Nə gözəl payız dəyib bu ağaca
Nə gözəl payız dəyib bu ağaca
bir yaşıl yarpağı da
qalmayıb,
saralmış bir yarpağını da yerə
salmayıb...
***
"Şəhid
balam..." sözləriylə başlayan
ağıdır zümzümə
etdiyi
təzəcə dil açan körpənin
indi onun şən, şux uşaq
nəğmələri
söyləyən vaxtıdır
içində dəniz,
günəş
çiçək, böcək,
kəpənək olan nəğmələri...
***
Eynəyinin
nömrələri təzə idi,
bir neçə gün idi
aydın-açıq
baxa
bilirdi işıqlı dünyaya,
yenidən dünyaya
göz açırmış
kimi.
Rəngləri, işığı görüb
sevinirdi.
Sarını daha sarı,
səmanı daha mavi,
yaşılı daha yaşıl görüb
şadlanırdı uşaq kimi,
ancaq ömür vəfa eləmədi.
Son anlarında
eynəyi qoymadılar
qala gözlərində
bəlkə Əzrayıl
gələndə
yaxşıca tanıyardı
eynəklə
kim bilir aldanmazdı ona...
İndi
bu gedən adamın qəttəzə eynəyi,
sahibini bir qışdan çıxarmayan
yeni paltosu
çox yandırır
doğmalarını.
Doyunca baxa bilmədiyi
səma qədər
gün qədər, gündüz qədər,
Ay, ulduz qədər...
***
Koroğlu
kimi ac idi
əlində dönər
parkdan keçərkən,
bir pişik atıldı önünə.
Az qala başına tullanmışdı
acından
təpinib kənarlaşdırdı
özündən.
Ayaqları getsə də
ürəyi pişiyin
yanında qaldı,
neçə kərə
dönüb geri
baxdı.
Pişik
də məlun-məlun,
uzun-uzun dalınca boylandı.
Parkın
axırına çataçatda
doymuşdu mədəsi
də,
gözü də.
Bir küçük dəydi
gözünə otluqda
uzatdı yeməyin
yarıdan çoxunu
ona,
açıb qoydu qabağına.
Küçük yeməyə girişdi
əvvəl həvəssiz,
sonra həvəslə.
Bayaqkı ac pişiyi xatırladı
küçük yedikcə
içindən hüzn
dolu peşmanlıq
keçdi.
Ac olanda paylaşa bilmək
daha
böyük comərdlikdir,
Bilirdi,
comərdliyi bacarmamışdı
yenə də.
Ha arzusunda olsa da...
özünü yarada bilmir insan.
Arzulayır, xəyal qurur,
amma xəyalındakı
insan olmur...
***
Babamız
xəstələnən günün sabahısı
ütümüz xarab oldu,
tozsoranımızın mühərriki
söndü,
ədəbi dillə
desək,
ürəyi dayandı...
Babamızı xəstəxanaya,
tozsoranla ütünü
ustaya apardıq.
Həkim
kişini görüncə
başını buladı,
babamız xəstəxanada
öldü...
Tozsoranla
ütünü gözdən
keçirib,
başını buladı
usta:
"Bunlar bir də
ələ gəlməz" - dedi...
Tozsoranımla ütümü
ancaq
babamız təmir edə bilirdi
lalın dilini anası bilən kimi
bilirdi onların dilini.
Kişi
yoxdursa, bunlar da yoxdur bilirdim
"yenisini alarsız,
ömürləri
bura qədərmiş"
- dedi usta.
Kədərimi görüncə
kaş ki, həkim də babamız
haqqında
eyni şeyi deyə biləydi,
babalar gedər-gəlməzə
getməyəydi beləcə,
kimsə onları
əvəz edəydi
layiqincə...
Pərəstiş
Küçədəki
dirəkdən asılan lampanın işığı qədər
karıma gəlmir
Ayın işığı
hazırda
soyuğun, küləyin
qabağında
avtobus
gözlədiyim dayanacaqda.
Qaranlıq selindən qoruyan
çətir kimi
alıb başımın
üstünü küçə
lampası.
Mən nankorun gözüsə elə Aydadır
qara buludların arxasına girib-çıxdıqca
nəzərimi
çəkə bilmirəm ondan.
Aysa sanki hamıyla məzələnir.
Ay Aydır,
lampasa
olsa-olsa
vur-tut adi küçə lampasıdır
nəzərimdə.
Qəfil
olur ki, bütün dünyaya küsürsən
küsürəm avtobus gecikdikcə,
üşüdükcə,
küçənin qaranlığını,
kimsəsizliyini
bölüşdükcə
və birdən anlayıram
özüm də bir çox insanın
gözündə
bu küçə
lampasıyam elə...
əməklərim qiymətsiz.
***
Soyuqdur,
hər yan bombozdur.
Qarğalar ağaclardan düşür
iri yarpaqlar kimi,
yerə qonur,
qarıldayır, uçuşurlar
ümidsizcə.
Uşaq
baxır və deyir:
"Yazıq qarğalar ağlaşırlar"...
Qarğaların kədərini hiss edirmi
böyüklər
də belə?
***
Davam edir
pandemiya
daha sərt,
daha ciddi.
Şəhərimin ucqar bir metro
stansiyasındayam.
Bütün vaqonlar boşdur,
ancaq təkəm-seyrək
adamlar da
mən mindiyim
vaqona doluşublar.
Səsgücləndiricidən gələn səs
məsafə saxlamağımızı
tələb etsə də,
mümkün qədər
yaxın oturublar
adamlar.
Bu stansiyada həmişə təklikdir
bəzən vahimələnir
adam
bomboş
qatarlarda yol gedərkən.
Kameralar olmasa əsl soyğunçuların yeridir.
Adama elə gəlir, dünyanın qurtaracağına aparır
burdan gedən qatarlar,
yerin altındakı sirli dünyada
sığınır bir-birinə
adamlar
ən qədim mağaralardakı kimi
sürüylə yaşadıqları
zamanlardakıtək.
İnsanlar
başlarına nə gəlir gəlsin,
yenə
bir yerdə olmaq istəyirlər,
bir-birinə sığınırlar
bu qorxulu,
bu amansız dünyada.
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2021.-
11 dekabr.- S.10.