Mütəfəkkir
Bətnə sıçrayan milyonca
cövhər toxumundan
biri oldu mübarək -
Kainatdan anaya, anadan yer
üzünə yol buldu mütəfəkkir.
Dinməzcə dəm-dəm arındı
- dumduru, bulanıq insanlar arasında,
Körpətək bəslənən qəlbini
dünyanın paytaxtı
qıldı mütəfəkkir.
Seçildi hər kəsdən
- necə ki ün çatanda hədəfə seçilir
səsdən,
Duyunca ilk nəfəsdən,
çaylaq daşını
köksünə aldı
mütəfəkkir.
Çöhrəsi parlayan nəsnələrin
cazibəsində aləm
dolananda,
Çanağından çıxarıb ilkinə
vardı, məğzinə
daldı mütəfəkkir.
Üstündə sönmüş kürənin
od parçaları
dağıdırkən qurduğunu,
Təkinin nil közü sönməz insanlıq ocağında küldü mütəfəkkir.
Daşlarkən bir-birini təsdiqlərin,
inkarların altındakı
başlar,
Üzdən yapalaq, zehniyyəti yox məfkurələrə
güldü mütəfəkkir.
Heç olmadığından yaratmaq
məramında nə
təriqət, nə də məzhəb.
Soy-soy ürüyən tuğ bilgələrə Ustad yükünə doldu mütəfəkkir.
Tər-qanlı vurnuxmalar içrə
nəfərlər bataqlıqda
qamıştək yellənc,
Süs absurdu uf demədən Axilles dabanından dəldi mütəfəkkir.
Doğramışdı ruhundan sıyrılmış bəşəriyyət
özünü min tikəyə,
Tam ahəngində bir
sal simfoniyatək notlara böldü mütəfəkkir.
Süzülmüş düşüncəsinə
bütün zamanların
ətri, şəhdi-şirəsi,
Çağdan-çağa cilasında nur dəyərlər daşıyan
seldi mütəfəkkir.
Dilləndi dünya dillərini
içmiş varlığın
doğma ana dilində,
Azdırmadan, birbaşa Sözdən Məntiqə körpünü
saldı mütəfəkkir.
Ağrısından güc alıb zil kədərin,
döndərdi əzabı
iztiraba,
Göz yaşların
dərdi yanaqdan, şeh damlalarıyla sildi mütəfəkkir.
İliklərindən Əbədiyyət
əkdi an-an gündoğardan
günbatana,
Sanma öldü,
hər yaz cücərən payız
yarpağıtək soldu
mütəfəkkir.
4 dekabr, 2021
Rahid ULUSEL
Ədəbiyyat qəzeti.- 2021.-
11 dekabr.- S.11.