Gəncənin payızında kitab baharı
Neqativ fikirlər
xəstəlik kimi yoluxucudur, sürətlə
yayılır, deyirlər. Məncə, elə gözəl fikirlər də "yoluxucu"dur. Hansının təmsilçisi daha qərarlı, daha güclüdürsə, o qalib
gələcək. Sevgi, mərhəmət,
dürüstlük, yardımlaşma,
mədəniyyət, elm... bu
gözəlliklər çox
və yerində təmsil olunarsa, yayılmazmı? Yox, bu, sual deyil, aksiomdur.
Əlbəttə, yayılar,
həm də qarşısıalınmaz şəkildə...
"Yoluxucu" gözəlliklərdən
biri də mütaliədir, daha dəqiqi, kitab oxuma ənənəsi. Kitab oxuyanların
mütləq əksəriyyəti
uşaqlıqdan ailədə
gördüyü mütaliə
vərdişinə "yoluxanlar"dır.
Zaman və şərait uyğunluğu əldə
edən kimi belələri yenə mütaliəyə sarılırlar.
Bəs kitabdan, mütaliədən
uzaq düşənlər?
Onları kitaba, oxumağa kim
qaytarmalıdır? Əlbəttə, deyə bilərsiniz ki, cəmiyyət. Daha dəqiqi isə bu yük günümüzdə
nəşriyyatların, naşirlərin
çiynindədir. Hətta müəllif
də kitabının
çoxsaylı oxuculara
çatmasını naşirdən
umur. Bu məsələdə
isə bizdə kifayət qədər çatışmazlıq var. Müəllifin
(qonorar, zaman, şərait kimi) öz problemləri olduğu kimi, naşirin də saymaqla hesaba gəlməz çatışmazlıqları
var. Bu bir həqiqətdir
ki, müstəqillikdən
sonra ölkədə
nəşriyyat sistemi
dağıdılmış vəziyyətdə idi, yalnız son zamanlar ayrı-ayrı nəşriyyatların
sayəsində nisbətən
toparlanma görünür.
Bu da özlüyündə
cəmiyyətdə kitab
oxuyanların say artımında
müşahidə olunur.
Demək,
naşir oxucuya möhtac olduğu kimi, oxucu da
naşirə möhtacdır.
Etiraf edək ki, bu
gün Azərbaycanda mütaliə mədəniyyəti
heç də ürəkaçan vəziyyətdə
deyil; kitabxanalar lazımi şəkildə
yeni kitablarla təmin edilmir, bölgələrdə ixtisaslaşmış
kitab mağazaları,
demək olar, yoxdur, məktəblərdə
ədəbiyyat vərdişləri
normal səviyyədə deyil,
müasir yazıçılar
ədəbi mühitdə
aparıcı rol oynaya bilmir, ədəbi tənqid sahəsində əsərlər
istənilən kimi təqdim və təbliğ edilmir, televiziyalar kitaba geniş efir vaxtı ayırmır...
Bütün bu problemlər ölkədə nəşr
və kitabçılıq
işinin sistemsizliyindən
doğur. Nəşriyyat işinin sistemləşdirilməsində
dövlət dəstəyi
qədər, bəlkə
naşirlərin birliyinə
də ehtiyac var. Bu ehtiyacın həllini yaxın zamanlarda yaranmış "Azərbaycan
Nəşriyyatları Assosiasiyası"
İctimai Birliyi öz üzərinə götürüb. Dosent
Şəmil Sadiqin sədrliyi altında birlik üzvləri Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə keçirilmiş Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının
ardınca I Sumqayıt
Kitab Sərgisini, bu yaxınlarda - 26-28 noyabr tarixində isə I Gəncə Kitab Sərgisini uğurla təşkil etdi. "Bölgələrə
kitabla gəlirik" sloqanı ilə mədəniyyət yaradıcı
vasitəsi olan kitabı oxucuya, oxucunu kitaba qovuşdurmaq kimi ülvi bir missiyanı
üzərinə götürmüş
"Azərbaycan Nəşriyyatları
Assosiasiyası" İctimai
Birliyi yalnız üzvlüyündə olan
nəşr evlərini
deyil, demək olar, ölkədəki bütün nəşriyyatları,
həmçinin əsas
kitab mağazalarını
da bu işə
qatdı. Beləcə, Sumqayıtdakı izdihamlı kitab sərgisindən sonra qədim Gəncəmiz də kitabçıları
sevgi və coşqu ilə qarşıladı.
Təbii
ki, sərginin belə uğurlu alınmasında "Azərbaycan
Nəşriyyatları Assosiasiyası"
İctimai Birliyindən
başqa, Azərbaycan
Respublikası Mədəniyyət
Nazirliyinin, Gəncə
İcra Hakimiyyətinin,
Gəncə Regional Mədəniyyət
İdarəsinin və
Gəncə İctimai
İştirakçılıq Məclisinin - şəxsən
Müzadil Zauroğlunun
dəstəyi də böyük oldu. Gəncə Filarmoniyasının
böyük və işıqlı Urban zalı üç gün ərzində müxtəlif yaşlı
kitab soraqçıları
ilə dolub-daşırdı.
Ziyarətçilər arasında yalnız
gəncəliləri deyil,
yaxın rayonlardan - Göygöl, Goranboy, Mingəçevir, Daşkəsən,
Şəmkirdən gələnləri
də görə bilərdiniz. Bu insanların kitab təqdimatlarına, imza mərasimlərinə həvəslə
qatılması xüsusən
sevindirici hal idi. Yeri gəlmişkən, I Gəncə
Kitab Sərgisində
3 gün müddətində
ümumilikdə 38 yazıçı
və ziyalı ilə görüş, imza mərasimləri və uşaqlar üçün nağıl
saatı təşkil
edildi. Bundan başqa, yüzə
yaxın şəhid övladı üçün
ayrıca tədbir hazırlandı və naşirlərin iştirakı
ilə şəhidlərimizin
əmanəti olan bu uşaqlara hədiyyələr verildi.
Çox
sevindirici və təsirli məqamlardan biri də sərgi
ziyarətçilərindən neçə nəfərin
eyni sualı verməsi idi: "yenə də gələcəksinizmi?".
Bu sual Gəncə
kimi böyük bir şəhərin sakinlərinin kitab həsrətinin ifadəsi
idi. Şablon kitab təbliğatçılığından
uzaq, səmimi və mədəni mühit idi onları təkrar görüşə tələsdirən.
O soyuq payız günlərində insanların
simasında sanki bahar günəşinin işığı vardı.
Onlar mütaliəyə,
kitaba "yoluxma"nın sevincini yaşayırdılar. Yalnız onlarmı?
Yox, elə naşirlər, kitabçılar,
hətta kitablar da...
I Gəncə Kitab
Sərgisi, sadəcə,
sərgi-yarmarka rolunu oynamadı. Təqdimatlar çərçivəsindəki
seminar xarakterli görüşlərdə
dinləyicilər gözəl
məqamlara şahidlik
etdilər. Bu mənada
"Füyuzat" jurnalının
baş redaktoru Mübariz Yunusun Azərbaycançılıq ideologiyasının
təbliği, dosent Şəmil Sadiqin təhsil və doğru seçimlər, təlimçi Orxan Şahbazın düşüncə
mövzulu seminarı,
araşdırmaçı-yazar Müzadil Zauroğlunun
"Cavad xan oğlu Uğurlu xan hekayəti" kitabının imza mərasimi xüsusilə yaddaqalan oldu. Mübariz Yunusun "MİMTA Yayımları"
çərçivəsində baş tutan görüşündə "Füyuzat" jurnalının
bədii-publisistik üslubda
milli vətənpərvərlik,
həmrəylik mövzuları
üzərində söhbətlər
aparıldı, tarixdən
günümüzə qədər
vətən uğrunda
fədakarlıq göstərmiş
böyük şəxsiyyətlər,
şəhidlər misal
gətirilməklə təsirli
anlar yaşandı.
Cəmiyyətdə milli birlik və bərabərlik, faydalılıq prinsiplərinə
söykənən bu qəbildən maarifləndirici
görüşlər nə
qədər çox olsa, bir o qədər
təqdirəlayiqdir, həmişə
də rəğbətlə
qarşılanacaq. Bunu Gəncə
sərgisindəki dinləyici
auditoriyasından da açıq görmək
olurdu.
İnanıram ki, "Bölgələrə
kitabla gəlirik" şüarını hələ
çox eşidəcəyik. Bütün bölgələrimiz
bu şüardan öz nəsibini alacaq. Çox keçməyəcək işğaldan azad olunmuş Qarabağımızın
da hər şəhərinə kitab,
mədəniyyət işığı
ilə gedəcəyik.
Artıq
bu işlərin təməli atılıb,
real işlər görülür.
Belə ki, hər kitab sərgisində "Qarabağa
kitabla gedək" layihəsi çərçivəsində
həm nəşriyyatlar,
həm də müəlliflər 30 illik
erməni işğalı
dövründə Qarabağın
məhv edilmiş kitab fondunun, kitabxanalarının bərpası
üçün kitablar
hədiyyə edirlər.
Bu kimi layihə
və tədbirlərlə
istər Qarabağımızın,
istərsə də digər bölgələrin
mədəni-mənəvi irsi
olan kitabxanalarını
işlək hala gətirə bilər, mütaliə mədəniyyətini
ölkəmizin hər
yanına yaymağa müvəffəq olarıq.
Kitab və oxu(t)maq
ülvi anlayışlardır.
Bəlkə də kitab bəşəriyyətin ən
böyük ixtirasıdır.
Təbii
ki, belə ülvi bir missiyanın
təbliği də asan olmayacaq. Amma bəzən bir missiyanın yerinə yetirilməsi yolundakı zövq az qala mənzilə çatmağı
zövqü qədər
olur. Çətinliklər nə olur-olsun,
"yolda tapdıqlarını
yola dəyişməmək"
anlayışını unutmayaraq
kitabı oxucuya qovuşdurmaq missiyasını
sona qədər yerinə yetirəcəyimizə
inanıram. "Birlikdən dirilik doğar" deyib babalarımız. Bir olduqca
maneələr də asanlıqla dəf olunacaq. Mütaliəniz
bol, təfəkkürünüz
işıqlı olsun...
Əsəd ASLANOĞLU
Ədəbiyyat qəzeti.- 2021.-
11 dekabr.- S.11.