Azərnəşr, 1988.)

"Əziz dostum, qardaşım, ədib, alim, publisist, mühərrir, ictimai xadim Elçinə Qabildən yadigar.

Ağıl, kamal, insaniyyət, istedad -

Hər dördü də Allah verən fəxri ad...

Hər dördü də ömrə əsil bəzəkdir -

Bu bəzəklə Elçin xalqa gərəkdir.

 

Qabil. 14.V.1990."

(Ömür həbləri, Bakı, Yazıçı, 1989.)

 

"Əzizim - can-ciyər dostum, möhtərəm ədibimiz, İlyas yadigarı Elçinə Qabildən. 2 IX. 1999." (Əslində, Bakı, Gənclik, 1999.)

"Əziz, xeyirxah qardaşım, gözəl, zəhmətkeş ədibimiz Elçin İlyas oğluna Qabildən. 7. XII. 2001." (İlahi qismətim, Bakı, Gənclik, 2001.)

Mənim qızlarım balaca olanda onlara (kiçik qızım Aysu hələ anadan olmamışdı) "Nağaraçı" adlı uşaqlarçun yazdığı kitabı da belə bir avtoqrafla onlara bağışlamışdı:

 

"Qızım Günaya,

Quzum Humaya

Qabil əmidən

Kiçik yadigar,

Əziz bacılar!

Qabil. 12 IX. 1982." (Nağaraçı. Bakı, Gənclik, 1982.)

 

4.

 

Qabilin 50 illiyinə yazdığım məqalənin başlığı onun şeirindən götürdüyüm bir misra idi: "Axmısan hissimdə, duyğumda, şeirim..." və 80 illiyinə yazdığım məqalənin də sərlövhəsi eyni idi. Yazmışdım ki:

 

"Qoy, eyni adlı iki təbrik olsun.

Amma atalar üçdən deyib...

 

Allah qoysa, daha bir 30 il gəlib keçsin və o üçüncü "Axmısan hissimdə, duyğumda, şeirim..." yazısını da mən eyni hörmət və məhəbbətlə mütləq yazıb, şəxsən Qabilin özünə təqdim edəcəyəm".

Köhnə bloknotlarımdan birində belə bir qeyd var:

"11 avqust 2006.

Günorta Qabil zəng çalmışdı. Məqaləyə görə təşəkkür edirdi. Çox xoşuna gəlib.

- Ancaq, Mirzə, - dedi.- (hərdən mənə belə müraciət edirdi - E.) və gülə-gülə, - 30 il bir az çox döyül? - soruşdu.

- Yox, - dedim. - Nə demişəm, onu da edəcəyəm.

- Həri?

- Əlbəttə. Şirəli Müslümov 150 il yaşamışdı.

- Alə, o sovet propaqandasıydı!.. - Sonra da: - Təki sən deyən olsun, Mirzə!.. - dedi".

O köhnə bloknotlarda belə bir tələsik qeydim də var:

"16 yanvar 2007.

... Nəbi Xəzrinin matəm mitinqini mən apardım.

Qabil, Anar, Ədalət Vəliyev, Yasif Nəsirli danışdılar.

Matəm ab-havası, mənfi emosiyalar yenə teatrın lojalarına, divarlarına hopmuşdu.

Ürəksıxan, bədbin bir aura altındaydım (hələ də canımdan çıxmayıb).

Mitinqdən sonra rəhmətlik Nəbinin tabutunun arxasınca Qabillə yanaşı gedirdik və Qabil:

- Hamımız  bir-bir gedirik... - dedi.- Əliağa, Salam, İsmayıl...

- Sən Allah, Qabil, - dedim.- Sən çox yaşa, biz də sənə baxıb, çox yaşayaq.

Bir söz demədi..."

Qabil yaşlandıqca da onun nəbzi eyni gənclik şövqü, gənclik həvəsi və istəyi ilə vururdu və o:

Bilirəm ki, uyuşmur,

Xasiyyətim yaşımla,

Barışmır ki barışmır,

Yazım qarlı qışımla...

- deyəndə tamam həqiqəti deyirdi, onun "qarlı qışla" qəti arası yox idi.

Qabil - yaz adamı idi.

Nəbinin yasındakı o söhbətdən heç üç ay çəkmədi ki, Qabil vəfat etdi.

Onun matəm mitinqini aparmaq kimi çox ağır bir missiya da mənim boynuma düşmüşdü.

İndi Fəxri xiyabanda İlyas Əfəndiyevlə qəbir qonşularıdır.

Ora gedəndə və Qabilin də məzarı qarşısında dayananda, hərdən fikrimdən bir sual keçir ki, Qabil, o tərəflərdə nə var, nə yox? Və ümumiyyətlə, bir şey varmı?

Qabil düz deyirdi, 30 il, əlbəttə, "bir az çox" idi və mən bu üçüncü yazımı da eyni adla - "Axmısan hissimdə, duyğumda, şeirim..." - adlandırıb, təəssüf ki, Qabilin özünə yox, yalnız onun oxucularına təqdim edirəm.

Qabilin məşhur "Səhv düşəndə yerimiz" şeirində hər bənd bu misralarla qurtarır və mən də onun haqqındakı bu yazını həmin misralar ilə bitirirəm: "Müsibət oluruq biz", "Dözümsüz oluruq biz", "Gərəksiz oluruq biz", "Hey,f... korşalırıq biz", "Qeyrətsiz oluruq biz",

 

Xaric səslənirik biz,

Səhv düşəndə yerimiz.

 

Qabil bu dünyada yeri səhv düşməyən bir şair, bir insan idi.

ELÇİN

Xalq yazıçısı

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 dekabr.- S.4-6.