Milli Kitabxanada 12 Dekabr-

Ümummilli lider Heydər Əliyevin

Anım Günü münasibətilə tədbir keçirilib

 

Dekabrın 10-da Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, 12 dekabr tarixində müasir Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı ulu öndər Heydər Əliyevin vəfatından 18 il ötür. Direktor çıxışı zamanı onu da vurğulayıb ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, dünyanın ən görkəmli siyasətçilərindən biri olub. Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. O, bildirib ki, ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizdə əmin-amanlıq, sakitlik yaradıb, hərc-mərcliyə son qoyulub və Azərbaycan dövləti tarixində quruculuq mərhələsi başlayıb.

Direktor qeyd edib ki, bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir: “Təkcə onu deyə bilərik ki, keçən il 44 günlük Haqq savaşımızda Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakı nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Azərbaycanı daima müstəqil, torpaqlarımızı bütöv şəkildə görmək ulu öndərin ən böyük arzularından biri olub”.

Şuşa şəhərinin işğaldan azad olunduğu gün Prezident İlham Əliyevin “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” sözlərini deyən Kərim Tahirov bildirib ki, məhz Prezidenti güclü siyasəti, müzəffər Azərbaycan ordusu, vətənpərvər gənclərimiz sayəsində bu gün Azərbaycan Qalib xalq kimi tanınır.

Direktor son olaraq vurğulayıb ki, Azərbaycan xalqı durduqca, yaşadıqca Ulu Öndərin əziz xatirəsi daim xatırlanacaq, heç vaxt unudulmayacaqdır.

Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “12 DekabrÜmummilli Lider Heydər Əliyevin Anım Günüdür” adlı virtual sərgi də nümayiş olunub.

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 dekabr.- S.7.