Bilirsən...
Bilirsən, çox güclüyəm
Sinəmdə düyünlənən,
Hayqırtımdan yaranıb
Qayalaşmış daş kimi...
Bilmirsən, çox zəifəm
Qaranlıq gecələrdə
Ağrılarımdan qopub
Gözlərimdən süzülüb
Gilələnən yaş kimi...
Bilirsən...
Metastaz
Sözlərim
Asılıb qaldı səs tellərimə.
Deyirlər ürəkdə xərçəng
olmur, amma...
Həsrətin
Metastaz verdi ürəyimə.
Deyirlər heç nə unudulmur,
amma...
Sənsizlik od vurdu bütün kədərlərə...
Torpaq kimiyəm
Mən torpaq kimiyəm -
Bəzən tapdayıb keçərsən,
Bəzən müqəddəs bilərsən.
Daim sən olan yerdəyəm,
Başlanğıcın, son nöqtənəm
Getsən,
sənə çevrilərəm,
sən də mənə dönərsən.
Mən torpaq kimiyəm...
Mixəkli çay
Bitəndə tərəddüdlərin
Gələrsən,
Mixəkli çay dəmlərəm...
Hər şey bitmiş olsa,
Şəkəri çayın yanına
Bitmiş
olmasa
Stəkanına salaram...
Qarışdırram aram-aram...
Sən özün
sözsüz anlarsan.
Dalğan
sakit olsa mən susaram
Sən də məni qucaqlarsan
Olmasa, çayın içib gedərsən...
Mən də səni uğurlaram...
Tanrım, səsin çıxar...
Tanrım,
Təxirə saldığın arzularımı
Nə vaxt dərkənar qoyub çin edəcəksən?
Üç onillik keçdi...
Dördə az
qalıb...
Daha nə qədər?
Nə qədər
gözləyim xatırlamanı?
Həm də gözləməyə
o qədər möhlətim
hanı?
Olsa yenə... yenə dərd yarı...
Yaradıb atmısan sən
necə gəldi
Necə gəldi də tale yazmısan.
Bəlkə, həmin gün
şirin yuxundan
Tərs
oyanmısan...
Ya da yuxun şirin yox, qarışıq olub.
Mənim talemi də qarışdırmısan.
Tanrım,
Səsin çıxar, bilim eşidirsən.
Gözləyim, gedim, ya da
nəsə de.
Arzu arzu üstə gəlir
İl ildən gedir
Ömür gün gün itir
Sən gecikirsən...
Tanrım,
Səsin çıxar, bilim eşidirsən.
Gözləyim, gedim, ya da
nəsə de.
Unudursan
İçində əriyib gedirəm
-
Miskal-miskal, zərrə-zərrə...
Unudursan
hiss edirəm
Hissə-hissə...
Dilindən düşən sözlərin
Peşmanlığını çəkirsən
Bir azca sevgin vardısa
Ondan da üz döndərirsən...
Unudursan,
hiss edirəm
Hissə-hissə...
Mən də hissimə od vuraram
Qoy alışsın hissə-hissə
Tutulub boğulsun hisə...
Civə
Xatirələr
Hərarət kimi
Qalxdı
içimdə
Dərəcəsin ölçmək üçün
Termometr
əlimə düşdü
Əlimdən düşdü...
Yerə
dağıldı civə
kimi
Xatirələr
Gümüşü rəng
Balaca dənələr
Ondan da balaca bölünər
Diyirlənər
Bütün vücuda
Gəl indi topla da...
Ələ gəlmir, dənələnir
Xatirən də bir civədir
Məhvi
xırda-xırda edir...
Fikrimin içində
ud səsi gəlir
Səbəbsiz, niyəsiz bir gecəyəm mən...
Dedim bir az susum,
Külək qoymadı...
Qoxun burnumda dumanlandıqca
Gözüm səndən uzaq
Yuxu tapmadı...
Ulduzsuz,
aysız bir gecəyəm mən...
Özümdən qaçmışam
Bilməm
nəyəm mən...
Fikrimin içində ud səsi gəlir
Hissim pərvazlanır, sənə
gəlirəm...
Qanadımı qırma, səni
sevirəm...
Yaxşı ki...
Yaxşı ki, xəyallarımız
var
Axıb
gedən acı ömrü
Hiss etmirik, baş qatırıq...
Yaxşı ki, duyğularımız
var
Gerçəklərin ağrı günü
Özümüzə qapılırıq...
Yaxşı ki, suallarımız
var
Cavabsız havada qalan
Onlara
min don bəzəyib
Yaşayırıq, aldanaraq...
Xanım AYDIN
Ədəbiyyat qəzeti.- 2021.-
11 dekabr.- S.9.