Azər Qismətin
"Çuğullar" romanı
"Çuğul insanlar - bədbəxt
insanlardır"
Münasibətlər əxlaq müstəvisində
qurulur. İrsən, ailədən, ətraf mühitdən və
özünütərbiyədən bəhrələnib
formalaşan insana mühitin - cəmiyyətin təsiri
dominantlıq təşkil edir. Arzu və
istəklərin yolunda keçməli olduğun maneələr
var. Bu maneələri necə aşmaq isə insanın prinsiplərindən
asılıdır. Əksəriyyət
asan və ləyaqətsiz üsullarla aşar bu maneələri.
Qazandıqları mərtəbələrdə
itirdikləri ləyaqəti, özünəhörmət hissini
zamanla unudurlar hətta. Nə itirdiklərinin
fərqində belə olmazlar. Psixoloji roman olan
"Çuğullar"dan yazmaq üçün gərək
hələ vicdanını itirməyən, özün
özünlə tək qalanda əməllərindən
utanmayan, özünə dürüstlükdən
danışmağa haqq verən biri olasan.
Çünki gerçək həyatın
şəklini təsvir edib yazıçı burada. Oxşar situasiyalara hər bir insan rast gəlir,
yaşayır. Sevinirəm ki, mən hələ
"Çuğullar"dan yazmağa, oradakı obrazları təhlil
etməyə özümə mənəvi haqq verə bilirəm.
Ümid edirəm ki, həyatımın sonuna qədər
də bu haqqımı qoruyub saxlaya biləcəyəm. Bax bu əsər məhz tələyə
düşüb mənəvi saflığını itirməmək
üçün ən yaxşı bir xəbərdarlıq zəngidir
oxucular üçün.
Əsərin ideyası insan mənəviyyatının təlatümlər
içində mübarizəsidir. Əsas qəhrəman
əslində hər birimizik. Oxumağa
başladığı andan oxucu özünü görür
baş qəhrəmanın yerində. Öz
qələbəsi kimi görür onun bu mübarizədəki
üstünlüyünü. Heç istəmirik
ki, gənc oğlan - təmizlik nümayəndəsi məğlub
olsun, məğlub çuğullardan birinə çevrilsin.
Oxucuya ümid verən bir məqam odur ki, o, ətrafdakı
çirkinliklərin fərqindədir. Nə
baş verdiyini aydın anlayır, analiz edir,
yaxşını, pisi ayırır və nə
üçün mübarizə apardığını dərk
edir.
Çuğullar məğlub olmuşlardır. Onlar özləri də bu məğlubiyyətlərindən
təəssüf etmək, əzab çəkmək, etiraf
etmək, özlərinə acımaq, haqq vermək mərhələlərindən
sonra sonuncu mərhələni yaşayırlar: hər kəsi
özlərindən birinə çevirmək həvəsi və
məqsədi.
"Cücə bala, murdar adamlar ətraflarında saf
birisini görəndə qıcıqlanırlar" - deyir idarə
müdiri. Cəhənnəmə gedən özünə
yoldaş axtarar axı.
Yenicə
ali təhsilini bitirib iş həyatına
başlayan gənc insanın qarşısında indiyə qədər
kitablardan oxuduğundan fərqli bir mənzərələr
açılır. Kitablar ona deməmişdilər
ki, həmcinsləri neçə-neçə fərqli
üzlərə, dillərə, gedişlərə,
baxışlara malikdirlər. Kitablar ona deməmişdilər
ki, 2+2 misalının cavabını onu sənə elətdirənin
məqsədinə uyğun deməlisən, bu isə çox
az hallarda "4" edir. Kitablar
ona deməmişdilər ki, çuğulluq fərasət
sayılırmış. Əsərin bir yerində gəncin
xəyalən Dominiklə olan dialoqundan oxuyuruq:
"- Düşdüyüm vəziyyətin
ağırlığına dözə bilmirəm. Genim imkan
vermir.
-
Çuğulluğun mövcud olmadığı cəmiyyət
axsayar, hərəkətlilik tükənər...
-
Çuğul doğulmurlar, çuğul olurlar. Ailə, tərbiyə, ətraf mühit, - deyə gözümün
yaşını sildim.
-
Ağlama, oğlan... Heç kimi hansı yolla getməsinə
görə ittiham etmək, bunu məcburi qaydada sırımaq
yolverilməzdir... Uşaq bağçasında
bir uşağın güvəcin
bölüşdürülməsində həmyaşıdını
satması göstərir ki, çuğulluq
doğuluşdandır.
- Dominik,
sən məsələləri qarışdırırsan. O
ailə tərbiyəsindəndir.
- Dominik,
dəyərlər itir.
- ...Kimin üçünsə çuğulluq və
peşəkarcasına çuğulluq etmək bir dəyərdir. Ölçülə
bilən dəyər.
O,
zamanın axarına qarışdı".
Obraz
olaraq yeni əməkdaş, Senyora, Cem, Adilə, Müdir
müavini, Sürücü, Müdir, Qarovulçu kimi fərqli
adlar daşısalar da burada insanların iki adı var:
çuğullar və çuğul olmaq istəməyən.
Yazıçının obraz yaratma
ustalığından söz açmaq istərdim. Real, sadə,
aydın ifadə ilə obrazın ruhi-psixoloji halını
şəffaflıqla təsvir etməyi Yazıçı qələminin
çoxdan söz aləmi ilə
tanışlığından, təcrübədən xəbər
verir. Xırda bədii detallarda obrazın
xarakterini göstərmək bacarığı Azər Qismətin
yazıçı kimi sənətkarlığını
göstərir. Əsər var ki, süjet
xətti daha çox maraqlandırır oxucunu. Hadisələrin
gedişatının necə olacağını bilməyə
can atır oxucu. "Çuğullar"da isə
əsərin istənilən yerindən oxumağa başlasan,
həmin epizod maraqlı olur. Elə indi bir
eksperiment apararaq fikrimin doğruluğunu yoxlamaq istəyirəm.
Kitabı açıram və təsadüfi bir abzas oxuyuram:
"Telefonum zəng çaldı. Sürücü
Vəlinin olacağını düşünürdüm.
Neçə axşamdır ki, zəng edir, guya
özlüyündə informasiya alır. Benzin
oğurlamaqdan ağlı da uçub.
O
deyilmiş. Con Lennonun "Let it be" mahnısını
eşidəndə anladım ki, bu çarpayıda xalatla
uzanan, ərinin evdə yoxluğundan sevinən Senyoradır.
- Sintiya can verəndə pıçıldayıb ki,
niyə Con ondan ayrılıb, Yokonun yanına getdi. O öz fəlsəfəsini
yalnız yapon qızında tapa bilərdi...".
Və
maraqla davam...
Əsərdəki hadisələrə
yazıçının satirik rənglər əlavə etməsi
onu daha oxunaqlı, maraqlı edir. Ciddi, gərgin bir durumda qəfildən
satirik müqayisələr və bənzətmələrlə
qarşılaşıb gülürük:
"Atamın
mənə ithaf edib anama verdiyi məktubdakı bir cümlə
indi yerinə düşürdü: "Oğlum, səni əsəbi
vaxtımda əkdiyimə görə məni
bağışla"...
"Tonqalın
lap baş tərəfində
oturan qoca kənardan baxan qadınlara da mamont tikələrindən
atırdı ki, gecə mağarada deyinməsinlər".
"Qayaüstü rəssamın "İlk insan da bir
zibil olmayıb", - deyə gülümsəməsini
buludların arasına girəndə eşitdim".
Əsərdə Cem obrazı daha çox
gülüş yaradır. Anna Axmatovanın dərdindən
ağlaması, onunla bağlı söhbətləri,
ümumiyyətlə, Senyora ilə münasibətləri,
dialoqları oxucuda gülüş yaradır.
...Bugünkü
söhbətimizdə Cem də iştirak edəcək. Cemmmm, yaxın gəl, otur bizimlə.
Cem uzandığı çarpayıdan səsləndi
ki, "qoy, öz dərdimi çəkim".
Senyora
dodağının altında deyindi:
- Səni Axmatova ilə bir qəbirdə basdırım. Gül kimi
arvadı qalıb burda yana-yana, Axmatovanın
sümüyündən əl çəkmir".
Satirik ruh
əsər boyu lazımi məqamlarda hiss olunur. Doğrudur,
bu gülüş acı gülüşdür, amma nəticədə
əsərin səmimiliyinə, rəngarəng duyğu
yaşantısına səbəb olur.
Əsər millilikdən daha çox, dünyəvi
çalarları ilə seçilir həm də. Bu səbəbdən
də istənilən xarici dilə tərcümə olunsa, istənilən
millətə mənsub oxucu üçün
"Çuğullar"ı oxumaq yenə də maraqlı
olar. Əsərdəki obrazlar və
situasiyalar dünya ədəbiyyatı, dünya tarixi,
dünya mədəniyyəti ilə ilgili obrazlar, hadisələrlə
müqayisə və bənzətmə fonunda bəşəriləşir.
"Axşam işdən çıxanda
yorğun yabı kimi yanpörtü addımlayırdım.
Orta əsr qalasındakı hücrələrin
oxçuları, qaynar su tökənləri qəmgincəsinə
daxili şəhərə girməyimə baxıb üzlərini
yana tutdular ki, rahatlıqla irəliləyim.
Kiçik adamlarla jonqlyorluq edən Qulliver məni görüb
kədərlə "Bizim zəmanədə
çuğulları əncir kimi əzərdik"
pıçıldadı... Ağ panamalı yumrusifət kişi zirehli "Kodillak"dan
düşüb əvvəlcə damağındakı
siqarı sıxdı, sonra üzümdəki nurdan
rahatlandı, boynuma dirədiyi avtomatı yanına saldı.
- İndicə mənim yerimi Baqs Morana xəbərləyəni
gəbərtdim.
- Alfonso,
sənin dövründən yetmiş il
sonra çuğulluq prestij sayıldı".
Bəzən
bir film effekti hiss edirik bir çox epizodlarda. Gah fantastika filmini
izləyəndəki kimi heyrət duyuruq, ya da orta əsr tarixi
döyüş səhnələri müasir dövrdə bir idarə otağının
divarları arasında canlandırılır. Yazıçı
təxəyyülü ilə əsrdən-əsrə,
zamandan-zamana, qitədən-qitəyə keçirik. Bütün bunların fonunda İnsanın mənəvi
aləmi, psixoloji vəziyyətləri, əxlaqi dəyərləri
öz keçmişi, bu günü və gələcəyi
ilə birlikdə bir çox həqiqətləri oxucuya bəyan
edir. Oxucu anlayır ki, insan dövrdən,
məkandan, irqdən, milli mənsubiyyətindən, dinindən
asılı olmayaraq, seçimləri ilə formalaşır.
Tərcihləri ilə xarakterə: mənfiyə, ya da müsbətə
çevrilir. "Avesta"dakı kimi
Hörmüz və Əhriməndən bəri bədii ədəbiyyatda
görünən xeyir və şər adlı iki qüvvənin
mübarizəsini Azər Qismət davam etdiyini və
insanlıq var olduğu müddətcə də davam edəcəyini
"Çuğullar" müstəvisində növbəti
dəfə anlatmış olur.
Bu roman əsasında film çəkilsəydi, çox
maraqlı olardı. "Çuğullar" dünya ədəbiyyatı
arenasına çıxarılmağa layiq əsərdir.
Müasir nəsrimizin fərqli və dəyərli imzası
olan Azər Qismətə cansağlığı və yeni
yaradıcılıq uğurları arzulayaraq belə bir
gözəl əsər yazıb oxuculara təqdim etdiyi
üçün təşəkkür edirəm!
Oxuculara
da sözüm var:
"Çuğullar"ı oxuyanlar çuğul
olmazlar.
İnanın!
Aygün
CƏFƏROVA
Ədəbiyyat qəzeti.- 2021.- 11 dekabr.- S.8.